Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-124/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov) 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü ilə, xx xxxxxxx 1961-ci ildə Ucar rayonu Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Ucar rayonu Qaracallı kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 16 sentyabr 2019-cu ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsi rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması, onun CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablanması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2019-cu ildən hesablanması, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik pulun ondan tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 407 ədəd, 265 kq 187,90 qr çəkidə çətənə bitkisi, 07 ədəd, 2 kq 589,30 qr çəkidə çətənə bitkisi, 115,27 qr çəkidə çətənə bitkisinin hissəsi, 684,90 qr çəkidə çətənə bitkisinin budaq və saplaqları, 5 kq 023,45 qr çəkidə qurudulmuş marixuana, 1 kq 489,90 qr çəkidə qurudulmamış marixuana, çuqun qabda azot gübrəsi və 2 ədəd işlək vəziyyətdə olmayan tərəzinin məhv edilməsi müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 25 may 2019 və 05 iyun 2019-cu il tarixlərdə yaşadığı Ucar rayon Qaracallı kəndindəki həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda, yəni 414 (dörd yüz on dörd) ədəd əkərək mütəmadi olaraq qulluq edib, həmin kolları 2019-cu ilin sentyabr ayınadək yetişdirib kultivasiya etməklə, yarpaqlarını yığaraq qurudub qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd sintetik kisənin içərisində təmiz çəkisi 3 kiloqram 985 qram, 01 ədəd sellofan torbada təmiz çəkisi 715qr., həmçinin həmin sellefon torbanın içərisindəki digər 03 ədəd sellofan torbalarada təmiz çəkiləri -94,01 qr., 113,07 qr., 116,62 qr., ümumi təmiz çəkisi – 1038,70 qram olmaqla ümümilikdə təmiz çəkisi 5 kiloqram 23,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd sellofan torbanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi – 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı, 01 ədəd sintetik kisənin içərisindəki nəm vəziyyətdə təmiz çəkisi – 1 kiloqram 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı, ümumilikdə 1 kiloqram 490 qram qurudulmamış marexuananı əldə edib həyətyanı sahədə mişar daşından hörülmüş yarımtikilinin içərisində saxlamışdır. 16 sentyabr 2019-cu ildə saat 11 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 414 ədəd narkotik tərkibli çətənə bitkisi, 5 kiloqram 23,70 qram çəkidə narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuana və 1 kiloqram 490 qram qurudulmamış marixuana həmin həyətə baxış zamanı aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti, Dövlət ittihamçısı2 isə apellyasiya protesti vermişdir. Apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə CM-in 237.2.3-cü maddəsi üzrə sanksiyada nəzərdə tutulan cəzanın ən aşağı həddində cəzanın verilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir Dövlət ittihamçısı2 isə apellyasiya protestində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. CPM-in 398.1.4-cü maddsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.4-cü maddəsinə görəcinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verdi. Həmçinin, əməlindən səmimi peşiman olduğunu bildirdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü ildən etibarən hər il özü istifadə etmək üçün müxtəlif sayda çətənə kolları əkmişdir. 2019-cu ilin may ayının 25-də həmin yarımçıq tikilinin içərisinə əvvəlcədən özündə saxladığı çətənə bitkisinin toxumlarından səpmişdir. 05 iyun 2019-ci ildə isə həyətyanı sahəsi olan nar ağaclarının yanına səpmişdir. Toxumların sayını bilməmişdir. Toxumlar inkişaf etdikcə onlara qulluq etmişdir. Toxumları necə gəldi səpdiyindən sıx bitmişlər. Sıx olan hissələrdən ştilləri çıxarıb tək-tək əkmişdir. Avqust ayının 1-dən çətənə bitkilərinə azot gübrəsi vermişdir. İki ədəd işlək olmayan tərəziləri də azotun miqdarını ölçmək üçün saxlamışdr. 15 sentyabr 2019-cu ildə yarımçıq tikilidə əkdiyi çətənə bitkilərinə baxan zaman onlardan bəzilərinin quruduğunu görüb yığmışdır. İlk olaraq içinin yaxşılarını az-az sellofan paketlərə yığmışdır. Daha sonra həmin sellofan paketləri iç-içə bir ədəd sellofan paketə yığmışdır. Daha sonra isə bir ədəd sintetik kisə (meşok) götürüb bütün yerə tökülmüş yarpaqları onun içinə yığmışdır. Amma onları çəkməmişdir. 16 sentyabr 2019-cu ildə saat 11 radələrində polis əməkdaşları hal şahidlərinin, aqronom mütəxəssisin iştirakı ilə ona məxsus olan evə və onun həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin əkdiyi çətənə bitkisinin kolları və paketlərə yığdığı quru şəkildə olan marixuanalar qeyd etdiyi yerlərdən, yəni yarımçıq tikilidən və narlıq ərazidən aşkar edilərək götürülmüşdür. Qeyd edilən çətənə bitkilərini əkməkdə məqsədi həm şəxsi istifadə etməsi, həm də sataraq qazanc əldə etmək olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, 16 sentyabr 2019-cu ildə ona Təqsirləndirilən şəxs Ucar rayonunun Qaracallı kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin arxasından təxminən 20-25 metr məsafədə nar ağaclarının içərisində, eləcə də evdən təxminən 10-15 metr məsafədə mişar daşından hörülmüş yarım tikilidə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmçinin həmin yarım tikilinin içərisində 1 ədəd ağ rəngli kisənin içərisində narkotik tərkibli bitki kütləsi, həmin kisənin yanında olan 1 ədəd şəffaf rəngli sellofan torbada, həmin torbanın içərisində kiçik 3 ədəd sellofan torbalara bükülmüş formada quru halda narkotik tərkibli vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. Eyni zamanda həmin yerdə ağ rəngli pres ipinə bükülmüş vəziyyətdə narkotik tərkibli bitkinin hissələri aşkar edilmişdir. Bundan başqa yarım tikilinin çölündə yerdə ağ rəngli pres ipinə bükülmüş vəziyyədə quru halda narkotik tərkibli bitkinin budaqları və başqa hissələri aşkar edilmişdir. Kisədə və sellofan torbada aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələrin 4800 və 1160 qram olması müəyyən edilmişdir. Narkotik tərkibli bitkilər də sayılarkən 407 ədəd olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkinin toxumlarını 2018-ci ilin oktyabr ayında dəqiq tarixi yadında qalmayan gündə mal nobatında hazırda xatırlamadığı qamışlıqda yabanı halda bitmiş iki ədəd bitki kolundan yığıb saxladığını və həmin toxumlardan 2019-cu ilin iyun ayının 5-də həyətyanı sahəsində əkib becərdiyini, quru halda olan kütləni də əkdiyi bitkilərdən şəxsi istifadə məqsədi ilə yığdığını bildirmişdir. Narkotik tərkibli bitkilərin aşkar edildiyi yerdə əlavə olaraq çuqun qabda azot gübrəsi və Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd işlək vəziyyətdə olmayan tərəzi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Şahid2, Şahid3 Namüdar oğlu, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında Şahid15 məhkəmədə ifadəsində göstərmişdir ki, 16.09.2019-cu ildə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Qaracallı kəndindəki həyətyani sahəyə və evinə bvxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı evin arxasından təxminən 20-25 metr məsafədə nar ağaclarının içərisində, eləcə də evdən təxminən 10-15 metr məsafədə mişar daşından hörülmüş yarım tikilidə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmçinin həmin yarım tikilinin içərisində 1 ədəd ağ rəngli kisənin içərisində narkotik tərkibli bitki kütləsi, həmin kisənin yanında olan 1 ədəd şəffaf rəngli sellofan torbada, həmin torbanın içərisində kiçik 3 ədəd sellofan torbalara bükülmüş formada quru halda narkotik tərkibli vasitəyə bənzər bitki kütlələri aşkar edilmişdir. Eyni zamanda həmin yerdə ağ rəngli pres ipinə bükülmüş vəziyyətdə narkotik tərkibli bitkinin hissələri aşkar edilmişdir. Bundan başqa yarım tikilinin çölündə yerdə ağ rəngli pres ipinə bükülmüş vəziyyədə quru halda narkotik tərkibli bitkinin budaqları və başqa hissələri aşkar edilmişdir. Baxış zamanı kisədə və sellofan torbada aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələrin 4800 və 1160 qram olması müəyyən edilmişdir. Narkotik tərkibli bitkilər də sayılarkən 407 ədəd olması müəyyən edilmişdir. Bundan başqa, çuqun qabda azot gübrəsi və evdən 2 ədəd işlək vəziyyətdə olmayan tərəzi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Şahid16, Şahid12, Şahid13 və Şahid14 şahil Şahid15 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında Şahid9 məhkəmədə ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının 4-də o Rusiya Federasiyasının Maxaçqala şəhərinə getmişdir. Orada tikintidə işləmişdir. 16 avqust 2019-cu ildə icazə müddəti bitdiyindən yaşadığı Qaracallı kəndindəki evinə gəlmişdir. 16 sentyabr 2019-cu ildə polis əməkdaşları yaşadıqları evdən və həyətdən külli miqdaqrda çətənə bitkisin kollarını aşkar etmişlər. Eyni zamanda yerdə olan paketlərdə qurudulmuş marixuanalar olmuşdur. Bu zaman atası etiraf etmişdir ki, həmin çətənə kollarını özü əkib və onlara xüsusi qulluq etmişdir. Həmin zamana kimi onun, atasının çətənə bitkisin kollarını əkməsi və onlara qulluq etməsi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Şahid11 və Şahid10 Şahid9 ifadəsinə uyğun ifadə vermişlər. İşə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 16 sentyabr 2019-cu il tarixli 520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “.... Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkisi....” sözləri yazılmış 10 ədəd polietilen bağlamaların içərisindəki ümumilikdə 407 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi - 265 kiloqram 190 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid14 tərəfindən verilmiş 16.09.2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “.... Təqsirləndirilən şəxs həyətində aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər bitki kütləsi...” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki 07 ədəd, ümumi təmiz çəkisi - 2 kiloqram 590 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 01 ədəd təmiz çəkisi - 115,32 qram olan bitki hissəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi hissəsidir. Təmiz çəkisi - 685 qram olan, yarpaqsız bitki budaq və saplaqları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik vasitəyə bitki kütləsi....” sözləri yazılmış 01 ədəd sellofan torbanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs məxsus həyətdən götürülmüş içərisində narkotik tərkibli kütlə....” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki nəm vəziyyətdə təmiz çəkisi - 1 kiloqram 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marexuanadır. Təmiz çəkisi 3 kiloqram 985 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs məxsus həyətdə aşkar edilərək götürülmüş narkotik tərkibli kütlə....” sözləri yazılmış 01 ədəd sellofan torbada təmiz çəkisi - 715 qr., həmçinin həmin sellofan torbanın içərisindəki digər 03 ədəd torbalarda təmiz çəkiləri - 94,01 qr., 113,07 qr., 116,62 qr., ümumi təmiz çəkisi - 1038,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim edilmiş çətənə bitkiləri, çətənə bitkisinin hissəsi, çətənə bitkisinin budaq və saplaqları, qurudulmamış marixuanalar və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 06 mart 2020-ci il tarixli 166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olubr. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. 16.01.2020-ci il tarixli 37 №-li ambulator məhkəmə psixatrik eksertizasının rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddələri ilə düzgün tövsif etsədə, təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə olan «rəqəm ifadəsi»ni xaric etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.4.3-cü yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Həmçinin, eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırkı cinayət işi üzrə C.Mikaylov törətdiyi cinayət əməli (CM-in 237.2.3-cü maddəsi) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkib-yetişdirdiyi andan başa çatmış, təsərrüfat məqsədi ilə əkmədiyi və özünün nəzarətində olduğu üçün mühafizə olunmasına ehtiyyac olmayan ərazidən həmin bitkiləri yığıb bir ədəd sintetik kisənin içərisində təmiz çəkisi 3 kiloqram 985 qram, 01 ədəd sellofan torbada təmiz çəkisi 715qr., həmçinin həmin sellofan torbanın içərisindəki digər 03 ədəd sellefon torbalarada təmiz çəkiləri -94,01 qr., -113,07 qr., -116,62 qr., ümumi təmiz çəkisi - 1038,70 qram olmaqla ümümilikdə təmiz çəkisi 5 kiloqram 23,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 01 ədəd sellofan torbanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi - 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marexuanı, 01 ədəd sintetik kisənin içərisindəki nəm vəziyyətdə təmiz çəkisi - 1 kiloqram 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı, ümumilikdə 1 kiloqram 490 qram qurudulmamış marixuananı həyətyanı sahədə mişar daşından hörülmüş yarımtikilinin içərisinə daşıyıraq saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etmyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda iqtibas edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarında gəldi hüquqi mövqe təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə olan «rəqəm ifadəsi»ni xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə araşdırılan işdən həmçinin bəlli olur ki, təqsirləndirilən şəxsin müdafiəçisi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X1 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü ləğv edilməklə, yeni hökm çıxarılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(091)-9/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan “CM-in 234.4.3-cü maddəsi” rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə, CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3 və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsa təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın və cəza çəkmə müddətinin əvvəli 16 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Ekspertiza xərci 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 407 ədəd, 265 kq 187,90 qr. çəkidə çətənə bitkisi, 07 ədəd, 2 kq 589,30 qr çəkidə çətənə bitkisi, 115,27 qr çəkidə çətənə bitkisinin hissəsi, 684,90 qr çəkidə çətənə bitkisinin budaq və saplaqları, 5 kq 023,45 qr çəkidə qurudulmuş marixuana, 1 kq 489,90 qr çəkidə qurudulmamış marixuana, çuqun qabda azot gübrəsi və 2 ədəd işlək vəziyyətdə olmayan tərəzi məhv edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №1(107)-124/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-124/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver