Məhkəmə qərarları › İş №1(106)-924/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-924/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-924/2022 09.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X5 Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində X5 şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)-152/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)-152/2022 saylı hökmü ilə (sədrlik edən hakim Səlim Allahverdiyev), xx.xx.1964-cü ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişlər ona görə ki, o, 2022-ci ilin mart ayının sonlarında Sabirabad rayonu Qalaqayın kəndində yaşadığı evin həyətyanı sahəsindəki bağçada torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 15 ədədini yetişdirərək kultivasiya etmiş, 30 may 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin arxa hissəsində 06 ədəd, bağ hissəsində isə 09 ədəd olmaqla, ümumi təmiz çəkisi 1100 qram olan ümumilikdə 15 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərəık 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etsə də məhkəmə bunu nəzərə almamışdır. Ona görə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)-152/2022 saylı hökmü Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yaş vəziyyətdə təmiz çəkisi 1100 qram olan 15 kol olmaqla çətənə kolu əkib becərmişdir. Məhkəmə ona təyin edilməli cəzanın növünü və həddini müəyyən edərkən onun törətdiyi əməldən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, ürək xəstəliyindən əziyyət çəkməsini, himayəsində əqli gerilikdən əziyyət çəkən bir uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin məhkəmə gəldiyi nəticənin motivini qərarda göstərməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin psixatrop maddələrin miqdarına habelə onların küllü miqdarına görə siyahılarının təstiq edilməsi haqqında” Qanuna görə bu miqdar şəxsi istehlak miqdarından xeyli çox olmaqla kolların sayı baxımından küllü miqdara yaxın həddir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs cəza təyin edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Dövlət ittihamçısı qeyd edilənlərə istinad etməklə Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)-152/2022 saylı hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında apellyasiya protestini müdafiə etmişdir. Təqsirləndirilən şəxs vəkili protestin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs öz ifadəsi, şahidlər X6, Orxan Zülfüqarovun və Seyran Zeynalovun ifadələri, ekspert rəyləri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin 31 may 2022-ci il tarixli, 18/599 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan sintetik kisədəki ümumi sayı 15 (on beş) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi-1100 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və tərkibinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 3383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nin Qalağayın KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, Sabirabad RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyir. 30 may 2022-ci il tarixdə Sabirabad rayonu Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili İsmayıl Şıxəliyevə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq İsmayıl Şıxəliyev raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi İsmayıl Şıxəliyevin özünə həvalə olunmuşdur. İsmayıl Şıxəliyev tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili İsmayıl Şıxəliyev, PPXB-nin polis nəfəri Orxan Zülfüqarov, İTB-nin sahə rəisi, polis mayoru Seyran Zeynalovun və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayonu Qalaqayın kənd sakini X9 və Sabirabad rayonu Qalaqayın kənd sakini X7 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Sonra avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Qalaqayın kəndində yerləşən evinə getmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı evə, həyətə və həyətdəki tikililərə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin arxa hissəsində 06 ədəd, bağ hissəsində isə 09 ədəd olmaqla ümumilikdə 15 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına 15 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün saxladığını bildirmişdir. Həyətyanı sahəyə baxış keçirildikdən sonra evə və yardımçı tikililərə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş sübutlar əsasında belə bir düzgün nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Dövlət ittihamçısı apelyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməsi təklifini əsaslandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, hadisənin baş vermə səbəbi, şəraiti, əməlin nəticəsi, Təqsirləndirilən şəxs əkib becərdiyi çətənə kollarının sayının 15 olması ona məhz ağır cəza verilməsini şərtləndirmişdir. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin əlamətləri ilə bağlı protestdə göstərilənlər Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əlamətlərdir. Bu maddənin sanksiyası qanunverici tərəfindən formalaşdırılarkən bu əlamətlərin hamısı nəzərə alınmış, və əməlində bu əlamətlər olan şəxsə (o cümlədən 15 kol əkmiş şəxsə) təyin edilə bilən cəzalar sırasında cərimə və azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Çətənə kollarının sayı 15 olmaqla küllü miqdara yaxın olması dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cəzanın növünün seçilməsi üçün narkotik vasitənin miqdarı əhəmiyyət kəsb etsə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və onun müddətinin müəyyən edilməsi zamanı cəzanın növünün və müddətinin protestdə göstərildiyi kimi yalnız narkotik vasitənin konkret miqdarlarına uyğunlaşdırılması cəza təyinin qayda və prinsiplərinə ziddir. Əslində məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını ən yuxarı həddə təyin etməklə kollarınn sayını da nəzərə almışdır. Başqa bir tərəfdən cinayət qanunu cəza təyin edərkən məhkəmənin üzərinə iş üzrə olan bütün əhəmiyyətli halların nəzərə alınmasını vəzifəsini də qoyur. Bu cinayət törətmiş şəxsin şəxsiyyəti, ailə və sağlamlıq vəziyyəti, məhkumluğu və əməlində cinayətin residivinin olub-olmaması, himayəsində xəstə şəxslərin, azyaşlı uşaqların olub-olmaması ilə bağlı hallardır. Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunması, ailə vəziyyəti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əqli qüsurları olan 2-ci qrup əlil olan oğluna baxmalı olması kimi halların olması, məhkəməyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməsinə əsas vermiş, məhkəmə də düzgün olaraq Təqsirləndirilən şəxs bu cəza növünü təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası da təyin edə bilərdi. Lakin məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bu cəzanı da Təqsirləndirilən şəxs tərəfindən əkilmiş kolların sayını nəzərə almaqla ən yüksək həddə təyin etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bundan daha ağır cəza təyin edilməsinə əsas müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən işin bütün hallarını, Təqsirləndirilən şəxs ilk məhkumluğunu, onun şəxsiyyəti, ailə və sağlamlıq vəziyyəti ilə bağlı halları nəzərə almış, ona istinad edilmiş maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin etmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs ona birinci nstansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının apellyasiya protestinin təmin olunması barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)- 152/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(056)-152/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar