Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-928/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi) Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X4 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(099)-564/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(099)-564/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli) 16 fevral 972-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmuş əməlinin tövsifi həmin maddədən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə dəyişdirilmiş, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablanmaqla ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 51,48 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, 26 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “OBA” marketin yaxınlığında idarə etdiyi “MERCEDES C 220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda, təmiz çəkisi-51,48 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 7 il 6 ay müddətə azadlıqdan məhrumetməcəzasına məhkum edilməsi məhkəməyə təklif etmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsasları ilə ləğv edilməli, Təqsirləndirilən şəxs 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. İş materiallarından aydın şəkildə görünür ki, Qasımov X5 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə keçirilən tədbir nəticəsində saxlanılaraq RPŞ-ya gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman 51,48 qram olan narkotik vasitə heroin onun üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə dəyişdirərkən hökmü onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız əldə etdiyi heroinin külli miqdarından, yəni 2 qramdan çox olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotiki əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmişdir. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Belə ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif etməsinə dair gəldiyi nəticəni əsaslandırmağa çalışarkən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin narkotik vasitəni satmaq niyyətində olması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarla öz təsdiqini tapmadığına və belə olan halda, üzərindən aşkar edilmiş heroinin yalnız külli miqdarından çox olması ona münasibətdə satış məqsədinin olması barədə nəticəyə gəlməyə əsas vermədiyinə görə ibtidai istintaq orqanının həmin heroinə münasibətdə satış məqsədinin olmasına dair irəli sürdüyü dəlilləri əsassız hesab etdiyini qeyd etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmiş, onun əməli CM-in 234.1-1 -ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli, 19/194 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə 51,48 qram çəkidə olan narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2024-cü il tarixli, 205 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə külli miqdarda olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitənin məhz külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Hökmdən göründüyü kimi, məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin narkotik vasitəni satmaq niyyətində olması, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi halları müəyyən edilməmiş, məhkəməyə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitə heroinin şəxsi istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrdən psixi və fiziki asılılığı müəyyən olunmamışdır. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs aşkar olunmuş heroinin çəkisi isə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin onun gündəlik ehtiyacının yuxarı həddindən 343 dəfədən çox olmuşdur. Bu hal isə öz-özlüyündə narkotik vasitə aludəçisi olmayan Təqsirləndirilən şəxs 51,48 qram çəkidə heroni məhz satış məqsədilə əldə etməsinə dəlalət edir. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin maddədə nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. İşin hallarından görünür ki, məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 353.2.2-353.2.5-cı maddələrinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, ittihamın bir hissəsi əsassız hesab edildikdə bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırkı hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir və hakim məhz sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Sadalananlardan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmiş, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamışdır. Dövlət ittihamçısı qeyd edilənlərə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmünün ləğv edilməsini, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə barəsində həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsinin düzgün olmadığını göstərərək hökmün dəyişdirilməsini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə cəzalandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə dəyişdirərəkən aşağıdakı sübutlara istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi Mercedes markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “OBA” marketə getmiş, içəri daxil olmuşdur. Bir neçə dəqiqə sonra marketdən çıxmış və avtomobilinə əyləşmək üçün avtomobilinin qapısını açmışdır. Həmin vaxt bir nəfər şəxs ona səslənərək gözləməyini istəmiş, o da gözləmişdir. Daha sonra qara rəngli avtomobil onun yanında saxlamış və içərisindən təxminən 4-5 nəfər mülkü geyimdə insanlar düşmüş və onu avtomobilə əyləşdirmişlər. Həmin avtomobildə əyləşdikdən sonra tanımadığı şəxslər onu döyərək, idarə etdiyi avtomobilin açarını istəmişlər. O da avtomobilin açarını vermiş, daha sonra onu avtomobili ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman otaqların birində tanımadığı şəxslər onun başına yumruq zərbələri vuraraq döymüşlər. Bundan sonra bir nəfər tanımadığı şəxs bir ədəd bükülü cibinə qoymuş və narkotik olmasını deyərək üzərində saxladığını demişdir. O da həmin bükülü qəbul etməmiş, bu zaman həmin şəxs ona avtomobilindən, evindən daha ağır çəkidə narkotik vasitə çıxacağı və ailə üzvlərini də bu işə cəlb edəcəkləri ilə hədələmiş və bükülünü götürməyini tələb etmişdir. Bundan sonra o, həmin şəxslə razılaşmış, əks halda onun cavan oğlunun üzərindən narkotik vasitə çıxarılacağını ona demişlər, o da həmin şəxslərlə razılaşmışdır. Bundan sonra müdafiəçinsinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da, polis əməkdaşlarının ona təqdim etdiyi əynindəki qara rəngli paltonun sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyub, təqdim etdiyi bükülünün içərisində özünə məxsus narkotik vasitə heroin olmasını və həmin narkotik vasitə heroini 25 fevral 2024-cü tarixdə günorta saatlarında Biləsuvar rayonu, Zəhmədabad kəndində piyada hərəkətdə olan zaman yerdən tapmasını və maraq üçün gəzdirməsini bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra o, narkotikin ona məxsus olmasına dair ifadə vermiş, lakin narkotik ona məxsus olmamışdır. Heç vaxt narkotik vasitələr qəbul etməmiş, satışını həyata keçirməmişdir. Biləsuvar rayonunda yas mərasimlərində din xadimi kimi iştirak etmiş, özü dindardır, dini etiqadına görə həbs olunduğunu düşünür. Heç bir günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən məhkəmə baxışında verdiyi ifadəyə uyğun ifadə verərək üzərində narkotik vasitə olmadığı, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb üzərinə narkotik vasitə qoyuduğu, təzyiqlərə görə narkotikin ona məxsus olmasına dair ifadə verdiyini bildirmişdir. Lakin ibtidai istintaq zamanı 27 fevral 2024-cü il tarixli şübhəli və 28 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 25 fevral 2024-cü tarixdə günorta saatlarında Biləsuvar rayonu, Zəhmədabad kəndində piyada hərəkətdə olan zaman yerdən içərisində narkotik vasitə olan bükülü taparaq üzərində saxlamış, 26 fevral 2024-cü il tarixdə şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sağ yan cibindən tapdığı bir ədəd bükülünü çıxarıb təqdim etmiş, bükülünün içərisində heroin narkotik vasitə olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində ifadə vermiş Biləsuvar rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Zəhmədabad kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-ci il tarixdə saat 15:35 dəqiqədə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “OBA” marketin yaxınlığında X10 özünə məxsus “Mercedes” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu izah edib Biləsuvar rayon Polis şöbəsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü təqdim edərək, bükülünün içərisində narkotik vasitə heroin olmasını, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon, Zəhmədabad kəndində yolun kənarda yerdən tapmasını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, aşkar olunmuş bükülü tərəzidə çəkilərək qablaşdırıldı. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı təziq-təsir olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin satış faktı müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 19/194 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -51,48 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 51,38 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli 205 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq Sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 04 aprel 2024-cü il tarixli 902 saylı rəyin nəticə hissəində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli 89 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli videoçəilişlə aparılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli paltonun sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, bükülünün içərisində narkotik vasitə heroin olmasını, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon, Zəhmədabad kəndində yolun kənarda yerdən tapmasını və üzərində saxlamasını bildirmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Biləsuvar rayonu, Zəhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Qasımov X5 rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından 3 yetkinlik yaşına çatmış və 1 yetkinlik yaşına çatmayan (xx.xx.2007-ci il təvəllüdlü) uşaqlarından ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 23 mart 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 51,38 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış Biləsuvar RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin seçilməsinə dair Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1 26 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda sadalanan sübutlara əsasalanaraq Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin tövsifini həmin maddədən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə dəyişdirməsi düzgün olmuşdur. Ona görə apellyasiya protesti əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, protest müəllifi hesab etmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitənin külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Onun narkotik vasitəni hər hansı şəxsə satması ilə bağlı razılaşmasının olmaması xüsusi əhəmiyyət kəsb etmir. O qeyd etmişdir ki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, alqı-satqının şərtləri ilə bağlı onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan olması, sifarişə uyğun olaraq narkotik vasitə olan heroını külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Göründüyü kimi protest müəllifi gələcəkdə baş verəcəyi istisna olunmayan hərəkətə görə şəxsin əməlinin tövsifinin dəyişdirilməsini təklif edir. Başqa sözlə protest müəllifi ehtimala əsaslanarq əməlin tövsif edilməli olduğunu hesab edir. Halbuki, Azərbaycan Respublikası CPM-in 145.3-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs aşkar edilən maddənin külli miqdar təşkil edən çəkidən dəfələrlə çox olması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmişdir. İş materiallarında da belə bir sübut müəyyən olunmur. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qeyd edildiyi kimi qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Plenum qərarının 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin satış məqsədi ilə əldə olunmasının sübuta yetirilməməsi barədə, bu sübutların onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə kifayət etməməsi barədə düzgün qənaətə gəlmişdir. Narkotik vasitənin miqdarından başqa işdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə saxlamasını təstiq edən digər hər hansı sübut yoxdur. Onun heç bir alıcı ilə əlaqəsi müəyyən edilməmiş, kim tərəfindənsə ona narkotik vasitə sifariş verilməsi barədə telefon danışığı müəyyən edilməmiş, ondan narkotik vasitəni satmaq üçün hazırlanması məqsədi ilə tələb olunan hər hansı vasitə, o cümlədən tərəzi aşkar edilməmişdir. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsüf düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun. Təqsirləndirilən şəxs əməlinin tövsüfünə bu qaydada yanaşılanda onun əməlinin əlamətlərinin tam şəkildə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində təsvir edilmiş əməlin əlamətləri ilə üst-üstə düşdüyü görünür. X2 CM-in 234.3.4.3-cü maddəsi ilə verilmiş ittihamın düzgün olmasını əsaslandırmaq üçün istinad etdiyi sübutlar olsa-olsa Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə daşıması şübhəsini yarada bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində isə qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İttiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib-etməməsi şübhəsini həll etmək üçün şübhəni əsaslandıracaq başqa heç bir əlavə sübut əldə etməyə cəhd belə etmədən yaranan şübhəni CPM-in 145.3-cü maddəsinin tələbinin ziddinə olaraq özünün verdiyi ittihamın xeyrinə təfsir etmiş, məhkəmə də əsaslı olaraq bununla razılaşmamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməlinin tövsifinin Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə dəyişdirilməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın da işin hallarına Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olduğunu hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protestiti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-564/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024cü il tarixli 1(099)-564/2024 saylı hökmü, həmin hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-928/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-928/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver