Məhkəmə qərarları › İş №1(107)-108/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-108/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-108/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)- 29/2020 saylı qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1991-ci ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum оlunmаyаn, Zərdab rayon Kommunal Müəssisələri Kombinatında fəhlə işləyən, Zərdab rayonu Gəlmə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qаnuni qüvvəsini аlаnаdək dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə keçirilməsi, iş üzrə maddi sübut kimi tanınan « JAC » mаrkаlı, ** JA *** dövlət qeydiyyat nişanlı məişət tullantıları daşıyan avtomobilin Zərdаb rаyоn Kоmmunаl Müəssisələri kоmbinаtının direktoru N.Hüseynova təhvil verilməsi nəzərə alınması, Zərərçəkmiş şəxs оğluna Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydadında iddia vermək hüququnun olduğu izah edilməsi, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya şöbəsinə tapşırılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin hökmdən аpellyаsiyа şikаyəti vermiş, həmçinin аpellyаsiyа şikаyəti verilməsi üçün qаnunlа müəyyən edilmiş prоsessuаl müddətin bərpаsına dair vəsatətlə məhkəməyə mürаciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hökm təqsirləndirilən şəxsə gec çatmış, bu səbədən o, vaxtında apellyasiya şikayət verə bilməmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 1(035)-29/2020 nömrəli hökmündən apellyаsiyа şikаyətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)-29/2020 saylı qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X2 izahat və çıxışlarında Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(035)- 29/2020 saylı qərarının ləğv edilməsini və həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən məhkum Təqsirləndirilən şəxs, dövlət ittihamçısı X5 və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkumun apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin hökmü xx xxxxxx 2020ci il tarixdə elan olunmuş, hökmün surəti artılaraq cinayət prosesinin tərəflərinə, eləcə də tərəf olan Təqsirləndirilən şəxs təqdim edilmiş, onun həmin məhkəmə aktını almasına dair xx xxxxxx 2020-ci il tarixli qəbz iş materiallarına əlavə edilmişdir. Həmçinin məhkəmənin qeyd edilən hökmdə Təqsirləndirilən şəxs hökmün sürətini aldığı gündən 20 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verə bilməsi hüququ izah edilmişdir. İş materiallarından görünür ki, sözügedən hökm xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən məhkəmə iclasında elan edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən təqdim edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə Zərdab poçt filialına (zərfin üzərindəki poçt möhrünə əsasən) təqdim edilmiş və xx.xx.2020-ci il tarixdə poçt (zərfin üzərindəki poçt möhrünə əsasən) vasitəsi ilə Zərdab Rayon Məhkəməsinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmamışdır. O, vəsatətdə vaxtında apellyasiya şikayəti verə bilməməsini göstərsə də, şikayəti vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzürlü səbəbdən baş verməsini əsaslandıra bilməmiş, əksinə bu, iş materiallarında olan, onun özü tərəfindən icra edilmiş qəbzlə təkzib olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs vaxtında apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin, o, qanunla müəyyən olunmuş müddətdə, yəni hökmün elan olunduğu andan 20 gün ərzində apellyasiya şikayətini verməmişdir. Azərbaycan Respublikası CPM-nin 506.0 və 506.0.1-ci maddəsinə görə hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası birədə dərhal göstəriş verməlidir. Həmin Məcəllənin 508.1-ci maddəsinə görə müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. Cinayət işinin materiallarından görünür ki, barəsində apellyasiya şikayəti verilən hökm xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, məhkum Təqsirləndirilən şəxs sözügedən hökmdən elan olunduğu andan 20 gün müddətində şikayət verməli olduğu halda, qanunun həmin tələbinə əməl etməmiş, vaxtında deyil, 10 gün sonra şikayət vermişdir. Nəticədə hökm qanuni qüvvəsini almış və hökm icraya yönəldilmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 1(035)-29/2019 saylı, xx xxxxxx 2020ci il tarixli hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Həqiqətən də, məhkum Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermək qərarına gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilmə müddətini ötürməsini hökmün surətinin ona gec təqdim edilməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası məhkumun bu mülahizələrini əsaslı və müddətin bərpası üçün yetərli hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar