Məhkəmə qərarları › İş №1(106)-97/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-97/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-97/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Əhmədov PərvizTərlan oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(022)-134/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(022)-134/2024 nömrəli hökmü ilə (hakim Rəsulova Mədinə Camal qızının sədrliyi) xx xxxxxxx 1983-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yanında yerləşən fərdi evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, məhkəmə istintaqı dövründə axtarış nəticəsində tutularaq 18 avqust 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün, cəmi 01 (bir) ay 23 (iyirmi üç) gün müddətin ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yanında yerləşən fərdi yaşayış evinə aid ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrasının yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, cavabdeh kimi ondan, 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla 04 fevral 2011-ci il təvəllüdlü Babayev (Əliyev) Murad Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 3(022)-846/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 30 dekabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 noyabr 2023-cü il tarixədək 7400 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təklif etdiyi həddə - 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, zərərəçəkmiş şəxsə maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla 20 noyabr 2023-cü il tarixədək 7400 manat aliment borcunu ödəmədiyi halda, ona aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi isə ədalətlilik prinsipinin pozulması deməkdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün aliment borcunu yüzlərlə ödəməyən şəxslər olduğu halda, belə cəzalar onların islah olunmasına böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Belə bir cəza Azərbaycan Respublikasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara qarşı mübarizəni tənzimləyən normaların icra olunmasında çətinlik yaradacaqdır. Lakin hazırkı iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ödənilməməsi cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də, məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs mövcud məhkəmə praktikasına uyğun olaraq məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirilməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən səmimi peşman olmasını, cinayəti ağır maddi həyat şəraiti nəticəsində törətməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunmasını sübut etməmiş, bununla da, CPM-in 139-cu maddəsinin tələblərini pozmuşdur. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Bu kontekstdə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Eyni zamanda, CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-nin 306-cı maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs əməllərində isə belə hallar müəyyən edilməmişdir. Onun məsuliyyətini və təyin edilmiş cəzanı yüngülləşdirmək üçün sadəcə əməlindən peşman olmasını bildirməsi də, qeyd olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Bundan başqa, məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs cinayəti ağır maddi həyat şəraiti nəticəsində törətməsini onun cəzasını yüngülləşdirən hal kimi göstərsə də, aylıq gəliri 700 manat olan təqsirləndirilən şəxsin ağır maddi həyat şəraitinin nədə ifadə olunmasına dair hökmdə hər hansı əsaslandırma aparılmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışında dövlət ittihamçısı X13 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında Təqsirləndirilən şəxs və müdafiəçisi X10 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin edilmədən, Biləsuvar Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, ittiham tərəfi apellyasiya protestində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı hissəsini mübahisələndirmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs X6, şahidlər Şahid1, Şahid2 ifadələri, 05 fevral 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərar, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədi, 01 may 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərar, 27 sentyabr 2016-cı il tarixdə “borclunun axtarılması haqqında” qərar, 28 mart 2017ci il tarixli **********7 nömrəli məktub, Biləsuvar Rayon Məhkəməsinin 3(022)-102/2017 saylı, 28 mart 2017-ci il tarixli, 3(022)-204/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli və 3(022)-846/2022 saylı, 28 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarları”, 01 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubu, “məcburi gətirmə haqqında” 04 mart 2024cü il tarixli qərar, “axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 26 iyun 2024-cü il tarixli protokolu, habelə işdə оlаn digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən Təqsirləndirilən şəxs əməlinin düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alıb, apellyasiya protestinin dəlillərinə uyğun olaraq cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olub-olmaması məsələsini araşdıraraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını, cinayəti ağır maddi həyat şəraiti nəticəsində törətməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, habelə cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, nəticədə onu CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin edilmişdir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədindən görünür ki, borclu Təqsirləndirilən şəxs X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 80 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan 01 may 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədinə üzrə icraata başlanılmışdır. İş materiallarında olan 27 sentyabr 2016-cı il tarixdə “borclunun axtarılması haqqında” qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan olunmuşdur. İş materiallarında olan 28 mart 2017-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun barəsində açılmış axtarış işinə xitam verilməsi üşün Təqsirləndirilən şəxs Biləsuvar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 3(022)-102/2017 saylı, 28 mart 2017-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 8(022)-124/2017 saylı, 11 may 2017-ci il tarixli qərardadından görünür ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 8(022)-124/2017 saylı, 11 may 2017-ci il tarixli qərardadından görünür ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs məcburi qaydada Biləsuvar rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 3(022)-204/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 3(022)-846/2022 saylı, 28 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan 01 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan, Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 3(022)-846/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Babayev X4 Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan “Məcburi gətirmə haqqında” 04 mart 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir. İşdə olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İşdə olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gizləndiyi üçün barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 26 iyun 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da Sumqayıt şəhər ərazisində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, zərərçəkmiş şəxs X2 hesabına ümumilikdə 398 manat pul köçürülmüş, icra sənədi üzrə Təqsirləndirilən şəxs 7400 manat borcu qalmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 14 fevral 2024-cü il tarixli, 3/312/2-20990/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkumluğu olmamışdır. Beləliklə yuxarıda qeyd edilən sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsinə, barəsində axtarış elan olunmasına, icra məmuru tərəfindən ona borcunu ödəməsi üçün müddətlər verilməsinə, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, aliment borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Bundan başqa, zərərçəkmiş şəxs X2 birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, ona vaxt verilməsinə razı deyil, borcun ödənilməsini tələb edir. Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə qeyd olunan halları, yəni aliment borcunun 7400 manat təşkil etməsini, təqsirləndirilən şəxsin borcunu ödəməkdən qərəzli şəkildə yayınmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə almadan Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan, aşağı həddə azadlığın məhdudlaşdırılması cəza təyin etməklə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkarın şəxsiyyətini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, nəticə etibarilə Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin etmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya protestinin “Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasının birinci instansiya məhkəməsi tərəfindən yanlış olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması” ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza daha ciddi cəza növü ilə əvəz edilməklə dəyişdirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(022)-134/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün, cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli 1(022)-134/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün, cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar