Məhkəmə qərarları › İş №1(106)-949/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-949/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-949/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə, məhkum olunmasına dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, M ü ə y y ə n e t d i : Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmü ( sədrlik edən X4) ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci il tarixdə Saatlı rayonu, Leninkənd (indiki Qıraqlı) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən,2 qrup əlil, məhkumluğu olmayan, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasəna, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2022-ci ildən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 9 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Saatlı rayonu, Qıraqlı kəndindəki evinin həyətyanı sahəsində mal tövləsi ilə daş hasarın arasındakı xüsusi hazırladığı yerdə qanunsuz olaraq torpağa əkmiş, 27 iyun 2022-ci il tarixədək müddət ərzində orada böyüyən 9 ədəd çətənə (kannabis) ştilini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmişdir. Bundan başqa, o, 2022-ci ilin iyun ayının əvvəlində həmin bitkilərdən qoparıb bitkiləri əkdiyi yerdə qurudaraq 330 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və yaşadığı evin yataq otağında dolabda 1 ədəd polietilen torbanın içərisində qanunsuz olaraq saxlamış, 27 iyun 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları qeyd edilən ünvanda baxış keçirərkən həmin 9 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini və 330 qram qurudulmuş marixuananı aşkar edib götürmüşlər Apellyasiya şikayətlərinin dəlilləri: Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmünün cəzanın sərtliyinə görə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri öz istifadəsi üçün əkmiş, marixuananı xəstəliyi ilə əlaqədar özü istifadə etmək saxlamış, törətdiyi cinayət əməlini səmimi etiraf edərək narkotik vasitəni özü könüllü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs «Oliofreniyə debillik dərəcəsi» diaqnozu ilə Saatlı RMX-da Ruhi-əsəb dispanserində qneydiyyatdadır. Uşaqlıqdan 2 qrup müddətsiz əlildir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun işinə yenidən ədalətlə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, «Oliofreniyə debillik dərəcəsi» diaqnozu ilə Saatlı RMX-da Ruhi-əsəb dispanserində qneydiyyatdadır. Ondan ifadə alınarkən sualları tam başa düşməyib cavab vermişdir.Törətdiyi əməlin faktiki xarakterini və təhlükəliliyini dərk etməmişdir. Proses iştirakçılarının çıxışları: Müdafiəçi apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətlərini müdafiə edərək şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin olunmasını, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun öz ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətlərində göstərdikləri yüngülləşdirici halları nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirldi bilindiyi maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsinin təyin etdiyi cəzadan da yüngül azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təyin edilməməli, Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q ə r a r a a l d ı : Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin 1(055)-68/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar