Məhkəmə qərarları › İş №1(106)-99/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-99/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-99/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü madddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 1(099)-477/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsi 09 oktyabr 2023-cü il tarixli, 1(099)-477/2023 nömrəli hökmü (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X5 və X1 ibarət tərkibdə) ilə xx xxxxxx 1988-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 31 yanvar 2023cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 191,566 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 31 yanvar 2023-cü ildə, saat 14:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 191,566 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, məhkəmə onun narkotik vasitə istifəçisi olmasını, həmin narkotik vasitəni əldə ətməsini, kiməsə verdiyini sübuta yetirmədən ədalətsiz qərar qəbul etmişdir. İttiham aktında göstərilən narkotik vasitələr polis əməkdaşlarına məxsus olub, qərəzli olaraq saxtakarlıqla işin ağırlaşdırılması üçün onun üzərinə qoyulmuşdur. Ailəlidir, himayəsində iki azyaşlı övladı var. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və ona bəraət verilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə həmin hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ona Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi ilə bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə baxışına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni şahidlər Şahid1, Şahid2 Səfadər oğlu və Şahid3 ifadələri, əməliyyat tapşırığına verilmiş 02 may 2023-cü il tarixli cavab məktubu, məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 18/115 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 130 saylı rəyi, işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı və birinci instansiyası məhkəməsi tərəfindən toplanmış sübutlara düzgün istinad edilmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 18/115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” götürülmüş sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-191,566 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş 02 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə Neftçala RPŞ-yə son dövrlər mütamadi olaraq məlumatlar daxil olmuşdur. Birinci instansiya məhkəməsinə aparılan məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında Rəhman 31 yanvar 2023-cü ildə saat 14:20 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Neftçala şəhəri ərazisində-evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Rəhmanın əynində olan gödəkçənin sol yan cibindən bir ədəd polietilen büküm aşkar olunmuş, büküm açılıb-baxılarkən içində narkotik vasitə heroinə bənzər maddə olmuş, həmin maddə rəsmiləşdirilərək götürülmüş, sonra aparılmış şəxsi axtarışla bağlı protokol edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən, şöbədə sorğu-sual olunarkən, eləcə də ilkin izahatı alınarkən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Səfadər oğlu və Şahid3 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunraq məhkum olunmuş şəxsin əməlinin tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ilk məhkumluğunu, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirəm hallar kimi, habelə əməlində cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cazasının təyin edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum olunmuş şəxsin cəzasının azaldılması və yaxud barəsində Cinayət Məcəlləsinin 62 və yaxud 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar mövcud deyil. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 1(099)-477/2023 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 1(099)-477/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar