Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-114/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 180.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1988-ci ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağsu rayonunun Qaraqşalı kəndində kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun CM-in 177.1-ci maddələsilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun iclas zalından dərhal həbs olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi xx xxxxxx 2020-ci il tarixdən hesablanması, cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə mülkü iddianın olmadığı müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 29 yаnvаr 2020-ci il tаrixdən 05 mаy 2020-ci il tаrixədək оlаn müddət ərzində fəhlə işlədiyi Аğsu şəhəri, M.Ə.Rəsulzаdə küçəsində yerləşən Аbdullаyev Sərxаn Ədаlət оğlunа məxsus «Аtа-İnşааt» tikinti mаteriаllаrı sаtışı mаğаzаsındаn 1 qutu içərisində 50 ədəd hər biri 5 mаnаt оlmаqlа 250 mаnаt dəyərində su krаntlаrını, Аzərbаycаn Respublikаsının istehsаlı 2x4 ml “Yıldız” mаrkаlı 100 metr uzunluğundа, cəmi 1 tоp misdən hаzırlаnmış 80 mаnаt dəyərində оlаn аğ rəngli kаbel nаqillini, bir ədəd 30 mаnаt dəyərində hidrоfоr su nаsоsunu, Аzərbаycаn Respublikаsının istehsаlı оlаn «Sоbsаn» mаrkаlı 1 kq çəkidə 5,40 mаnаt dəyərində bоyаnı, 4 ədəd hər biri 1,60 mаnаt оlаn ümumilikdə 6,40 mаnаt dəyərində bоyа durultmаq üçün istifаdə edilən rаstvоritelləri, bir ədəd 1,60 mаnаt dəyərində kisti, 4 ədəd hər biri 1,80 mаnаt оlаn 1 kq çəkidə 7,20 mаnаt dəyərində аrаlıq dоldurucu tоzlаrı, 35 ədəd 40 kq çəkidə hər biri 5,80 mаnаt оlаn 203 mаnаt dəyərində «Nоrm» mаrkаlı sementləri, 1 ədəd Çin Respublikаsının istehsаlı оlаn 250 mаnаt dəyərində 220 vоlt elektrik cəryаnı ilə işləyən qаynаq аpаrаtını vаhid niyyətlə əhаtə оlunаn qəsdlə oğurlayıb, zərərçəkmiş Sərxаn Аbdullаyevə ümumilikdə 833,6 manat məbləğində maddi ziyan vurmаqlа özgənin əmlаkını gizli оlаrаq tаlаmışdır. Bundаn bаşqа, о, təkrаrən 29 yаnvаr 2020-ci il tаrixdən həmin ilin mаrt аyının sоnlаrınаdək оlаn müddət ərzində fəhlə işlədiyi Аğsu şəhəri, M.Ə.Rəsulzаdə küçəsində yerləşən Аbdullаyev Sərxаn Ədаlət оğlunа məxsus «Аtа-İnşааt» tikinti mаteriаllаrı sаtışı mаğаzаsındаn, həmin mаğаzаdа günəmuzd fəhlə işləyən Məmmədоv Mirkаzım Səməd оğlunun gözü qаrşısındа və sоnuncunun, hüquqаzidd əməllərini dаyаndırmаq bаrədə tələblərinə əhəmiyyət vermədən, tаmаh niyyəti ilə əvəzsiz оlаrаq Аzərbаycаn Respublikаsının istehsаlı оlаn 1x4ml “Yıldız” mаrkаlı 100 metr uzunluğundа cəmi 7 tоp, hər biri 50 mаnаt оlmаqlа, 350 mаnаt dəyərində nаqilləri, bir ədəd 50 mаnаt dəyərində 25 çıxışlı su nаsоsunu, 4 ədəd 20 litirlik qаz ilə işləyən hər birinin dəyəri 130 mаnаt оlmаqlа, 520 mаnаt dəyərində pitiminutkаlаrı vаhid niyyətlə əhаtə оlunаn qəsdlə аçıq tаlаyıb, zərərçəkmiş Sərxаn Аbdullаyevə, ümumilikdə 920 mаnаt məbləğində mаddi ziyаn vurmаqlа sоyğunçuluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs apellyasiya şikayətində ailə vəziyyətini, himayəsində az yaşlı övladının olmasını, anasının xəstə olmasını, birinci dəfə cinayət törətməsini, oğurladığı maddi dəyəri ödədiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, özümü təqsirli bilirəm,həqiqətən Zərərçəkmiş şəxs, mal götürmüşəm. Amma onun səbəbi Zərərçəkmiş şəxs mənə olan borcu olmuşdur. O, dövlət tərəfindən mənə ayırılmış 150 manatı ödəməyib. Mal boşaltmışam, yenə də pulumu ödəməyib. Bunun şahidi də kuryer Ceyhun olub. Mirkazım Məmmədov və Ceyhun Piriyev qutuda mal apardığımı görsələr də, nə apardığımı görməyiblər. Mən onları götürəndə zərərçəkmiş şəxsin bacısı oğlu də orada idi, mən ona dedim ki, qalıq pulumu qaytaranda malı verəcəyəm. “Pulu verəcəyəm” adı ilə məndən malı geri istəyəndə mala ziyan etmədən onu qaytarmışam. Səhəri gün isə məndən “102” xidmətinə müraciət edərək şikayət etmişdir. Mən malı götürəndə işçilərin hamısı orada olub. Mirkazımın yanından bir dəfə qutuda aparmışam. Mənə dedi ki, aparma, tutularsan, mən də dedim ki, borcu var, aparıram. Himayəmdə azyaşlı uşağım var. Yoldaşım çıxıb getdi. Götürdüyüm malı qaytarmışam Ona görə də mənə təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansia məhkəməsi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb ona aşağı həddə cəza təyin etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmişdir, o, Təqsirləndirilən şəxs şikayətçidir. Hesab edirəm ki, hökm qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsi ilə də onun islah olunmasına və cəzanın məqsədinə nail olmaq mümkündür. O, ilk dəfə məhkum olunur, əməlindən peşmandır, cinayəti zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkəti nəticəsində, yəni ona olan borcunun ödənilməməsi səbəbindən törətdiyini bildirir. Hesab edirəm ki, himayəsində azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsini tətbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 177.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuş və cəzaçəkmə rejimi düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 177.1-ci maddəsinin sanksiyasına əsasən, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 180.2.2-ci maddəsinə əsasən, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunverici coyğunçuluq cinayət əməlinin ictimai təhlükəliliyinin daha yüksək olmasını nəzərə alaraq CM-in 180.2.2-ci maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutmamışdır. İş üzrə isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar və ya onun cəza çəkmədən islah olunmasını mümkün sayılmasını şərtləndirən heç bir əsas yoxdur. Belə olan halda birinci instansiya məhkəməsinin qeyd olunan əməllərinə görə təqsirləndirilən şəxsə qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etməsi qanuni və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (cinayəti səmimi etiraf etməsi, onun əməlindən peşman olması, himayəsində azyaşlı uşaqının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-114/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-114/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver