Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-972/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)-205/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(049)-205/2024 saylı hökmü ilə (sədrlik edən A.E.Pənahov) xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 01 aprel 2024cü il tarixdən 03 aprel 2024-cü il tarixədək, 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji xəstəxanasında qeydiyyata götürülməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, о, 01 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində 10 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, xeyli miqdarda, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 1,063 qram ağ rəngli kristiallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Sütəmurdov kəndində yaşadığı evinin yaxınlığında küçədə saxlanılaraq, ünvanı ünvan 2ə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və cəzasının azaldılmasını və daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən məhkumluğunun ödənildiyini, ailəsinin sosial ağır vəziyyətini, himayəsində 2 azyaşlı övladının olmasını, onun gündəlik köməyinə və qazancına ehtiyac olduğunu nəzərə almamışdır. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X10 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya müraciətində hökmün ona cəza təyin edilməsi hissəsini mübahisələndirməklə hesab etmişdir ki, məhkumluğunun ödənilməsi, ailəsinin sosial ağır vəziyyəti, himayəsində 2 azyaşlı övladının olması, onun gündəlik köməyinə və qazancına ehtiyac olması ona daha yüngül cəza verilməsinə əsas yaradır. Odur ki, məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, yalnız cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş və qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». İşin müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini səciyyələndirən halları nəzərə aldığını qeyd etmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını, əməlini etiraf edib peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra cəzanı yüngülləşdirən yeni hal yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, təyin olunmuş cəza təqsirkarın şəxsiyyətinə, habelə onun törətdiyi cinayətin xarakterinə və xüsusən narkotik vasitənin növünə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. CM-in 8.1-ci maddəsində də qeyd olunduğu kimi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli cəza hesab olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza CM-in 53-cü maddəsində nəzərdə tutulmuş ədalətlilik tələbinə cavab verdiyinə görə apellyasiya şikayəti təmin olunmamalı, hökm isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(049)-205/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X5 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-972/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-972/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver