Məhkəmə qərarları › İş №1(107)-10/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-10/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-10/2020 10.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Hüseynli Nübar Elçin qızının iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Fətəliyev Mazan Məsim oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1966-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonunun Xosrov kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx xxxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan on bir ədəd qəbz və üç ədəd diskin cinayət işində saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Tovuz rayonunun İbrahim Hacılı kənd sakini, xx.xx.1979-cu il təvəllüdlü Kazımova Tahirə Sabir qızından onun həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair, həmçinin Tahirə Kazımovanın bacısı Kazımova İlahə Sabir qızının həyat yoldaşı ilə məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə xx.xx.2018-ci ildə Tahirə Kazımovanın yaşadığı Tovuz rayonunun İbrahim Hacılı kəndindəki evində 400 manat, xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Gəncə şəhərində 200 manat, xx.xx.2018-ci ildə Tahirə Kazımovanın yaşadığı Tovuz rayonunun İbrahim Hacılı kəndindəki evində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində 900 manat, xx.xx.2018-ci ildə Tahirə Kazımovanın yaşadığı Tovuz rayonunun İbrahim Hacılı kəndindəki evində 250 manat, xx.xx.2018-ci ildə Tahirə Kazımovanın yaşadığı Tovuz rayonunun İbrahim Hacılı kəndindəki evində 500 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, xx.xx.2018-ci ildə TahirəKazımovanın yaşadığı Tovuz rayonu, İbrahim Hacılı kəndindəki evində 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, xx.xx.2019-cu ildə Tahirə Kazımovanın yaşadığı Tovuz rayonunun İbrahim Hacılı kəndindəki evində 447 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində 882 manat,xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2019-cu ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pulunu vahid niyyətlə sonuncunun etibarından sui-istifadə edərək aldadıb alaraq, özgənin xeyli miqdarda, cəmi 5500 manat nağd pulunu ələ keçirərək dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs İmran Məmmədov apelyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tahirə Kazımovanın mənə etdiyi təkliflərə razılıq vermədiyimdən barəmdə Ağdaş Rayon Polis Şöbəsinə şikayət etmiş, Ağdaş Rayon Polis Şöbəsinin baş müstəntiqi Azad Məmmədov tərəfindən heç bir araşdırma aparılmamış və barəmdə cinayət işi açılmışdır. Müstəntiq Azad Məmmədovun əvvəlcədən mənimlə ədavəti olub və ona görə də az miqdarda olan pulu 5500 manat şəklində sənədləşdirib. Bununla bağlı Ağdaş Rayon Məhkəməsinə dəfələrlə ərizə, vəsatət və müraciətlər etsəm də, bunların heç biri nəzərə alınmamışdır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə yenidən baxılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs İş üzrə təqsirləndirilən şəxs İmran Məmmədov ifadə verərək bildirmişdir ki, özünü CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilmir. Belə ki, o, mərhum atası Məmmədov Əlhəsən Səfər oğlunun Ağdaş rayonunun Xosrov kəndində torpaq sahəsi ilə bağlı məhkəmədə mübahisəli işləri olmuşdur. Bu işlə bağlı 2018-ci ilin avqust ayının əvvəllərində Prezident Aparatına gedib, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşmüşdür. Bundan sonra çölə çıxanda Tahirə Kazımova ona yaxınlaşıb onun da Fuad Ələsgərovun qəbuluna düşmək istədiyini, lakin mümkün olmadığını və ona köməklik etməsini ondan xahiş etmişdir. Bundan sonra Fuad Ələsgərovun katibəsinə zəng vurub Tahirəni xahiş etmişdir. Bundan sonra Tahirə də inzibati binaya daxil olub Fuad Ələsgərovun qəbuluna girmişdir. Tahirə çıxanadək həyətdə Tahirənin bacısının yanında onu gözləmişdir. Həmin zaman Tahirənin bacısı ondan mobil nömrəsini almış, adını və yaşayış yerini öyrənmişdir. Tahirə çıxdıqdan sonra isə ona demişdir ki, Tovuz rayonunda yaşadıqları kənddə həyat yoldaşına məxsus çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsini istəyirlər, lakin istəklərinə nail ola bilmirlər, bundan əlavə bacısı İlahənin həyat yoldaşı ilə aralarında məhkəmədə mülklə bağlı mübahisəli işləri var. Bunun üçün onlara işi yaxşı bilən bir vəkil tapmaq lazımdır. Bundan sonra onlara demişdir ki, Ağdaş rayonunda tanış vəkillərim vardır. Bundan sonra onları Ağdaş rayonunda olan vəkillərlə tanış etmiş və bu işə onların, cəmi 1550 manat xərcləri çıxmışdır. Göstərilən 5500 manat yalandır. Müstəntiq düzgün istintaq aparmamışdır. O, Gəncədə olan vaxt Respulika Prokurorluğuna müstəntiqin dəyişdirilməsi ilə bağlı şikayət yazmış, lakin müstəntiq yenə dəyişdirilməmişdir. Üzləşdirmə zaman müstəntiq demişdir ki, sənin 5500 manat pul almağın sübuta yetirildi, vəssalam. O, buna etiraz etmişdir. Bir insan kimi zərərçəkmiş şəxsə köməklik etmişdir, 5500 manat pul yalandır. Onların 1550 manat xərcləri çıxmışdır ki, onu da ödəyə bilər. O, dələduzluq etməmişdir, sadəcə köməklik etmişdir. Tahirə xanımın atası ona demişdir ki, Tovuz Rayon Məhkəməsində işləri var, yenidən onları Prezident Aparatına, Fuad Ələsgərovun qəbuluna aparsın ki, bu oradakı hakim Nofəl Mustafayevin adına mənfi təsir etsin. O da razılaşmamışdır. Bundan sonra həmin şəxslər ondan şikayət etmişlər. Zərərçəkmiş şəxsə, ümimilikdə 1550 manat torpağı satıb ödəməyə hazırdır. Şikəstdir, heç yerdə işləmir. Özünü Tahirəgildən 1550 manat almaqda təqsirli bilir və işin istintaqa qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs İmran Məmmədovun müdafiəçisi Zaur Bayramov apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.2.4 maddəsinin tərkibi vardır. Özü tam etiraf etməsə də, işdə olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri işdə olan digər sənədlər bunu sübut edir. Onun əməli düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, nəzərə alaraq, təqsirləndirilən şəxsə ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs tahirə Kazımovaya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına teleqram göndərərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüdudlar həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Kazımova Tahirə Sabir qızı ifadəsində bildirmişdir ki, həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsi adı ilə, həmçinin bacısı İlahə Kazımovanın həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə onlardan İmran Məmmədovmüxtəlif vaxtlarda, yəni xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Gəncə şəhərində bacısı İlahənin yanında 200 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə ailəsinin yanında 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Ağdaş şəhərində əri Elşənin yanında 900 manat, xx.xx.2018-ci ildə bacısının evində 250 manat, xx.xx.2018-ci ildə bacısının evində 500 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, xx.xx.2019-cu ildə yaşadığı evdə 447 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində İlahənin yanında 882 manat,xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2019-cu ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, cəmi 5500 manat pul almış, lakin aldığı pulların müqabilində heç bir iş görməmiş, aldığı pulları geri qaytarmamışdır, hazırda ona vurulmuş ziyanın ödənilməsini tələb edir. İmran Məmmədovla barışmamışdır, ona qarşı şikayətçidir və cəzalandırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 oğlu məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs Kazımova Tahirə Sabir qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Kazımova İlahə Sabir qızı bildirmişdir ki, İmran Məmmədova bacısı Tahirənin, özünün, atası Sabirin, bacısının əri Elşənin müxtəlif vaxtlarda poçt vasitəsi ilə, bacısı Tahirənin isə nağd pul verdiyini, həmin pulların hamısının Tahirəyə məxsus olduğunu, Tahirənin İmrana xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Gəncə şəhərində onun yanında 200 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə ailə üzvülərinin yanında 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində Elşənin yanında 900 manat, xx.xx.2018-ci ildə evində 250 manat, xx.xx.2018-ci ildə evində 500 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat , xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, xx.xx.2019-cu ildə yaşadığı evdə 447 manat, xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində onun yanında 882 manat,xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2019-cu ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat pul verdiyini, İmranın yaşadıqları kənddə yerləşən bacısı ərinə məxsus çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin bacısı ərinin mülkiyyətinə verilməsi adı ilə, həmçinin onun həyat yoldaşı ilə arasında mülklə bağlı məhkəmədə olan mübahisəli işin onların xeyrinə həll edilməsinə dair məhkəmələrdən qətnamələr alınmasına köməklik göstərəcəyi adı ilə bacısı Tahirəni aldadaraq, ümumilikdə 5500 manat pulunu aldadıb aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Beydullayev Elnur Abdulla oğlu ifadəsində Ağdaş şəhərində «xxxx» MMC-nin müdiri işlədiyini, bu barədə müvafiq sənədlərinin olduğunu, Tovuz rayonu, İbrahim Hacılı kənd sakini Kazımova Tahirə Sabir qızını 2018-ci ilin oktyabr ayında tanıdığını, belə ki, Ağdaş rayonu, Xosrov kənd sakini İmran Məmmədovun ona yaxınlaşıb Tovuz rayonundan bir nəfər şəxs olduğunu, onun həyat yoldaşı ilə boşanması ilə bağlı məhkəmədə əmlakla əlaqədar mübahisəli işləri olduğunu və onun əmlakını qiymətləndirməyə köməklik etməsini xahiş etdiyini, bundan sonra həmin şəxsin ünvanını, soyadını və adını götürüb qiymətləndirmə yazdığını, bununla bağlı İmranın ona 170 manat pul verdiyini, həmin qiymətləndirməni İmranın özünün götürüb apardığını, bundan başqa İmranın onlarla nə danışması və onlara nə söz verməsi, həmçinin onlardan nə qədər hansı adla pul alması barədə heç bir məlumatının olmadığını, İmranın ona verdiyi həmin pulun 1 faizini yəni, 1 manat 70 qəpiyini millon vasitəsilə dövlət nəfinə keçirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məhyəddinov Fəzli Faiq oğlu ifadəsində hüquqşünas olduğunu, hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini, Ağdaş şəhərində onu tanıyan şəxslərin onun təcrübəsindən istifadə edərək ondan müəyyən ərizələr, müraciətlər yazmağı xahiş etdiklərini, onlara texniki yardım göstərdiyini, yəni ərizələr, müraciətlər və s. yazıb verdiyini, Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayının axırlarında ona yaxınlaşıb Tovuz rayon sakini Kazımova İlahə Sabir qızının həyat yoldaşından ayrılması və aralarında olan əmlak məsələləri ilə bağlı, həmçinin Tahirə Kazımovanın həyat yoldaşının yaşadıqları kənddə olan çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair məhkəmələrə iddia ərizələri yazdırmağı xahiş etdiyini, təxminən 2-3 dəfə ona bu cür ərizələr yazdığını, İmranın da ona hər dəfə 10-20 manat pul verdiyini, İmran tutulduqdan sonra onun Tovuz rayon sakini Tahirə adlı qadını aldadıb pulunu dələduzluq yolu ilə aldığını eşitdiyini, lakin əvvəlcədən bu barədə heç bir məlumatının olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Pirani Tarverdi Tağı oğlu məhkəmə iclasında verdiyi ifadəsində hüquqşünas olduğunu, fərdi olaraq hazırda tərcümə etdiyini və hüquqi yardım göstərdiyini, Ağdaş rayonu, Xosrov kənd sakini Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, İmran Məmmədovun 2018-ci ilin avqust ayının axırlarında ona yaxınlaşıb Kazımova İlahə Sabir qızının həyat yoldaşı ilə aralarında olan mülklə bağlı məhkəmədə olan mübahisəli məsələlərlə əlaqədar ərizə yazmağını xahiş etdiyini, lakin İmranın ona bunun üçün 400 manat deyil, 40 manat pul verdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Abdullayev Ehtibar Vaqif oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağdaş rayonunda fərdi qaydada vəkil işlədiyini, Tovuz rayon sakini Tahirənin həyat yoldaşı Elşəni tanıdığını, belə ki, 2018-ci ilin sentyabr ayının əvvəllərində Ağdaş rayonunun Xosrov kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tovuz rayon sakini Tahirənin bacısı İlahə adlı qadının Gəncə Apelyasiya Məhkəməsində əmlak mübahisəsi olduğunu, onun ziyanına məhkəmə qətnaməsi çıxdığını və həmin işdən Ali Məhkəməyə kassasiya şikayəti vermək lazım olduğunu bildirdiyini, bundan sonra İmrana həmin şəxsləri onun yanına dəvət etməsini dediyini, bu məqsədlə Elşənin Ağdaş şəhərində ona yaxınlaşdığını, onunla Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün müqavilə bağladığını, Elşənin ona müəyyən sənədləri verib çıxıb getdiyini, lakin Tahirə və İlahə adlı qadınları ümumiyyətlə görmədiyini, sonradan kassasiya şikayətini hazırlayıb Gəncə Apelyasiya Məhkəməsinə göndərdiyini, daha sonra isə İmranın ona yaxınlaşıb 210 manat pul verib Elşəngilin göndərdiyini dediyini, həmin pulu banka ödədiyini, sonradan Tahirə, İlahə və Elşənin onun yanına gəlib İmranın onun adından Tahirəgilin mülki işlərini həll etmək adı ilə onlardan, cəmi 5500 manat pul aldığını dediklərini, lakin əvvəlcədən bu barədə heç bir məlumatının olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olsa da, o, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli hökmü ilə həmin zaman qüvvədə olan CM-in 188-ci maddəsinin 1-ci hissəsi ilə (Müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə haqqında məhkəmənin hökmünü barəsində hökm çıxarılmış şəxsin yerinə yetirməməsi) təqsirli bilinib 5.500.000 manat cərimə cəzasına, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib bir il dörd ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2005-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İmran Məmmədov CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxs İmran Məmmədov, zərərçəkmiş şəxs Tahirə Kazımova, habelə şahidlərinin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, İmran Məmmədovun məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxs İmran Məmmədovun cinаyət əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Apelyasiya şikayətinin istintaq tərəfindən heç bir araşdırma aparılmaması və işə yenidən baxılmalı olması barədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası bu dəlillərin əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs İmran Məmmədov özünü ona israr edilən cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, ancaq ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxs Tahirə Kazımova İmran Məmmədovun müxtəlif vaxtlarda, yəni xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Gəncə şəhərində bacısı İlahənin yanında 200 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə ailəsinin yanında 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 62 manat, xx.xx.2018-ci ildə Ağdaş şəhərində əri Elşənin yanında 900 manat, xx.xx.2018-ci ildə bacısının evində 250 manat, xx.xx.2018-ci ildə bacısının evində 500 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, xx.xx.2018-ci ildə yaşadığı evdə 400 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, xx.xx.2019-cu ildə yaşadığı evdə 447 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 320 manat,xx.xx.2018-ci ildə Ağdaş şəhərində İlahənin yanında 882 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 45 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 20 manat, xx.xx.2019-cu ildə poçt vasitəsilə Ağdaş şəhərində 50 manat, cəmi 5500 manat pul almasını, lakin aldığı pulların müqabilində heç bir iş görmədiyini, aldığı pulları geri qaytarmadığını bildirmişdir. Bundan əlavə, şahid qismində ifadə vermiş İlahə Kazımova və Elşən Hümmətov da həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Tahirə Kazımova ilə eyni məzmunlu ifadələr verərək təqsirləndirilən şəxs İmran Məmmədovun törətdiyi cinayət əməlini təsdiq etmişlər. O da qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs İmran Məmmədov ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirdiyi üçün zərərçəkmiş şəxs Tahir Kazımova ilə təqsirləndirilən şəxs İmran Məmmədov arasında xx xxxx 2019-cu ildə (İ cild i. v. 217-220) üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin zaman zərərçəkmiş şəxs Tahir Kazımova təqsirləndirilən şəxs İmran Məmmədovun üzünə qarşı demişdir ki, mən qarşımda oturan İmranı tanıyıram. İstintaqa verdiyim ifadəni təsdiq edirəm, qarşımda oturan İmranın üzünə qarşı deyirəm ki, həyat yoldaşım Elşənin yaşadığımız kənddə çay evi var. Həmin çay evini bir nəfər Rafiq adlı şəxs almaq istəyirdi. Məhkəmə tərəfindən çay evinin qismən bizim mülkiyyətimizə verilməsini istəyirdik. Bununla bağlı mən 2018-ci ilin avqust ayında bacım Səbinə ilə birlikdə Bakı şəhərinə, Prezident Aparatına getdik. Orada sən həyətdə bizə yaxınlaşıb dedin ki, Prezident Aparatında tanışlarım var, müəyyən işləri həll edə bilirəm. Mən də sənə həyat yoldaşıma məxsus çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin bizim mülkiyyətimizə verilməsini və bacım İlahənin həyat yoldaşından boşanması ilə əlaqədar məhkəmədə aralarında olan mülklə bağlı mübahisəli işi danışdım. Sən də Ədliyyə Nazirliyində və məhkəmələr şurasında tanışlarının olduğunu və həmin işləri həll edə biləcəyini bildirdin. Belə ki, çay evinin qarşısındakı torpaq sahəsinin bizim mülkiyyətimizə verilməsinə dair 2300 manat pul istədin, bacım İlahənin işi üçün də 3700 manat pul istədin, ümumilikdə məndən, cəmi 5500 manat pul istədin. Məndən mobil nömrəmi də istədin. Eyni zamanda, sən demişdin ki, bu işləri tam qanuni olaraq həll edə biləcəyəm. 2018-ci ilin avqust ayının ortalarında sən mənə zəng vurdun, işləri həll etmək istədiyini bildirdin, sonra Ağdaş şəhərində mən, həyat yoldaşım Elşən və sən görüşdük. Sən dedin ki, işləri həll etmək üçün səhər Bakı şəhərinə getmək lazımdır. Sən həmin gün bizə, Tovuz rayonuna getdin. Gecəni bizdə qaldın. İlkin olaraq istədiyin, cəmi 5500 manat puldan 400 manat pul istədin və mən yaşadığım evdə 400 manat pul verdim. Səhəri gün mən, bacım İlahə və sən birlikdə Bakı şəhərində Ədliyyə Nazirliyinə və məhkəmələr şurasına getdik. Orada hər iki binada sən tanımadığımız bir nəfər şəxslə danışdın. Sonra geri qayıtdın. Təxminən iki üç gün keçdikdən sonra sən zəng vurub yenə pul istədin. ... mən yenə Elşənlə Ağdaş şəhərinə gəlib sənə 900 manat pul verdim... ...Sonra sən zəng vurub hər dəfə pul istədikcə xx.xx.2018-ci ildə Elşən poçt vasitəsilə 62 manat, xx.xx.2018-ci ildə bacım İlahə 62 manat, xx.xx.2018-ci ildə atam Sabir 50 manat göndərdik. Həmin pulları mən vermişdim. xx.xx.2018-ci ildə sən bizə gəldin, evdə sənə 500 manat verdim, xx.xx.2018-ci ildə sən bizə gəlib 250 manat da pul aldın. xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 300 manat, xx.xx.2018-ci ildə, cəmi 300 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 100 manat, xx.xx.2018-ci ildə poçt vasitəsilə Ağdaş şəhərində 392 manat, xx.xx.2018-ci ildə bacım İlahə 320 manat,xx.xx.2018-ci ildə, Elşən 20 manat, xx.xx.2018-ci ildə Elşən 45 manat, xx.xx.2018ci ildə atam Sabir 20 manat, xx.xx.2019-cu ildə atam Sabir 50 manat sənə pul göndərmişik. Ümumilikdə sənə, cəmi 5.500 manat pul vermişəm. Sonradan biz bildik ki, sən bizi aldatmısan... Üzləşdirmə protokolu zərərçəkmiş şəxs və müstəntiq tərəfindən imzalanmış, təqsirləndirilən şəxs İmran Məmmədov isə protokolu imza etməkdən imtina etmişdir. İş üzrə şahid İlahə Kazımova ilə təqsirlədirilən şəxs İmran Məmmədov arasında xx xxxx 2019-cu ildə (İ cild i. v. 221-223) keçirilmiş üzləşdirmə zamanı İlahə Kazımova ifadəsində göstərdiyi bütün dəlilləri təqsirləndirilən şəxs İmran Məmmədovun üzünə qarşı demiş, üzləşdirmə protokolu İlahə Kazımımova və müstəntiq tərəfindən imzalanmış, yenə də təqsirləndirilən şəxs İmran Məmmədov protokolu imza etməkdən imtina etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs İmran Məmmədov iş üzrə digər şahid Elşən Hümmətovla üzləşməkdən imtina etmiş (İ cild, i. v. 226) və bu barədə tərtib edilmiş protokolu da imzalamaqdan imtina etmişdir. Digər tərəfdən, iş üzrə şahid Ehtibar Məmmədovun ifadəsinə nəzər salanda da müəyyən olunur ki, o ifadəsində ...Tahirə və İlahə adlı qadınları ümumiyyətlə görmədiyini, sonradan kassasiya şikayətini hazırlayıb Gəncə Apelyasiya Məhkəməsinə göndərdiyini, daha sonra isə İmranın ona yaxınlaşıb 210 manat pul verib Elşəngilin göndərdiyini dediyini, həmin pulu banka ödədiyini, sonradan Tahirə, İlahə və Elşənin onun yanına gəlib İmranın onun adından Tahirəgilin mülki işlərini həll etmək adı ilə onlardan, cəmi 5500 manat pul aldığını dediklərini göstərmişdir. Birinci instansiya məhkəməsində ifadə verən iş üzrə digər şahid Tarverdi Pirani isə bildirmişdir ki, ...İmran Məmmədov 2018-ci ilin avqust ayının axırlarında ona yaxınlaşıb Kazımova İlahə Sabir qızının həyat yoldaşı ilə aralarında olan mülklə bağlı məhkəmədə olan mübahisəli məsələlərlə əlaqədar ərizə yazmağı xahiş etmiş, lakin İmran ona bunun üçün 400 manat deyil, 40 manat pul vermişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs İmran Məmmədov Tovuz rayonunun İbrahim Hacılı kənd sakini Tahirə Kazımova Tahirə Sabir qızından onun həyat yoldaşına məxsus yaşadıqları kənddə yerləşən çay evinin qarşısındakı 1,5 sot torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair, həmçinin Tahirə Kazımovanın bacısı İlahə Kazımovanın həyat yoldaşı ilə aralarında məhkəmədə olan mülklə əlaqədar mübahisəli işin sonuncunun xeyrinə həll olunması ilə bağlı məhkəmədən qətnamələr çıxarılmasına köməklik göstərəcəyi adı ilə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər keçən müddət ərzində nağd və poçt vasitəsilə vahid niyyətlə zərərçəkmiş şəxs Tahirə Kazımovanın etibarından suiistifadə edərək aldadıb xeyli miqdarda, cəmi 5500 manat nağd pulunu ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”xx xxxx 2015-ci il tarixli 07 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. İşdən görünür ki, təqsirləndirilən şəxs İmran Məmmədov zərərçəkmiş şəxs Tahirə Kazımovanın etibardan sui-istifadə edib aldadaraq pulunu ələ keçirərkən aydın şəkildə dərk etmişdir ki, zərərçəkmiş şəxsdən aldığı pulların hesabına nə zərərçəkmiş şəxsə, nə də onun bacısına hər hansı bir iş görməyəcək, öhdəlik yerinə yetirməyəcəkdir. Bu zaman onun niyyəti ancaq zərərçəkmiş şəxsin pulunu qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmişdir ki, bu da CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi deməkdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İşdən görünür ki, təqsirləndirilən şəxs İmran Məmmədov bundan əvvəl Ağdaş Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 188-ci maddəsi ilə 5.500.000 manat cərimə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 127.1 və 67.1-ci maddələri ilə 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə 1 il müddətədək islah işləri cəzasına məhkum edilmişdir. Hazırda o, məhkumluğu ödənilmiş, yəni məhkumluğu olmayan şəxsdir. Bundan başqa, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi ürzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, İmran Məmmədov həbsdə olmuşdur. Kənd sakinləri arasında xüsusi nüfuza malik deyil. Onun haqqında nümayəndəliyə dəfələrlə şifahi və yazılı xarakterli şikayət daxil olmuşdur. Xosrov kəndində müsbət xarakterizə olunmur. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi). Cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır (CM-in 58.3-cü maddəsi). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Birinci instansiya məhkəməsi İmran Məmmədova təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-178.2.4-cü maddəsi ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar