Məhkəmə qərarları › İş №1(107)-123/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-123/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-123/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X6, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X9 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxx 1992-ci il tarixdə Ağdaş rayonunun Hüşün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 10 iyun 2020-ci il tarixdən 12 iyun 2020-ci il tarixədək olan 02 (iki) gün müddət onun cəzasına hesablanmaqla çıxılması, Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq qalan 4 kq 898,65 qram olan 27 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 249,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünə əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 27 ədəd külli miqdarda, ümumi təmiz çəkisi 4 kq 900 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2020-ci ilin may ayının əvəllərində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin bitkilər 10.06.2020 ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:25-də yaşadığı Ağdaş rayonunun Kükəl kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür Həmçinin, Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdə yaşadığı Ağdaş rayonunun Kükəl kəndində yerləşən evinin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından sellofan torbaya yığıb qurudaraq ümumi təmiz çəkisi 250,00 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş və yaşadığı evin divarından asmaqla saxlamış, həmin narkotik vasitə 10.06.2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:40da yaşadığı Ağdaş rayon Kükəl kəndindəki evinin divarından aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-40/2021 saylı hökmünün həmin hissədə ləğv edərək onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın həmin Məcəllənin 237.2.3-cü maddəsinə əhatə olunmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla ədalətli cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestində qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, özləri tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kənddə çöl sahəsindən narkotik tərkibli bitkilərin şitillərini tapmış, həmin bitki kollarını kökündən çıxararaq Ağdaş rayonunun Kükəl kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, həmin əkdiyi narkotik tərkibli bitkiləri suvarmış, diblərini yumşaltmışdır. 10.06.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitmişdir. Həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi barədə məlumat olduğunu söyləmiş, həmin vaxt onlara, həqiqətən də, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin arxasındakı həyətyanı sahədən əkib-becərdiyi 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmış və həmin torbanın üzərinə imza etmişlər. Bundan sonra isə həmin həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunub, qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında ifadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindəki narkotik vasitəyə oxşar bitki kütləsinin xarab olduğunu və istifadə üçün yararlı olmadığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, əməlindən peşman olduğunu, həyətdə evin divarından asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindən aşkar edilmiş yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsini özünün sərib qurutmadığını, həmin bitkilərin yarpaqlarının özözünə quruduğunu, ümumilikdə 30 ədəd narkotik tərkibli bitkilərin şitilləri əkdiyini, lakin içərisində üç ədəd bitki şitilinin quruduğunu, həmin qurumuş bitki şitillərini sellofan kisəyə yığaraq divardan asdığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Ağdaş rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.06.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə RPŞ-yə məlumat daxil olmuş, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunmuş, həmçinin həmin gün özü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş və bu barədə müvafiq sənədləşdirmələr aparılmışdır. Bundan sonra həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və aqronom Arif Səmədov ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidi də dəvət olunmuşdur. Daha sonra həyət qapısından Həsəni çağırmış, Həsən qapıya çıxmış və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdikdə Həsən də buna etiraz etməmiş, həmçinin ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, başqa iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqronom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 50 sm-dən 2 metrə qədər torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunmuş, həmin bitki kolları kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Həmçinin aqronom Arif Səmədov da həmin bitkilərə baxaraq bu barədə rəy vermişdir. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmış, torbanın üzərinə hal şahidləri və Həsən imza etdikdən sonra həmin torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Bundan sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisindən 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyini və ağaclardan yığıb qurutduğunu bildirmişdir. Həmin qurudulmuş kütlə qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid6 və Şahid5 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. 10.06.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Ağdaş rayonunun Kükəl kəndində küçə ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş rayonunun Kükəl kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin ünvana getmiş, ondan əvvəl bir nəfər hal şahidi də dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş torpağa əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Həmçinin aqronom Arif Səmədov da həmin bitkilərə baxaraq bu barədə rəy vermişdir. Daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kollar torbaya qablaşdırılmışdır. Daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyi ağaclardan yığıb qurutduğunu bildirmişdir. Həmin qurudulmuş kütlə qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində X16 RPŞ-nin MSY-nin postaçısı vəzifəsində xidmət etdiyini, 10.06.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə RPŞ-yə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsində həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirmələr aparıldığını, bundan sonra həmin gün saat 16-17 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və aqronom Arif Səmədov ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün iki nəfər hal şahidinin də dəvət olunduğunu, həyət qapısından Həsəni çağırdıqlarını, Həsənin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Həsənin də buna etiraz etmədiyini, həmçinin ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqronom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş, hündürlüklərinin 50 sm-dən 2 metrə qədər olan torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının aşkar olunub, kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin aqronom Arif Səmədovun da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların torbaya qablaşdırıldığını, torbanın üzərinə hal şahidləri və Həsənin imza etdiklərini, daha sonra torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisənin içərisində 357 qram çəkidə yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marxiuana olduğunu, özünün həmin marixuananı əkdiyi ağaclardan yığıb qurutduğunu dediyini, həmin qurudulmuş kütlənin qablaşdırılaraq götürüldüyünü, bundan sonra kisənin üzərinə də hal şahidləri və Həsənin imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola təklif və şikayət olmadığından imza etdiklərini, baxış zamanı Həsənin evinin həyətindən və həyətyanı sahəsindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞyə apardıqlarını, Həsənin özünün deməsinə görə bitki kollarının toxumlarını təxminən 1 ay bundan qabaq yaşadığı kənddə çöl sahəsindən tapdığını, marixuanaları isə həyətində əkib-becərdiyi bitki kollarından yığaraq qurutduğunu və özü istifadə etmək məqsədi ilə saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs həyətindən cəmi 27 ədəd narkotik tərkibli bitkinin aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs evinə baxış zamanı orada polis əməkdaşları, hal şahidləri və aqronomun olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid3 Üzeyir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 10.06.2020-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 08) Cinayət işinin materiallarında olan 10.06.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan 10.06.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 10.06.2020-ci il tarixdə Ağdaş rayonunun Kükəl kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 16) Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 10 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 10.06.2020-ci il tarixdə hal şahidləri və aqronomun iştirakı ilə Ağdaş rayonu Kükəl kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxasındakı həyətdən hündürlükləri 50 sm-dən 2 metrə qədər olan torpağa əkilmiş 27 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Həmçinin aqronom Arif Səmədov Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Daha sonra isə həmin həyətdən evin divarına asılmış üzərinə “Oba” sözü yazılmış ağ rəngli sellofan kisə aşkar edilmişdir. Həmin sellofan kisə açılan zaman üzərində qurudulmuş halda yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin bitki kütləsi “Eurolux” markalı elektron tərəzidə çəkilmiş və çəkisinin 357 qram olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sellofan kisənin içərisindən aşkar edilmiş həmin bitki kütləsini yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli bitkilərin yarpaqlarından yığıb qurutduğunu bildirmişdir. Daha sonra həmin bitki kütləsi qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmiş və götürülməmişdir. (cild 01, iş vər. 17-30) Cinayət işinin materiallarında olan 10.06.2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, 10.06.2020-ci il tarixdə Ağdaş rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ağdaş rayonunun Kükəl kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunmuşdur. Bitkilərin dibləri yumşaldılmış, peyin verilmişdir. Aşkarlanmış bitkilərin ümumi sayı 27 (iyirmi yeddi) ədəd olmaqla ən böyüyü 2 (iki) metr, ən kiçiyi 50 (əlli) sm olmuşdur. (cild 01, iş vər. 31) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 10 iyun 2020-ci il tarixli 17/358 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş... bitki kolları.” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 50 smdən 200 smdək, ümumi təmiz çəkiləri – 4 kiloqram 900 qram olan 27 (iyirmi yeddi) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Arif Səmədovun 10.06.2020-ci il tarixli rəyinə əsasən 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi- 250,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 27 (iyirmi yeddi) ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 58-61) Cinayət işinin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” X17 20 iyun 2020-ci il tarixli, 626 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. (cild 01, iş vər. 109) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin təqdim etdiyi 22 iyul 2020-ci il tarixli, 605 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 129) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin təqdim etdiyi 17 iyul 2020-ci il tarixli, 373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 130131) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə əhatə olunması, bu səbəbdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın onlara qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılması barədə nəticəyə gəlmişdir. Belə ki, CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etsədə, təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın çıxarılmasına dair hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10 maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kənddə çöl sahəsindən narkotik tərkibli bitkilərin şitillərini tapmış, həmin bitki kollarını kökündən çıxararaq Ağdaş rayonunun Kükəl kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, həmin əkdiyi narkotik tərkibli bitkiləri suvarmış, diblərini yumşaltmışdır Cinayət Məcəlləsinin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma kimi əlamətlər nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarına əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələr, şahidlərin ifadələri və s. halların bir-biri ilə üst-üstə düşməklə bir-birini tamamlaması onu göstərir ki, həmin sübutların mənbəyinin mötəbərliyinə və doğruluğuna heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı apelyasiya şikayətində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Əksinə, həmin sübutlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünün əsassız olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilərək yeni hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin edilməli, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza təyin edilməlidir. nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 10 iyun 2020-ci il tarixdən 12 iyun 2020-ci il tarixədək olan 02 (iki) gün müddət onun cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin Cəza çəkmə müddətinin əvvəli 02 fevral 2021-ci ildən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar