Məhkəmə qərarları › İş №1(106)-903/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-903/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-903/2022 24.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun vəkili və nümayəndəsi – «A.İ.M» vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakim Elxan Əmirəliyev) xx xxxxxxxx 1988-ci ildə Cəlilabad rayonu Həziabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Həziabad kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə verilmiş mülki iddia qismən təmin edilməklə 8500 (səkkiz min beş yüz) manat məbləğində zərər məbləği və 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8620 (səkkiz minaltı yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı X6 ödənilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində AB536197 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında AE№ 104080 nömrəli qeydiyyat şəhadətnaməsi ilə etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E270 markalı 99-FZ- 998 dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğuhalda, buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da və həmin Qanunun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə edərək,həmin avtomobil yolunun hərəkət hissəsində və onunla eyni istiqamətdə düzünə adi yerişlə hərəktədə olan piyada, əvəllər tanımadığı, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə yolun hərəkət hissəsində vuraraq ehtiyatsızlıqdan onaaçıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın alın nahiyəsinin əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, başın və sağ qulaq seyvanının əzilmiş yaraları, başın, gövdənin və ətrafların sıyrıqları və qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurduqdan sonra Zərərçəkmiş şəxs baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişaların yayılmış qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza sərtliyinə görə açıq-aydın ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halları – himayəsində bir nəfər azyaşlı uşağının olmasını cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmişşəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa cəhd etməsini kifayət qədər nəzərə alınmamış, nəticədə ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərində göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X9, zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun vəkili və nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətini müdafiə edib, Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir. Çünki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının orta həddindən yuxarı cəza təyin etməsindən və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (himayəsində bir nəfər azyaşlı uşağının olması cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmişşəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsi, təqsirini səmimi etiraf etməsi, əməlindən peşman olması), cəzanı ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinə baxılması nəticəsində birinci instansiya məhkəməsi tərəfindən həmin müraciətlərlə ehtiva olunan Cinayət-Prosessual Məcəllənin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni apellyasiya şikayətlərinin təmin olunması, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Rafiq Cəfərov Kamil Bəşirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar