Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-90/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(099)-740/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ЕTDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsi 30 oktyabr 2023-cü il tarixli, 1(099)-740/2023 nömrəli hökmü (hakimlər: X7 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) ilə xx xxx 1987-ci ildə Sabirabad rayonunun Yastıqobu kəndində dogulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad rayonunun Yastıqobu kəndində yaşamış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 01 may 2023-cü il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş və həmin toxumları 2023-cü ilin mart ayının axırlarında yaşadığı Sabirabad rayonunun Yastıqobu kəndindəki evinin həyətyanı sahəsində olan bağ sahəsində, həm də onunla bir həyətdə yaşayan atası Şahid1 yaşadığı evin arxa hissəsindəki bağ sahəsində sonuncunun xəbəri olmadan torpağı şumlayıb qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-420 (dörd yüz iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Daxil olmuş məlumat əsasında 01 may 2023-cü il tarixdə, saat 13-14 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Yastıqobu kəndindəki evin həyətyanı sahəsində olan bağ sahəsinə baxış zamanı 23 ədəd və atası Şahid1 yaşadığı evin arxa hissəsindəki bağ sahəsinə baxış zamanı 397 ədəd olmaqla cəmi külli miqdarda-420 (dörd yüz iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilərək ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona cəza təyin edərkən əməlindən peşman olmasını, ailə vəziyyətini, ailəsinə ondan başqa qanzanc gətirən şəxsin olmamasını, iki azyaşlı övladının olmasını, həyat yoldaşının astma-bronxit xəstəliyindən əziyyət çəkməklə evdar qadın olmasını nəzərə almamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında dövlət ittihаmçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs ailə vəziyyətini və əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə baxışına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətində və müdafiə tərəfinin çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, ilk növbədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(099)- 740/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlər Şahid2, Şahid3, Şahid1 ifadələri, həmçinin işdə olan Sabirabad RPŞ-nin əməkdaşlarının 01 may 2023cü il tarixli “raport”ları, baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər, 01 may 2023-cü il tarixli “mütəxəssis rəy”ləri, məhkəməbioloji ekspertizasının 02 may 2023-cü il tarixli, 18/4659 №-li rəyi, məhkəmə-bioloji ekspertizasının 02 may 2023-cü il tarixli, 18/460 №-li rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs istinad olunan əməlin törədilməsində aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarla onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətində və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışı zamanı çıxışlarında “birinci instansiya məhkəməsi yüngülləşdirici halları, yəni təqsirləndirilən şəxsin ailə vəziyyəti, himayənədsində iki azyaşlı övladının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və həyat yoldaşının astma xəstəliyindən əziyyət çəkməsini nəzərə almadan ona ağır cəza təyin etməsi” barədə dəlillini əsas götürməklə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmışdır. Belə ki, iş materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Abışov X4 Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Sabirabad rayon İcra və Probasiya şöbəsinin 03 may 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, 04 dekabr 2019-cu il tarixli hökmlə 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün 13 aprel 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 04 dekabr 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxs hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olsa da, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət əməlləri törədərək məhkum olunması və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət əməli törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasını mümükün saymış və Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(099)-740/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-90/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-90/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver