Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-116/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər-X7, X18 və onların nümayəndəsi və vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər-X11, X8 və onların müdafiəçisi 19 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə X11 və X4 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə isə təqsirli bilinərək 6 ay müddətə, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə X7, X13, X16, X18 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(016)-64/2021 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim Anar Əsgərov) 08 dekabr 2021-ci il tarixli 1(016)-64/2021 nömrəli qərarı ilə X11 və X4 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə isə təqsirli bilinərək 6 ay müddətə, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə X7, X13, X16, X18 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. işin halları: X7, X13, X16, X18 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək X11 və X4 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(016)-64/2021 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, X16, X18, X11 və X4 CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsi barədə xüsusi ittiham qaydasında şikayətlərin məhkəmənin icraatına qəbul edilməsi və iş üzrə məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan verilmiş apellyasiya şikayətinə qarşı X11 və X8 tərəfindən etiraz verilərək, apellyasiya şikayətinin təmin edilməməsi və Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7, X18 və onların nümayəndəsi və vəkili Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Vəkil Müdafiəçi əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər cinayətin baş verməsi ilə bağlı sübutları təqdim etməmişdir. Qeyd edir ki, bununla bağlı onlar iki dəfə məhkəməyə xüsusi ittiham qaydasında etmiş, məhkəmə hazırlıq iclasında prosessual hüquq normaları pozulduğundan buna qarşı öz irad və etirazlarını bildirmiş, həmin iradlar tərəflərindən düzəldilmiş, ən sonda məhkəmə yenidən birbaşa sübutların təqdim edilmədiyini qeyd edərək, xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməmişdir. Halbuki, sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. X7 əlavə olaraq bildirdi ki, X11 və X8 onlar barəsində şər böhtan atırlar. X18 müharibədə ola-ola onun adından ərizə yazıb, özbaşınalıq edirlər. Məhkəmə kollegiyasının iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X11, X8 və onların müdafiəçisi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(016)-64/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. X3 əlavə olaraq bildirdi ki, xüsusi ittiham qaydasında şikayət tamamilə əsassızdır, əvvəla orada qeyd edilən bir neçə məsələ ilə bağlı məhkəmələrin qanuni qüvvəyə minmiş hökm və qərarları vardır. Yenidən həmin məsələlərə xüsusi ittiham qaydasında baxılması mümkün deyildir. Müdafiə etdiyi şəxslər barəsində irəli sürülən ittihamların heç bir əsası yoxdur, bu barədə əldə olan sübutları məhkəmə kolllegiyası təqdim edilə bilmirlər. X11 əlavə olaraq bildirdi ki, iki il əvvəl etdiyi çıxışa görə hazırda məhkəməyə verilir. Etdiyi çıxışda heç kimə şər böhtan atmamışdır. Şəxsin işdən azad edilməsi barədə icra hakimiyyətinin sərəncamı olduğunu demişdir. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X13 və X16 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, tərəflərin apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında X7, X13, X16, X18 tərəfindən verilmiş şikayətin imtina edilməsi baərdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. İş materiallarından isə müəyyən olunur ki, X7, X13, X16 və X2 Muğbil Malik oğlu və X5 qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə də ərizəsinə Cinayət- Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən əməlin məhz X11, X8 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi barədə kifayət qədər sübutlar, Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsi üzrə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatları əlavə etməmişdir. Bundan əlavə iş materiallarında görünür ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə əsasən X11, 2020-ci ilin oktyabr ayında YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına verdiyi müsahibəsində X16 barəsində “...Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm eləməsini, kənd camaatını incidib, soyqrım törətməsini...” demişdir. Bundan başqa X11 müsahibəsində X13 barəsində “... xüsusən Vüsal Hüseynov, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək cinayətkarnan X10 Ağsuda 200 qram araq içib və Əhmədov xüsusən gedib Rəhimin iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub insanlara qarşı cinayət olunub. Belə nəticəyə gəlirsən ki, bu öz savadınan gedib hüquqşünas olmayıb, polis olmayıb...” demişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əsasən X8 «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Bumeranq» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində X18 barəsində “... onun 3600 manat dövlət vəsaitini heç bir sənəd, kağız, təqdim etmədən Bankdan çıxarıb öz məqsədləri üçün istifadə etməyə davam etdiyini, heç bir qəpik ödəmədən, o pulu ordan çıxarıb, öz şəxsi mənafeyinə xərclədiyini, bələdiyyə üzvlərinin qərarına əsasən işdən çıxardıldığını, 1900 manatı qaytardığını, 1700 manatı isə qaytarmadığını...” demişdir. Bundan başqa X8 müsahibəsində X12 “...Qafqaz Universitetində oxumasını, şəxsən Abdulla Gülən tərəfindən maliyyələşib oxuduğunu, onun Fetoçu olduğunu, Qafqaz Universitetinində bu barədə sənədlərin olmasını...” demişdir. Bundan başqa X8 müsahibəsində X7 barəsində “...Bundan sonra bu insanlar deyim ki, bunların özünün ailədaxili münasibətləri olub. Salaməddin Əhmədovun. Ailədaxili buların anaları Salaməddin Əhmədovun anası nətər ölüb, necə ölüb, bunu Cəlayir kənd camaatı hamısı bilir. Zəhərlənib, buların ailə üzvləri tərəfindən zəhərləyiblər bunu. Çünki biyabır bir hadisənin şahidi olmuşdu bu qadın. Onu yığıldılar ailəliklə zəhərlədilər. Apardılar basdırdılar orda heç bir polis dairəsinin, polisə heç bir qorxudan heç kimin şikayəti də olmadı. Çünki bunların hər yerdə adamları var, lazım olarsa, düzdü dinimizə uyğun bir hadisə deyil ancaq, qanunumuza, konstitusiyamıza uyğun bir hadisədir. Mənim dediklərim təsdiqin tapar orda analiz götürdükcə, o sümüklərdən hardansa, özləri bilirlər ekspertlər...” demişdir. Beləliklə işdən görünür ki, X11 iki il əvvəl sossial şəbəkələrdə X13 və X16 barədə etdiyi çıxış üçün, X8 isə (şikayətdə dəqiq vaxtı qeyd edilməyib) X6 əlaqəsiz olaraq X18 və X7 barədə etdiyi çıxış üçün ittiham edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin barəsində edilmiş çıxışların birbiri ilə bağlılığı olmadığı kimi, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin də cinayət hadisəsi törədilən zaman bir-biriləri ilə bağlılıqları olmamışdır. Belə ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər müxtəlif vaxtlarda həm eyni, həm də fərqli internet informasiya ehtiyatında, sosial şəbəkələrdə çıxışlar etmişlər. Onların bir yerdə çıxışları isə ümimiyyətlə olmamışdır. Məhkəmə kollegiyasının iclasında X11 da verilmiş suallara cavab olaraq bildirmişdir ki, X8 ilə sözləşib çıxış etməmişlər. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər birgə baxılması obyektiv araşdırılmasına mane olan ittihamları bir icraatda birləşdirmişlər. Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, 49.1. Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. 49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar bir icraatda birləşdirilə bilməz (CPM 49.4.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi X11 və X8 barəsində xüsusi ittiham qaydasında şikayətin və onun məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması əsası ilə öz icraatına qəbul edilməsi və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarmaqda haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X7, X13, X16, X12 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən verilmiş apellyаsiyа şikаyəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 1(016)-64/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər. Hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-116/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-116/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver