Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-100/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə məhkum edilmələrinə dair Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 saylı hökmü ilə, xx.xx.1991-ci il tarixdə Qəbələ rayonunun Laza kəndində аnаdаn оlmuş, orta təhsilli, subay, çoban işləyən, əvvəllər məhkum оlunmаmış, Qəbələ rayonunun Zarağan kəndində qydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 23 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, iş üzrə maddi sübut kimi tanınan və Şahid1 saxlanılan 08 baş qoyun zərəçəkmiş şəxs, həm də mülki iddiaçı X1 verilməsi, Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi, mülki iddianın təmin edilməsi və Təqsirləndirilən şəxs 5920 manat pul alınaraq zərərçəkmiş şəxs, həm də mülki iddiaçı X9 ödənilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ki, ona görə ki, o, 01 aprel 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən, Ucar rayonu Xələc kənd sakini X9 məxsus ferma təsərrüfatında çoban işləyərkən sonuncu tərəfindən ona təhvil verilərək etibar edilmiş 167 baş ana qoyun, 60 baş quzu, 41 baş keçi, 19 baş çəpiş, 30 baş iribuynuzlu inək və 7 baş camış heyvandan 57 baş xırdabuynuzlu heyvanı ( 32 baş ana qoyun, 25 baş quzu olmaqla) gizli olaraq fermadan götürüb müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satıb talamaqla mənimsəmək qərarına gəlmiş, bu məqsədlə, o, həmin qoyunlardan 2 baş qoyunu 20 avqust 2021-ci il tarixdə saat 12 radələrində Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən fermadan gizli olaraq çıxarıb taksi fəaliyyəti ilə məşğul olan Şahid3 məxsus “VAZ 2107 markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib hər biri 140 manat məbləğində olmaqla, 280 manata, 2 baş qoyunu 23 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində hər biri 80 manat məbləğində olmaqla, 160 manata, 4 baş qoyunu 26 avqust 2021-ci il tarixdə saat 13 radələrində hər biri 100 manat məbləğində olmaqla, 400 manata və 1 baş qoyunu 30 avqust 2021-ci il tarixdə saat 14 radələrində 100 manata, ümumilikdə 9 baş qoyunu 940 manat məbləğində cinayətin törədilməsindən məlumatı olmayan Zərdab şəhər sakini Şahid1 sataraq, yenə vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində həmin fermanın ərazisindən 17 baş qoyunu gizli olaraq Qəbələ rayon sakini Şahid2 məxsus «FORD» markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib hər biri 100 manat məbləğində olmaqla, ümumilikdə 1700 manata Şahid2 sataraq, yenə də vahid niyyətlə 01 aprel 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilə bilməyən tarixlərdə çoban işlədiyi Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən ferma təsərrüfatından hər birinin dəyəri 140 manat məbləğində olan 31 baş qoyunu, şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsə (şəxslərə) sataraq, xeyli miqdarda ziyan vurmaqla ümumilikdə ona etibar edilmiş, orta bazar qiyməti 7980 (yeddi min doqquz yüz səksən) manat olan 57 baş xırdabuynuzlu heyvanı mənimsəyərək talamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində göstərmişdir ki, vurduğu ziyanı ödəmək üçün təklif etdiyi müxtəlif variantların heç birisini hakim qəbul etməmişdir, barəsində çıxarılmış hökm ədalətsizdir. Təqsirləndirilən şəxs müdafiəçisi X5 verdiyi apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmünün dəyişdirilməsini dəyişdirilərək ona Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X16 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona həbslə bağlı olmayan cəza verilsin. Qanunvericiliyin tələblərinə görə dəymiş ziyanın 25 faizini dövlət nəfinə ödəmək imkanı yoxdur. Qeyd edilən məbləği ödəyə bilməməsi nəzərə alınsın. Vurulmuş ziyanı yaxınları və tanımadığı şəxslər köməklik edərək ödəmişlər. Müdafiəçi X16 əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi qalmamışdır. Eyni zamanda maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişərək onun barəsində minimum həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında çıxış edən zərərçəkmiş şəxs X13 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışlar. Barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında çıxış dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri X3 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli və Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əslən Qəbələ rayonunun Laza kəndindən olmaqla həmin rayonunun Zarağan kəndində pasport qeydiyyatındadır. 01 aprel 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən hazırkı iş üzrə zərərçəkmiş şəxs Şahlar Ağayevə məxsus fermada çoban işləyərək xırda buynuzlu və iri buynuzlu heyvanlara baxmışdır. Şahlarla yazılı əmək müqaviləsi bağlamadan zəhmət haqqı olaraq hər ay nəğd olaraq 400 manat pula və bir kisə una razılaşmışlar. İşə başlayan zaman Şahlar onun faktiki sərəncamına 167 baş ana qoyun, 60 baş quzu, 41 baş keçi, 19 çəpiş, 30 baş inək heyvanı, 7 baş camış heyvanı təhvil vermişdir. Aralarında yazılı əmək müqaviləsi bağlanmasa da, ona etibar edilmiş heyvanlara qulluq etməyə, onların salamatlığına, say tərkibinin yerində olmasına və s. görə cavabdehliyi öhdəsinə götürmüşdür. 2021-ci ilin avqust ayının axırlarından etibarən mağazalara və ayrı-ayrı şəxslərə, ümumilikdə 10000 manat məbləğində borcu olduğu üçün ona etibar edilmiş qoyunlardan satmağa başlamışdır. Həmin niyyətlə 2021-ci ilin avqust ayında bir dəfə hər biri 140 manatdan olmaqla 2 baş, bir dəfə hər biri 80 manatdan olmaqla 2 baş, bir dəfə hər biri 100 manatdan olmaqla 4 baş, bir dəfə də 100 manata 1 baş qoyun heyvanı, ümumilikdə 940 manata 9 baş qoyunu taksi fəaliyyəti ilə məşğul olan Novruz adlı şəxsə məxsus “VAZ 2107 markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib rayon mərkəzində qəssablıqla məşğul olan Zərdab şəhər sakini Natiq adlı şəxsə satmışdır. Həm Novruza, həm də Natiqə qoyunların özünə məxsus olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə fermadan çıxıb getməyi planlaşdırmış, getməmişdən qabaq yenə də Şahların ona etibar etdiyi qoyunlardan öz nəfinə satmaq qərarına gəlmişdir. Bu məqsədlə Qəbələ rayon Zərgərli kənd sakini Mirpaşa adlı tanışına zəng edərək, satlıq qoyunu olduğunu bildirib Zərdab rayonuna gəlməsini xahiş etmişdir. Təxminən saat 23 radələrində Mirpaşa özünə məxsus ağ rəngli «FORD» markalı, ** UT *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onun dediyi yerə, yəni Şahlara məxsus fermaya gəlmişdir. O, fermadan 17 baş qoyunu Mirpaşaya məxsus «FORD» markalı avtomobilə yükləyib hər birini 100 manatdan olmaqla, ümumilikdə 1700 manata Mirpaşaya satmışdır. Mirpaşa həmin 17 baş qoyunun ona məxsus olmadığını bilməmişdir. O, Mirpaşaya həmin fermadan işdən çıxdığını və ona görə də özünə məxsus qoyunları satdığını bildirmişdir. Onun lap əvvəldən Şahların qoyunlarını mənimsəyərək, satmaq fikri olmamış, bu fikir onda fermada işləməyə başlayandan sonra yaranmışdır. Şahlar vaxtaşırı gəlib heyvanları saymadığı üçün onun öz məqsədləri üçün qoyunları satmağından xəbəri olmamışdır. Yalnız qohumu üçün qurbanlıq qoyun götürməyə gələrək, qoyunu özü seçəcəyini bildirib qoyunlara baxdıqda az olduğunu bildirdikdə Şahlara qoyunların bölük düşüb deyib, atla o tərəf-bu tərəfə çaparaq guya qoyunları axtarmış və sonda Şahların yanına gələrək qoyunları tapa bilmədiyini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə fermadan çıxıb gedərkən fermada 60 baş quzudan 9 başı, 167 baş ana qoyundan 79 baş ana qoyun qalmışdır. Bir-iki gün sonra Şahlar fermaya gəlmiş və 57 baş xırdabuynuzlu heyvanların olmaması ilə bağlı akt tərtib olunmuşdur. O. özü də həmin aktı imzalamışdır. 31 baş xırdabuynuzlu heyvanın əksik olmasından onun məlumatı olmamışdır. Əslində Şahlar ölmüş heyvanları da həmin saya qataraq ümumilikdə 57 baş xırdabuynuzlu heyvanının onun tərəfindən talandığını bildirmişdir. Həmin hissədə özünü təqsirli bilmir. Hazırda törətdiyi əmələ görə, yəni Şahların ona etibar etməsinə rəğmən onun etibarından sui-istifadə edərək xırdabuynuzlu heyvanlarının bir qismini öz məqsədləri üçün sataraq mənimsədiyi üçün peşmandır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, özü Ucar rayonu Xələc kəndində yaşayır. Zərdab rayonu Qoşaoba kəndi ərazisində ferması vardır. Həmin fermada iri və xırdabuynuzlu buynuzlu heyvan saxlamaqla məşğuldur. 01 aprel 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək heyvanlara hazırkı Təqsirləndirilən şəxs baxmışdır. Orxanla zəhmət haqqı olaraq hər ay nəğd olaraq 400 manat pula və bir kisə una razılaşmışlar. İşə başlayan zaman Orxanın faktiki sərəncamına 167 baş ana qoyun, 60 baş quzu, 41 baş keçi, 19 çəpiş, 30 baş inək heyvanı, 7 baş camış heyvanı təhvil verilmişdir. Orxan ona etibar edilmiş heyvanalara qulluq etməyə, onların salamatlığına, say tərkibinin yerində olmasına və s. görə cavabdehliyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə, o, heyvanların vəziyyəti ilə maraqlanmaq, həm də bir baş qurbanlıq qoyun götürmək üçün fermaya getmişdir. Orxan ona heyvanların çöl sahədə olduğunu, lazım olan bir ədəd qurbanlıq qoyunu özü gedib gətirə biləcəyini demiş, o, razı olmamış və piyada qoyunlar olan çöl sahəyə gedəcəyini deyib Orxanla birlikdə qoyunların otladığı yerə getmişlər. O, qoyunları görən kimi təxminən yarısının əskik olduğunu hiss etmiş, qoyunları sayanda 32 baş ana qoyun və 25 baş quzuların əskik olduğunu bilmişdir. Bu barədə soruşduqda Orxan əvvəlcə qoyunların bölük düşə biləcəyini demiş, atı minib o tərəf-bu tərəfə çaparaq axtarmaq görüntüsü yaradıb, qayıtdıqda tapa bilmədiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Orxan qoyunlardan 9 başını ondan icazə almadan, özbaşına olaraq şəxsi məqsədləri üçün Zərdab şəhər sakini Novruz adlı şəxsin avtomobili ilə aparıb Zərdab şəhərində qəssablıqla məşğul olan Natiq şəxsə, 17 baş qoyunu isə Qəbələ rayon sakini olan Mirpaşa adlı şəxsə sataraq mənimsəmişdir. O, qoyunlarının Orxan tərəfindən talanması barədə xalası oğlu və həmkəndlisi Şahid5 və Zərdab rayonu Dəliquşçu kəndində yaşayan qohumu Şahid4 xəbər verərək birlikdə fermaya getmişlər. Orada Orxanla görüşmüş və 32 baş ana qoyun, 27 baş quzu olmaqla, cəmi 57 baş qoyun heyvanın əskik olması barədə xx.xx.2021-ci il tarixli akt tərtib edərək, imza etmişlər. Doğrudur Orxana təhvil verilmiş heyvanlardan 2021-ci ilin iyul ayında dəqiq tarixini bilmədiyi gündə 64 başını Orxanın öz iştirakı və köməkliyi ilə satmış, 101 baş qoyun qalmış, ikisi isə ölmüşdür. Orxan xx.xx.2021-ci il tarixdə fermadan çıxıb gedərkən fermada 60 baş quzudan 9 başı, 167 baş ana qoyundan 79 baş ana qoyun qalmışdır. Yuxarıda qeyd etdiyi kmi Orxan ona etibar edilmiş 32 baş ana qoyun, 27 baş quzu olmaqla, cəmi 57 baş qoyun heyvanını onun etibarından su-istifadə edərək mənimsəyib talamışdır. Nəticədə Orxan ona 57 baş qoyun heyvanına görə bir başının orta bazar qiyməti 140 manatdan olmaqla 7980 manat dəyərində maddi ziyan vurmuşdur. Çətinliklə də olsa Orxandan 800 manat nəğd şəkildə ala bilmişdir. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Natiq adlı şəxsə təhvil verilmiş biri 140 manatdan olmaqla 9 baş qoyunun da məhkəmə baxışının sonunda ona qaytarılacağını nəzərə alıb hazırda təqsirləndirilən şəxsə qarşı 5920 manat məbləğində mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Uzun çəkən məhkəmə prosesi boyunca dəfələrlə məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, təqsirləndirilən şəxs ziyanın ödənilməsini təmin etməmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin sərt şəkildə cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid1 ifаdəsində göstərmişdir ki, yaşadığı Zərdab rayonu Qoşaoba kəndi ərazisində özünün qəssab dükanı vardır. Həmin dükanda iribuynuzlu və yaxırdabuynuzlu heyvanları alıb kəsibsatmaqla məğuldur. 2021-ci ilin avqust ayının axırlarında bir neçə dəfə Zərdab rayon sakini Novruzun taksi kimi istifadə etdiyi avtomobillə sonradan Qəbələ rayon sakini kimi tanıdığı hazırkı iş üzrə təqsirləndirilən Orxan adlı şəxs qoyun gətrərək ona satmış, o, da pulunu vermşdir. Ümumilikdə Orxan ona 9 baş qoyun satmışdır. O, həmin qoyunlardan birini kəsib satmış, biri ölmüş, qalan 7 baş qoyunu isə həyətindədir. Həmin qoyunların hər birini 150 manata almışdır. Hər dəfə Orxan ona demişdir ki, heyvanlar onun özünüküdür. O, bilsəydi ki, Orxan fermanın sahibinin qoyunlarını satır, həmin heyvanları almazdı. Orxan qoyunları ona ucuz verməmiş, çalışmışdır ki, qiymətini aşağı salsın, mümkün olmamışdır. Əgər Orxan qoyunları dəyərindən xeyli aşağı satsaydı, bəlkədə şübhələnərdi. Lakin, Orxan həmin qoyunları ona bazar qiymətinə satmışdır. O, isə bazara gedib almaqdansa həyətinə gətirildiyndən daha asan olduğundan qoyunları Orxandan almışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid2 ifаdəsində göstərmişdir ki, Qəbələ rayonunun Zərgərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Özünə məxsus «FORD» markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomaşını var. Həmin avtomaşınla mal-qara alveri ilə məşğuldur. Qəbələ rayon sakini olan hazırkı Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. xx.xx.2021-ci il tarixdə günün ikinci yarısında Orxan telefonla ona zəng edərək demişdir ki, «qoyunum var satıram, ala bilərsənmi?» O da razılaşaraq, gecə təxminən saat 23 radələrində Orxanın dediyi yerə, yəni fermaya gəlmiş, fermada Orxan onun köməkliyi ilə 17 baş qoyunu onun avtomaşınına yükləmişdir. Orxana hər bir qoyuna görə 100 manatdan, cəmi 1700 manat pul vermişdir. Orxan və arvadı da onun maşınına minərək, Ucar rayonuna kimi olunla getmiş, yolda düşmüşlər. O, isə həmin qoyunları Ağdaş bazarına aparıb, orada hər birini orta hesabla 112 manata tanımadığı şəxsə satmışdır. Həmin qoyunlardan ona 204 manat qazanc qalmışdır. Həmin vaxt, o, sözügedən qoyunların başqasına məxsus olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, sən demə qoyunlar ferma sahibinə məxsus imiş və Orxan ferma sahibinin etibarından sui-istifadə edib mənimsəyərək ona satmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid4 ifаdəsində göstərmişdir ki, özü də Zərdab rayonu Dəliquşçu kəndində təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxsin atası ilə yaxın münasibəti vardır, zərərçəkən şəxs Şahlar Ağayev isə xalası nəvəsidir. Şahların da Zərdab rayonu Qoşaoba kəndi ərazisində ferması vardır və həmin fermada iri və xırdabuynuzlu buynuzlu heyvan saxlamaqla məşğuldur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heyvanlara Təqsirləndirilən şəxs baxmışdır. Orxan ona etibar edilmiş heyvanalara qulluq etməyə, onların salamatlığına, say tərkibinin yerində olmasına və s. görə cavabdehliyi öhdəsinə götürmüşdür. Şahların ona deməsinə görə xx.xx.2021-ci il tarixdə, o, heyvanların vəziyyəti ilə maraqlanmaq, həm də bir baş qurbanlıq qoyun götürmək üçün fermaya getmişdir. Orxan ona heyvanların çöl sahədə olduğunu, lazım olan bir ədəd qurbanlıq qoyunu özü gedib gətirə biləcəyini demiş, lakin Şahlar razı olmamış və Orxanla birlikdə qoyunların otladığı yerə getmişlər. O, qoyunları sayanda 32 baş ana qoyun və 25 baş quzuların əskik olduğunu bilmişdir. Bu barədə soruşduqda Orxan əvvəlcə qoyunların bölük düşə biləcəyini demiş, atı minib o tərəf-bu tərəfə çaparaq axtarmaq görüntüsü yaradıb, qayıtdıqda tapa bilmədiyini demişdir. Şahlar qoyunlarının Orxan tərəfindən talanması barədə özünün xalası oğlu Şahid5 və ona xəbər verərək birlikdə fermaya getməsini xahiş etdiyi üçün birlikdə fermaya getmişlər. Orada Orxanla görüşmüş və 32 baş ana qoyun, 27 baş quzu olmaqla, cəmi 57 baş qoyun heyvanın əskik olması barədə xx.xx.2021-ci il tarixli akt tərtib edərək, imza etmişlər. Həmin vaxt Orxan qoyunlardan 9 başını Zərdab şəhər sakini qəssab Şahid1, 17 başını Qəbələ rayon sakini Mirpaşa adlı şəxsə satdığını etiraf etmişdir. Qalanları barədə isə heç bir izahat verə bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid5 ifаdəsində göstərmişdir ki, Ucar rayonu Xələc kəndində yaşayır. X14 onun xalası oğludur, təqsirləndirilən şəxsi isə əvvəllər tanımamışdır. Şahlarnn Zərdab rayonu Qoşaoba kəndi ərazisində ferması vardır və həmin fermada iri və xırdabuynuzlu buynuzlu heyvan saxlamaqla məşğuldur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heyvanlara Təqsirləndirilən şəxs baxmışdır. Orxan ona etibar edilmiş heyvanalara qulluq etməyə, onların salamatlığına, say tərkibinin yerində olmasına və s. görə cavabdehliyi öhdəsinə götürmüşdür. Şahların ona deməsinə görə xx.xx.2021-ci il tarixdə, o, heyvanların vəziyyəti ilə maraqlanmaq, həm də bir baş qurbanlıq qoyun götürmək üçün fermaya getmişdir. Orxan ona heyvanların çöl sahədə olduğunu, lazım olan bir ədəd qurbanlıq qoyunu özü gedib gətirə biləcəyini demiş, lakin Şahlar razı olmamış və Orxanla birlikdə qoyunların otladığı yerə getmişlər. O, qoyunları sayanda 32 baş ana qoyun və 25 baş quzuların əskik olduğunu bilmişdir. Bu barədə soruşduqda Orxan əvvəlcə qoyunların bölük düşə biləcəyini demiş, atı minib o tərəf-bu tərəfə çaparaq axtarmaq görüntüsü yaradıb, qayıtdıqda tapa bilmədiyini demişdir. Şahlar qoyunlarının Orxan tərəfindən talanması barədə ona və uzaq qohumu olan Allahverdi Qəhramanova xəbər verərək birlikdə fermaya getməsini xahiş etdiyi üçün birlikdə fermaya getmişlər. Orada Orxanla görüşmüş və 32 baş ana qoyun, 27 baş quzu olmaqla, cəmi 57 baş qoyun heyvanın əskik olması barədə xx.xx.2021-ci il tarixli akt tərtib edərək, imza etmişlər. Həmin vaxt Orxan qoyunlardan 9 başını Zərdab şəhər sakini qəssab Şahid1, 17 başını Qəbələ rayon sakini Mirpaşa adlı şəxsə satdığını etiraf etmişdir. Qalanları barədə isə heç bir izahat verə bilməmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünаslıq ekpertizаsının xx.xx.2021-ci il tarixli, 9/7737 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, malheyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, diri çəkisi 28 kq, təmiz ət çəkisi 14 kq olan qoyunun 2021-ci ilin avqust-sentyabr aylarında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140 manat müəyyən edilir. Cinayət işində olan “əmlakın üzərinə həbs qoyulması haqqında” Zərdab Rayon Məhkəməsinin 5(035)-59/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Zərdab rayon prokuroru Zaur Əliyevin təqdimatı təmin edilərək, ********* nömrəli (hazırkı) cinayət işi üzrə X9 məxsus Təqsirləndirilən şəxs tərəfindən özbaşına götürülərək Şahid1 satmış olduğu və hazırda Şahid1 tövləsində olan 8 (səkkiz) baş qoyunların üzərinə cinayət işi üzrə istintaq başa çatanadək həbs qoyulması qərara alınmışdır. Cinayət işində olan Lətifov Şahid Sahib oğlu və X4 (polis əməkdaşları), X13 və Şahid1 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, ********* nömrəli (hazırkı) cinayət işi üzrə Zərdab Rayon Məhkəməsinin 5(035)-59/2021 saylı, xx.xx.2021ci il tarixli qərarına əsasən X9 məxsus olan Təqsirləndirilən şəxs tərəfindən özbaşına götürülərək Şahid1 satılmış və sonuncunun həyətində müəyyən edilmiş 8 (səkkiz) baş qoyun heyvanlarının itintaq qurtaranadək saxlanması Şahid1 həvalə edilmiş və Azərbaycan Respublikası CM-nin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ona izah edilmişdir. Cinayət işində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs X9 məxsus olan fermadan gizli talayaraq Şahid1 satmış olduğu və məhkəmənin qərarı ilə üzərinə həbs qoyularaq Şahid1 məxsus tövlədə saxlanca verilmiş 8 (səkkiz) baş qoyun heyvanları iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixli qərarla MSY-dən azad edilmişdir. Cinayət işində olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fizuli Əliyev tərəfindən verilmiş 714 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X13 Təqsirləndirilən şəxs qarşı maddi zərərə görə 5920 manat məbləğində pul tələbinə dair iddia qaldırmışdır. Cinayət işində olan “vəsatətə baxılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X9 məxsus 57 baş deyil, 26 baş qoyun heyvanını mənimsəməsi barədə vəsatəti rədd edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Öz növbəsində məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, hazıkı mərhələdə zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab etməklə cəzanın məqsədlərinə uyğun bilmir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarnı, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı zərərçəkmiş şəxs X13 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7960 manat tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Onun bağışlanmasını və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında da çıxış edən zərərçəkmiş şəxs X13 bildirdi ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışlar. Barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xаrаkterizə оlunur; İkincisi o, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə aradan qaldırılaraq onunla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Dördüncüsü, təqsirləndirilən şəxs ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onu gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Altıncısı, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi göstərildiyi halda, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəsə də, yalnız cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək üçün maddi imkanı yoxdur. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün və 23 dekabr 2022-ci il tarixdən bugünədək, yəni 09 mart 2023-cü il tarixədək həbsdə olduğu 2(iki) ay 14 (on dörd) gün, cəmi 2(iki) ay 16(on altı) gün müddət 1(bir) günə 2(iki) gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(035)-17/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-100/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-100/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver