Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-964/2022 08.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 188.2 və 222-2.1-ci maddələri ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ramiz Nurullayev) xx xxxx 1979-cu ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 122-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 oktyabr 2022-ci il tarixdən hesablanması və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2019-cu ilin mart ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, X11 küçəsi ilə Mehdi Hüseyn küçəsinin kəsişməsində yerləşən Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 71.2 kvadratmetr torpaq sahəsini özbaşına tutmuş və 2020ci ilin dekabr ayının ortalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan, 1000 voltdan çox olan elektirik şəbəkəsinin mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin üzərində mişar daşından bir mərtəbəli, «Təqsirləndirilən şəxs Hüquq evi» adlı tikili tikərək özbaşına tikinti işləri aparmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəza sərtliyinə görə açıq-aydın ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar – “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsi, əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmamış, nəticədə ona Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələrinin sanksiya hissəsində nəzərdə tutulmuş digər cəza növü təyin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X10 təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya müraciətlərinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya müraciətlərinin dəlillərini müdafiə edərək, Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələrinin hər biri, eləcə də cinayətlərin məcmusu üzrə maddələrin sanksiya hissəsində nəzərdə tutulmuş digər cəza növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs apellyasiya müraciətlərini müdafiə edərək müdafiçinin məhkəmə çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, yalnız Beyləqan bələdiyyəsinin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəllə) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciətlərində ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi istisna olunmaqla, digər hal, o cümlədən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcələsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın faktiki tərəfi mübahisələndirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsi baxımından qeyd edir ki, istintaq orqanı və onunla razılaşan birinci instansiya məhkəməsi Beyləqan bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutulmuş hissəsinin ölçüsünü düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyasının bu qənaəti istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş aşağıdakı sübutlara əsaslanır.
1. “Beyləqan Rayon Kooperativ Cəmiyyəti”nin 30 dekabr 2002-ci il tarixli sərəncamı ilə həmin Cəmiyyətin idarə heyətinin 21 oktyabr 2002-ci il tarixli qərarı ilə yaradılmış “Beyləqan SFK-nın təhvil-təslim komissiyası”nın 12 dekabr 2002-ci il tarixli aktına və “Azərittifaqın taxta köşkülərin və reklam-bəzək işlərinin balansdan silinməsinə dair” qərarına, habelə X2 xx.xx.2002-ci il tarixli ərizəsinə əsasən Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində (keçmiş – Dostluq qoyunçuluq sovxozunun) ərazisində yerləşən, 1969-cu ildə istismara verilmiş və hal-hazırda istifadə edilməyən, balans dəyəri 3978 min manat, qalıq dəyəri olmayan – 36 m2 torpaq sahəsində yerləşən taxta köşk Beyləqan ticarət birliyinin balansından silinmiş və həmin köşkün gələcəkdə ticarət etmək məqsədilə Odeliya Əlyarovaya satılmışdır.
2. “Beyləqan Rayon Kooperativ Cəmiyyəti”nin üzvləri və X2 iştirakı ilə tərtib olunmuş 30 dekabr 2002-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, sonuncu 300 min manat pulu ödədiyi üçün Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 36 m2 olan köşk X3 təhvil verilmişdir.
3. Beyləqan bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli 2-6 nömrəli sərəncamına əsasən Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində mağaza tikmək üçün 36 m2 torpaq sahəsi (köşkün yerləşdiyi sahə) ayrılmışdır.
4. Beyləqan bələdiyyəsinin 11 oktyabr 2021-ci il tarixli 254 nömrəli məktubundan görünür ki, X2 ərizəsinə əsasən ona şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsi ayrılması barədə bələdiyyə tərəfindən 18 fevral 2005-ci ildə sərəncam verilmişdir.
5. X5 tərəfindən 14 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs verilmiş və Beyləqan rayon 1 saylı notariat ofisində təsdiq olunmaqla reyestrdə 7E-4664 nömrəsi ilə qeydə alınmış AR-İİ 424688 nömrəli etibarnamədən görünür ki, Odeliya Əlyarova həmin etibarnamə ilə harada yerləşəməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, adından ərizə verməyi, imza etməyi və s. hərəkətləri xx.xx.2022-ci ilədək Təqsirləndirilən şəxs həvalə etmişdir.
6. X5 həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində bildirmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində əvvəllər mişar daşı ilə bir metr hündürlükdə inşa etdirdiyi yarımçıq tikili ona məxsus olmuşdur. Beyləqan rayon Koorperasiya Cəmiyyətinin sədr müavini Məzahir Əliyev, həmin idarənin baş mühəndisi A.Ağalarov və koorperasiyanın üzvü kimi onun iştikarı ilə tərtib edilmiş 30 dekabr 2002-ci il tarixli təhvil-təslim aktına əsasən Beyləqan RKC-nin idarə heyyətinin 30 dekabr 2002-ci il tarixli sərəncamı ilə yeni yaradılnmış ticarət birliyinin balansında olan Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 1969-cu ildə istismara verilmiş, qalıq dəyəri olmayan köşk gələcəkdə ticarətlə məşğul olmaq üçün komissiya tərəfindən müəyyən olunmuş 36,0 kv. metr olmaqla dəyəri 469 saylı mədaxil orderi ilə kassaya 300.000 (üç yüz min) manat ödənildiyi üçün ona təhvil-təslim edilmişdir. Müraciəti əsasında Beyləqan Bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin, yəni 36 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Köşkün altında olan torpaq sahəsini Bələdiyyə tərəfindən verilmiş sərəncam əsasında Beyləqan rayon İcra hakimiyətinə və digər aidiyyəti təşkilatlara müraciət edərək sənədləşdirmək istəsə də, həmin torpaq sahəsi 10 kv-luq şəhər hava xəttinin mühafizə zolağında olduğu üçün buna nail ola bilməmişdir. Buna görə də həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs atası Ədalət Zeynalovla birlikdə 2019-cu ilin mart ayının 20-də onun yaşadığı ünvana gəlib ona məxsus 36 m2 torpaq sahəsini və yarımçıq tikilini almaq istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxsla razılaşıb həmin torpaq sahəsini və tikilini 2400 manata sənədləşdirmə olmadan şifahi razılaşma əsasında ona satmışdır. Sonralar Anar həmin torpaq sahəsini sənədləşdirmək üçün ona etibarnamə verməsini xahiş etmiş və sonuncuya 14 sentyabr 2021-ci il tarixdə müvafiq etibarnamə vermişdir.
7. Beyləqan bələdiyyəsinin nümayəndəsi X8 ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində bildirmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsi bələdiyyənin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə X2 qanuni istifadəsinə və sahibliyinə ayrılmışdır. Təqsirləndirilən şəxs sonradan 36 m2 torpaq sahəsini faktiki olaraq etibarnamə əsasında Odeliya Əlyarovadan satın alsa da həmin sahənin arxa hissəsində yerləşən 35,2 m2 torpaq sahəsini özbaşına zəbt etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən «Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir». «Saghinadze və başqaları Gürcüstana qarşı» iş üzrə 27 may 2010-cu il tarixli qərarında İnsan Hüqüqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Qanunun qeyd olunan normalarının və Avropa Məhkəməsinin müvafiq hüquqi mövqeyinin işığında yuxarıda təsvir olunmuş sübutları təhlil etdikdə müəyyən olunur ki, “Beyləqan Rayon Kooperativ Cəmiyyəti”nin 30 dekabr 2002-ci il tarixli sərəncamı ilə tikintialtı sahəsi 36 m2 olan köşk X1 və sonuncunun müraciəti ilə Beyləqan bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli 2-6 nömrəli sərəncamına əsasən köşkün yerləşdiyi 36 m2 torpaq sahəsi onun istifadə və sahibliyinə verilmiş, bununla da qeyd olunan torpaq sahəsinə Odeliya Əlyarovanın qanunla müəyyən olunmuş qaydada istifadə və sahiblik hüququ, başqa sözlə həmin əmlaka mülkiyyətinin reallaşacağına dair «legitim gözləntisi» olmuşdur. Odeliya Əlyarova 2019-cu ilin mart ayında Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində əvvəllər mişar daşı ilə bir metr hündürlükdə inşa etdirdiyi yarımçıq tikilini faktiki olaraq Təqsirləndirilən şəxs 2400 manata satmış, hətta buna dair ona 14 sentyabr 2021-ci ildə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Təqsirləndirilən şəxs 36 m2 torpaq sahəsi ilə bağlı Odeliya Əlyarovanın etibarnaməli idarəçisi, yəni həmin torpaq sahəsinə münasibətdə istifadə və sahiblik hüququnun qanuni təmsilçisi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin sahəyə bitişik – Beyləqan bələdiyyəsinə məxsus 35,2 m2 torpaq sahəsini özbaşına tutmaqla orada özbaşına tikinti işləri aparmışdır. Cinayət Məcəlləsinin 188.2-ci maddəsi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. İstinad edilən maddənin obyektiv cəhətinin iki zəruri əlaməti var:
1. Şəxsin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmamalıdır;
2. Şəxs hüququ olmadığı torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmalıdır. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur. Birinci hala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istifadə hüququ ilə Odeliya Əlyarovaya məxsus Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsinə görə sonunucun etibarnaməli idarəçisi, yəni həmin torpaq sahəsinə münasibətdə istifadə və sahiblik hüququnun etibarnamə üzrə təmsilçisi olduğundan Cinayət Məcəlləsinin 188.2-ci maddəsi baxımından onun qeyd olunan torpaq sahəsinə dair istifadə hüququ olmuşdur. Bu hal Təqsirləndirilən şəxs qeyd olunan 36 m2 torpaq sahəsini özbaşına deyil, həmin sahənin qanuni sahibinin razılığı ilə əldə etməsinə dəlalət edir. İkinci hala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsi Təqsirləndirilən şəxs qanuni istifadəsində olduğundan, onun həmin sahədə özbaşına tikinti aparması Cinayət Məcəlləsinin 188.2-ci maddəsi baxımından cinayət məsuliyyətinə səbəb ola bilməz. Cinayət-Prosessual Məcəlləsinin 7.0.1-ci maddəsinə əsasən “cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir”. Məhkəmə kollegiyası qanun müvafiq normalarının işığında Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə işin müəyyən olunmuş hallarını araşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsinə görə Odeliya Əlyarovaya etibarnaməli idarəçisi olduğundan, 36 m2 torpaq sahəsindən istifadə etmək hüququ olmuş, bu səbəbdən onun həmin ölçüdə torpaq sahəsinə yiyələnməsi və orada özbaşına tikinti işləri aparması ilə bağlı hərəkətlərində cinayət hadisəsi olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanunun qeyd olunan normalarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən onun Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən 36 m2 torpaq sahəsinə görə Odeliya Əlyarovaya etibarnaməli idarəçisi olduğundan həmin torpaq sahəsini özbaşına tutması və qeyd olunan ölçülü sahənin üzərində özbaşına tikinti işləri aparması ilə bağlı müddəalar xaric edilməlidir. Məhkəmə tərkibi həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş və birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş ittihamın qeyd olunan formada həcminin azaldılması, onun həmin maddə ilə əməlinin hüquqi tövsifini dəyişmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri X11 küçəsi ilə Mehdi Hüseyn küçəsinin kəsişməsində yerləşən Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 35.2 m2 torpaq sahəsini özbaşına tutmuş və 2020-ci ilin dekabr ayının ortalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan, 1000 voltdan çox olan elektirik şəbəkəsinin mühafizə zonasında yerləşən qanuni istifadəsində olan 36 m2 torpaq sahəsində tikinti, habelə istifadəsində olan sahəyə bitişik və həmin mühafizə zonasında yerləşən qeyd olunan 35.2 m2 torpaq sahəsində isə həmçinin özbaşına tikinti işləri aparmışdır. Buna görə də, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını da mübahisələndirmiş, həmçinin hazırda əməlini səmimi etiraf etməsini və peşman olmasının da cəza həddinin müzakirəsi zamanı diqqətdən kənarda qalmamasını xahiş etmişdir. Bununla bağlı ilk olaraq o qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsində cəza təyin edilən zaman nəzərə alına biləcək yüngülləşdirici halların dairəsi nəinki həmin maddədə göstərilən hallarla məhdudlaşdırılmamışdır, əksinə məhkəmənin həmin maddədə göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilməsi səlahiyyəti təsbit edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin cəza təyin edən zaman Təqsirləndirilən şəxs “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamaqda, hətta bu halları müzakirə belə etməməkdə haqlı olmamışdır. Qeyd olunan yüngülləşdirici halların cəzanın məqsədləri ilə ağlabatan, məntiqi əlaqəsinə gəldikdə isə məhkəmə kollegiyasının fikrincə bu hallar cəza təyini ilə bağlı məsələlərin həllində mühüm cinayət-hüquqi əhəmiyyət daşıyır və onlar barəsində aşağıdakılar qeyd edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Kollegiyanın fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsi mütəmadi olaraq müalicəyə və qayğıya ehtiyacının olmasını şərtləndirir. İstər tibbi, istərsə də mənəvi dəyərlər baxımından təqsirləndirilən şəxsin qeyd olunan xəstəlikdən əziyyət çəkməsi cəza həddinin müəyyən olunmasında diqqətdən kənarda qala bilməz. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaltdığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Nəticədə Cinayət Məcəlləsinin 58.3 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzə alınmalı olan hal – Təqsirləndirilən şəxs “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasıvə yaşayış yeri üzrə müsbət xarakterizə olunması qeyd olunan normaların ziddinə olaraq birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, müvafiq olaraq cəzanın təqsirkarın islah olunmasına təsiri baxımından da dəyərləndirilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edilməlidir. Cinayət qanununun tələbinə əsasən cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hallara əhəmiyyət verilmədən və cəzanın təqsirkarın islah olunmasına təsirini diqqətə almadan təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Təqsirləndirilən şəxs “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsini, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, eyni zamanda bu halları təyin olunan cəzanın onun islah olunmasına təsiri aspektində nəzərə alır. Qeyd olunan cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “İsterik hal davamsız dekompensiyalarla” diaqnozu xəstəlikdən əziyyət çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi (CM-in 188.2-ci maddəsinə münasibətdə ittihamın həcminin azalması), törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, ona Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 1 (bir) ilədək, Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) ilədək azaldılmasını mümkün edən əsaslar kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Təqsirləndirilən şəxs həmin cəzaları təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə kollegiyasının qənaətinə görə, baxılan işdə təyin olunmuş cəzaya münasibətdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Cinayət- Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsində və bu məsələ ilə bağlı həmin Məcəllənin 399.1.5-ci maddəsində təsbit edilmiş halların, yəni təqsirləndirilən şəxsin apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin edilsin. Təqsirləndirilən şəxs apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan və birinci instansiya məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmündən cinayət hadisəsi olmadığına görə: - onun Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində yerləşən, istifadə hüquqi ilə Odeliya Əlyarovaya məxsus 36 m2 torpaq sahəsini özbaşına tutması və qeyd olunan ölçülü sahənin üzərində özbaşına tikinti işləri aparması ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələri ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü onun tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Rafiq Cəfərov Kamil Bəşirov