Məhkəmə qərarları › İş №1(106)-981/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-981/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-981/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(032)-110/2024 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 1(032)-110/2024 nömrəli hökmü ilə (hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi) xx xxxx 1990-cı il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 ədəd qısa lüləli və qundağı kəsilmiş silahı üzərində daşımaqla saxlamış, Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 fevral 2024-cü il tarixdə saat 15:30da şəhərin Nəriman Nərimanov küçəsində saxlanaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın bel hissəsindən 01 ədəd nömrəsi silinmiş, 1964- cü ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olmaqla ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivsiz ov tüfəngi kəsiyi aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmiş, şiakyətini hər hansı bir dəlillə əsaslandırmamışdır. Prosessual məsələlər Apellyasiya baxışında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Həmçinin, Təqsirləndirilən şəxs apellyasiya şikayətini dəqiqləşdirərək, hökmlə ona təyin olunmuş cəzadan narazı olduğunu bildirdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya müraciətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün ona cəza təyin edilməsi hissəsini mübahisələndirmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli şahidlər Şahid1, X2 ifadələri, şəxsi axtarış protokolu, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 228.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı ağırlaşdıran halları, eləcə də cəzanı yüngülləşdirən halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayətlərinin residivini CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, cəzasını yüngülləşdirən hallar isə müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(071)- 65/2022 saylı hökmündən və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-65/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən Vüsal Məmmədov yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzadan nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bütün bu hallar onu göstərir ki, əvvəlki cəzanın islahedici təsiri yetərli olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur və CM-in 41.2ci maddəsinin tələblərinə cavab verir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-in 65.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Cəzanın müddəti ilə bağlı hissədə kollegiya qeyd edir ki, məhkəmə CM-in 65.2-ci maddəsinin tələbini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları və onun islah olunmasına kömək edən digər halları, eləcə də cəzanı ağırlaşdıran halı və cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə orta həddə yaxın, yəni 2 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasını təyin etməklə, ümumilikdə CM-in 8.1-ci maddəsinə tam əməl etmiş, qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 1(032)-110/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar