Məhkəmə qərarları › İş №1(106)-960/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-960/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-960/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(055)-49/2024 nömrəli hökmündən Dövlət ittihamçısı1 Adil oğlu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(055)-49/2024 nömrəli hökmü (hakim X2) ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonu, Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması və ərazi narkoloji dispanserində qeydiyyata alınması, barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin mart ayının axırlarında yaşadığı Saatlı rayonu Mollavaizli kəndindəki evinin arxa tərəfindəki bağ sahəsində 1 ədəd çuqun qabdakı torpağa qanunsuz olaraq əkmiş, 23 aprel 2024-cü il tarixədək müddət ərzində həmin qabda cücərmiş ümumilikdə 09 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin şitillərini yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 23 aprel 2024-cü il tarixdə saat 18:40 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları 09 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitillərini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 Adil oğlu apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ona həmin maddə ilə daha ağır azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin hökmün Təqsirləndirilən şəxs cəza təyin edilməsinə dair hissəsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almamış və ona yüngül cəza təyin etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, habelə cəmiyyətdə müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, bu yüngülləşdirici halın hansı qaydada Təqsirləndirilən şəxs cəzasına necə təsir etməsini hökmdə əsaslandırmamışdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs əsassız olaraq yüngül cəza təyin etmişdir. Məhkəmənin hökmü məhkuma ağır cəza təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı2 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək, Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mahrum etmə növündə ağır cəza təyin edilməsini xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəlillərini qəbul etməyib, apellyasiya protestinə etiraz etdi və Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzəzrə alıb apellyasiya protestinin təmin olunmamasını, Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirdi və apellyasiya protestinin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparılmadan cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər polis əməkdaşları - Şahid1 Firudun oğlu və Şahid2 ifadələri, baxış keçirilməsi haqqında 23 aprel 2024-cü il tarixli protokol, ona əlavə olan fotoşəkillər və videoçəkiliş, məhkəmə-bioloji ekspertizanın 24 aprel 2024-cü il tarixli 3-16-16/2- 18/432 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2024-cü il tarixli 4519 nömrəli rəyi, mütəxəssis rəyi, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 28 avqust 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Saatlı Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, apellyasiya protestində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya protestinin dəlillərində yalnız Saatlı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən Cinayət Məcəlləsinin 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsas olmuş cəzanı yünügülləşdirən halların, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakterinin düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq saymışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (törətdiyi cinayət əməlindən peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halların olmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apelyasiya protestinin təmin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir. Lakin dövlət ittihamçısı istər məhkəmə çıxışında, istərsə də protestdə maddənin sanksiyasında 3 alternativ cəza nəzərdə tutulduğu təqdirdə, təqsirləndirilən şəxsə hansı səbəbdən məhz ən ağır azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Dövlət ittihamçısı apelyasiya protestində məhkuma daha ağır cəza təyin edilməsinin zəruriliyini onunla əsaslandırmışdır ki, məhkəmənin məhkum barəsində nəzərə aldığı yüngülləşdirici hallar əsassız olmaqla hökmdə əsaslandırılmamışdır. Dövlət ittihamçısı apellyasiya protestində həm də onu qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, isnad olunan maddənin məzmununda təqsirkar şəxsin hərəkətlərində sadalanan halların təsdiq olunması onun ümumiyyətlə cinayət məsuliyyətdən azad olunmasına əsas verə bilən hal kimi nəzərdə tutulmuşdur. Mübahisələndirilən hökmdə isə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və ona azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza versə də nəticədə zatən azadlığını mədudlaşdırmışdır. Belə ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir və bu cəza ilə məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulur. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 237.1-ci maddəsi ilə törədilən cinayət əməlinin ziyan vurduğu münasibətlərin ən birincisi elə şəxsin öz sağlamlığıdır. Belə ki, şəxs tərkibində narkotik maddələr olan bitkiləri özünün istifadəsi üçün kultivasiya etmişdir və onun satış niyyəti və ya məqsədi olmamışdır. Belə olan halda məhkəmə tərəfindən məhkuma cəza təyin edilərkən, onun cinayətə qədər və cinayətdən sonrakı davranışı, öz davranışı ilə islah yoluna qədəm qoyması, cinayət əməlini törətdikdən sonra yeni cinayət əməlləri törətməsi ehtimalı nəzərə alınmalıdır. İş materiallarında olan: Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Saatlı rayonu, Mollavazlı kənd İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Doğum haqqında şəhadətnamələrin surətlərindən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunan, əməlindən peşman olan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkumun apellyasiya instansiya məhkəməsinin iclasında davranışı, təqsirini etiraf etməsi, törətdiyi əməldən səmimi peşman olması məhkəmə kollegiyasında belə bir inam yaradır ki, məhkum islah yoluna qədəm qoymuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə kollegiyası həmin halları Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə də, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında islah olunmasını mümükün saymış və azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya protestinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs azadlqdan məhrum etmə cəzasının təyin olunması üçün əsas kimi qəbul oluna bilməz və ona görə də, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 Adil oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 1(055)-49/2024 №-li, 28 avqust 2024-cü il tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə və qaydada Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar