Məhkəmə qərarları › İş №1(106)-867/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-867/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-867/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi),Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs, onun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli 1(050)-159/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-159/2024 saylı hökmü ilə (sədrlik edən hakim Çoşqun Abdullayev) xx.xx.1988-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 21 iyun 2024-cü il tarixdən 23 iyun 2024cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmaqla 01 (bir il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Ərkivan qəsəbə ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,489 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-159/2024 saylı hökmünün cəza təyini hissəsindən narazıdır. Hesab edir ki, hökmün həmin hissəsi dəyişdirilməli, onun məhkumluğunun ödənilməsi nəzərə alınmalı, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etməklə bağlı olmayan daha yüngül cəza növü təyin edilməsinin mümkünlüyü nəzərə alınmaqla cəmiyyətdən təcrid edilmədən çəkilməli olan cəza təyin edilməlidir. O məhkəmədə çıxışında bildirmişdir ki, o ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Qeyd edilənlər nəzərə alınmaqla ona daha az cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilənlərə istinad edərək ona azadlıqdan məhrum etməklə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs hazırkı əməli törətməsinə görə təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özü və vəkili Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etmişlər. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi Təqsirləndirilən şəxs özünün istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid2, Şahid1 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir ildir narkotik vasitə istifadəçisidir və son zamanlar əsasən psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxtı yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evdən tək çıxıb sərnişin mikroavtobusu ilə Masallı şəhərində yerləşən “Köhnə bazar” adlanan əraziyə getmişdir. Həmin bazardan keçən 20 yanvar küçəsi ilə bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı, əvvəllər tanımadığı şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu demişdir və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona bir qədər diqqətlə baxaraq adının Nurlan olduğunu, psixotrop maddə metamfetamini olduğunu və əgər istəsə gətirib verə biləcəyini demişdir. Nurlan adlışəxslə razılaşmış və ona olduğu yerdə gözləməyini deyib harasa getdikdən 15-20 dəqiqə sonra yenidən yanına gəlmişdir. Bundan sonra həmin tanımadığı şəxs cibindən bir ədəd sellofan bükümdə maddəni çıxardıb göstərərək həmin bükümün içində təxminən yarım qram ağırlığında metamfetamin olduğunu və həmin metamfetamini 20 manata sata biləcəyini bildirmişdir. Həmin Nurlan adlı tanımadığı şəxslə razılaşıb ondan bir ədəd bükümdə psixotrop maddə metamfetamini 20 manat pulun müqabilində heç kimin görmədiyi şəraitdə alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşıb tanımadığı şəxsə məxsus sərnişin avtomobili ilə yaşadığı evə geri qayıtmışdır. Həmin günü yəni, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanımadığı şəxsdən aldığı üzərində olan bir büküm psixotrop maddə metamfetamindən istifadə etmək üçün yaşadığı evdən piyada çıxıb Ərkivan qəsəbəsində özünə uyğun yer axtarmağa başlamışdır. Ərkivan qəsəbəsindəki avtomobil yolayrıcı dairəsinin yaxınlığında tək piyada hərəkətdə olduğu vaxt iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə şəxsi axtarış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs özünü ona Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Sonra baş təhqiqatçı A.Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı Ariz Səfərov ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə baş təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o da əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024cü il tarixdə saat 11 radələrində Masallı şəhəri 20 yanvarküçəsində Nurlan adlı tanımadığı şəxsən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı A.Səfərov təqdim etdiyi bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətən də psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin təqdim etdiyimetamfetamin baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 (sıfır tam yüzdə əlli bir) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən birədəd sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri 20 yanvar küçəsində Nurlan adlı tanımadığı şəxsən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor və yapsixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 19/507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminə bənzər kütlə ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,489 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindi Metamfetaminin təmiz çəkisi -0,489 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq -0,439 qamdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X3 X11 Yoxlamanın nəticələrinə dair 24 iyun 2024-cü il tarixli 547 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsSTİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYAXƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -0,439 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs olunun üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video CD disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2020-ci il tarixli 1(050)- 16/2020 saylı hökmün surətindən görünür ki, X9 əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. X9 hazırki cinayəti törətdiyi zaman məhkumluğu ödənildiyindən hazırda məhkumluğu omayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X2 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, ondan aşkar edilmiş narkotik vasitənin növünə və miqdarına uyğun olmuşdur. Məhkəmə cəza təyin edərkən onun ailə vəziyyətini də nəzərə almış, bu hallara uyğun cəza təyin etmişdir. Təqsirləndirilən şəxs şikayətində əvvəl törətmiş olduğu cinayət əməlini törətməyə görə məhkumluğunun ödənilməsini və 2 azyaşlı uşaqlarının olmasını göstərir. Lakin işdən Təqsirləndirilən şəxs 3 uşağının olması görünsə də onlardan yalnız biri azyaşlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli 1(050)-159/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli 1(050)-159/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar