Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-121/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 120.2.4, 126.2.3, 126.2.4 və 128-ci maddələri ilə məhkum olunmasına dair X4 Məhkəməsinin xx xxxx 2020ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1958-ci ildə Balakən rayonunun Şərif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, оrta təhsilli, fərdi əməklə məşğul olmuş, Balakən rayonunun Yeni Şərif kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 126.2.3, 126.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 29, 120.2.4-cü maddəsi ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 128-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinın hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənim heç kimi öldürmək niyyətim olmayıb. Sadəcə olaraq öz oğlumu qorxutmaq istəmişəm. O, məni bezdirmişdi. Mənə və yoldaşıma heç baxmırdı. Oğlum yoldaşına da tapşırmışdı ki, bizə baxmasın. Qarşıma adi çay belə qoymurdu. Övladlıq vəzifəsini unudan nankor övlad olmuşdu. Mən onu hədələyəndə onu öldürmək niyyətim olmayıb. Çünki, əlimdə açılan silahdan çıxan qırma dənələri oğlumla yanaşı, öz qızıma və qonşumun qızına da dəymişdir. Burdan belə görünür ki, mənim öz qızım və qonşumun qızı ilə heç bir ədavətim olmayıb. Hadisə təsadüfən olub. Buna görə də mənim ölümlə, öldürməklə qətiyyən əlaqəm olmayıb. 62 yaşım var. Mənə 14 il 6 ay iş veriblər. Bu boyda müddəti başa vura biləcəyim real görünmür. Verilmiş bu cəza çox ədalətsiz və qeyri-humanistdir. İnsan öldürənə heç bu qədər iş vermirlər. Odur ki, qeyd edilənləri nəzərə almaqla daha humanist və ədalətli qərar çıxarılmasını xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, bundan əvvəl məhkəməyə ünvanladığı apelyasiya şikayətindən imtina barədə ərizəsini təsdiq edir və apelyasiya şikayəti üzrə apelyasiya baxışına xitam verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Zaur Bayramov bildirmişdir ki, müdafiə etdiyi şəxs apelyasiya şikayətindən imtina etdiyi üçün onun apelyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsinə əsasən, belə vəziyyətdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 390.4-cü (Apelyasiya şikayətinin və ya apelyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apelyasiya şikayəti və ya apelyasiya protesti vermiş şəxs apelyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. CMP-in 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı (Apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apelyasiya şikayətini və ya apelyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apelyasiya şikayətləri olmadığı halda apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. CPM-in 391.3-cü maddəsində göstərilir ki, apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apelyasiya şikayətinə və ya apelyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətindən imtina edərək, onu geri götürmüş və apelyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinə baxılmasına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs apelyasiya şikayətindən imtinası qəbul edilsin və onun apelyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-121/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-121/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver