Məhkəmə qərarları › İş №1(106)-951/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-951/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-951/2024 14.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmü (sədrlik edən X5, X6 və X1 ibarət tərkibdə) ilə Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, 29 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli, 4 (073)- 26/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikası vətəndaşı olan “Araz” adı ilə tanıdığı şəxslə “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb külli miqdarda narkotik vasitələr əldə edilməsi, saxlanması və daşınması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncu tərəfindən istintaqla müəyyən edilməyən tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 82-ci kilometrliyində yerləşən üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında yerləşən körpünün altında, pilləkənin yanında gizlədilməsi təmin edilmiş 1 ədəd bağlamanın içərisindəki 16 ədəd bükümdə ümumi təmiz çəkisi-8195,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd konvalyutda 09 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 0,36 qram xeyli miqdarda narkotik vasitə metadon həblərini Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən götürmək məqsədilə 29 fevral 2024-cü il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhərinə gəlmiş, 29 fevral 2024-cü il tarixdə saat 22 radələrində AstaraƏlət avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 82-ci kilometrliyində yerləşən üzərində “Alvadı Çay” yazısı həkk olunmuş lövhənin yanında yerləşən körpünün yaxınlığına gəldikdən sonra aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq körpüdən aşağı düşən pilləkənin yanında gizlədilmiş həmin narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, 29 fevral 2024- cü il tarixdə saat 22:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən keçən 84-cü kilometrliyində idarə etdiyi “Opel Astra” markalı, 77-PN552 dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Cəlilabad Rayon Polis X7 Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sağ cibindən həmin narkotik vasitələrdən 1 ədəd konvalyutda bir həbin təsiredici maddəsi 0,04 qram olmaqla ümumi sayı 9 ədəd olan qəhvəyi rəngli dairəvi formalı xeyli miqdarda-0,36 qram narkotik vasitə metadon həbləri, idarə etdiyi “Opel Astra” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən isə 1 ədəd bağlamada, 16 ədəd bükümdə olmaqla ümumilikdə külli miqdarda-8195,0 qram tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində onun hazırkı cinayət əməlinə hər hansı bir aidiyyətinın olmamasını nəzərə alaraq daha ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (099)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü qanunsuz və ədalətsiz hökm hesab edir və buna görə də hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (099)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ləğv edilməli və onun barəsində daha ədalətli hökm çıxarılmalıdır. Belə ki, hadisə zamanı o, sürücü kimi fəaliyyət göstərirdi. Sözü gedən narkotik vasitələrdən isə hər hansı bir məlumatı olmamışdır. Onun saxlanılması zamanı həmn narkotik vasitələrin onun olmasını təkidlə ona bildirmişdirlər. Bundan başqa, çəkilişdən bir qədər əvvəl əməliyyatçılar öz ciblərindən 2 (iki) ədəd psixotrob maddə çıxararaq onun olmasını, çəkiliş zamanı boynuna götürməsini, əks halda vəziyyətinin daha ağır olacağını bildirmişdirlər. Lakin məhkəmə prosesi zamanı bu kimi hallara əhəmiyyət verilməmiş, əksinə tez-tələsik, yarımçıq hökm çıxarmaqla kifayətlənmişdirlər. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə hər hansı bir təqsirinin olması heç bir halda sübuta yetirilməmişdir, əksinə işdə onun təqsirsizliyini sübuta yetirən kifayət qədər sübutlar mövcuddur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Göründüyü kimi məhkəmə istintaqı qeyri-obiektiv, maddi, xüsusən də prosessual hüquq normalarının pozulması ilə aparılmaqla, tez-tələsik, bir tərəfli, yarımçıq hökm çıxarmaqla aparılmışdır. Ona görə də hesab edir ki, apellyasiya məhkəməsində məhkəmə istintaqının aparılması zəruridir. Bunu onunla əsaslandırırıq ki, yalnız yuxarıda qeyd edilmiş vəsatətlərin təmin edilərək işin ekspertizaya göndərilməsi və müvafiq ekspert rəyinin olması ilə obiektiv məhkəmə araşdırılmasına nail olmaq mümkündür. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi3 apellyasiya məhkəməsində çıxışında müdafiəçisi olduğu şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi və hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində onun hazırkı cinayət əməlinə hər hansı bir aidiyyətinın olmamasını nəzərə alaraq daha ədalətli hökm çıxarılmasına dair çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində müdafiəçisi olduğu şəxsin barəsində təqsiri sübüta yetrilmədiyindən onun hazırkı cinayət əməlinə hər hansı bir aidiyyətinın olmamasını nəzərə alaraq daha ədalətli hökmün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Təqsirləndirilən şəxs təqsiri sübüta yetrilmədiyindən onun hazırkı cinayət əməlinə hər hansı bir aidiyyətinın olmaması barədə hökmünün çıxarılması üçün əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar