Məhkəmə qərarları › İş №1(106)-994/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-994/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-994/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünə əsasən ilə (sədrlik edən hakim Yaşar Həşimov) xx xxxxxx 1987-ci ildə Sabirabad rayonu Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 yanvar 2022-ci ildən 12 yanvar 2022-ci ilədək həbsdə saxlanıldığı müddət çıxılmıqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 15 noyabr 2022-ci ildən hesablanması qərara alınmışdır. İŞİN HALLARİ: Usubov X6 Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələrinə əsasən təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, becərilməsi qadağan olunmuş tərkibində narkotik vasitə olan kannabis (çətənə) bitki toxumlarını qanunsuz olaraq əldə edərək kirayədə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində torpaqda əkərək 10 ədəd bitkinin boy atmaları üçün onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, 7 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli 10 ədəd olub xeyli miqdar təşkil edən 26.000 qram çəkidə olan qeyd olunan çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq 6,43 qram miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib, qanunsuz olaraq üzərində saxlamaqla daşımış, 10 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri ərazisində saxlanılıb Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan “LD” markalı siqaret qutusunda yuxarıda qeyd edilən təmiz çəkisi 6,43 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki nəfər azyaşlı uşağının olması, cəzanı ağırlaşdıran halların isə olmaması nəzərə alınmamış, nəticədə o, Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm və 8-ci maddəsində təsbit edilmiş ədalət prinsiplərinin tələblərinə cavab verməyən, cəzanın məqsədləri (CM-in 41.2-ci maddəsinin müddəaları) baxımından zəruri olmayan - həddindən artıq ağır cəzaya məruz qalmışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edib, Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – himayəsində iki nəfər azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti (Qusar Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasına məhkum edilməsini), törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Rafiq Cəfərov Kamil Bəşirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar