Məhkəmə qərarları › İş №1(106)-973/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-973/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-973/2022 27.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov X7 Elşad İbiş oğlundan ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi Üzrə şöbəsinin prokuroru, X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(099)-541/2022 nömrəli hökmündən dövlət ittihamçısı X8 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(099)-541/2022 nömrəli hökmü (X2 oğlu (sədrlik edən), X11 və X3 ibarəttərkibdə) ilə 01 avqust 1994-cü ildə Biləsuvar rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cazası təyin edilməsi, təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqarından artıq miqdarda ümumi çəkisi 2,326 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində daşıyıb saxlamış, Sabirabad RPŞ-nın əmkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 29 yanvar 2022-ci il tarixdə saat 1 radələrində Sabirabad rayonu Ətçələr kəndi ərazisində sərnişin qismində əyləşdiyi taksi sürücüsü Şahid8 məxsus “Toyota Prius” markalı **-YB-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sağ yan cibində bir ədəd polietilen kəsiyin içərisində 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,922 qram, 0,941 qram, 0,382 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram ümumi çəkisi 2,326 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİ VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protetsti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə olmaqla 2,326 qram metamfetamin aşkar edilməsi sonuncunun həmin psixotrop maddəni satış məqsədi ilə saxlamasına dəlalət edir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, psixotrop maddənin şəxsi istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 15 dəfədən çox olmuşdur. Bundan başqa, şəxsin psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, həmin maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, psixotrop maddəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq metamfetaminin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması həmin şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Ümumiyyətlə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən İstehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitenin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyyə edilsə də, hazırki cinayət işi üzrə məhkəmə yalnız "hər hansı istehlakçı ilə razılıq əldə edilməsi faktlarının aşkar edilmemesi, narkotik vasitənin hazırlanması üçün hər hansı bir avadanlıq olmaması, narkotik vasitənin xırda bükümlərə bölünməməsi" kimi hallara əsaslanmış, narkotik vasitənin miqdarına, təqsirləndirilən şəxsi səciyyələndirən hallara, Əvvəllər narkotik vasitənin dövriyyəsi ilə əlaqədar məhkum olunmasına diqqət yetirməmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək, Heydər Qasımliya daha yüngül cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və əməlindən peşmançılığını göstərmişdir. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır, eyni zamanda yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lakin məhkəmə göstərilənləri kifayət qədər nəzərə almamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilib, barəsində dah az və yüngül cəza növü təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından nararazıdır. Məhkəmə onun narkotik istifadəçisi kimi məcburi müalicəyə ehtiyacı olmamasını, himayəsində üç azyaşlı uşaqları, qoca, xəstə anasının olmasını və ailəsinə başqa qazanc gətirən şəxsin olmamasını nəzərə alaraq daha az və yüngül cəza təyin edə bilərdi. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya protestinin dəlillərini müdafiə edib həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması barədə qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini bildirib, apellyasiya protestinin təmin olunaraq, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə, ona həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun daha ağır cəza təyin edilməklə yeni hökm çıxarılmasını, apellyasiya şikayətlərinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kolegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Salman Fərəcov apellyasiya protestinin dəlillərini qəbul etməyib, təmin olunmamasını, məhkum edilmiş şəxs və Müdafiəçi tərəfindən ayrlı-ayrlıqda verilmiş apellyasiya şiakyətlərinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı X9 həbsdə saxlanılan və videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə edib, müdafiəçisi X1 çıxışı ilə razı olduğunu bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti və apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin iş materialları ilə sübuta yetirlmədiyi üçün ibtidai istintaq orqanı tərəfindən törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmaması, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən nəticəsini qanuni və əsaslı sayır və hesab edir ki, iş materiallarında olan aşağıdakı sübutlarla məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, birinci insansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar olunmuş metamfetaminin xırda bükümlərdə saxlamaqda məqsədi hər hansı bir şəxsə vermək və ya satmaq olmamış, müxtəlif vaxtlarda şəxsi istifadəsi üçün xırda bükümlərdə öz istifadəsi üçün saxlamışdır. Heç kimə narkotik və ya metamfetamin satmamışdır. Birinci insansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının 29-da gecə saat 01 radələrində Sabirabad rayonu Ətcələr kəndi tərəfdə polis əməkdaşları Şahid5 və Şahid4lə xidmətdə olarkən qaranlıqda şübhəli “Toyota Prius” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı maşının dayandığını görmüş, həmin maşına yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman sürücü maşından düşmüş, həmin vaxtı maşında arxada oturan adını sonradan bildiyi Heydər maşından düşərkən sol əli ilə nəyisə maşının arxatəkərinə tərəf atmış, dərhal həmin bükümü yerdən götürüb ondan bükümdə nə olduğunu soruşmuş, sonuncu isə həmin bükümün içində öz istifadəsi üçün saxladığı az miqdarda“patı” olduğunu və uşağı doğulduğu üçün Biləsuvara getməli olduğunu bildirərək ona köməklik etmələrini xahiş etmişdir. Orada olan sürücü isə narkotikdən məlumatı olmadığını demişdir. Heydər cibindəki siqaret qutusunda olan “patı”nı çıxarıb ona göstərmişdir. Sonra Heydər əlindəki bükümü də götürüb, siqaret qutusunun içinə yerləşdirib cibinə qoymuş və onları rayon polis şöbəsinə aparmışlar. Şöbədə Heydər cibindəki siqaret qutusunun içindəki 4 ədəd bükümləri çıxararaq stolun üstünə qoyub həmin maddənin hamısının özünə məxsus olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Heydər həmin metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəvə ya psixotrop maddə satmasını görməmiş, bu barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Birinci insansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın əməkdaşları Şahid3, Şahid4 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunlu ifadə vermişlər. Birinci insansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə gecə saat 2 radələrində adını şöbədə bildiyi Heydər adında saxlanılan şəxsin üzərində rayon polis şöbəsində aparılan şəxsi axtarışda hal şahidi qismində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cins şalvarının cibindən 1 ədəd sarı rəngli sellofan bükümün içərisində 3 ədəd polietilen bükümlərdə və 1 ədəd kağız bükümdə 2,326 qram çəkidə metamfetamini çıxarıb təqdim etmiş və onu şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını, bükümlərdəki metamfetamini his-hissə müxtəlif vaxtlarda qəbul edəcəyini göstərmişdir. İş materiallarında olan 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsihaqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyinin içərisində 03 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,922 qr, 0,941 qr, 0,382 qr, 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,081 qr, ümumi çəkisi - 2,326 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 18/119 №li ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 1 ədəd kağız paketdə 01 ədəd polietilen kəsiyinin içərisində 03 ədəd polietilen bükümlərdə ayrı- ayrılıqda təmiz çəkisi- 0,922 qr, 0,941 qr, 0,382 qr, 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,081 qr, ümumi çəkisi- 2,326 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2022-ci il tarixli, 18/798 №-li ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş: Təqsirləndirilən şəxs məxsus 04 ədəd bükümdə olan maddələr kustar üsullahazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 2132 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinsiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutları apellyasiya məhkəmə baxışında bir daha araşdıraraq belə nəticəyə gəlir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,922 qram, 0,941 qram, 0,382 qram və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram, ümumi çəkisi 2,326 qram psixotrop maddə olan metamfetamin çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlaması, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması onun özünün etirafedici ifadəsi, iş materiallarında olan şahid ifadələri, şəxsi yoxlama aparılması haqqında protokolla, ekspertiza rəyləri, maddi sübut və digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsinin hökmünün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə aid olan hissədə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və həmin əsaslarla da məhkum olunmuş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olması barədə dəlillərinə (qeyd olunan dəlillər qərarın “Apellyasiya şikayətinin dəlilləri” hissəsində ətraflı göstərilmişdir və ona görə də məhkəmə kollegiyası həmin dəılləri təkrar sadalamağa zərurət görmür) məcmu halında qiymət verərək, aşağıda qeyd olunanlara görə həmin dəlilləri konkret hüquqi əsasa söykənməyən, mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda norkotik vasitəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq narkotik vasitənin satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, norkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində məhkəmə istintintaqı zamanı şahid qismində dindirilmiş, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatlarının daxil olmasını qeyd etsələr də, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamasını göstərmişlər. Bundan başqa, əgər Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuşdursa, məhz bu istiqamətdə onun ifşa edilməsi məqsədilə şərti alıcı cəlb olunmaqla və digər zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli idi. Cinayət işinin materiallarında isə ümumiyyətlə, belə əməliyyat tədbirləri keçirilməsi görünmür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddələrin satış məqsədi olmadan özünün istifadəsi üçün saxlaması və satmaq məqsədinin olmaması barədə ifadəsini işin faktiki hallarına uyğun olan və digər sübutlarla təsdiqini tapan mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfi olan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün saxlaması və satmaq məqsədinin olmaması barədə bildirdikləri ittiahm tərəfindən təqdim olunmuş hər hansı bir əsaslı dəlillə təkzib olunmadığından birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs ifadəsini iş üzrə mötəbər sübut kimi qəbul etməsi cinayət prosessual qanuvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin aşğıda qeyd olunanları da apellyasiya protestinin dəlillərinin əsassız olmasını təsdiq edən hallar kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiaysı apellyasiya protestinin hazırki cinayət işində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından çox olmasını, Təqsirləndirilən şəxs gələcəkdə istehlakçını müəyyənləşdirəcəyinin istisna olunmaması, onun həmin psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə daşıması barədə dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya protestinin qeyd olunan dəlillərindən də göründüyü kimi həmin dəlillər mülahizə və gümanlardan ibarət olmaqla ittiham tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda, 2,326 qram psixotrop maddə olan metamfetaminin əldə etməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan maddələrin mənasına görə şəxsin təqsirli olduğuna (ittihamın sübuta yetirilməsində) şübhələr olduqda məhkəmə ya bu sübutları aradan qaldırmalı, ya da onları təqsirləndirilən şəxsin xeyrinə həll etməlidir. Qanunun tələbinə görə belə əsaslı şübhələr digər şəkildə həll ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq apellyasiya protestinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərini kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit olunmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum edilmiş şəxsin və müdafiəçinin törədilmiş cinayətə görə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin məhkumluq haqqında arayışından görünür ki, Qasımlı X4 Rayon Məhkəməsinin 11 may 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə və 1000 (bir min) manat cərimə cəzalarına məhkum edilmiş, bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 66.5, 66.3 və 67.1-ci maddələrinə əsasən 6 (altı) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli Qərarından görünür ki, Azərbycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli qanunun müddəaları Təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) il 10 (on) aya endirilmişdir. İş materiallarında olan 5 saylı Cəzaçəkmə Müəssisəsinin kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası 7 may 2020-ci il tarixdə tam olaraq dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan 11 saylı MTCM-in arayışından görünür ki, Təqsirləndirilən şəxs 6 noyabr 2021-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməllər Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədən zaman onun məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Biləsuvar Rayon Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl həmin Məcəllənin 15.2-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivi sayılır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin resedivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin resedivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki cinayətlərə görə məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs yenidən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni hökm çıxarılması üçün və ya təyin edilmiş cəzanın azaldılması və yüngülləşdırılməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti və apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X8 tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 1(099)- 541/2022 nömrəli hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar