Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-973/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(049)- 219/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(049)-219/2024 nömrəli hökmü ilə (hakim X4) 24.06.86-cı il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, hökmün icrasının Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs Məhərrəməli qızı ilə 13 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev 175-də şəxsi münasibətləri zəminində, sonuncunun Təqsirləndirilən şəxs təhqir etməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən bıçaq ilə Zərərçəkmiş şəxs çənəaltı nahiyəsinə vurmaqla - çənəaltı nahiyəsində kəsilmiş yaradan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs Məhərrəməli qızının sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri Lənkəran Rayon Məhkəməsinin qeyd olunan hökmündən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə şikayət verərək, hökmün dəyişdirilməsini və barəsində aşağı həddə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağır olmaqla şəxsiyyətinə uyğun deyildir, o, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ailəsinə əlavə məhrumiyyətlər gətirmişdir, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində 72 yaşlı xəstə anası var, təyin edilmiş cəza cəzanın məqsədlərinə uyğun deyildir, CM-in 70-ci maddəsi tətbiq edilərək şərti məhkum edilməlidir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X10 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya müraciətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün ona cəza təyin edilməsi hissəsini mübahisələndirmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid4 ifadələri, baxış protokolu, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs Məhərrəməli qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona vurduğu ziyanı tam şəkildə ödəmiş, buna görə də ona qarşı şikayət və tələbi qalmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, dəymiş ziyanı ödəməsini CM-in 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə CM-in 73.2-ci və CPM-nin 40.3, 43.1.2-ci maddələri tətbiq olunmaqla CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qısa müddət ərzində ikinci dəfə, həm də bıçaqdan istifadə etməklə eyni əməli törətmişdir. Odur ki, kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlar da cəza təyini zamanı nəzərə alınmalı olan hallardandır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, həm də Cinayət Qanununun cəzanın məqsədlərindən bəhs edən 41.2-ci maddəsinin tələblərinə əməl etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Bundan başqa, kollegiya təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyində azadlığın məhdudlaşdırılması növündə cəzanın şərti olaraq tətbiq edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(049)-219/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-973/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-973/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver