Məhkəmə qərarları › İş №1(107)-121/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-121/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-121/2025 18.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarənin prokuroru, baş ədliyyə müşaviri X12, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.4, 120.2.7, 120.2.9 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 1(091)-193/2017 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)- 193/2017 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: X.Səmədov) 16 noyabr 2017-ci il tarixli 1(091)-193/2017 nömrəli hökmü ilə, xx xxxx 1960-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.7, 120.2.9 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinib, CM-in 120.2.4, 120.2.7, 120.2.9-cü maddələri ilə ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 56.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının tutulduğu tarixdən, yəni 13 noyabr 2016-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka, bir ədəd qısaqol kofta, bir ədəd kətan şalvar yaxın qohumlarına qaytarılması, qəbul edilmədikdə məhv edilməsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd gecəlik, bir ədəd alt tumanının X9 qaytarılması, qəbul edilmədikdə məhv edilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd şotrik, bir ədəd mələfə X9 qaytarılması, qəbul edilmədikdə məhv edilməsi,X4 məxsus bir cüt sırğa zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın, bir ədəd divan üzü, 1 ədəd mələfə, iki ədəd yastıq üzü, iki ədəd saçayıran X9 qaytarılması, qəbul edilmədikdə məhv edilməsi, iki ədəd sarı rəngli yorğan üzündən götürülmüş kəsik, bir ədəd göy mələfədən götürülmüş kəsik, bir ədəd xalçadan götürülmüş kəsiyin məhv edilməsi, CM-in 99-1.1.1-ci maddəsinə əsasən “AKC-74” markalı, ******* nömrəli avtomat silah, dörd ədəd sandıqça, yüz on bir ədəd 5,45 mm kalibrli partonlar, bir ədəd 16 kalibirli patron, iki ədəd güllə xüsusi müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin saxlanma anbarına təhvil verilməsi, dörd ədəd giliz, bir ədəd eksperimental atılmış patronun gilizi, bir ədəd bıçaq və Təqsirləndirilən şəxs əl-barmaq iz nümunələrinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 359 (üç yüz əlli doqquz manat) 80 (səksən) qəpik ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 1(091)-193/17 nömrəli hökmündən xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair vəsatətlə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir.. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.7, 120.2.9 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-193/17 nömrəli, 16 noyabr 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli Qərarından apellyasiya şikayəti verərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını dəyişərək apellyasiya şikayəti müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarənin prokuroru, baş ədliyyə müşaviri X13 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məhkumun və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi ilə bağlı çıxışlarını dinləyərək, həmçinin işdə olan sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, öyrənilən işdən bəlli olur ki, məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmünü 25 noyabr 2017-ci il tarixdə almışdır. xx.xx.2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət edərək, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.7, 120.2.9 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-193/17 nömrəli, 16 noyabr 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli Qərarından apellyasiya şikayəti verərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını dəyişərək apellyasiya şikayəti müddətin bərpa edilməsini xahiş etmişdir Tədqiq edilən iş materiallarından aydın olur ki, məhkəmənin mübahisələndirilən hökmü məhkuma vaxtında rəsmi qaydada təqdim olunmuş, məhkum isə hökmdən 07 il müddət keçdikdən sonra apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hazırkı mübahisəli məqamlarla aydınlıq gətirərək, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (bundan sonra mətndə CPM-in) məhkəmə aktlarından şikayət vermək yolu ilə cinayət-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayət vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki, bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxılmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 20 günlük müddət müəyyən etmiş (CPM-in 384.1 və 384.2-ci maddələri) və bu müddət üzrlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (CPM, maddə 386). İstinad edilmiş CPM-in 386-cı maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş (hazırki işdə olduğu kimi) məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, CPM-in 386-cı maddəsində məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin hökmü ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, cinayət-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin, bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, cinayət-prosessual hüquqlardan, o cümlədən CPM-in 386-cı maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, cinayət mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, CPM-in məhkəmə aktlarının şikayət verilmədiyi halda, elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, məhkəmə aktının müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən CPM-in 506-507 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında formalaşmış cinayət hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız məhkəmə aktının bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə cinayət mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla, illərlə hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 02 oktyabr 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir:«qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа mədudiyyət yаrаtsın”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə aktında buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktına yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə cinayət mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X2rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X5rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, məhkəmə həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Odur ki, istinad edilən presedentlərə söykənərək, məhkəmə kollegiyası, CPM-in 386cı maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla məhkuma məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən aylarla ölçülən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 384-cü maddəsi, cinayət prosessi tərəflərinə heç CPM-in 386-cı maddəsinin köməyinə müraciət etmədən də qanuni qüvvəyə minmiş məhkəmə aktına təkrar baxılmanı başlatmaq imkanı verir (hər halda həmin normanın hərfi mənasından çıxış etdikdə bu cür təsəvvür yaranır). Belə ki, CPM-in 384-cü maddəsində təsbit edilir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. (CPM-in 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Beləliklə, məhkəmə aktını vaxtında almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə qanunvericilikdə heç də məqbul hesab edilməyən səbəblərlə (hüquqi savadının olmaması ilə) əlaqələndirməsi, illərlə ölçülən müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs suiistifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarlarında bəyan etdiyi hüquqi mövqelərə əsaslanaraq, CPM-in 386-cı maddəsini şəxsə məhkəmə aktının çıxarılmasından qeyri-müəyyən vaxt keçdikdən sonra belə onu mübahisələndirməyə və məhkəmə aktına təkrar baxılmasını tələb etməyə imkan verən norma kimi təfsir etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası, CPM-in 384-cü və 386-cı maddələrini, hazırkı işdə iştirak edən məhkuma münasibətdə məhkəmə aktının yenidən baxılmasını şərtsiz labüd edən norma kimi qəbul etmədiyindən ümumiyyətlə qüvvəyə minmiş məhkəmə aktına apellyasiya qaydasında təkrar baxılmasından ötrü cinayət prosessi iştirakçılarına prosessual imkanların yaradılmaması məsələsinə Avropa Məhkəməsinin presedentlərindən hasil etdiyi, yuxarıda təsvir edilən şərtlər əsasında yanaşılmasını zəruri sayır. Bu şərtlərdən əsası, ərizəçinin məhkəmə aktının qanuni qüvvəyə minməsinədək dövr ərzində məhkəmə aktını mübahisələndirməməsinin, onun öz səhlənkarlığından irəli gəlib, gəlməməsidir. İş materiallarından müəyyən olunur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmünün surətini məhkuma 25 noyabr 2017-ci il tarixdə qəbzə imza etdirilməklə verilmişdir (cinayət işi 4-cü cild vərəq 120). Həmin hökmdən məhkum 02 dekabr 2024-cü ildə apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda buraxılmış müddəti özündən aslı olmayan səbəblərlə (səhhətində olan problemlərlə) əlaqələndirsə də, cinayət işinin materialları tədqiq edilərkən bu öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkum özü də apellaysiya müddətinin bərpası ilə bağlı ərizəsində etiraf edir ki, o, haqqında olan ittiham hökmündən vaxtında şikayət verməmişdir və buna səbəb kimi hüquqi savadsızlığının və törətdiyi cinayətdən sonra şok vəziyyətində olmasıdır. Halbuki, onun istinad etdiyi hallar sonuncunun apelyasiya şikayəti verməsinə məhdudiyyət yaratmırdı. Göründüyü kimi məhkumun hökmdən yalnız 7 ildən yuxarı bir vaxt keçdikdən sonra apellyasiya şikayəti vermək məqsədilə məhkəməyə müraciət etməsi, məhkəmənin kollegiyasının fikrincə, onun özünün öz hüquqlarına və prosessual normalara münasibətdə səhlənkarlığa yol verdiyini göstərir. Ümumiyyətlə, məhkəmə kollegiyası belə hesab edir ki, CPM-in 386-cı maddəsinə uyğun olaraq, müddətin bərpa edilməsi məsələsi həll olunarkən, buraxılmış müddətin nə qədər sürməsini də nəzərdən qaçırmaq olmaz. Həmin müddətin davamiyyəti, məsələyə baxan məhkəmə tərəfindən, prosessual müddətin buraxılmasına səbəb olan halın üzrlü və yaxud üzrsüz sayılmasına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Əgər 20 gün təşkil edən prosessual müddət aylarla ölçülən dövr ərzində ötürülürsə və bunun səbəbini müstəsna hallarla, mötəbər şəkildə əsaslandırmaq mümkün olmursa, həmin müddət özü-özlüyündə şəxsin səhlənkarlığına dəlalət edən fakt kimi qiymətləndirilməli və müddətin bərpasından (yəni qanuni qüvvəyə minmiş məhkəmə aktına müdaxilə üçün prosessual əsasın yaradılmasından) imtina edilməlidir. Yeri gəlmişkən, Avropa Məhkəməsi yuxarıda istinad edilən «Nelyubin Rusiyaya qarşı iş» üzrə qəbul etdiyi qərardadda, icra olunmuş məhkəmə aktının çıxarılmasından nəinki illərlə hesablanan müddət, hətta aylarla hesablanan vaxt keçəndən sonra onun mübahisələndirilməsini hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz saymışdı. Beləliklə, məhkəmə kollegiyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad edilən presedentlərinə və yuxarıda göstərilən hallar üzrə çıxardığı nəticələrə söykənərək belə qənaətə gəlir ki, hazırki işdə Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş və icra edilən 16 noyabr 2017-ci il tarixli 1(091)-193/17 nömrəli hökmünün mübahisələndirilməsi və apellyasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların yaradılmasına əsas verən, yəni İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında X1 və 6-cı maddəsinin əhatə etdiyi «hüquqi müəyyənlik» prinsipinin pozulmasına bəraət qazandıran müstəsna hallar olmamışdır. Bu səbəbdən, həmin hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli qərarı dəyişdirilmədən, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 386.3 və 391.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 1(091)-193/2017 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli 1(091)-193/2017 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərаrdаn 1(bir) аy müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Cinаyət Kollegiyаsınа kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar