Məhkəmə qərarları › İş №1(107)-12/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-12/2020

09.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-12/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, xüsusi X1 və onun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi X26 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsiləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim P.Hacıyev) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxx 1954-cü ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, аzərbаycаnlı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pаspоrt qeydiyyatında оlmаqlа həmin ünvanda yaşayan X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsindən 147.1-ci maddəsinə tövsif edilmiş, X14 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək və ona CM-in 147.1-ci maddəsilə ilə 1000 (bir min) manat, CM-in 148-ci madəsi ilə 1000 (bir min) manat miqdarında cərimə növündə cəza təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X14 1200 (bir min iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut kimi tanınmış X2 yazısı əks olunmuş bir ədəd disk iş materiallarında saxlanılması, X7 200 (iki yüz) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Xüsusi ittiham qaydasında şikayətə əsasən X14 təqsirləndirilir оndаn ötrü ki, о, yalan olduğunu bilə-bilə«WhatsApp» sosial şəbəkəsinin «Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimləri» qrupunda təhrif edilmiş, şər, böhtan, təhdid, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbinin direktor əvəzi X15 ağır və xüsusilə ağır cinayətlərdə ittiham edib ona böhtan atmış, «WhatsApp» sosial şəbəkəsinin «Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimləri» qrupunda onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, X5 şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimlərinin üzv olduğu «WhatsApp» sosial internet şəbəkəsinin müəllimlər qrupunda «məktəb ona atası eşşək Adildən qalmayıb ki..., o kimdir ki, məktəbi idarə edir savadsızın, “tupoyun”, kütbeyinin biridir» kimi nalayiq sözlər deyərək X15 təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa Sevda Mikayılova üzv olduğu həmin qrupda X15 müəllimlərdən rüşvət almaq kimi ağır cinayət törətməkdə də ittiham etmişdir. Belə ki, o, «WhatsApp» qrupuna göndərdiyi səs yazısında məktəbin müəllimlərinin dərs almaq üçün X16 rüşvət verdiklərini, məktəbdə idman dərnəyi dərsləri keçən müəllimin, bufetçinin aylıq pul verdiyini, adları məktəbdə olub özləri dərsə gəlməyən şagirdlərin olması haqqında həqiqət olmayan, heç bir dəlil və sübuta söykənməyən iftira və böhtan xarakterli, yalan məlumatlar yayaraq X15 əsassız olaraq ağır cinayət törətməkdə ittiham etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 tərəfindən apelyasiya protesti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsin soylədiyi fikirlərin həqiqətə uyğun olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, yalnız “Whatsapp” qrupunda həmin sözləri eşidən şəxsləri şahid kimi dindirməklə verdikləri ifadələrə əsaslanaraq birtərəfli araşdırma aparmışdır. Məhkəmə ittiham hökmünü çıxararkən əsaslandığı sübutlar kimi Şəki rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi qərarını və «Whatsapp” qrupunda deyilən sözləri və ekspert rəyini sübut kimi qəbul etmişdir. Bu əsasla ittiham hökmünün çıxarılması mötəbər sübutlar əsasında hökm çıxarılması demək deyildir. İş üzrə ekspert rəyi heç bir mənbəyə əsaslanmadan ekspertiza keçirilməsi həvalə edilmiş şəxsin fikirlərini əks etdirən rəydir. Bundan başqa «Whatsapp” kütləvi informasiya vasitəsi deyildir və heç bir təhqir və böhtana yol verilməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs X8 müdafiəçisi X31 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən xüsusi X4 və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs X5 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, xüsusi X1 və onun müdafiəçisininapelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 tərəfindən apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(075)-30/2019 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X14 xüsusi ittiham qaydasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, o, 25 il direktor müavini olmaqla ümumilikdə 41 il Şəki şəhər 10 saylı tam orta məktəbdə işləmişdir. Həmin müddət ərzində heç kimlə arasında mübahisə və ya narazılıq olmamışdır. Lakin, X19 məktəbə direktor əvəzi təyin edildikdən sonra qəsdən sinif sayını azaltmışdır. Sinif sayının azalması isə onun vəzifəsinin ixtisara düşməsi deməkdir. Bundan başqa o, «Whatsapp” qrupunda X15 təhqir etməmiş və böhtan atmamışdır. Həmin qurupda, ibtidai sinif müəllimləri olmaqla on yeddi nəfərdirlər. Bildirir ki, Şəkidə hər kəsin ləqəbi vardır və bu normal haldır. Onun da X13 atasının ləqəbi ilə adını çəkməsi təhqir sayıla bilməz. O, ümumiyyətlə ləqəbin təhqir xarakteri daşıdığını bilməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs X14 birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun ibtidai təhsilin metodikası və pedaqogikası fakültəsini bitirmişdir. xx xxxxxxx 1978-ci tarixdə Şəki ŞXMŞ-nin 767 nömrəli əmrinə əsasən Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbə günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. xx xxxxxxxx 1987-ci il tarixdə 447 nömrəli əmrlə şəhər 10 nömrəli orta məktəbin qrup tərbiyəçisi vəzifəsinə keçirilmişdir. xx xxxxxxxx 1997-ci il tarixdən irəli çəkilib Şəki şəhəri R.Əfəndiyev adına 10 nömrəli orta məktəbdə ibtidai siniflər üzrə direktor müavini təyin edilmiş və xx xxxxxxxx 2018-ci il tarixinə kimi həmin vəzifəni icra etmişdir. Direktor müavini kimi vəzifəsi ibtidai siniflər üzrə idarəçiliyin həyata keçirilməsi ilə bağlı olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixdə isə direktor vəzifəsini icra edən Büllur Abdulsəlimlinin qanunsuz əmri ilə işdən azad edilmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə yaş məhdudiyyəti ilə bağlı sabiq məktəb direktoru Abid Yusibovun əmək fəaliyyətinə xitam verilmiş, bundan sonra sonuncunun vəzifələrini onun birinci müavini Büllur Abdulsəlimli icra etməyə başlamışdır. İşə başladığı gündən həmin şəxs onunla yola getməmiş, onu işdən azad etməyi öz qarşısına vəzifə kimi qoymuş və aşağıdakı yollarla buna nail olmuşdur. Büllur Abdulsəlimli direktor vəzifəsini icra etməyə başlayarkən məktəbdə cəmi 41 sinif olmuşdur. Sinif saylarının 41 olmasıTəhsil Nazirliyi üzrə ümumi olan normativ sənədə əsasən onun tutduğu direktor müavini vəzifəsinin mövcud olmasına imkan vermişdir. Büllur Abdulsəlimli isə həmin sayı azaltmağa çalışmışdır. Belə ki, həmin normativ sənədə əsasən sinif sayları 39 olacağı halda onun direktor müavini kimi vəzifəsinin mövcud olmasına lüzum qalmadığından bu əsasla onun vəzifəsinə xitam verilməli idi. Sinif saylarının aşağı salınması üçün isə şagird sayı azaldılmalı olmuşdur. Eləcə də sinif sayını azaltmaq üçün məktəbə daxil olmaq istəyən şagirdləri qəbul etməmiş və müxtəlif bəhanələrlə geri qaytarmışdır. Beləliklə, sinif sayı 39-a düşmüşdür. Bunu əsas tutan Büllur Abdulsəlimli 2018-ci ilin sentyabr ayının sonlarında verdiyi daxili əmrlə direktor müavini vəzifələrinin icrasını onun üzərindən götürmüşdür. Bundan sonra o, ibtidai siniflərdə idman müəllimi kimi işdə qalmış və ona 6 saat dərs yükü verilmişdir. Lakin o, həmin vaxtdan bu günə kimi işə çıxmamış, işə çıxmamasına isə ona qarşı edilmiş haqsızlıqlar səbəb olmuşdur. Ona qarşı irəli sürülmüş ittihama münasibətdə bildirir ki, «WhatsApp» sosial şəbəkəsinin «Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimləri» qrupuna digər müəllimlər kimi o da üzv olmuşdur. Həmin qrupda məktəb və şagirdlərlə bağlı müxtəlif məsələlərlə bağlı mövzular müzakirə edilmişdir. Sözügedən qrupda Büllur Abdulsəlimliyə qarşı heç bir kobud söz işlətməmişdir. Belə ki, Şəki şəhərində bir çox insanların ləqəbi olduğu kimi Büllur Abdulsəlimlinin atasının da ləqəbi olmuşdur. O da həmin qrupda yazışmaların birində Büllur Abdulsəlimlinin atasının ləqəbi olan «eşşək Adil» sözünü işlətmişdir. Hesab edir ki, insanın ləqəbinin deyilməsi təhqir kimi qəbul oluna bilməz. Müxtəlif orqanlara etdiyi şikayətlər isə həqiqəti əks etdirir. Belə ki, «Vətəndаşlаrın mürаciətləri hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsinə əsаsən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcətəşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Göründüyü kimi, Аzərbаycаn Respublikаsının qаnunvericiliyi vətəndаşlаrın dövlət оrqаnlаrınа mürаciət etmək, о cümlədən şikаyət vermək hüququnu tаnımışdır. Bu hüququn həyаtа keçirilməsi ilə əlаqədаr vətəndаşın hər hаnsı fоrmаdа təqib edilməsi yоlverilməzdir. Odur ki, qeyd olunanları nəzərə almaqla məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən xüsusi X4 bildirdi ki, o, sinif sayını azaltmaqla heç bir qanunsuzluq etməmişdir. Belə ki, Şəki şəhərində fəaliyyət göstərən mədrəsədə dini təhsil alan şagirdlər eyni zamanda onun rəhbərlik etdiyi məktəbdə təhsillərini davam etdirirdilər. Həmin şagirdlərin əksəriyyəti Azərbaycanın digər rayonlarından gəlib mədrəsədə dini təhsil alırdılar. Lakin, sonradan həmin şagirdlərin mədrəsədə təhsil almasında müəyyən qanuni qadağalar olduğundan, həmin şagirdlər öz rayonlarına qayıtmışlar, Bu səbəbdən də, məktəbdə təxminən 100-ə yaxın şagird azalmış və həmin səbəbdən sinif sayının azalması da labüd olmuşdur. Sinif sayı azalsa da, X8 6 saat dərsi qalmış, buna baxmayaraq müəllimə məktəbə gəlməyərək dərslərini deməkdən imtina etmişdir. Ona rəsmi məktub göndərilsə də, o, məktubları oxumadan geri qaytarmışdır. X14 40 nəfər müəllim heyətinin üzvü olduğu “Whatsapp” qrupunda atası barəsində nalayiq söz işlədərək atasını təhqir etmiş, onun özü barəsində əsası olmayan böhtanlar səsləndirmiş və onun işgüzar nüfuzuna xələl gətirmişdir. Buna baxmayaraq o, birinci instansiya məhkəməsində prosesdən əvvəl X9 barışmağı təklif etmiş, lakin X14 razı olmamışdır. Hazırda o, ittihamı müdafiə edir və apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş xüsusi X4 birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, X14 dövlət orqanlarına, müxtəlif internet saytlarına onun, ailə üzvlərinin və bir il bundan əvvəl rəhmətə gedən atasının haqqında insanlığa sığmayan nalayiq ifadələr işlədərək təhqir etmiş, həqiqətə uyğun gəlməyən, əsassız və heç bir dəlil-sübuta söykənməyən iftira, şər, böhtan və təhdid xarakterli müxtəlif məzmunlu imzasız və imzalı məktublar göndərmişdir. Ən əsası sosial şəbəkələrdə, o cümlədən Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimlərinin üzv olduğu «WhatsApp» sosial internet şəbəkəsinin müəllimlər qrupunda «məktəb ona atası eşşək Adildən qalmayıb ki..., o kimdir ki, məktəbi idarə edir savadsızın, “tupoyun”, kütbeyinin biridir» kimi nalayiq sözlər deyərək onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa Sevda Mikayılova üzv olduğu həmin qrupda onu müəllimlərdən rüşvət almaq kimi ağır cinayət törətməkdə də ittiham etmişdir. Belə ki, o, «WhatsApp» qrupuna göndərdiyi səs yazısında guya məktəbin müəllimlərinin dərs almaq üçün ona rüşvət verdiklərini, bufetçinin ona aylıq pul verdiyi, adları məktəbdə olub özləri dərsə gəlməyən şagirdlərin olması haqqında həqiqət olmayan, heç bir dəlil və sübuta söykənməyən iftira və böhtan xarakterli, yalan məlumatlar yayaraq onu əsassız olaraq ağır cinayət törətməkdə ittiham etmişdir. X14 xx xxxxxx 2018-ci il tarixdə onun barəsində həqiqətə uyğun olmayan və heç bir sübuta söykənməyən əsassız ittihamlarla zəngin olan şikayət ərizəsi ilə Şəki rayon prokurorluğuna müraciət etmişdir. Şəki rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Vüqar Orucov tərəfindən Sevda Mikayılovanın şikayət ərizəsi əsasında xx xxxxxx 2018- ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq X8 istər şikayət ərizəsində, istərsə də araşdırmaya verdiyi izahatında göstərdiyi cinayət xarakterli məlumatlar öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, ona isə Şəki rayon prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə araşdırma aparmaq səlahiyyətlərinin olmaması, sonuncuya qarşı xüsusi ittiham qaydasında Şəki Rayon Məhkəməsinə müraciət edərək həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. X8 hərəkətləri nəticəsində ona fiziki iztirablar və cəmiyyətdə işgüzar nüfuzunun ləkələnməsi formasında mənəvi zərər vurulmuşdur. Sevda Mikayılova tərəfindən «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə aparılan kütləvi çıxışda təhqir olunmuş, şərəf və ləyaqəti qəsdən alçaldılmışdır. Sevda Mikayılova tərəfindən şərəf və ləyaqətinin nalayiq formada alçaldılması şəxsiyyətinə mənfi qiymət verməklə onu iş yoldaşları, tabaleyində işləyən şəxslərin gözündə nüfuzdan salmaq məqsədi daşımışdır. Belə ki, kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında onun və atası haqqında dediyi alçaldıcı və təhqiredici sözlər cəmiyyətdə olan işgüzar nüfuzuna, şərəf və ləyaqətinə təsir etməyə yönəlmiş hərəkətlərdir. Onun bu hərəkətlərinin motivi qərəzçilik və intiqam xarakteri daşımışdır. Məhkəmədən X3 cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirdi ki, xüsusi ittihamçı Büllur Abdulsəlimli onun həyat yoldaşıdır. Barəsində şikayət olunan şəxsin Büllur Abdulsəlimli barəsində yazdığı «WhatsApp» mesajlarını görmüş, həyat yoldaşının həmin təhqirlər qarşısında necə sarsıntılar keçirməsinin şahidi olmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət olunmuş X21 xx xxx 2019-cu il tarixdə məhkəməyə göndərdiyi ərizəsində Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbdə müəllim işlədiyini, təxminən iki il əvvəl Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin müəllimlərinin daxil olduğu «WhatsApp» qrupu açdığını, qrupun 40-a yaxın üzvü olduğunu, qrupda mütəmadi olaraq məktəb və şagirdlərlə bağlı mövzuların müzakirə edildiyini, 2019-cu ilin fevral ayında xəstə olduğu üçün icazəli olduğunu, həmin müddətdə telefondan istifadə etmədiyini, məktəbə qayıtdıqdan sonra müəllimlər arasında X25 Abdulsəlimlinin ünvanına təhqiredici ifadələr işlətdiyini eşitdikdən sonra qrupa göndərilmiş səs yazısına qulaq asdığını, səs yazısında Sevda Mikayılovanın «eşşək Adilin qızı» ifadəsini eşitdikdən sonra «xahiş edirəm təhqir lazım deyil» yazaraq bütün müəllimləri qrupdan çıxararaq sözügedən qrupu bağladığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmişbirinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Cəlilova Röya Nadir qızı verdiyi ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs X14 onun anasıdır. O özü Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbdə müəllim işləyir. Bir müddət əvvəl Sevda Mikayılova ilə Büllur Abdulsəlimli arasında mübahisə yaranmışdır. Belə ki, direktor vəzifəsini icra edən X27 Mikayılovanın otağını onun xəbəri olmadan boşaltdırmış, bu barədə məktəbin müəllimlərinin iştirakları ilə akt tərtib etmişdir. Həmçinin, onun vasitəsilə müxtəlif vaxtlarda Sevda Mikayılovaya dərsə gəlmədiyi halda onu işdən azad edəcəyi ilə bağlı xəbərdarlıqlar göndərmişdir. X32 bu və ya digər internet resurslarında Büllur Abdulsəlimlinin ünvanına heç bir təhqiredici ifadələr işlətməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, ETX-01/177-19 nömrəli məktubdan görünür ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1998-ci il tarixli, 460-İQ nömrəli Qanununa əsasən mobil tətbiqlərin, o cümlədən “WhatsApp” mobil tətbiqinin internet informasiya ehtiyatı anlayışına aid edilməsi adıçəkilən qanunda birmənalı olaraq öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2019- cu il tarixli tələbnamədən görünür ki, X8 məhkumluğu yoxdur. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsin soylədiyi fikirlərin həqiqətə uyğun olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, yalnız “Whatsapp” qrupunda həmin sözləri eşidən şəxsləri şahid kimi dindirməklə verdikləri ifadələrə əsaslanaraq birtərəfli araşdırma aparmışdır. Məhkəmə ittiham hökmünü çıxararkən əsaslandığı sübutlar kimi Şəki rayon prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi qərarını və «Whatsapp” qrupunda deyilən sözləri və ekspert rəyini sübut kimi qəbul etmişdir. Bu əsasla ittiham hökmünün çıxarılması mötəbər sübutlar əsasında hökm çıxarılması demək deyildir. İş üzrə ekspert rəyi heç bir mənbəyə əsaslanmadan ekspertiza keçirilməsi həvalə edilmiş şəxsin fikirlərini əks etdirən rəydir. Bundan başqa «Whatsapp” kütləvi informasiya vasitəsi deyildir və heç bir təhqir və böhtana yol verilməmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxs X8 bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onun bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində özü də etiraf edir ki, Şəkidə hər kəsin ləqəbi vardır və bu normal haldır. Onun da X13 atasının ləqəbi ilə adını çəkməsi təhqir sayıla bilməz. Halbuki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmişxx xxxx 2019-cu il tаrixli, 14095 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, iş materiallarına əlavə edilən diskdə olan «WhatsApp» telefon proqramındakı «Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbinin müəllimləri» qrupunda yazışma zamanı Sevda Mikayılova tərəfindən istifadə edilən “məktəb ona atası eşşək Adildən qalmayıb ki...” cümləsi, “o kimdir ki məktəbi idarə edir, savadsızın, tupoyun biridir” cümləsindəki “tupoy” sözü X22ma mənəvi təsir etməklə onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadələrdir. Ekspertizaya təqdim edilmiş, iş materiallarına əlavə edilən diskdə olan «WhatsApp» telefon proqramındakı “Şəki şəhəri R.Əfəndiyev adma 10 saylı tam orta məktəbinin müəllimləri” qrupunda yazışma zamanı Sevda Mikayılova tərəfindən istifadə edilən “məktəbdə həbsxana rejimi yaradıb, elə bil şestoy kalondu" cümləsi və “o kimdir ki məktəbi idarə edir, savadsızın, tupoyun biridir” cümləsindəki “savadsız” sözü birbaşa, “20 manat pul yığır, mən hələ məktəbdə elə şey görməmişəm", “bufetçidən haqq alır”, “idman zalını arendaya verir”, “dərsi olmayan müəllimləri məktəbə qoymur’ cümlələrindəki fikirlər isə böhtan olaraq söylənildiyi təqdirdə X16 mənəvi təsir etməklə onun işgüzar nüfuzuna xələl yetirən cümlələrdir. Digər tərəfdən, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmişŞəki rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X20 xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X8 X10 xx xxxxxx 2018-ci il tarixli şikayət ərizəsi əsasında tərəfindən xx xxxxxx 2018- ci il tarixdən araşdırma aparılmış, 1/5c-19 saylı material üzrə cinayət işininbaşlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, qərarda göstərilmişdir ki, Sevda Mikayılovanın istər şikayət ərzəsində, istərsə də araşdırmaya verdiyi izahatında Büllur Abdulsəlimlinin barəsində göstərdiyi cinayət xarakterli məlumatlar öz təsdiqini tapmadığından sonuncunun barəsində CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur.Eləcədə oxşar mövqeni paylaşan X12 xx xxxxxx 1948-ci il tarixli X28 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X18 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühavizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 7-ci bəndində Məhkəmələrə tövsiyə edilb ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Öyrənilən işdən aydın olur ki, X8 iki nəfərdən çox üzvü olan “WhatsApp” qrupunda (faktiki olaraq təqsirləndirilən şəxs qurupdakı üzvülərin sayını 17, xüsusi ittihamçı isə 40 nəfər olduğunu qeyd edir) söylədiyi “20 manat pul yığır, mən hələ məktəbdə elə şey görməmişəm”, “bufetçidən haqq alır”, “idman zalını arendaya verir”, “dərsi olmayan müəllimləri məktəbə qoymur” kimi ifadələri ilə böhtan xarakterli, yəni Büllur Abdulsəlimlini nüfuzdan salan məlumatlar yaymış və bu faktlarla bağlı onun özünün prokurorluğa müraciəti əsasında araşdırma aparılmış, Büllur Abdulsəlimliyə qarşı irəli sürdüyü ittiham öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarında olan xx xxxx 2019-cu il tаrixli, 14095 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyinə görə X8 «WhatsApp» telefon proqramında «Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbinin müəllimləri» qrupunda yazışma zamanı Sevda Mikayılova tərəfindən istifadə edilən “məktəb ona atası eşşək Adildən qalmayıb ki...” cümləsi, “o kimdir ki məktəbi idarə edir, savadsızın, tupoyun biridir” cümləsindəki “tupoy” sözü X22ma mənəvi təsir etməklə onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadələr olduğu öz təsdiqini tapmışdır. Bu baxımdan da, məhkəmə kollegiyası “WhatsApp” qrupunda təqsirləndirilən şəxs tərəfindən yayılmış ifadələri bilavasitə xüsusi ittihamçının şəxsi və ictimai həyatına müdaxilə kimi dəyərləndirir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 147.1 və 148-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in CMin 147.1 və 148-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biridigərini tamamlayan sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zəruriət görmür. Bu səbəbdən də, məhkəmə kollegiyası X8 CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətinin dəlillərini inandırıcı qəbul etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(075)-30/2019 nömrəli hökmündən təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(075)-30/2019 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.3, 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi X31 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(075)-30/2019 nömrəli hökmü təqsirləndirilən şəxs X9 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar