Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-902/2024 23.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X17 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, xüsusi ittihamçı X3, bəraət verilmiş şəxs X8 iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 1(049)- 145/2024 nömrəli hökmündən xüsusi ittihamçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ilə (sədrlik edən: M.Ş.Aslanov) X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, mənəvi zərərlə bağlı iddia isə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs X12, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) X12, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli ilkin baxış qərarından Çingiz Babayev tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)-560/2024 nömrəli qərarı ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli ilkin baxış qərarına əsasən xüsusi ittiham qaydasında olan iş Lənkəran Rayon Məhkəməsində yenidən baxılmış və həmin məhkəmənin 12 avqust 2024-cü il tarixli, 1(049)-145/2024 nömrəli hökmü (hakim: Pənahov Anar Elman oğlunun sədrliyi) ilə 18 iyun 1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran Rayon Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi və mənəvi zərərlə bağlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: X5 xüsusi ittiham qaydasında şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək X8 xüsusi ittihamçı haqqında qəsdən təhqir dolu ifadələr işlədərək çıxışlar etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 148-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və mənəvi zərərə görə ondan 10.000 manat pulun tutulmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X12 13 may 2021-ci il tarixdə ünvan 3 ünvanda sonuncun evində xüsusi ittihamçının qardaşı Şahid3 ilə birlikdə gedib görüşməklə ondan məhkəmə prosesi ilə bağlı olaraq məhkəmədə vəkil olaraq təmsil etməsi və hüquqlarının müdafiə etməsi barədə danışıq aparmışlar. Aparılmış danışıq əsasında Çingiz Babayev həmin iş üçün onu məhkəmədə təmsil etmək üçün 3000 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin vaxt xüsusi ittihamçının qardaşı Şahid3 Çingiz Babayevə 2000 manatı nağd sayıb vermiş, Çingiz Babayev isə yerdə qalan 1000 manatı 10 gün müddətində ona çatdırmayacağı təqdirdə məhkəmə proseslərində iştirak etməyəcəyini bildirmişdir. Razılaşmadan və xüsusi ittihamçının qardaşı X18 2000 manatı nağd verəndən sonra Çingiz Babayevlə birlikdə Lənkəran rayon vəkil bürosuna gəlib büronun rəhbəri Faiq Atakişiyevin yanında müqavilə bağlamış və həmin vaxt Çingiz Babayev ona hesab nömrəsi verərək 210 manat həmin bank hesabına ödəməli olduğunu demişdir və xüsusi ittihamçı 210 manat pulu MİLLİÖN ödəniş sistemi vasitəsilə həmin hesaba ödəyib ödəniş qəbzini Çingiz Babayevə vermişdir. Çingiz Babayevdən müqavilənin bir surətinin xüsusi ittihamçıya verilməsini istədikdə isə Çingiz Babayev müqavilənin surətini verməkdən imtina etmiş və qəbzlərin və müqavilənin yalnız onda qalmalı olduğunu bildirmişdir. 10 gün sonra Çingiz Babayev Bakı şəhərinə gəlib Bakıda xüsusi ittihamçının həyat yoldaşı X13 ilə birlikdə Çingiz Babayevlə görüşmüş və xüsusi ittihamçının yoldaşı Çingiz Babayevə 800 manat pulu vermişdir. Pulu alandan sonra Çingiz Babayev xüsusi ittihamçının əri Arifin əlini sıxaraq “kişi kimi sənə söz verirəm əgər məhkəməni uduzsam pulu tam sənə qaytararam” demiş və ayrılıb getmişdir. Çingiz Babayev birinci instansiya məhkəməsində xüsusi ittihamçının vəkili ola-ola etdiyi məhkəmə çıxışlarında və proseslə bağlı qarşı tərəfə verdiyi suallardan və ümumiyyətlə vəkil kimi davranışından hiss olunmuşdur ki, o, dolayısı ilə xüsusi ittihamçını deyil qarşı tərəfi müdafiə edir. Həmin müddət ərzində də məhkəmə işi ilə əlaqədar olaraq Çingiz Babayevdən nəsə soruşanda və işin gedişatı ilə bağlı olaraq sual verdikdə isə kobud və qeyri əxlaqi sözlərdən istifadə etməklə onun işinə qarışmamağını tələb etmişdir. Onun vəkillik fəaliyyətindən narazı olduğunu ona bildirəndə isə o, ailə üzvlərinin yanında xüsusi ittihamçını təhqir etməyə başlamış, həmin vaxt ondan şikayət edəcəyini bildirəndə isə “mən vəkil adamam kim cürət edib mənim barəmdə olan şikayəti araşdıra bilər” deyib heç kimdən və heç nədən qorxmadığını demişdir. Çingiz Babayevlə telefonla əlaqə saxlamaq istədikdə o, telefon nömrəsi vasitəsi ilə deyil wotsapp sosial şəbəkəsi vasitəsilə danışmışdır. Xüsusi ittihamçı barəsində çıxarılmış qətnamədən narazı olduğundan və məhkəmənin hakiminin qeyriobyektiv araşdırma aparması barədə məhkəmə-hüquq şurasına şikayət etmək üçün getdiyindən Çingiz Babayevə zəng vurub məhkəmə qətnaməsinin nəticə (QƏT ETDİ) hissəsinin xüsusi ittihamçıya göndərilməsini xahiş etmiş və Çingiz Babayev həmin vaxt xüsusi ittihamçının barəsində “Ay tərbiyyəsiz..., Ay dələduz... Sən kimsən ki, mən sənə nəsə göndərim, bundan başqa Çingiz Babayev həmin danışıq zamanı hazırki ərizəyə yaza bilmədiyi təhqiramiz ifadələr işlətmişdir. Xüsusi ittihamçının özünü və yaxın qohumlarını söyüb qurtarandan sonra vəfat etmiş atasını da təhqir edəndən sonra əlaqəni kəsmişdir. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçının qardaşı oğlu və əri evdə olmuş, Çingiz Babayevin bu təhqirlərini onlar da eşitmişlər, yoldaşı telefonu ondan alıb Çingiz Babayevə iradını bildirdikdə isə Çingiz Babayev onun da ünvanına nalayiq ifadələr işlətməklə onu da təhqir və təhdid etməyə başlamışdır. Bundan sonra, xüsusi ittihamçı xx.xx.2022-ci il tarixdə Çingiz Babayevin barəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun qəbulunda olmuş və Çingiz Babayevin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayət əsasında onun barəsində tədbir görülməsi şikayətini Kollegiyanın İntizam Komissiyasına göndərmişdir. Bu barədə X15 tərəfindən məlumat daxil olandan sonra ünvan 4-də yaşayan xüsusi ittihamçının qardaşı Şahid3 evinə gedərək “Ağzımdan lazımsız sözlər çıxıb, İlhamə gəlsin ondan üzr istəyəcəm” qardaşı Zamiq bu barədə xüsusi ittihamçıya bildirəndən sonra xüsusi ittihamçı Çingiz Babayevin səmimi olmadığını bildiyi üçün buna etiraz etmək istəsə də, lakin qardaşının sözü yerə düşməsin deyə xx.xx.2022-ci il tarixdə Lənkərana xüsusi ittihamçının qardaşıgilin evinə getmişdir. Həmin vaxt xüsusi ittihamçının qardaşı X25 zəng edərək onlarda olduğunu bildirəndən sonra Çingiz saat 19:00 radələrində Zamiqin evinə gəlmişdir. Çingiz Babayev evə girər-girməz xüsusi ittihamçını qardaşının ailəsinin və evdə olan qonaqların yanında nalayiq ifadələrlə təhqir etməyə başlamış, o, həmin vaxt ucadan danışdığı üçün qonşular və məhəllədəki sakinlər də onun sözlərinə şahid olmuşlar. Ona verdiyi pulu geri qaytarmasını tələb edəndə isə o bildirmişdir ki, “Sizin başınız xarabdı?, siz mənə pulu sənədlə vermisiz bəyəm mənə nəsə sübut edə bilərsiz. Get hara isdəyirsən, kimə isdəyirsən nə şikayət eləmək isdəyirsən get elə, heç kim mənə heç nə edə bilməz. Onun bu sözlərindən sonra xüsusi ittihamçının səhhəti pisləşdiyindən evdən çıxıb həyətə düşmüş və həyətdə olanda da xüsusi ittihamçının, ərinin və mərhum atasının ünvanına dilə gətirə bilmədiyi təhqirlər etməyə başlamışdır. Xüsusi ittihamçı bundan sonra onun barəsində müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Daxili İşlər Nazirliyinə etdiyi şikayət araşdırılması üçün Lənkəran ŞRPŞ-yə göndərilmiş və orada çağırıb izahatını da almışlar. Sonra bildirmişlər ki, Çingiz Babayevi də çağırıb ondan izahat alacaqlar. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq polisdən səs soraq olmadığından Lənkəran ŞRPŞ-yə gedib araşdırmanın hansı mərhələdə olduğu ilə maraqlananda polis əməkdaşları bildirmişlər ki, Çingiz Babayev vəzifəli şəxs, yəni vəkil olduğundan onu çağırıb izahatını almamışlar, o, çox şər adam olduğu üçün özlərinə problem yaratmaq istəməmişlər. Ona görə də onun barəsində xüsusi ittiham qaydasında şikayət etməyi məsləhət vermişlər. X12 vəkil olmasından istifadə edərək xüsusi ittihamçını aldatmaqla ondan aldığı 2800 manat pulu qaytarmamaqdan ötrü, bilərəkdən qabaqcadan düşünülmüş şüurlu surətdə qohum tanışları bir sözlə cəmiyyət arasında hörmətdən salmağa çalışmışdır. Bu o deməkdir ki, X8 əməllərində-hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrinin tərkib hissəsi mövcuddur. Həmin maddəyə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb olur. Çünki, təhqirlə bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Çingiz Babayev bir vətəndaş kimi mövcud qanunvericiliyin tələblərinə əsasən bilməlidir ki, yayılan məlumat əxlaqi prinsiplər, cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən ünvan 3 ünvanında yaşayan X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Çingiz Babayevin təhqiramiz məlumatları yayması xüsusi ittihamçıda əsəbi vəziyyət və sters yaratdığından ağır mənəvi sarsıntı keçirmişdir. Buna görə mənəvi zərəri də ödəməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı X5 apelyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 1(049)-145/2024 saylı hökmünü ləğv edərək təqsirləndirilən şəxs X12 barəsində ciddi cəza növündə və ya azadlıqdan məhrumetmə cəzası barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında X12: “X28, heç kim mənə heçnə edə bilməz, görün Sizin başınıza nə oyun açacam” qeyd etmişdir. Bu sözləri sonuncu məhkəmə günündə hər kəsin içində demişdir. Məhkəmə iclası zalında Anar Pənahovun qarşısında hakm İsayev Mütəllim və hakim Murad Aslanov haqqında saxtakar, fırıldaqçı kimi sözlər deyirdi. X30 isə öz növbəsində Çingiz Babayevin çıxışına şərait yaradırdı. X31 görə Ç.Babayev haqlıdır. Onun və şahidlərimin verdiyi ifadələri heçə sayaraq Çingiz Babayevin barəsində bəraət vermişdir. Hətta sədr Kamran Süleymanov bildirimişdir ki, onun, qardaşının, iş üzrə şahidlərin prokurorluğa verilməsini istəyib. Həmçinin sədr Kamran Süleymanov bildirdirmişdir ki, “iki ildi məhkəmənin vaxtını almısız, şahidlərin verdikləri ifadələr üst-üstə düşmür. Ona görə də mən şəxsən özüm istədim ki, Sizin şahidlər yalan danışdığına görə prokurorluğa verilsin.” Axı iki il keçdikdən sonra əvvəlki ifadələr sözbəsöz eyni ola bilməz. Biz X30un sədrliyi ilə keçən prosesdə onlar bildirmişlər ki, keçən məhkəmə iclaslarında verdikləri ifadələri təsdiq edirlər, lakin Anar Pənahov, keçən məhkəmə iclaslarında verilən ifadələr artıq ləğv olunduğunu, həmin işin yenidən araşdırılacağını qeyd etmişdir. Lakin buna baxmayaraq Anar Pənahov yenidən keçən məhkəmə iclaslarında həm onun, həm də şahidlərimin ifadələrini indki məhkəmə iclaslarında verilən ifadələrlə müqayisə etməyə başladı. Keçən məhkəmə iclaslarında verilən ifadələrin etibarsız olmasını vurğulamasına baxmayaraq. Çingiz Babayevin onun haqqında dediyi “bacının başı qoltuq arası görməyib” sözünü təhqir kimi qeyd etməyən Anar Pənahov özünü gülünc vəziyyətə salaraq göstərmişdir ki, Azərbaycan dilində orfoqrafiya lüğətində qeyd olunan ifadənin (başın qoltuq arası görməsi) izahı “qoltuq altına qoyulan yastıq kimi” qeyd olunur. Lənkəran Rayon Məhkəməsinin X12 barəsində çıxardığı hökmdən qəti şəkildə narazıdır. Ona görə ki, sözügedən iş üzrə həm onun həmdə iş üzrə şahid ifadələri X30 tərəfindən düzgün araşdırılmamış, düzgün qiymət verilməmişdir. X12 dəfələrlə məhkəmə iclaslarından yayınıb, polisin məcburi gətirməsindən sonra dəfərlərlə məhkəmə inzibati binasından qaçmağa cəhd göstərib. Hətta hökm oxunan günü qaçmağa cəhd göstərib eyni zamanda onu ədəbsiz sözlərlə təhqir etməyə davam edib. Eyni zamanda mənəvi zərərlə bağlı iddiamı baxılmamış saxlmışdır, X12 onlara gəlməsini, pulu almasını boynuna almamışdır. O, xahiş və tələb edir ki, X8 ona 2021-ci ildən bəri etdiyi ədəbsiz, əxlaqsız davranışlarına görə ciddi cəza verilsin. Onun fırıldaqçı və əxlaqsız hərəkətlərinə görə xüsusi ittiahmçı kimi tanınan şəxs bu gündə əziyyət çəkir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apelyasiya instansiyasının məhkəmə baxışında: Xüsusi ittihamçı X5 apelyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Çingiz Babayev barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Bəraət verilmiş şəxs X12 apelyasiya şikayətinə etiraz edərək şikayətin əsassız olduğunu, buna görə də, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin düzgün olan hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Çingiz Babayevin əməlində CM-in 148-ci maddəsi ilə müəyyən olunmuş cinayətin tərkibi olmamasına görə sonuncuya həmin maddə ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla şahid ifadələrinə qiymət verib, xüsusi ittiham qaydasında iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, xüsusi ittihamçısı, bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsi icraatı zamanı xüsusi ittihamçı X5 ifadəsində bildirmişdir ki, birinci instansiya məhkəməsində baxılan iclasda şahidlərə yetərincə şərait yaradılmamişdir. Çingiz Babayev 1 il içərisində mütəmadi olaraq onu təhqir edib, onun işini qarşı tərəfə satmış, ona verdiyi sənədləri məhkəməyə təqdim etməsini tələb etdikdə ona qarşı təhqirlər edib, tərbiyəsizlik etmişdir. Qardaşına onun haqqında “bacının başı qoltuq altı görməyib” ifadəsini demişdir. Bundan əlavə də nalayiq ifadələr işlətmişdir. Qeyd etdiyi şahidlər bunları təsdiq edə bilər. Apellyasiya məhkəməsi icraatı zamanı bəraət verilmiş şəxs X12 ifadəsində bildirmişdir ki, xüsusi ittihamçı İ.Məmmədova onun qohumudur. Lakin onu 5 yaşından görməmişdir. Hardan ağlına gəldisə bir gün onu tapıb, zəng edib və müqavilə bağlamaq istədiyini demişdir. Vəkillik fəaliyyətinə görə ona qarşı belə bir uydurma, qurama iş görüblər. O, evdə heç olmamış, X4 qarşı heç bir nalayiq və yaxud da təhqiramiz ifadə işlətməmişdir. İlhamə Məmmədova onunla 4 dəfə müqavilə bağlamış, hər biri İ.Məmmədovanın xeyrinə nəticlələnmişdir. Şəxs onun göstərdiyi yardım vasitilə bütün problemlərindən qurtulmuşdur. 20 dəfə İ.Məmmədovanın işinə görə Bakıya gedib-gəlmiş, müqavilələrinə əsasən də, bütün yol, nəqliyyət, ezamiyyət və digər xərcləri ödəməyə borcludur. Nə qədər ki, işləri tam həll edilməmişdi, ödəyəcəklərinə dair söz verirmişlər. Lakin işlər yekunlaşandan sonra İ.Məmmədova ödəməkdən boyun qaçırmişdır. Ona “sən mənim üçün neyləmisən?” kimi ifadə işlətmiş, qısacası İ.Məmmədovaya göstərdiyi hüquqi yardımın əsasında ona borcu yaranmışdır, həmin borcu ödəməkdən imtina etmiş, məsələni məhkəmə qaydasında həll edə biləcəyini bildirdikdə isə ona qarşı belə bir iş qurmuşdur. 2022-ci ilin may ayının 13-də o, qeyd edilən evdə olmamış, İ.Məmmədovanın barəsində ümumiyyətlə qeyd edilən ifadələri işlətməmişdir. Ona 1 cümlə işlətmişdir ki, “İlhamə sən məni məcbur edirsən ki, məhkəməyə müraciət edim”. Elə həmin sözə görə də onun başına belə bir iş açılmışdır. Apellyasiya məhkəməsi icraatı zamanı xüsusi ittihamçının təşəbbüsü ilə dəvət olunmaqla şahid qismində dindirilmiş X11 (xüsusi ittihamçının qardaşı arvadı) ifadəsində bildirmişdir ki, Çingiz Babayev birinci dəfə 2022-ci ildə may ayının 13-dən əvvəl onların olduğu yerə gəlib, əri ilə söhbət edib, İlhamə ilə aralarındakı münasibəti düzəltmək və barışıq üçün gələcəyini bildirmişdir. Bu məqsədlə 2022-ci ildə may ayının 13-də Çingiz Babayev onların yaşadığı evə gəlmişdir. Həmin tarixi yaxşı xatırlayır ona görə ki, qayınanasının ad günü idi. Bütün qohumları və İlhamə onların evində idi idi. X26 xanıma qarşı o, görə-görə, eşidə-eşidə nalayiq ifadələr edib (söyüb), qarğış etmişdir. Hətta qarğışa görə o, Ç.Babayevə irad da bildirmişdir. Həmin vaxtı o, mətbəxdə olmuş, zala 2 dəfə çay verəndə və qaynanasının vəziyyəti pisləşdiyinə görə, yoldaşını çağıranda getmişdir. Bacısı, baldızı, qaynı, uşaqları və digər qohumları həmin onların evində olmuşlar. Çingiz Babayev ora üzrxahlığa gəlmişdi, lakin İlhaməni görən kimi, ona qarşı nalayiq ifadələr (söyüş) işlətmişdir. Küçədə də səs-küy salıb, qardaşına “sənin bacının başı qoltuq altı görməyib” demişdir. 2024-cü ilin avqust ayında, X30un sədrliyi ilə aparılan məhkəmə iclasında da bu şəkildə ifadə vermiş, Çingiz Babayev nalayiq ifadələri həm evdə, həm də küçədə işlədib. O cümlədən “X28 .... sizin var-yoxunuzu belə-belə edərəm” demişdir. Apellyasiya məhkəməsi icraatı zamanı xüsusi ittihamçının təşəbbüsü ilə dəvət olunmaqla şahid qismində dindirilmiş Şahid3 (xüsusi ittihamçının qardaşı) ifadəsində birinci instansiya məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2022ci ildə anasının ad günündən əvvəl, may ayının 5-6-sı Çingiz Babayev onun evinə gəlib, üzrxahlıq edib barışıq əldə etmək istədiyini bildirmişdir. O, da razılaşıb, söz vermişdir ki, evində ona heç kim heç nə deməyəcəkdir. Bu məqsədlə anasının ad günü, yəni may ayının 13-də Çingiz Babayev onun evinə gəlimişdir. Həmin günü evdə qohumlar çox olmuş, gözlənildiyi kimi olmamış, Çingiz Babayev səs-küy salıb təhqirlər etmişdir. Anasının halı pisləmiş və ürəyi getmiş, həmçinin bacısı da özündən getmişdir. Çingiz Babayev isə həyətdə səs-küy salmışdır. Onun yanında bacısı İlhaməyə biədəb, kişilərə xas olan nalayiq ifadə (söyüş) işlətməyib. Lakin ona elə sözlər deyirdi ki, adamı özündən çıxarırdı. Yalançı, şizofreniya, başdanxarab kimi ifadələr işlədirdi. Küçədə “sənin bacının başı qoltuq altı görməyib” sözünü ona demiş, lakin bacısı İ.Məmmədova bunu eşitməmişdir. Bu sözündən sonra o, da nalayiq şəkildə cavab qaytarmış, sonra o, da Ç.Babayevə qarşı nalayiq ifadələr işlətmişdir. Xüsusi ittihamçının təşəbbüsü ilə dəvət olunmuş Şahid2 (xüsusi ittihaçının qonşusu) apellyasiya instansiya məhkəməsində boş ağ vərəqdə Ç.Babayev “ İ.Məmmədovanın var-yoxunu söydü” sözlərini yazaraq həmin nalayiq ifadələri işlətməkdən və geniş şəkildə ifadə verməkdən imtina etmiş, həmin sözləri dilinə gətirə bilməyəcəyini qeyd etmişdir Məhkəmə kollegiyası bəraət verilmiş şəxsin, xüsusi ittihamçının, şahidlərin ifadələrini, iş üzrə mövcud sübutlara, dindirilmiş şahid ifadələri və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi barədə qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində bildirmişdir ki, o, öz ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Çingiz Babayev onun xalası oğludur. Çingiz ondan xahiş etmişdi ki, İlhamə ilə onu görüşdürsün ki, danışıb münasibətlərini normallaşdırsınlar. O, da bu barədə bacısı İlhamə Məmmədovaya bildirmişdir və İlhamə də 13 may 2022-ci il tarixdə onun yaşadığı evə gəlmişdir. Həmin gün anasının da ad günü olmuşdur. 13 may 2022-ci il tarixdə o, evdə olarkən Çingiz Babayev də təxminən saat 19 radələrində onlara gəlmişdir. O, əvvəldən Çingizə söz vermişdi ki, evinin içində mübahisə olsa da ona qarşı heç bir hərəkət etməyəcəkdir. Çingiz evin böyük otağına daxil olmuşdur. Həmin otaqda İlhamə, o, özü və Çingiz olmuşlar. Çingiz otağa daxil olarkən İlhamə ilə əvvəlki məhkəmə mübahisələri ilə əlaqadar mübahisəyə başlamışlar. Bundan sonra qonşu otaqda anasının ürəyi getmişdir və o, dərhal ora getmişdir. Həyat yoldaşı Rübabə isə həmin otaqda qalmışdı. Anası özünə gəldikdən sonra o, böyük otağa qayıtmış və Çingizin orada olmadığını gördükdə həyətə çıxmışdır. Çingiz küçə qapısının qarşısında dayanıb siqaret çəkirdi. Ətrafda başqa şəxslər yox idi. Çingiz ona bildirmişdir ki, “Sənin bacının başı qoltuq altı görməyib”. O, da bu sözlərdən əsəbləşərək Çingizin ünvanına söyüşlər söymüşdür. Sonra Çingiz öz maşınına əyləşib oradan getmişdir. Çingiz onun yanında bacısı İlhamənin ünvanına “Sənin bacının başı qoltuq altı görməyib” ifadəsindən başqa təhqiredici ifadə işlətməmişdir. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində bildirmişdir ki, o, İlhamə Məmmədovanın qardaşı Zamiqlə eyni binada qonşu mənzildə yaşayır. Zamiqlə onun mənzili arasında iki ədəd daha başqa mənzil vardır. Onun mənzili dəhlizin çıxışı hissəsində yerləşir. 13 may 2022-ci il tarixdə mənzilində olarkən qonşu mənzillərin birindən səs-küy gəldiyini eşitmişdir. Həmin səslərin kimə məxsus olduğu, kimin tərəfindən, kimə qarşı və hansı ifadələrin işlədilməsi ona aydın olmamışdır. Səslər çox qarışıq olmuş, həm də səs-küy gələn mənzil aralıda olduğundan səslər aydın olmamışdır. Həmin vaxt dəhlizə çıxmışdır. Dəhlizə çıxdıqda görmüşdür ki, X21 mənzilindən çıxaraq dəhlizdə çıxışa doğru gedir. Çingiz gedərkən bu ifadələri işlədirdi : “X28, görün Sizin başınıza nə oyun açaram.” Çingiz Babayev dəhlizdən çıxaraq küçəyə getmişdir. Həmin vaxt dəhlizdə Çingizdən başqa heç kəsi görməmişdir. Çingiz Babayevin başqa hər hansı, kiminsə ünvanına təhqiredici ifadə işlətdiyini eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid X11 ifadəsində bildirmişdir ki, o, İlhamə Məmmədovanın qardaşı Şahid3 həyat yoldaşıdır. 13 may 2024-cü il tarixdə Çingiz Babayev onların evə gəlmişdir. Həmin gün qaynanasının ad günü idi. Çingiz onlara gələrkən qaynanası mətbəxdə oturmuşdu. Çingiz ilk olaraq mətbəxdə qaynanası ilə görüşmüş və sonradan İlhamənin olduğu böyük otağa keçmişdir. Qaynanasının halı pisləşdiyi üçün həyat yoldaşı Zamiq ona yardım göstərmək üçün mətbəxə keçmişdir. Bundan sonra o, çay aparmaq üçün Çingiz və İlhamənin olduqları otağa keçmişdir. Həmin vaxt onların arasında mübahisə olduğunun şahidi olmuşdur. Çingiz mübahisə zamanı İlhamənin ünvana bu ifadələri işlədirdi: “Sizin başınız xatabdır, Siz mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz ?, Allah Sizin bəlanızı versin, sən şizofreniyasan”. Qeyd etdiyi ifadələrdən başqa Çingiz İlhamənin ünvanına heç bir təhqiredici ifadə işlətməmişdir. Sonra Çingiz otaqdan çıxıb getmişdir və pəncərədən baxdıqda onun küçədə həyat yoldaşı Zamiqlə mübahisə etdiyini görmüşdür. Çingiz mübahisə zamanı Zamiqə bildirirdi ki, “Sənin bacının başı qoltuq altı görməyib”. Zamiq yerdən da parçası götürüb Çingizi oradan qovdu. Çingiz də maşınına oturub oradan uzaqlaşdı. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi xüsusi ittihamçı tərəfindən Çingiz Babayevə ittiham verilməsi üçün əldə edilmiş sübutlara düzgün huquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə dindirilmiş şahidlər Şahid3, Şahid2, X6 ifadələrini 13 may 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən evdə X19 Məmmədova arasında mübahisəni təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını istisna edən sübutlar kimi də qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində tədqiq olunmuş və apellyasiya məhkəməsində yenidən araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Çingiz Babayev xüsusi ittiham qaydasında göstərilən şikayətdə İlhamə Məmmədovanı təhqir etməsi, yəni kütləvi çıxışlarda şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əməlini törətməsi tam təkzib olunur. Məhkəmə kollegiyası həm birinci və apellyasiya instansiya məhkəmələrində şahidlər tərəfindən vermiş ifadələrə qiymət verərək aşağıdakıları qeyd edir. Apellyasiya məhkəməsi icraatı zamanı şahid qismində dindirilmiş X11 işin mahiyyəti üzrə verilmiş olduğu ifadəsində göstərmişdir ki, X2rşı o görə-görə, eşidə-eşidə nalayiq ifadələr edib etmişdir. Dediyi sözlər isə qarğış və söyuş olduğunu bildirmişdir. Bundan əlavə isə Ç.Babayev İ.Məmmədovanın qardaşına qarşı “sənin bacının başı qoltuq altı görməyib” demiş, küçədə olan zaman isə “X28 .... sizin var-yoxunuzu belə-belə edərəm” deməsi barədə ifadə vermişdir. Lakin birinci instansiya məhkəməsi zamanı Rübabə Məmmədova ifadəsində göstərmişdir ki, Çingiz mübahisə zamanı İlhamənin ünvana bu ifadələri işlədirdi: “Sizin başınız xatabdır, Siz mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz ? Allah Sizin bəlanızı versin, sən şizofreniyasan”. Qeyd etdiyi ifadələrdən başqa Çingiz İlhamənin ünvanına heç bir təhqiredici ifadə işlətməmişdir. Sonra Çingiz otaqdan çıxıb getmişdir və pəncərədən baxdıqda onun küçədə həyat yoldaşı Zamiqlə mübahisə etdiyini görmüşdür. Çingiz mübahisə zamanı Zamiqə bildirirdi ki, “Sənin bacının başı qoltuq altı görməyib”. Zamiq yerdən da parçası götürüb Çingizi oradan qovdu. Çingiz də maşınına oturub oradan uzaqlaşdı. Apellyasiya məhkəməsi icraatı zamanı şahid qismində dindirilmiş Şahid3 işin mahiyyəti üzrə verilmiş olduğu ifadəsində göstərmişdir ki, may ayının 13-də Çingiz Babayev onun evində olan zaman səs-küy salıb təhqirlər etmişdir. Anasının halı pisləmiş və ürəyi getmiş, həmçinin bacısı da özündən getmişdir. Çingiz Babayev onun yanında bacısı İlhaməyə biədəb, kişilərə xas olan nalayiq ifadə (söyüş) işlətməyib. Lakin ona elə sözlər deyirdi ki, adamı özündən çıxarırdı. Yalançı, şizofreniya, başdanxarab kimi ifadələr işlədirdi. Küçədə “sənin bacının başı qoltuq altı görməyib” sözünü ona demiş, lakin bacısı İ.Məmmədova bunu eşitməmişdir. O sözündən sonra o da nalayiq şəkildə cavab qaytarmış, sonra o da Ç.Babayevə qarşı nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, hadisə günü Çingiz otağa daxil olarkən İlhamə ilə əvvəlki məhkəmə mübahisələri ilə əlaqadar mübahisəyə başlamışlar. Bundan sonra qonşu otaqda anasının ürəyi getmişdir və o, dərhal ora getmişdir. Həyat yoldaşı Rübabə isə həmin otaqda qalmışdı. Anası özünə gəldikdən sonra o, böyük otağa qayıtmış və Çingizin orada olmadığını gördükdə həyətə çıxmışdır. Çingiz küçə qapısının qarşısında dayanıb siqaret çəkirdi. Ətrafda başqa şəxslər yox idi. Çingiz ona bildirmişdir ki, “Sənin bacının başı qoltuq altı görməyib”. O, da bu sözlərdən əsəbləşərək Çingizin ünvanına söyüşlər söymüşdür. Sonra Çingiz öz maşınına əyləşib oradan getmişdir. Çingiz onun yanında bacısı İlhamənin ünvanına “Sənin bacının başı qoltuq altı görməyib” ifadəsindən başqa təhqiredici ifadə işlətməmişdir. Şahid2 isə apellyasiya instansiya məhkəməsində boş ağ vərəqdə Ç.Babayev “İ.Məmmədovanın var yoxunu söydü” sözlərini yazaraq ifadə verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 13 may 2022-ci il tarixdə mənzilində olarkən qonşu mənzillərin birindən səs-küy gəldiyini eşitmişdir. Həmin səslərin kimə məxsus olduğu, kimin tərəfindən, kimə qarşı və hansı ifadələrin işlədilməsi ona aydın olmamışdır. Səslər çox qarışıq olmuş, həm də səs-küy gələn mənzil aralıda olduğundan səslər aydın olmamışdır. Həmin vaxt dəhlizə çıxmışdır. Dəhlizə çıxdıqda görmüşdür ki, X21 mənzilindən çıxaraq dəhlizdə çıxışa doğru gedir. Çingiz gedərkən bu ifadələri işlədirdi : “X28, görün Sizin başınıza nə oyun açaram.” Çingiz Babayev dəhlizdən çıxaraq küçəyə getmişdir. Həmin vaxt dəhlizdə Çingizdən başqa heç kəsi görməmişdir. Çingiz Babayevin başqa hər-hansı, kiminsə ünvanına təhqiredici ifadə işlətdiyini eşitməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şahidlər Şahid3, X11 və Şahid2 apellyasiya instansiya məhkəməsində aparılan qismən məhkəmə istintaqı zamanı “X1rşı o, görə-görə, eşidə-eşidə nalayiq ifadələr və söyuşlər işlətməsi” barədə ifadələrini dəqiq və obyektiv həqiqət kimi qəbul etmir. Məhkəmə kollegiyası ittiham tərəfinin vəsatəti əsasında dindirilən şahidlərdən ikisi xüsusi ittihamçı İlhamə Məmmədovanın yaxın qohumu, bir şahid isə uzun illərdir tanıdığı qonşusu olduğundan onların apellyasiya məhkəməsində verdikləri bu ifadələrini xüsusi ittihamçının mövqeyinə söykənən subyektiv mülahizələr kimi qiymətləndirilir. Bundan əlavə, apellyasiya məhkəməsi zamanı sözügedən şahidlər mübahisə baş verən zaman X1rşı söyüşlər işlətdiyini bildirsələr də, heç biri həmin sözlərin konkret məzmunu barədə ifadə verməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutları qiymətləndirib onlara hüquqi qiymət verməsi barədə mövqeyi ilə razılaşır. Rübabə Məmmədova birinci instanisya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, “Sizin başınız xarabdır, Siz mənə pul vermisiniz ki, məndən pul istəyirsiniz? Allah Sizin bəlanızı versin, sən şizofreniyasan”. Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Dəhlizdə olan şəxslər: Çingiz Babayev və Şahid2. Şahid2 birinci instanisya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Ç.Babayevin dedikləri: “X28, görün Sizin başınıza nə oyun açaram”. Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Küçədə olan şəxslər: Çingiz Babayev və Şahid3. Şahid3 birinci instanisya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Ç.Babayevin dedikləri: «Sənin bacının boynu qoltuq altı görməyib”. Bunlardan başqa heç bir təhqiredici ifadə eşitməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmaqla yanaşı həm də aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, xüsusi ittihamçı İ.Məmmədovanın xüsusi ittiham qaydasında verdiyi şikayətin və apellyasiya şikayətinin dəlillərindən belə anlaşılır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs Ç.Babayev xüsusi ittihamçı İ.Məmmədovanın özünün şəxsi iştirakı olmadan sonuncunun qardaşı Şahid3 müraciət edərək “bacının başı qoltuqaltı görməyib” ifadəsini işlətmişdir. Göründüyü kimi qeyd olunan ifadələr Şahid3 yanında və ya təklikdə şəxsən xüsusi ittihamçı İ.Məmmədovaya bildirilməmişdir. Odur ki, məhkəmə kollegiyası onu qeyd etməyi unutmur ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan, lakin şəxsən zərərçəkmiş şəxsə bildirilməsi kifayət edir. Eyni zamanda xüsusi ittihamçının şikayət ərizəsində, şahidlərin isə ifadələrində qeyd etdiyi Çingiz Babayevin xüsusi ittihamçının ünvanına işlətdiyi “bacının başı qoltuqaltı görməyib” sözünə birinci instansiya məhkəməsi münasibət bildirərək qeyd etmişdir ki, “qoltuqaltı” sözünün Azərbaycan dilinin orfoqrafik lüğətində izahı “Qoltuq altına qoyulan kiçik yastıq” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan ifadələrin təhqir xarakterli məlumatlar olub-olmamasını yoxlayarkən müvafıq lüğətdən istifadə etməklə qiymətləndirmə aparmaqda haqlı nəticəyə gəlmişdir. Belə ki, məhkəmə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mübahisələrə baxarkən o halda ekspertiza təyin edilməsini zəruri hesab etməlidir ki, iş üzrə araşdırılan məsələlərin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. İfadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəf və ləyaqətini ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin özü tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olduğu halda iş üzrə məhkəmə-linqvistik ekspertizasını keçirilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “bacının başı qoltuqaltı görməyib” ifadələrini ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, şərəf və ləyaqəti nalayiq formada açıq-aşkar alçaldıcı, nüfuzdan salan məlumatlar kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Belə ki, şərəfin ləkələnməsi - təqsirkar şəxsin zərərçəkmiş şəxs barəsində cəmiyyətdə mənfi rəy yaratmaq məqsədi ilə həqiqətə uyğun olmayan neqativ məlumatların yaymasında ifadə olunur. Ləyaqətin alçaldılması – bu halda yayılma faktının olması məcburi şərt olmaya bilər. Bu halda zərərçəkmiş şəxsə və ya daha çox şəxs arasında təqsirkar şəxs tərəfindən zərərçəkmiş şəxs barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan ifadələrin işlədilməsi, təhqir edilməsində ifadə olunan mənfi neqativ davranışlar başa düşülür. Məhkəmə kollegiyası dərhal elə buradaca qeyd edir ki, yayılmış məlumatlar ləkələyici xarakterə malik olmalıdır. Ləkələyici məlumatlar dedikdə, fiziki (hüquqi) şəxslər tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya fiziki şəxslərin şərəf və ləyaqətini və ya şəxslərin (fiziki və hüquqi) işgüzar nüfuzunu alçaldır, onları qiymətdən salır. Məhkəmə kollegiyası belə hesab edir ki, Ç.Babayevin işlətdiyi “bacının başı qoltuqaltı görməyib” ifadələri əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar olmadığı üçün cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında xüsusi ittihamçı İ.Məmmədova barəsində mənfi rəyin yaranmasına səbəb ola bilməzdi. Başqa sözlə ifadə etsək, Ç.Babayev tərəfindən İ.Məmmədova barəsində işlədilən yuxarıda qeyd olunan ifadələr xüsusi ittihamçının şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, barəsində qeyd olunan məlumat yayılmış şəxsin (hazırkı halda xüsusi ittihamçının) subyektiv fikri və mülahizəsi öz-özlüyündə həmin məlumatı ləkələyici məlumat hesab etmək üçün əsas olmamalıdır. Belə ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyətinə görə tutduğu mövqe başa düşülür. Məhz elə bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, Ç.Babayevin xüsusi ittihamçı barəsində işlətdiyi yuxarıda qeyd olunan ifadələr bir qadın kimi xüsusi ittihamçı İ.Məmmədova barəsində cəmiyyət, kollektiv və ya ayrı-ayrı vətəndaşlar arasında mənfi rəy yaratmır və onun işgüzar nüfuzuna və mövqeyinə heç bir xələl yetirmir. Xüsusi ittihamçı İ.Məmmədova və onun təşəbbüsü ilə dəvət olunmuş şahidlərdən R.Məmmədova və Şahid2 ifadələrində Ç.Babayevanın xüsusi ittihamçı İ.Məmmədovanın ünvanına “var-yox söyüşü” işlətməsini bildirsələr də bu söyüşün, yəni nalayiq və ədəbsiz ifadələrin konkret və ya hansı müəyyən ifadələrdən ibarət olmasını aşkar bildirməmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin nalayiq ifadələr konkret və aşkar şəkildə işlədilmədiyinə görə bu ifadələrin xüsusi ittihamçının şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələməsi barədə qəti qiymətləndirmə aparıla bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli “03” nömrəli qərarının nəticə hissəsində qeyd edilir: Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə- bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə kollegiyası hesab edir ki, Çingiz Babayevin xüsusi ittihamçı İ.Məmmədovanı təhqir etməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunmamasını, yəni məhkəmə istintaqı zamanı onun əməllərində bu cinayətin tərkibinin olmamasını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq CPM-in 42.1.2-ci maddəsiə əsasən Ç.Babayev barəsində CM-in 148-ci maddəsi ilə bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Çingiz Babayevin əməlində CM-in 148-ci maddəsi ilə müəyyən olunmuş cinayətin tərkibi olmadığına birinci instansiya məhkəməsinin ona həmin maddə ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, xüsusi ittihamçının apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinc instansiya məhkəməsini hökmünün ləğv olunaraq Ç.Babayevin CM-148-ci maddəsi ilə məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AR CPM-in 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və AR CPM-in 42, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xüsusi ittihamçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Lənkəran Rayon Məhkəməsinin 1(049)-145/2024 №-li, 12 avqust 2024-cü il tarixli hökmü həmin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan AR CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Pərviz Hacıyev Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №1(106)-902/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-902/2024
23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver