Məhkəmə qərarları › İş №1(106)-98/2025

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(106)-98/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(106)-98/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X10 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X14 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X12, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X8 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)- 39/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-39/2024 nömrəli hökmü (hakim X31 oğlunun sədrliyi) ilə 07 avqust 1999-cu il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Levoşinski rayonu, Ulluaya kəndi, Yuri Qaqarin küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmış; həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə X6 Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 09 yanvar 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən ümumilikdə təsiredici maddəsinin miqdarı xeyli miqdar - 0,063 qram təşkil edən 63 həb alprazolam psixotrop maddəsini əldə etmiş, onlardan 1 konvalyutda 3 həbi idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56 dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SK027” markalı, AE822339 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının salonundakı yataq yerinin üzərində olan özünə məxsus gödəkcənin sağ cibinə, 1 konvalyutda 10 həbi salondakı surətlər qutusunun yanına, 5 konvalyutda 50 həbi isə sükanın qarşısındakı alətlər panelinin üzərinə yerləşdirib saxlamış, 09 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirərək daşımış, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən həmin tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” modul tipli gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən tarixdə nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı gödəkcənin sağ cibində olan 1 konvalyutda 3 həb və surətlər qutusunun yanında olan 1 konvalyutda 10 həb aşkar edilərək götürülmüş, göstərilən yoxlama zamanı o, sükanın qarşısındakı alətlər panelinin üzərində olan 5 konvalyutda 50 həbi əynində olan alt paltarıtumanının içərisinə yerləşdirərək gizlətmiş, gizlətdiyi həblərin 4 konvalyutda 40 həbini barəsində Astara Gömrük İdarəsində təhqiqat orqanı tərəfindən araşdırma aparılan zaman həmin orqanın əməkdaşının müşayiəti altında qeyd edilən idarənin inzibati binasındakı sanitar qovşaqdan istifadə edərkən göstərilən əməkdaşdan gizli şəkildə sanitar qovşağın pəncərəsindən idarənin həyətinə atmış və onun alt paltarı-tumanının içərisində qalan 1 konvalyutda 10 həb 10 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində keçirilmiş həkim müayinəsi zamanı, həyətə atdığı 4 konvalyutda 40 həb isə 10 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində həmin yerdən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Astara Rayon Məhkəməsinin hökmündən edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Abdulla Nurmagomedova Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsi hökmdə işdə olan sübutlara əsaslanaraq Abdula Nurmagomedova verilmiş ittihamların tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi nəticə iş materiaları ilə tam təsdiq olunmur. Məhkəmə məhkəmə istintaqında araşdırılmış sübutları hökmdə göstərməmiş, onları müzakirə etməmiş və düzgün hüquqi qiymət verməklə yanaşı, işin qeyd edilən halarına münasibət belə bildirməmişdir. Hökm prosessual qanunvericiliyin tələblərinə cavab vermir, ona görə ki, hakim iş üzrə məhkəmə iclasında araşdırılmış sübutlara tam, obyektiv və ədalətli hüquqi qiymət verməmişdir. Belə ki, 09 yanvar 2024-cü il tarixli maların və nəqliyyat vasitələrinin yoxlanılması barədə və şəxsi yoxlama aparılması haqqında protokollardan görünür ki, keçirilən yoxlamalarda tərcüməçinin iştirakı təmin edilməmişdir. Çünki protokolarda tərçüməçinin şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs də yoxlamalar zamanı azərbaycan dilində yazıb oxuya bilmədiyi üçün protokolara imza etməkdən imtina etmişdir. Bununla da A.Nurmagomedovun fundamental müdafiə hüququ pozulmuşdur. İşə baxan məhkəmə bu xüsusatları nəzərə almamış, onlara qiymət verməmişdir. CPM-nin 247.1-ci maddəsinin tələbinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra bu istintaq hərəkətlərinə əks etdirən protokol tərtib edilir. Protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməlidir. Lakin 09 yanvar 2024-cü il tarixli maların və nəqliyyat vasitələrinin yoxlanılması barədə və şəxsi yoxlama aparılması haqqında protokolarda tərcüməçinin şəxsiyyəti, kim olması, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməmişdir. Yalnız protokolun axırında hansısa H.Şabanov tərəfindən imza edilmişdir. Bütün bu hallar onu göstərir ki, 09 yanvar 2024-cü il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə və şəxsi yoxlama aparılmasında tərcüməçi iştirak etməmişdir. Tərcüməçi iştirak etmədiyinə görə A.Nurmagomedov nə baş verdiyini anlamamış, protokolda nə yazılmasından məlumatsız olduğu üçün protokola imza etməkdən imtina etmişdir. Lakin məhkəmə bu xüsusatı da araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Bundan başqa, hökmdə şahidlərin ifadələri ittiham aktında olduğu kimi hətta buraxılan orfoqrafiq səhvlərlə köçürülmüşdür. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid7 Akif oğlu, Şahid8 və Şahid4 ifadələri hökmdə təhrif olunmuşdur. Şahid7 Akif oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 10 yanvar 2024-cü ildə növbədən çıxdığına görə işdə olmamışdır. Lakin iş materialarında protokola görə guya Şahid7 10 yanvar 2024-cü ildə saat 9 radələrində inzibati binanın həyətində qadağan olunmuş dərman vasitələrini görmüş və bu barədə məlumat vermişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin gün işdə olmayan bir şəxs və həmçinin sərhəd xidmətində xidmət edən sərhədçi gömrük idarəsinin həyətində ola bilməzdi. Çünki onlar ayrı-ayrı xidmətlərdir, onların xidməti inzibati binaları da ayrı-ayrı yerlərdə yerləşir. Şahidlər (işdə hal şahidləri olmuş) Şahid8 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrində Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirməsi və baxış zamanı inzibati binanın arxa tərəfində, binanın sanitar qovşağının pəncərəsinin altında, yerdə “Alprazolam 1” adlı 4 konvalyutda 40 həb aşkar edilməsi 10 yanvar 2024-cü il tarixdə deyil həmin tarixdən təxminən 4-5 gün sonra olmuşdur. Həmçinin şahidlər məhkəmə iclasında verdikləri ifadələrində 10 yanvar 2024-cü il tarixli protokolda göstərilən həmin həbləri inzibati binanın həyətdə deyil, təhqiqatçının otağında stolun üstündə gördüklərini bildirmişlər. Cinayət işinin materialarında olan sənədlər ilə də şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqət olması aydın olur. Belə ki, cinayət işinin materialarında olan 10 yanvar 2024-cü il tarixli baxış və götürmə protokolundan məlum olur ki, Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirməsi və baxış zamanı inzibati binanın arxa tərəfində, binanın sanitar qovşağının pəncərəsinin altında, yerdə “Alprazolam 1” adlı 4 konvalyutda 40 həb aşkar edilərək götürülmüşdür. Lakin sənədlərdən bəlli olur ki, hal şahidlərinin ifadələrində göstərdikləri həqiqətdir. Baxış və götürmə 10 yanvar 2024-cü il tarixdə deyil, tamamilə başqa tarixdə həyata keçirilmişdir. Əvvəla, təhqiqatçı tərəfindən tərtib olunmuş 06 fevral 2024-cü il tarixli raport Astara Gömrük İdarəsinin rəisi Samir Kazımova ünvanlanmışdır və 06 fevral 2024-cü il tarixdə S.Kazımov tərəfindən darkənar qoyulmuşdur. Lakin 10 yanvar 2024-cü il tarixli təhqiqat şöbəsinin rəisi tərəfindən tərtib olunmuş raport Astara Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Seyfula İsmayılova ünvanlansa da, həmin raporta 10 yanvar 2024-cü il tarixdə İdarəsinin rəisi olmayan Samir Kazımov tərəfindən darkənar qoyulmuşdur. Eyni zamanda, 2024-cü ilin yanvar ayının 10-da rəsmiləşdirilən sənədlər fevral ayının 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. İstintaqı gedən cinayət iş üzrə ona aid edilən əməliyyat tədbiri keçirilir və əməliyyat tədbirinə dair sənədlər təxminən bir aya istintaqa göndərilməsi şübhəlidir. Bundan başqa, cinayət işinin materialarında olan raport, izahat və ifadələrdən belə məlum olur ki, guya A.Nurmagomedovun üzərində olan həblərin bir hissəsini pəncərədən bayıra atmasına əmindirlər. Lakin məhkəmə onu nəzərə almamışdır ki, A.Nurmagomedov həqiqətən üzərində olan həblərdən yaxa qurtarmaq üçün pəncərədən atsaydı bütün həbləri atardı. Daha alt paltarında həblərdən bir konvalyut 10 ədəd həb saxlamazdı. Bu nüans realığa uyğun gəlmir, məntiqə də sığmır. İnandırıcı deyil ki, A.Nurmagomedov üzərində olan 5 konvalyut həblərdən 4 konvalyutu pəncərədən bayıra atsın, ancaq birini sonradan Mərkəzi Xəstəxanada alt paltarından tapılan bir konvaltun həbi üzərində saxlasın. Çünki raportlara və ifadələrə görə guya A.Nurmagomedov həbləri qapalı yerdə tualetdə olarkən pəncərədən atmışdır. Tualetdə olarkən A.Nurmagomedov tək olmuş, onun yanında həblərin hamısını atmağa mane olan kimsə də olmamışdır. Bundan başqa, cinayət işinin materialarına görə 10 yanvar 2024-cü il tarixdə X18 rayonunda olmuşdur. Onun barəsində aparılan təhqiqat materiaları da 10 yanvar 2024-cü il tarixdə Astara Gömrük İdarəsində olmuşdur. Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı Şahid2 10 yanvar 2024-cü il tarixli raportundan görünür ki, 10 yanvarda A.Nurmagomedov özünü pis hiss etdiyinə və həkim müayinəsinə ehtiyacı olduğuna görə Astara rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Astara rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsi zamanı alt paltarından 1 konvalyut 10 həb aşkar olunmuşdur. Yəni, işin bu halı onu göstərir ki, 10 yanvar 2024-cü il tarixdə A.Nurmagomedov hələ də Astara şəhərində olmuşdur. Bu xüsusatı həkim Şahid3 da ifadəsində təsdiq edir. Həmçinin toplanmış materialın və A.X15 Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə göndərilməsi barədə məktub da idarə rəisi vəzifəsini müvvəqəti icra edən Seyfula İsmayılov tərəfindən də 10 yanvar 2024-cü il tarixdə imzalanmış və 10 yanvar 2024 cü il tarixdə Bakı şəhərinə göndərilmişdir. Bütün qeyd edilən sübutlar da onu göstərir ki, 10 yanvar 2024-cü il tarixə sənədləşdirilmiş protokol və raportlar tamamilə başqa vaxta aiddir. Ona görə də həmin sənədlər A.Nurmagomedovun ittihamının əsasını təşkil edə bilməz və aradan qaldırılması mümkün olmayan əsaslı şühbələr olduğu üçün həmin sənədlərdən sübut kimi istifadə edilməsi cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Lakin işə baxan məhkəmə əsaslı şübhələr yaradan sübutları nəinki təkzib etməmiş, onlara qiymət belə verməmişdir. Ümumiyyətlə, həmin sübutlara toxunulmamış və məhkəmə iclasında verilən ifadələr təhrif edilmişdir. X1 xahiş edilən xəstə üçün zəruri olan dərman vasitəsi alprazolamı İran İslam Respublikasında almışdır. Dərman vasitəsi zəruri olan xəstə və xəstə üçün yazılan həkim resepti məhkəməyə təqdim edilmişdir. A.Nurmagomedov xoş niyyətlə, yardım göstərmək niyyətilə aldığı dərman vasitəsi alprazolamın Azərbaycan Respublikasının “Dərman vasitələrinin dövlət reyestri”ndə olmamasından və alprazolamın dərman vasitəsi kimi istifadə olunmamasından məlumatı ola bilməzdi. Təbii ki, bunlardan məlumatsız olan bir şəxs kimi alprazolam dərman vasitəsinin istifadəsinin qadağan olunması, dövlət sərhəddindən bəyan etmədən keçirilməsindən də xəbərsiz olmuşdur. Elə bu səbəbdən də dərman vasitələrinin bir hissəsini idarə etdiyi yük nəqliyyat vasitəsinin sürətlər qutusunun yanında aşkar surətdə saxlamazdı. Daha doğrusu, Abdulla Nurmagomedovun alprazolam dərman vasitəsinin gömrük nəzarətindən gizlətmək kimi niyyəti olmamışdır. Belə bir niyyəti olsaydı, istifadəsi Azərbaycanda qadağan olan dərman alprazolamı idarə etdiyi yük nəqliyyat vasitəsinin istənilən yerində gizlədə bilərdi. Eyni zamanda Abdulla Nurmagomedov Azərbaycan Respublikasının ərazisindən tranzit keçərək Rusiya Federasiyasına getməli və aldığı dərman vasitəsini də Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan xəstəyə çatdırmalı idi. Yəni, A.Nurmagomedovun yük nəqliyyat vasitəsində saxladığı dərman vasitələrini gömrük nəzarətindən gizli keçirmək qəsdi və ya niyyəti olmamışdır. Əgər onda belə bir niyyət olsa idi, aldığı dərman vasitələrinin yük nəqliyyat vasitəsinin sürətlər ötürücüsünün yanına açıq görünən yerdə saxlamaz, nəqliyyat vasitəsinin istənilən çətin görünən gizli bir yerində gizlədərdi. Bu xüsusat ona dəlalət edir ki, A.Nurmagomedovun cinayət əməli törətməyə qəsdi olmamışdır. Bununla yanaşı, cəza təyini zamanı məhkəmə tərəfindən müdafiə tərəfindən yüngüləşdirici hallarla bağlı məhkəməyə təqdim edilmiş sənədlər tam nəzərə alınmamış, Abdulla Nurmagomedova məhkəmə ağır cəza təyin etmişdir. Məhkəmə hökmdə Abdulla Nurmagomedova cəza təyin edərkən onun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngüləşdirən hallar kimi qiymətləndirmiş və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədiyini qeyd etmişdir. Lakin məhkəmə yüngüləşdirici halların hamısını hökmdə göstərməmişdir. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən də məlum olur ki, onun ata-anası xəstədir, özü də onurğa-oynaq və digər xəstəliklərdən əziyyət çəkir. A.Nurmagomedov ailədə yeganə qazanc gətirən şəxsdir. A.Nurmagomedov barəsində azadlıqdan məhrumetmə cəzasının təyini ondan çox yaxınlarının ağır məhrumiyyətlərə düçar edir. Ona görə də, A.Nurmagomedova azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məhkəməni humanizm prinsiplərindən uzaqlaşdırır. A.Nurmagomedov əvvəllər məhkum olunmamışdır, onun əvvəllər məhkum olunmaması cəmiyyət tərəfindən təşəkkül tapmış birgəyaşayış qaydalarına dönmədən əməl etməsindən, ictimai asayişi pozmamasından irəli gəlir. Bu xüsusat da onun şəxsiyyətini səciyyələndirən halardır və məhkəmə tərəfindən nəzərə alınmalı idi. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs X6 və müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X20 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq X3 əməlini Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Astara Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X11rşı”, “X13rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərindən, həmçinin müdafiə tərəfin apellyasiya baxışındakı çıxışlarından görünür ki, təqsirləndirilən şəxs X6 ibtidai istintaq orqanı tərəfindən və birinci instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış və göstərmişdir ki, o, aşkar olunmuş psixotrop maddə olan alprazolam həblərindən 40-ı ona məxsus olmamış, qalan həbləri isə keçirməkdə məqsədi isə Azərbaycan Respublikasının ərazisinə qanunsuz maddə keçirtmək olmamış, sadəcə ona dərman sifariş verən bir dostu üçün dərman aparmaq olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırmış, həmçinin apellyasiya baxışında cinayət prosesinin tərəflərini dinləyib aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Təqsirin anlayışından bəhs edən CM-in 24.1-ci maddəsində qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-in 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, CM-in 234.1-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınması cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, cinayət tərkibinin əlamətləri, yəni obyektiv və subyektiv cəhətlərə aid olan əlamətlər Cinayət Qanunu normalarına əsasən müəyyən edilməli olsa da, tərkib əlamətlərinin sübuta yetirilməsinin hüquqi proseduru Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 138.2-ci maddəsində də eyni müddəa yer almış və qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, cinayət-prosessual qanunvericilik, yalnız yuxarıda qeyd edilən hüquqi prosedurlar daxilində sübuta yetirilmiş cinayətə görə şəxsin barəsində ittiham hökmü çıxarılmasını nəzərdə tutur. Belə sübutlar məhkəmə istintaqında cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilməli və nəzərə alınmalıdır. Lakin, işdən görünür ki, birinci instansiya məhkəməsindəki icraat zamanı Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə heç də tam əməl edilməmiş, işdə şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsizliyinə kifayət qədər əsaslar olmasına baxmayaraq, bu əsaslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, təqsirləndirilən şəxs X2rşı irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar - 0,063 qram təşkil edən 63 həb alprazolam psixotrop maddəsini əldə etmiş, saxlamış, daşımış, Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, məhkəmə hazırkı cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, habelə Abdulla Nurmagomedovun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar psixotrop maddəni əldə etməkdə təqsirliliyinə dair kifayət qədər mötəbər sübutlar olmadığı halda, məhkəmə işdə olan istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların lazımi qaydada araşdırılmasını və tədqiq edilməsini təmin etməmiş, tədqiq etdiyi sübutların bir qrupunun qəbul, digər qrupunun isə rədd edilməsini, niyə məhz ittiham tərəfin təqdim etdiyi sübutlara üstünlük verdiyini hökmdə əsaslandıra bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünə əsaslı şübhələr olduğuna görə məhkəmə kollegiyası işə qismən məhkəmə istintaqı aparmaqla baxılmasını qərara almış və işdə olan sübutları təkrar tədqiq etmiş, o cümlədən əlavə sübutlar əldə edərək onları məhkəmə baxışında cinayət işinin materialları və mövcud sübutlarla əlaqəli surətdə nəzərdən keçirmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. “X29rşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışının faktları müəyyən etmədən keçirilməsi təqsirləndirilən şəxsin müdafiəsinə ziddir. Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin halları araşdırsın və şəxsin əsassız məhkum edilməsinin qarşısını alsın. Apellyasiya Məhkəməsinin şəxsin təqsirsizliyinə dəlalət edən halları araşdırmaması ədalətli mühakimə olunmaq hüququnu pozmaqla yanaşı apellyasiya instansiyasındakı araşdırmanı səmərəsiz edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Abdulla Nurmagomedov ibtidai oistintaqın ilk mərhələlərindən ifadə verərək ona istinad olunan psixotrop maddənin hamısının özünə məxsus olmadığını bildirmiş və göstərmişdir ki, bir neçə ildir yük nəqliyyat vasitəsi sürücüsü işləyir, idarə etdiyim “Renault Magnum 440” markalı dartıcı və həmin dartıcının “SCHMİTZ SK027” markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ona məxsus deyildir, onu etibarnamə əsasında idarə edir. 03 yanvar 2024-cü il tarixdə idarə etdiyi Renault Magnum 440” markalı dartıcı və həmin dartıcının “SCHMİTZ SK027” markalı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə 04 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının ərazisinə keçmiş, İran İslam Respublikasının ərazisində olarkən 08 yanvar 2023 cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinə Rusiya Federasiyasına daşımağı üçün “təzə portağal” yükü yüklənmiş, o, həmin yükü Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımalı olmuşdur. O, həmin yükü yüklədikdən sonra İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün İranın Astara gömrük postunun qarşısında gözləməyə başlamışdır. Orada növbə gözləyərkən yata bilmədiyindən yuxulamaq üçün yaxınlıqdakı adını xatırlamadığı aptekdən “yuxu gətirən” dərman almaq qərarına gəlmiş və bu məqsədlə həmin tarixdə postun yaxınlığındakı adını xatırlamadığı aptekə daxil olmuşdur. O, aptekdə işləyən şəxsdən ona “yuxu gətirən” dərman verməsini xahiş etmiş, həmin şəxs də ona “alprazolam” dərmanını məsləhət görmüşdür. Bunun üçün o, həmin şəxsə hər hansı resept təqdim etməmiş, ümumiyyətlə onun yuxu ilə bağlı hər hansı xəstəliyi yoxdur, sadəcə həmin gün yata bilmədiyindən özü belə dərman atmaq qərarına gəlmişdir, hər hansı həkim ona bu barədə resept yazmamışdır. O, həmin şəxsin məsləhəti əsasında ondan xatırlamadığı qiymətə hər birində 10 həb olan, 2 konvalyutda cəmi 20 həb və 1 konvalyutda 4 həb, ümumilikdə 24 həb “alprazolam” həbi almışdır. O, həmin həbləri aldıqdan sonra yenidən idarə etdiyi nəqliyyat vasitəsinə qayıtmış və nəqliyyat vasitəsində olarkən 4 həb olan konvalyutdan bir həb götürərək istifadə etmiş, ardınca həmin konvalyutu dartıcının yataq yerinin üzərində olan gödəkcəsini sağ cibinə yerləşdirmiş, içərisində 10 həb olan 1 konvalyutu dartıcının salonunda, sürətlər qutusunun yanına, içərisində 10 həb olan 1 konvalyutu isə sükanın qarşısına, alətlər panelinin üzərinə qoymuşdur. Bundan sonra o, 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində İranın Astara gömrük postundan Azərbaycanın gömrük postuna daxil olmuşdur. O, postun yoxlama xəttinə daxil olduqdan sonra orada olan gömrük əməkdaşı onunla şifahi sorğusual apararaq ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində üzərində, ona məxsus əşyalarda və idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsini xidməti it tətbiq etməklə yoxlama aparmağa başlamış və xidməti it nəqliyyat vasitəsinin dartıcısının kabinəsinə reaksiya vermişdir. Bunun ardınca gömrük əməkdaşı həmin yerə 2 hal şahidi dəvət edərək onun, hal şahidlərinin və başqa bir gömrük əməkdaşının iştirakı ilə nəqliyyat vasitəsinin dartıcısının kabinəsində yoxlama aparmağa başlamışdır. Yoxlama nəticəsində gömrük əməkdaşı dartıcının yataq yerinin üzərində olan gödəkcəsinin sağ cibindən 1 konvalyutda 3 həb, dartıcının salonunda, sürətlər qutusunun yanından 1 konvalyutda 10 həb “alprazolam” aşkar etmiş və şifahi olaraq ona həmin həbin psixotrop tərkibli olduğunu söyləmişdir. Bu zaman o, qorxduğundan aşkar edilməməsi üçün gömrük əməkdaşınnın başının yoxlamaya qarışmasından istifadə edərək sükanın qarşısına, alətlər panelinin üzərinə qoyduğum 1 konvalyutda 10 həbi alt paltarımın tumanın iç tərəfinə yerləşdirmiş və heç kim bu halı müşahidə edə bilməmişdir. Bundan sonra aşkar edilən predmetlər götürülmüş və bu barədə protokol tərtib edilmiş, lakin o, məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə onun üzərini yoxlamağa başlamış, lakin bu yoxlama zamanı alt paltarı-tumanının iç tərəfində gizlətdiyi 1 konvalyutda 10 həb “alprazloam” aşkar edilməmişdir. Gömrük əməkdaşı onun tumanını soyundurmadığından həmin həbləri görə bilməmiş, buna görə də həmin həblər yoxlama zamanı aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, lakin o, eyni səbəbdən protokolu imzalamamışdır. Bütün bu proseslərdən sonra onu araşdırma aparılması üçün təhqiqat orqanına aparmışlar, orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. O, şübhəli şəxs qismində tutulduqdan sonra bir sıra sənədlər tərtib edilmiş, lakin o, eyni səbəbə görə onları imzalamaqdan imtina etmişdir. 09 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixə keçən gecə o, bir qədər özünü yaxşı hiss etmədiyindən bu barədə təhqiqat orqanına məlumat vermiş, bundan sonra onu tibbi müayinədən keçməyi üçün Astara rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada həkim onu müayinə etməyə başlamışdır. Müayinə zamanı həkim ondan alt paltarı-tumanını çıxarmağını söyləmiş, o, tumanını çıxartdıqda orada gizlətdiyi 1 konvalyutda 10 həb “alprazolam” yerə düşmüş, həkim dərhal həmin konvalyutu yerdən götürmüş və onu müayinə etməyə başlamış, müayinə zamanı hər hansı problem aşkar edilməmiş və həkim onun tumanından aşkar edilən 1 konvalyutda 10 həb “alprazolam”ı araşdırılması üçün təhqiqat orqanına göndərmişdir. O, əvvəllər yalnız marixuana narkotik vasitəsi istifadə etmiş, aptekdə həmin həbləri satan şəxs ona “alprazolam”ın sakitləşdirici olduğunu desə də, onun konkret olaraq psixotrop tərkibli olduğunu deməmişdir. Aşkar edilmiş 23 həb “alprazolam” psixotrop maddəsi ona məxsusdur. Narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə və ya gizlətməklə keçirilməsinin qanunla qadağan olunmasında əvvəlcədən məlumatlı olmuşdur. Saxlanılarkən, eləcə də istintaq və təhqiqat orqanında ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Birinci instansiya məhkəməsində Abdulla Nurmagomedov ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara gömrük idarəsinin inzibati binasının həyətində tapılan 4 konvalyutda 40 ədəd “alprozolam” həbi ona məxsus olmamışdır. Çünki o, həmin binanın sanitar qovşağından istifadə edərkən əgər həmin həblər onun üzərində olsa idi, o, rahatlıqda həmin həbləri sanitar qovşağa atardı. Ona görə də onun həmin 40 ədəd həblə heç bir əlaqəsi yoxdur. İran İslam Respublikasında növbə gözləyən zaman yata bilmədiyindən dərman atmaq qərarına gəlmiş və xatırlamadığı qiymətə hər birində 10 həb olan, 2 konvalyutda cəmi 20 həb və 1 konvalyutda 4 həb, ümumilikdə 24 həb “alprazolam” həbi almışdır. O, həmin həblərə görə də artıq bir ilə yaxın müddətdir ki, həbsdədir və cəzasını artıq çəkmişdir. Apellyasiya baxışı zamanı da Abdulla Nurmagomedov birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etmiş və eyni məzmunlu dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun ifadələrində göstərdiyi xüsusatları iş materialları ilə əlaqəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, onun qaçaqmalçılıq cinayətini törətməsi təsdiq olunsa da, əməllərində satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etməsinə dəlalət edən hallar müəyyən olunmur. Belə ki, təqsirləndirilən şəxsin verdiyi ifadələrdən məlum olur ki, o, uzaqa bir qohumunun xahişi ilə psixotrop maddə olan 24 alprazolam həbi almış, pəncərədən çölə atdığı iddia edilən dərmanlar ona aid olmamışdır. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən kollegiya hesab edir ki, onun xeyli miqdarda psixotrop maddəni əldə etməsi öz təsdiqini tapmır. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında da bu faktı təsdiq edən hər hansı mötəbər sübuta rast gəlinməmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırması zamanı həyata keçirilmiş istintaq hərəkətlərinin qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığı da müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan 09 yanvar 2024-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 09 yanvar 2024-cü il tarixdə, saat təqribən 16 radələrində Astara modul tipli gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı nömrə nişanlı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Fedrasiyasına geden Rusiya Federasiyasının vətəndaşı Nurmagomedov Abdula ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını söyləmişdir. Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında – yataq yerinin üzərində yerləşən sürücüyə məxsus qara rəngli gödəkcənin sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 3 naməlum həb, nəqliyyat vasitəsinin sürətlər qutusunun yanından isə üzərində “Alprazolam 1” yazısı 1 konvalyutda 10 naməlum həb aşkar edilmiş və qeyd edilən predmetlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 10 yanvar 2024-cü il tarixli, 90 nömrəli arayışdan görünür ki, Nurmagomedov Abdula 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 00:05 radələrində müayinə olunması üçün “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə gətirilmiş, müayinə zamanı həkim tərəfindən onun üzərindən 10 həb “alprazolam” dərman preparatı aşkar edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə, saat təqribən 09 radələrində X30 şöbəsinin növbə rəisi Şahid7 öz xidməti vəzifəsini yerinə yetirərkən Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfində, yerdə üzərində “Alprazolam 1” yazısı olan 4 ədəd konvalyutda dərman preparatı olduğunu görmüş və bu barədə gömrük əməkdaşlarına məlumat vermiş və bundan sonra keçirilmiş baxış zamanı üzərində “Alprazolam 1” yazısı olan 4 ədəd konvalyutda ümumilikdə 40 ədəd həb olduğu məlum olmuş, ardınca həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. Belə ki, cinayət işinin materiallarının İ cildinin16-18 və 29-30-cu səhifələrində olan 09 yanvar 2024-cü il tarixli “maların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan görünür ki, həmin protokollarda müvafiq istintaq hərəkətlərinin aparılması zamanı tərcüməçinin iştirakı barədə qeyd, habelə onun şəxsiyyəti, kim olması, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer göstərilməmiş, yalnız protokolun sonunda tərcüməçi X17 tərəfindən imza edilməklə onun tərcümə etməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müdafiə tərəfin vəsatəti əsasında tərcüməçi X17 oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə dair anten məlumatları əldə edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən daxil olmuş 07 fevral 2025-ci il tarixli məktuba əlavə olunmuş CD diskdən olan məlumatlardan görünür ki, tərcüməçi Hüseynağa Şabanova məxsus mobil telefon nömrəsinin anten məlumatları Astara rayonunun Pensər kəndi ərazisində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərcüməçi Hüseynağa Şabanovun qeyd olunan tarixdə həmin yerdə olduğu görünsə belə, sözügedən istintaq hərəkəti protokollarının cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmasını inkar etmir. Halbuki, CPM-nin 247.1-ci maddəsinin tələbinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra bu istintaq hərəkətlərinə əks etdirən protokol tərtib edilir. Protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməlidir. Bundan başqa, yuxarıda qeyd olunan 09 yanvar 2024-cü il tarixli “maların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan, o cümlədən 10 yanvar 2024-cü il tarixli “baxış və götürmə” barədə protokollardan görünür ki, müvafiq istintaq hərəkətlərinin hal şahidləri Şahid4 və Şahid8 iştirakları ilə aparılması göstərilmişdir. Hökmdən görünür ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 09 yanvar 2024-cü il tarixdə o, eyni postda onun kimi fəhləlik edən Şahid4la birlikdə hər hansı şəxsin onlara yük boşaldıb-yükləmək üçün müraciət etməsini gözləyərkən saat 16-17 radələrində Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 ona və Şahid4 yaxınlaşaraq “Astara” modul tipli gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində olan nəqliyyat vasitələrinin birinə gömrük yoxlaması tətbiq edəcəyini bildirib onlardan həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar Şahid1 ilə razılaşdıqdan sonra idxal xəttinə getmişlər və orada yoxlamanın əvvəllər tanımadığı, Rusiya Federasiyası vətəndaşı Nurmagomedov Abdulanın idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində aparılacağını öyrənmişlər. Yoxlamada o, Şahid4, digər gömrük əməkdaşı Şahid5 və Nurmagomedov Abdula iştirak emtişdir. Yoxlamadan əvvəl gömrük əməkdaşı Şahid1 Nurmagomedov Abdula ilə şifahi şəkildə sorğu-sual apararaq ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük orqanına bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmamasını barədə soruşmuş, buna cavab olaraq Nurmagomedov Abdula idarə etdiyi yük nəqliyyat vasitəsində yük müşayiət sənədlərində göstərilmiş yükdən başqa nəqliyyat vasitəsində, eləcə də üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra Nurmagomedov Abdullanın idarə etdiyi “Renault Magnum 440” markalı, O282HY56/AE822339 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yerinin üzərindəki sürücüyə məxsus qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 3 həb, nəqliyyat vasitəsinin sürətlər qutusunun yanından isə üzərində “Alprazolam 1” yazısı olan 1 konvalyutda 10 həb aşkar edilmişdir. Bunun ardınca həmin aşkar edilmiş konvalyutlar qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, Nurmagomedov Abdulla istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamış, Nurmagomedov Abdulla protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Bundan sonra, 09 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Şahid1 onun və Şahid4 iştirakı ilə Nurmagomedov Abdullanın üzərində şəxsi yoxlama aparmış, lakin onun üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, Nurmagomedov Abdulla istisna olmaqla, bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamış, Nurmagomedov Abdula protokolla tanış olsa da, onu hər hansı səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Bundan əlavə, 10 yanvar 2024-cü il tarixdə o, Şahid4la birlikdə eyni qaydada “Astara” modul tipli gömrük postunda hansı şəxsin onlara yük boşaldıb-yükləmək üçün müraciət etməsini gözləyərkən saat 09 radələrində Astara Gömrük İdarəsinin əməkdaşı Şahid6 ona və Şahid4 yaxınlaşaraq Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirəcəyini bildirmiş və onlardan həmin baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da razılaşaraq Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra Şahid6 onun, Şahid4 və DSXnin əməkdaşı Şahid7 iştirakı ilə Astara Gömrük İdarəsinin inzibati binasının arxa tərəfinə baxış keçirməyə başlamışdır. Baxış zamanı inzibati binanın arxa tərəfində, binanın sanitar qovşağının pəncərəsinin altında, yerdə üzərinə “Alprazolam 1” yazılmış, hər birində 10 həb olan, 4 konvalyutda 40 həb aşkar edilmişdir. Bundan sonra həmin konvalyutlar qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, o, digər iştirakçılarla birgə protokolla tanış olaraq onu imzalamışdır. Bundan əlavə Şahid1 gömrük yoxlaması zamanı gödəkcənin sağ cibindən 1 konvalyutda 3 həb, dartıcının salonunda, sürətlər qutusunun yanından 1 konvalyutda 10 həb “alprazolam” aşkar etdikdən sonra həqiqətən şifahi olaraq Nurmagomedov Abdullaya həmin həbin psixotrop tərkibli olduğunu söyləmişdir. Bununla yanaşı həmin vaxt onun və digər iştirakçıların diqqəti Şahid1 hərəkətlərində, yəni apardığı yoxlamada olduğundan Nurmagomedov Abdullaya fikir verməmişlər. Ola bilsin Nurmagomedov Abdulla məhz bundan istifadə edərək 5 konvalyutu alt tumanında gizlətmiş, onlar da bu hərəkəti görməmişlər. Bundan başqa, Şahid1 Nurmagomedov Abdullanın üzərində yoxlama apararkən onu soyundurmadan sadəcə üzərini, əynindəki paltarların ciblərini yoxlamış, buna görə də onun alt paltarında gizlədilmiş konvalyutlar şəxsi yoxlama zamanı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Lakin “Elektron Məhkəmə İnformasiya Sistemin”də mövcud olan birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarının audio-videoyazısına baxış zamanı müəyyən olunmuşdur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, onlar yalnız avtomobilin yoxlanmasında iştirak etmiş, avtomobilin yalnız yük yerini yoxlamış, kabinə hissəsini yoxlamaq inspektorun səlahiyyətində olmuş, yük yerindən hər hansı maddə aşkar edilməmişdir. Avtomobil yoxlandıqdan sonra gömrük əməkdaşları hal şahidi kimi onları yuxarı çağırıb Abdulla Nurmagomedovun üzərindən dərman aşkar etdiklərini, onun öz ifadəsi ilə bunu təsdiq etdiyini demiş, otaqda onlara sənədlərə imza etdirmişlər. Abdulla Nurmagomedovun üzərindən və avtomobilindən dərman aşkar olunarkən orada olmamışlar. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən bir neçə gün sonra onları yenidən hal şahidi kimi dəvət edib Abdulla Nurmagomedovun 3 list dərmanı sanitar qovşağın pəncərəsindən idarənin həyətinə atdığını demiş, onlar sənədlərə qol çəkəndə onlara sadəcə dərmanların fotoşəkillərini göstərmişlər. Dərmanların həyətdə aşkar olunması zamanı onlar orada olmamışlar. Bu göstərdiyi hallar hadisənin səhəri günü yox, bir neçə müddət keçdikdən sonra baş vermişdir. Qeyd olunan audio-videoyazıdan görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, onlar maşını yoxlayarkən əməkdaşlar Abdulla Nurmagomedovu yuxarı aparıb üzərində şəxsi yoxlama aparmışlar. Üzərində axtarış aparılarkən orada iştirak etməmişdir. Onun yanında sonuncunun üstü yoxlanılmamış, üstündən nə isə aşak olunmasını görməmişdir. Təhqiqatçı dərmanları onlara göstərib Abdulla Nurmaqamedoun üzərindən aşkar edildiyini demişdir. Bundan təxminən 4-5 gün sonra onları yenidən çağırıb yerdən dərman tapıldığını, həmin dərmanların Abdulla Nurmagomedova aid olduğunu və sonuncunun dərmanları sanitar qovşağın pəncərəsindən həyətə atdığını demişlər. Dərmanlar onun gözünün qabağında götürülməmiş, sadəcə fotoşəkilləri ona göstərilmişdir. Məhkəmə kollegiyası şahidlər Şahid4 və Şahid8 göstərdiyi xüsusatları nəzərdən keçirib belə qənaətə gəlir ki, qeyd olunan istintaq hərəkətləri prosessual qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, şahid qismində dindirilmiş şəxslərin ifadələrindən də məlum olur ki, həmin istintaq hərəkətləri onların hal şahidi kimi iştirakı olmadan aparılmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4-cü maddəsinin dispozisiyasından görünür ki, müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Lakin iş materiallarından və şahid ifadələrindən də göründüyü kimi, sözügedən istintaq hərəkəti nə videoçəkilişlə aparılmamış, nə də istintaq hərəkəti həyata keçirilərkən iki hal şahidinin iştirakı təmin edilməmişdir. Bu hal isə kollegiyada istintaq hərəkətinin mötəbərliyinə dair ciddi şübhələr yaradır. Bununla yanaşı, şahidlərin ifadələrindən o da məlum olur ki, ibtidai istintaq orqanının göstərdiyi Abdulla Nurmagomedovun 40 ədəd həbi gömrük idarəsinin sanitar qovşağından pəncərədən aşağı atması faktı cinayət işinin materiallarında əks olunduğu kimi, onun saxlanılmasının səhəri günü deyil, bundan bir neçə gün keçdikdən sonra baş vermişdir. Lakin cinayət işinin materiallarında olan “baxış və götürmə” barədə protokoldan görünür ki, həmin istintaq hərəkəti 10 yanvar 2024-cü il tarixində saat 09:10-09:20 radələrində həyata keçirilmişdir. Bu isə məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, protokolda qeyd olunanlar həmin istintaq hərəkətinin aparıldığı real tarixi əks etdirmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, sözügedən istintaq hərəkətləri prosessual qanunvericilik normaları pozulmaqla həyata keçirilmiş, tərtib olunmuş istintaq hərkəti protokolları ilə onların real keçirilmə vaxtları arasında müəyyən fərqliliklər mövcud olmuş, həmçinin videoçəkiliş aparılmadığı halda istintaq hərəkətinin gedişi zamanı hal şahidlərinin də iştirakı təmin olunmamışdır. Kollegiyanın qənaətincə, göstərilənlər həmin protokolun mötəbər sübut kimi qəbul edilənliyini istisna edir. Kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPMin 125.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi “Layicov Azərbaycana qarşı” iş üzrə Qərarında isə qeyd etmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Məhkəmə həmin qərarında dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb belə qənaətə gəlir ki, ittihamda göstərildiyi kimi təqsirləndirilən şəxsin gizlətdiyi həblərin 4 konvalyutda 40 həbini Astara Gömrük İdarəsinin inzibati binasındakı sanitar qovşaqdan istifadə edərkən gizli şəkildə sanitar qovşağın pəncərəsindən idarənin həyətinə atması, həmin həblərin ona məxsus olması mötəbər şəkildə öz təsdiqini tapmır. Belə olan halda, təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun ittiham olunduğu 63 ədəd psixotrop maddə olan alprazolam həbinin hamısını deyil, yalnız öz ifadəsində də göstərdiyi kimi 23 ədəd həbi əldə etməsi kifayət qədər təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyi 23 ədəd alprazolam həbinə münasibətdə isə onu qeyd edir ki, həmin həblərin miqdarı Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında müəyyən olunmuş xeyli miqdar anlayışının təsir dairəsinə düşmür. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/102 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 23 ədəd dərman tabletinin tərkibində ümumilikdə 0,023 qram alprazolam təsiredici maddəsi müəyyən edilmişdir. Qeyd edilən tabletlər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Alprazolam 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na (siyahı İİİ) daxildir. Ekspertiza tədqiqat zamanı 3 həb sərf edilmiş, qalıq say 20 həb təşkil etmişdir. Həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İİ Siyahıda psixotrop maddə olan alprazolam şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,03 qram, külli miqdarının aşağı həddi 0,1 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 20 qram müəyyən edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə məxsus olan 23 ədəd psixotrop maddə alprazolam həbinin təsiredici maddəsinin miqdarı 0,023 qram olmaqla, CM-nin 234.1-ci maddəsində göstərilən cinayət tərkibinin yaranması üçün şərt kimi nəzərdə tutulmuş xeyli miqdar təşkil edən 0,03 qramın təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin ona CM-nin 234.1-ci maddəsi ilə istinad olunan cinayət əməlinin törədilməsində təqsiri sübuta yerilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanı 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2rşı CM-nin 234.1ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə, Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsi ilə, Avropa İnsan Hüquqları Məhkəməsinin sübutlarla bağlı presedentləri ilə müəyyən edilən sübut standartlarına cavab vermir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsində qeyd olunur ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları, o cümlədən ittiham tərəfin təqdim etdiyi sübutlar arasında Abdulla Nurmagomedovun qeyd olunan cinayət əməlini törətməsinə dəlalət edən mötəbər sübut olmamasına lazımi əhəmiyyət verməmiş, bir sözlə işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X24rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1 və 399.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 401.1-ci madddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: 401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə. CPM-in 401.2-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Bunlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə də münasibət bildirməyi zəruri heasb edir. Apellyasiya şikayətindən görünür ki, müdafiəçi Şahid7 Akif oğlunun 10 yanvar 2024-cü ildə işdə olmadığını bildirmişdir. Bununla bağlı, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan respublikası Dövlət Sərəd Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Şahid7 Akif oğlu 08-09 yanvar tarixdə saat 20:00-08:00, 09-10 yanvar tarixdə saat 08:00-20:00, 10-11 yanvar tarixdə saat 09:00-20:00, 12-13 yanvar 2024-cü il tarixdə saat 20:00-dan 09:00-dək xidmətdə olmuşdur. Kollegiya apellyasiya şikayətinin təqsirləndirilən şəxsə CM-nin 206.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili heç bir hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlil olmaqla əsassızdır. Məhkəmə kollegiyası iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun ona CM-nin 206.2-ci maddəsi ilə istinad olunan cinayət əməlini törətməsi işdə olan sübutlarla, ən əsası isə təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abdulla Nurmagomedovun CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən bu hissədə məhkəmə iclasında araşdırılıb qiymətləndirilən hallara düzgün istinad etmiş, nəticə etibarilə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun CM-nin 206.2-ci maddəsi ilə təqsirliliyinə dəlalət edən dəlilləri hazırki qərarda təkrarlamağa zərurət görmür. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Abdulla Nurmagomedova CM-nin 206.2-ci maddəsi ilə istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materialları ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, işin faktiki halları, xüsusən də təqsirləndirilən şəxsin etirafedici ifadəsi onun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun əldə etdiyi psixotrop maddənin Azərbaycan Respublikasında dövriyyəsinin qadağan olunmasından məlumatsız olmasına istinad edərək onun təqsiri olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu hissəyə münasibətdə qeyd edir ki, müdafiə tərəfin həmin dəlili öz-özlüyündə Abdulla Nurmagomedovun həmin maddə ilə təqsirsizliliyinə dəlalət edən hal kimi və ona bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfin göstərdiyi həmin xüsusatlarla razılaşmağı mümkün hesab etmir. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlığı ilə bağlı məsələni də mübahisələndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncunun barəsində olan cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Abdulla Nurmagomedova birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, ona CM-nin 206.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. (Məhkəmənin hökmü təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməli olduğundan, məhkəmə kollegiyası həmin maddə üzrə ona təyin edilmiş cəzaya münasibət bildirilməsinə zərurət görmür). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Abdulla Nurmagomedov məhkum olunmamışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Abdulla Nurmagomedova cəza təyin edərkən onun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, onu CM-in 206.2-ci maddəsi ilə təqsirli bilib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edən həddə və növdə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın həddini ən aşağı həddə müəyyən etməklə sonuncu barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu hissədə cəza məsələsində düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, ittiham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Abdulla Nurmagomedovun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması sübuta yetirilmədiyinə görə apelyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməli, təqsiri sübuta yetirilmədiyinə görə Abdulla Nurmagomedova Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməli, onun üzərində hökmlə ona təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökmdən Abdulla Nurmagomedova CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsinə, həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 346, 350, 353, 356, 357, 397, 398, 399 və 407-410-cu maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(018)-39/2024 nömrəli hökmü X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin. Təqsiri sübuta yetirilmədiyinə görə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. X3 üzərində hökmlə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökmdən X5 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsinə, həmçinin Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə hökmün surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar