Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-111/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, оrta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsilə təqsirli bilinib bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-29/2018 nömrəli hökmü ilə təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan bir ay iyirmi beş gününün hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq ona bir il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun ibtidai istintaq dövründə həbsdə olduğu iki günün CM-in 69.3-cü maddəsinə əsasən, nəzərə alınmaqla üzərində qəti olaraq bir il səkkiz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması, bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniya xəstəliyindən məcburi müalicənin təyin edilməsi, onun narkoloji kabinetdə qeydiyyata alınması, ondan götürülmüş, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd kağız paketdə olan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,292 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi Ucar RPŞ-də saxlanılan 01 ədəd bozumtul-ağ rəngli cins şalvarın sahibi Təqsirləndirilən şəxs qaytarılması, ondan 71,94 manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, hökmün maddi sübut olan psixotrop maddənin məhv edilməsi, maddi sübut olan cins şalvarın sahibinə qaytarılması və məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrasının Ucar Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, ona məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manatın ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının axırlarında naməlum mənbədən sаtış məqsədi olmadan dövriyyəsi qаdаğаn edilmiş metаmfetаmin аdlı psixоtrоp mаddə əldə edərək sаxlаmış, xx xxxxxx 2020-ci il tаrixdə, sааt 22 rаdələrində Ucаr şəhəri, Nizami küçəsində Ucаr RPŞ-nin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində sаxlаnıldıqdаn sоnrа Ucar RPŞ-yə gətirilib üzərində şəxsi аxtаrış аpаrılаn zаmаn əynində оlаn bozumtul-ağ rəngli cins şalvarın sağ yаn cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,311 qram və cibində açıq vəziyyətdə saxladığı təmiz çəkisi 0,061 qrаm olmaqla, ümumi təmiz çəkisi 1,372 qrаm Аzərbаycаn Respublikаsının ərаzisində dövriyyəsi qаdаğаn edilən psixоtrоp mаddələrin siyаhısınа dаxil оlаn metаmfetаmin аşkаr оlunаrаq götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti himayəsində iki azyaşlı övladının olması, həyat yoldaşının işləməməsi, ailədə yeganə qazanc gətirən şəxs olması, tutduğu əməldən çox peşman olması, cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, məni evdən çıxarıb polis şöbəsinə aparıblar. Narkotiki cibimə yolda qoyublar. Mənim qanımdan analiz götürülməyib, heç nə sübut edilməyib. Mən 2015-ci ildə narkotikdən istifadə etmişəm, bundan ötrü cəzamı da çəkmişəm. Ailə vəziyyətimlə bağlı müalicədən üç günlük buraxılmışam. Necə olur ki, müalicədən gələn insana bir gün içində məcburi müalicə tətbiq oluna bilər? Əvvəlllər məhkum olunmuşam, danmıram, əvvəl etmişəm boynuma alıram. Amma indi haqsız yerə məni tutublar. Üzərimdən narkotik vasitə aşkar edilməyib. Mən video çəkiliş zamanı verilən suala cavab olaraq demişəm ki, sellofan büküm mənim cibimdən çıxdı, amma onu cibimə siz qoymusuz. Videoda isə dediklərimin ardı yoxdur. Məhkəmədən onu xahiş edirəm ki, bircə tək anam qalıb mümkündürsə cəzam azaldılsın. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda apellyasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Lakin hökmdə qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər də CM-in 234.2-ci maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş yenidən qəsdən həmin cinayəti törətmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əməlində residivin olmasını nəzərə alaraq ona cəza təyin etmişdir. Cinayət qanunvericiliyin tələblərinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilən zaman cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti nəzərə alınaraq ona ən aşağı həddə cəza təyin edilmişdir. Apellyasiya şikayəti əsassızdır. Ona görə onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında və apellyasiya şikayətində təqsirli olduğunu bildirsə də, hazır ki, çıxışında bu məsələləri mübahisələndirərək bildirir ki, narkotik vasitə ona məxsus olmayıb, onun cibinə qoyulub. Psixi təsirlərə məruz qaldığından həmin cinayəti etiraf etmək məcburiyyətində qalmışdır. Hesab edirəm ki, onun əməlində ümumiyyətlə cinayət tərkibi yoxdur. Onun cinayət törətməsi qanunla nəzərdə tutulmuş qaydada sübut edilməyib. Ona görə də hökmün ləv edilərək, Təqsirləndirilən şəxs barədə bəraət hökmünün çıxarılmasını xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən, məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-29/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 7(010)-129/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün X5 müəssisəsinə keçirilmşdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı X5 Müəssisəsinin xx xxxxxxx 2020-ci il tarixli 17/44-569 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ailəsi ilə görüşmək üçün ərizə ilə müraciət etmiş və ona üç günlük ünvan 1 ünvanına getməsinə icazə verilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2018-ci il, cəzasının sonu xx xxxxxx 2021-ci ildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM, mad. 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM, mad. 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş bir il səkkiz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı da islah təsiri baxımından əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Cinayət işində olan DİN-in BƏSİİ-nin məlumatından, habelə hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq aylıq qazancının on beş faizi dövlət büdcəsinə tutulmaqla, bir ili altı ay altı gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, X1 Ucar RPŞ-nin rəisinə yazılı ərizə (i. v. 104) ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə oğlum Roman evimizdə hər gün münaqişə yaradır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ailə üzvlərinə, anasına qarşı münasibəti belə qənaətbəş deyil. Bundan əvvəl üç dəfə məhkum edilmiş, cəza almış, lakin cəzanın islah təsirindən nəticə çıxarmamış, yenidən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasına əsasən, bu cinayət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Təqsirləndirilən şəxsə isə ittiham olunduğu maddə ilə bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək hökmlərin məcmusu üzrə bir il səkkiz ay iyirmi səkkiz gün müddətə qəti cəza təyin olunmuşdur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunmuş bu cəza cəzanın islah təsiri baxımından qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İİ siyahısının 67-ci bəndinə əsasən, metamfetamin psixotrop maddədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 1,372 qram) hesab olunan psixotrop maddə metamfetamin istifadə etməklə törəməsi əməlin cəmiyyət üçün hər zaman xüsusi təhlükəli əməl kimi qalması, bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı (CM-in 234.2-ci maddəsi) cinayət törətməsi və məhkumluğunun ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi, əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs apellyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Təqsirləndirilən şəxs apelyasiya şikayətində ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, narkotiki cibimə yolda qoyublar, heç nə sübut edilməyib. Təqsirləndirilən şəxsin müdafiəçisi isə Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Bununla bağlı araşdırma aparan məhkəmə kollegiyası bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahatından (i. v. 35-36), şübhəli (i. v. 65-69) və təqsirləndirilən şəxs (i. v. 79-82) qismində verdiyi ifadələrində, habelə birinci instansiya məhkəməsində ifadə verərkən (i. v. 268-274) üzərindən aşkar edilmiş narkotik vasitədən özünün istifadə etdiyini, təqsirini etiraf edərək səmimi peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, birinci instansiya məhkəməsində dindirilmiş və ifadələri məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şаhidlərin ifаdələri, ekspert rəyləri, həmçinin iş üzrə tоplаnmış digər sübutlarla tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs indiyədək hər hansı təzyiqə məruz qalması, polis tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməsi, polis əməkdaşları tərəfindən cibinə natkotik vasitə qoyulması ilə bağlı heç bir fikir səsləndirməmiş, şikayət və ya narazılıq etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında səsləndirdiyi həmin fikirlər özünümüdafiə xarakteri daşımaqla heç bir həqiqəti əks etdirmir. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-111/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-111/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver