Məhkəmə qərarları › İş №1(106)-965/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-965/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-965/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 1(071)-100/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 1(071)-100/2024 nömrəli hökmü ilə (hakim X9) xx xxxx 1973-cü ildə Sabirabad rayonu, Yaxadəllək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi, ev 4, mənzil 68-də qeydiyyatda olmaqla Hacıqabul rayonu Rəncbər kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Hacıqabul rayonunun və Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; cəzanın icrasının yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunması, cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış; həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Rəncbər kəndinə daşımış, 06 iyun 2024-cü il tarixdə saat 17:20-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Rəncbər kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən sağ qoltuğunda olan polietilen torbadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 280,0 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti verərək, hökmün Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs çəkisi 280 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxladığını dərk etməklə, həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında" xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuanın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 56 dəfə çoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi İstehlak miqdarının yuxarı həddindən 56 dəfə çox olmasını nəzərə almadan CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına alternativ olan azadlığın məhdudlaşdırılması cəzasım təyin etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, ailəli olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək ücün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəza təyini zamanı yüngülləşdirən hallardan biri kimi göstərsə də, nəzərə almamışdır ki, CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni qeyd olunan maddənin məzmunundan da anlaşıldığı kimi, cinayət qanunvericiliyi cəza təhdidi altında qadağan olunmuş istənilən ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsini ilk dəfə törədilməsindən asılı olmayaraq cinayət hesab edir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini yüngülləşdirici hal kimi hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd etsə də, həmin hissədə hökmün obyektivliyini təmin edə bilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etməkdə də səhvə yol vermişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur Prosessual məsələlər Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X10 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X6 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onların əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin olunmadan, Hacıqabul Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmişdir. İttiham tərəfi apellyasiya müraciətində yalnız cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid2, Şahid1, Şahid3 ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı məhkəmə tərəfindən cəzanı yüngülləşdirən bəzi halların düzgün qiymələndirilməməsini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamasını qeyd etməklə cəzanın ağırlaşdırılmasını tələb etmişdir. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Eyni zamanda kollegiya cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini təsdiq edən məhkumluqla bağlı tələbnamənin, onun müsbət xarakterizə olunmasına dair yaşayış yeri üzrə xasiyyətnamənin olmasını birinci instansiya məhkəməsinin sübut edilmiş hallar kimi qəbul etməsini əsaslı hesab edir. Ona görə də kollegiya hesab edir ki, məhkəmə tərəfindən səmimi peşmançılığın, ilk dəfə olaraq az ağır cinayət törətmənin və yaşayış yeri üzrə müsbət xarakterizə olunmanın cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması CM-in 59.2-ci maddəsinə zidd olmamışdır. Həmin normaya görə məhkəmə CM-in 59.1-ci maddəsində göstərilməyən ayrı-ayrı halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə ala bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına əsas verir və məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən azadlığın məhdudlaşdırılması növündə qanuni və ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya protestinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın ağırlaşdırılmasına əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 1(071)-100/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar