Məhkəmə qərarları › İş №1(107)-112/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-112/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-112/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)- 63/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işəaçıq məhkəməiclаsındа bаxаrаq müəyyən etdi: X12 Məhkəməsinin (hakimlər X9 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Laçın rayonunun Arduşlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində biri azyaşlı olmaqla üç övladı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Laçın rayonunun Arduşlu kəndində qeydiyyatda olmaqla Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən İnternat məktəbinin yataqxanasında məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutların (01 ədəd mavi rəngli cins materialdan olan şalvar və 01 ədəd təsərrüfat təyinatlı balta) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları: X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 23:30 radələrində yaşadığı Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən “İnternat” adlanan orta məktəbin yataqxanasının birinci mərtəbəsinin dəhlizində orta dərəcəli sərxoş vəziyyətdə həmin yataqxanada yaşayan qonşusu, əvvəllər də həmin ünvanda onu döyüb xəsarət yetirdiyinə görə qərəzli münasibətlərdə olduğu, xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş vəziyyətdə onun yaşadığı evin giriş qapısını açaraq ailə üzvlərinin yanında ünvanına “sən kişi deyilsən, peysərsən, məni yolda qoyub qaçdın” və sair kimi nalayiq ifadələr işlətməklə təhqir etdiyindən Raminə irad tutub dəhlizdə gözləməsini tələb etsə də, sonuncu yenidən qanunsuz hərəkətlərini davam etdirərək daha kobud nalayiq ifadələr işlətməklə onun sözlərinə məhəl qoymadığından aralarında yataqxananın dəhlizində davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək məqsədi ilə yaşadığı mənzilə bitişik dəhlizdəki anbardan götürdüyü özünə məxsus təsərrüfat təyinatlı baltanın kəsici hissəsi ilə onun həyat və sağlamlıq üçün təhlükəli olan baş nahiyəsinə ardıcıl olaraq qəsdən 3 dəfə güclü zərbələr endirərək, Zərərçəkmiş şəxs alın sümüyünün sağ gözüstü hissəsində içəri yerdəyişmiş qəlpəli sınığı, alını və sağ üst göz qapağını əhatə edən, sol saidin arxa-bayır aşağı 1/3-nin, sol əlin üst və içəri nahiyəsinin çapılmış yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs əllərini qabağa verməklə həmin balta zərbələrinin öldürücü təsirinin qarşısını alması, səs-küyə hadisə yerinə arvadı və qonşularının çıxmasından sonra Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb uzaqlaşması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə onu öldürməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək sonuncunu öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apelyasiya şikayətində X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-63/2020 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs verilmiş ittihamı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edərək ona həmin maddə ilə ittiham hökmü çıxarılmasını, əməlində olan yüngülləşdirici halları nəzərə alaraq və onun azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün sayaraq təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, eləcə də verilmiş apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya şikayətinin təmin edilməməsini, X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-63/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 126.1-ci maddəsi ilə) təqsirli bilərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, hadisə baş verən gün evdə tək 250 qram spirtli içki qəbul etmiş, qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş olmuş, təxminən saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan əvvəlcə harada olduğunu soruşmuş, onun səsindən sərxoş olması hiss olunduğu üçün evdə olduğunu deyəndə ona çölə çıxmağını, birgə gedib araq almalarını və oturub içmələrini təklif etdiyindən sonuncu ilə razılaşıb evdən çıxmış, yataqxananın önündə Raminlə görüşüb yaxınlıqdakı “Dondurma market” adlı dükana getmiş, qapının girəcəyində dayanıb Ramini gözləmiş, lakin Raminin dükandan çıxmadığını və kassirlə danışmağa davam etdiyini görüb oranı tərk edib yaşadığı evə getmişdir. Təxminən 20 dəqiqə sonra Ramin onun mobil nömrəsinə zəng edərək ona “niyə məni qoyub çıxıb getdin, arağı almışam, gəl içək” dedikdə Raminə yorğun olduğunu, özünü pis hiss etdiyini, odur ki, gələ bilməyəcəyini bildirmiş və dəstəyi asıb telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra anidən qapı açılmış və Ramin bir ayağını içəriyə qoyub ona “sən kişi deyilsən, peysərsən, məni dükanda qoyub qaçdın” demiş, ailə üzvlərinin yanında ona belə xitab etməsi və icazəsi olmadan ailəsinin yaşadığı mənzilə daxil olmasından əsəbləşib ondan çölə çıxmasını tələb etmiş, Ramin çölə çıxanda onunla birgə dəhlizə çıxmış, Ramindən hər ikisinin sərxoş olmasını deyib çıxıb getməsini tələb etdikdə Ramin onu təhqir etməyə davam etdiyindən əsəbləşib yaşadığı mənzildən iki metr aralıda olan dəhlizdəki ümumi istifadədə olan anbara daxil olub özünün təsərrüfat işlərində istifadə etdiyi baltanı götürüb dəhlizə geri qayıtmış və Ramin onun üzərinə gələrək yenidən onu təhqir etdiyi üçün əsəbləşib baltanı yuxarıdan aşağıya doğru, nisbətən çəpinə vəziyyətdə Raminin təpə-sağ gicgah nahiyəsi istiqamətində bir neçə dəfə zərbə endirmiş, Ramin sağ əlini önə tutduğu üçün baltanın kəsici hissəsi birinci dəfə onun sağ əlinin 3-cü və 4-cü barmaqları arasına keçmiş və onun əli barmaqlar tərəfdən ikiyə ayrılmış, daha sonra endirdiyi balta zərbələri isə onun baş nahiyəsinə dəymişdir. Zərbələr nəticəsində Ramin qışqırmağa başlamış və səsə arvadı Kəmalə mənzildən çıxaraq onu evə aparmış, Ramin isə qaçaraq dəhlizdən çıxmışdır. Daha sonra əməlindən peşman olmuş və Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib bu barədə məlumat verdiyindən Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onu polis şöbəsinə aparmışlar. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunmasını və zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayəti və tələbinin olmamasını, könüllü olaraq polisə təslim olmasını nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları təsdiq edərək ifadəsində həqiqətən də, hadisə baş verən gün sərxoş olduqlarından aralarında yaranmış sözlü mübahisə zamanı bir-birini qarşılıqlı şəkildə nalayiq söyüşlərlə təhqir etdikləri üçün Təqsirləndirilən şəxs balta ilə onun başına bir neçə dəfə zərbə endirdiyini, Təqsirləndirilən şəxs ona balta ilə zərbələr vurarkən əllərini baltanın qabağına tutduğundan əlindən xəsarətlər aldığını, əgər əllərini baltanın qabağına tutmasaydı, həmin zərbələrin baş nahiyəsinə dəyməsi nəticəsində öləcəyini, baş nahiyəsindən xəsarətlər alsa da, əllərini zərbələrin qabağına verdiyindən sağ qaldığını və həmin yerdən uzaqlaşdığına görə Murovun niyyətini başa çatdıra bilmədiyini göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, evləri olmadığından təxminən 2017-ci ilin avqust ayından Qəbələ şəhərində yerləşən İnternat məktəbində məskunlaşıb yaşayırlar. xx.xx.2019-cu il tarixdə təxminən saat 23 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmiş, həmin vaxt onun spirtli içki qəbul etməsini hiss etmiş, lakin kimlə içdiyini bilməmişdir. Təxminən saat 23:30 radələrində yatdığı zaman evlərinin qapısı möhkəm döyüldüyündən yuxudan oyanmış, qonşusu Ramin evlərinin qapısını yarımçıq açıb Murova “sən kişi deyilsən, peysərsən” və sair kimi təhqiredici sözlər işlətmişdir. Bu zaman Murov ona hər ikisinin içkili olduğunu və Ramindən çıxıb getməsini xahiş etmiş, Raminin ardınca Murov da evdən dəhlizə çıxmışdır. Bir neçə dəqiqə sonra isə qışqırıq səsləri eşitmiş, hətta Raminin uca səslə “eləmə, eləmə, vurma, vurma” qışqırdığını eşitmişdir. Daha sonra dəhlizə çıxaraq əri Murova evə qayıtmasını bildirmiş, Murov evə qayıtmış və Murovun əlinin qanlı olmasını görmüşdür. Murov əlini yuyub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş və adam baltaladığını bildirmişdir. Həmin vaxt Murovun Ramini baltalamasını bilmişdir. Təxminən 15-20 dəqiqə sonra İnternat məktəbinin yataqxanasının qarşısına polis işçiləri gəlmiş və Murov polis əməkdaşları ilə getmişdir. Birinci instansiya məhkəməsinin iclasında qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən azyaşlı Şahid2 anası X2 ifadəsinə uyğun ifadə verməklə onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 23:30 radələrində divanda uzanıb televizora baxan zaman qəflətən yataqxananın 1-ci mərtəbəsindən səs-küy eşitmiş, səs-küydən kiminsə dava etməsi hiss olunduğundan dəhlizə çıxmış, ikinci mərtəbədən birinci mərtəbəyə boylananda Murovla Ramin arasında təxminən 1 metr məsafə olduğunu, Murovun Raminin ünvanına nalayiq ifadəli təhqirlər edə-edə üzərinə getdiyini, Raminin isə yola vermək üçün Murova “yaxşı Murov, yaxşı Murov” dediyini, həmin vaxt Murov sağ əlində tutduğu baltanı yuxarıdan aşağıya doğru, nisbətən çəpinə vəziyyətdə Raminin təpə-sağ gicgah nahiyəsi istiqamətində zərbə endirdiyini görmüş, Ramin sağ əlini başına tərəf qaldırıb baltanın qarşısına doğru tutduğundan baltanın kəsici hissəsi onun barmaqları arasına keçmiş və Murov baltanı aşağı endirəndə Raminin üzündən qan axmağa başlamışdır. Ramin zərbənin qarşısını alsa da, baltanın kəsici hissəsi onun sifətinə toxunmuşdur. Ardınca Murovun iki əli ilə tutduğu baltanın kəsici hissəsi ilə Raminin təpə nahiyəsinə 2-ci zərbəni endirdiyini, Ramin isə iki əlini də qabağa verdiyindən baltanın kəsici hissəsinin Raminin sol said nahiyəsinə dəydiyini, Ramin əlini önə verməsəydi, zərbənin onun başına dəyəcəyini görmüşdür. Zərbənin təsirindən Ramin qışqırmağa başlamış, həmin vaxt arvadı Afət dəhlizə çıxaraq onu darta-darta mənzilə tərəf çəkdiyindən Murovun Ramini 3-cü dəfə vurub-vurmamasını görə bilməmişdir. Lakin Raminin yalvararaq “Murov eləmə, Murov eləmə” deyə sözlərini eşitmiş, mənzilə daxil olan vaxt aynadan Raminin qaçaraq binanın çıxışına tərəf getməsini görmüşdür. Ramin hadisə yerindən uzaqlaşdıqdan sonra isə ara sakitləşmiş, heç bir səsküy olmamış, bundan sonra evdən bayıra çıxmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid4, Şahid9, Şahid6 və Şahid8 Şahid7 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində dəhlizdən səs-küy eşitmiş, səslərdən kimlərinsə mübahisə etdiklərini başa düşmüş, maraq üçün qapını azacıq açıb dəhlizə baxan vaxt dəhlizdə mübahisə edənlərin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs olmasını görmüşdür. Onlar mütəmadi dalaşdıqlarından və belə hadisələrin çox şahidi olduğundan, eləcə də onların mübahisə və dava-dalaş etmələrindən qorxub tez qapını bağlamış, evdə olarkən qəflətən Raminin səsinə oxşar səsin bərkdən qışqırdığını və yalvarış səslərini eşitmişdir. Təzyiqi olduğundan və qulağı zəif eşitdiyindən Raminin nə dediklərini başa düşə bilməmiş, lakin onun yalvarıb “eləmə Murov” deməsini eşitmişdir. Sonradan isə səs-küy kəsilmiş, qapıdan baxıb tez bağladığından dəhlizi aydın görə bilməmişdir. Evin içərisində olarkən yataqxanada başqa qonşuların səsinə oxşar səslər eşitdiyindən həmin vaxt qonşulardan kiminsə Murovla Ramini ayırmağa çalışmasını fikirləşmiş, əslində isə qapını açıb baxanda Murovla Ramini görən zaman yanlarında başqa heç kimi görməmişdir. Hadisədən təxminən 1 saat sonra evdən dəhlizə çıxmış, həmin vaxt dəhlizdə heç kim olmamış, amma Murovun yaşadığı evin giriş qapısından dəhlizin həyətə çıxışınadək qan ləkələrinin yerdə yayıldığını, səpələndiyini görmüşdür. Hadisədən bir müddət sonra o, qonşularından Ramin Murovun yaşadığı evə gələrək ailəsinin yanında onu təhqir edib nalayiq ifadələr işlətdiyi üçün balta ilə Raminin başına 3 dəfə vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23:35 radələrində ***-***-**-** nömrəli telefonla Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək evinə gələn bir nəfər şəxsi baltaladığını bildirmişdir (cild 01, iş vər. 05). İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs orta dərəcə sərxoş vəziyyətində olmuşdur (cild 01, iş vər.11). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən İnternat məktəbinə aid yataqxananın sağ girişinin birinci mərtəbəsində yerləşən dəhlizə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs tərəfindən baş nahiyəsinə balta ilə 3 dəfə vurularaq xəsarət aldığı yeri göstərməklə fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 32-33). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması” istintaq hətəkətinin protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs müdafiəçisi və hal şahidlərinin iştirakı ilə könüllü şəkildə Zərərçəkmiş şəxs baş nahiyəsinə Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən İnternat məktəbinə aid yataqxananın sağ girişinin birinci mərtəbəsində yerləşən dəhlizdə ardıcıl olaraq 3 dəfə balta ilə zərbə vurduğu yeri öz təşəbbüsü ilə əyani şəkildə istintaq hərəkətinin iştirakçılarına göstərmiş, fotoşəkillər çəkilərək istintaq hərəkəti protokoluna əlavə edilmişdir (cild 01, iş vər. 196-202). İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 81 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alın sümüyünün sağ gözüstü hissəsində içəri yerdəyişmiş qəlpəli sınığı, alını və sağ üst göz qapağını əhatə edən, sol saidin arxa-bayır aşağı 1/3-nin, sol əlin üst və içəri nahiyəsinin çapılmış yaraları kimi xəsarətləri vardır. Həmin xəsarətlər iti kəsici-çapıcı alətin (əşyaların) təsirindən müayinə olunanın göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə baltanın kəsici-çapıcı hissəsinin təsirindən törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir (cild 01, iş vər. 39- 41). İş materiallarında olan “Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs ona balta ilə zərbə vurduğu üçün aldığı bədən xəsarəti nəticəsində üst-başının qanlı olduğunu, həmin gün əynində olan köynəyin ailə üzvləri tərəfindən yuyulduğunu, lakin şalvarının qanlı vəziyyətdə yaşadığı evdə olduğunu bildirmiş və həmin şalvarı könüllü surətdə istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi həmin şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək maddi sübut kimi tanınmışdır (cild 01, iş vər. 69-74). İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında” qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs ona balta ilə zərbə vurduğu zaman aldığı bədən xəsarətlərinin fotoşəkillərini çəkdiyini bildirmiş və həmin 10 ədəd fotoşəkilləri könüllü istintaqa təqdim etmişdir. Həmin fotoşəkillər iş üçün əhəmiyət kəsb etdiyindən götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş həmin fotoşəkillərdən göründüyü kimi, Zərərçəkmiş şəxs baş və əl nahiyələrində müxtəlif dərəcəli bədən xəsarətləri olmaqla, sonuncunun əlinə cərrahi əməliyyat yolu ilə çoxsaylı tikişlər qoyulması və başının sarğı olunması müşahidə edilir (cild 01, iş vər. 79-86) İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi sap hissəsi taxta materiallı, sarımtıl rəngli, sap hissəsinin uzunluğu 80 sm, dəmir hissəsinin uzunluğu 17 sm, kəsici hissəsinin uzunluğu 13 sm, küp hissəsinin eni 05 sm, uzunluğu isə 08 sm olan baltanı könüllü şəkildə istintaqa təqdim etmiş, həmin balta iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq götürülmüşdür (cild 01, iş vər. 103-107). İş materiallarında olan 364/2019 MTKŞ nömrəli maddi sübutların məhkəmə tibbikriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilən balta zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir (cild 01, iş vər. 143, 273-276). İş materiallarında olan 539/2019 MTBŞ nömrəli maddi sübutların məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B/İİİ/. Ekspertizaya təqdim edilmiş bir ədəd şalvar və bir ədəd balta üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız B antigeni alındı. Göstərilən qan ləkələri B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 265-269). İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 517/211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə olunan xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə etmək iqtidarındadır. Həmçinin Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən patoloji və ya fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər olmamışdır (cild 01, iş vər. 282-283, 289291). İş materiallarında olan Qəbələ RPŞ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs yaşadığı mənzilə gələrək onu ailə üzvlərinin yanında nalayiq sözlərlə təhqir etdiyi üçün sonuncu onu balta ilə vurmuşdur. Əməliyyat məlumatlarına əsasən, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəllər də ədavət olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs spirtli içki qəbul etməklə tüfeyli həyat tərzi keçiriblər (cild 02, iş vər. 53). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 23:30 radələrində Qəbələ şəhər İnternat məktəbinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü və onun barəsində tədbir görülməsini xahiş etmiş, Təqsirləndirilən şəxs şikayəti əsasında Qəbələ RPŞ-nin TQ-də toplanmış HK-1/1154 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməklə, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Təqsirləndirilən şəxs ərizə ilə rayon polis şöbəsinə müraciət edərək Zərərçəkmiş şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdiyindən İXM-nin 39.1-ci maddəsinin tələbləri rəhbər tutularaq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişir (cild 01, iş vər. 242-245). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən təsərrüfat təyinatlı baltanın kəsici hissəsi ilə zərərçəkmiş şəxsin məhz baş nahiyəsinə yönələn bir neçə zərbənin endirilməsi, yəni yetirilən xəsarətlərin sayı və lokalizasiyası onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məqsədi həmin anda Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti və hadisə yerindən qaçaraq yayınması nəticəsində sonuncunun cinayəti başa çatdırmaqdan ibarət niyyəti baş tutmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək məqsədilə vurmaması barədə ifadəsi özünü müdafiə xarakterli olmaqla işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ona istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiya şərtləri ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materialları Təqsirləndirilən şəxs qarşı CM-in 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın işin həqiqi (faktiki) hallarına uyğunluğuna dəlalət edir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 29,120.1-ci maddəsi ilə tövsif etməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxsəməli CM-in 29,120.1-ci maddəsinədüzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, onun cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına hadisədən sonra mlumat verməklə özünü polis əməkdaşlarına təslim etməsini CM-in 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşmançılığını, məcburi köçkün olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Habelə, CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında (9-cu bəndin 3-cü abzası) göstərilir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi CM-in 60 və 63.3-cü maddələrinin müddəalarına uyğun olaraq ona 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyаsının qənаətincə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəzanın növü və həddi CM-in istinad edilən mаddələrinin tələbləri baxımından törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə, cəzaya təsir edən amillərə və cəzanın məqsədlərinə, habelə zərərçəkmiş şəxsin mənafeyinə uyğun olmuş, ona təqsirli bilindiyi CM-in 29,120.1ci mаddəsinin sanksiyası çərçivəsində qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb bu nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri subyektiv mülahizələrə əsaslanır və işin müəyyən olunmuş faktiki hallarına uyğun deyildir. Apelyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlini CM-in 126.1-ci maddəsinə tövsif etməyə və ya cəzasını daha artıq yüngülləşdirməyə əsas verən hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə də həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum olunmasına dair X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar