Məhkəmə qərarları › İş №1(107)-125/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-125/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-125/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Hüseynov) 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmü ilə, xx xxxx 1963-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Bəydilli kəndində qeydiyyatda olmaqla həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə olan «rəqəm ifadəsi» xaric edilməsi, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 18 iyul 2020ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 35 (otuz beş) manat 97 ( doxsan yeddi ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, Maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 60 ədəd çətənə bitkisi və 4 kq 394,90 qram qurudulmamış marixuananın məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2020-ci ilin mart ayının əvvəllərində Yevlax rayonunun Bəydilli kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq külli miqdarda 60 (altmış) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 18 iyul 2020-ci ildə həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə qanunsuz olaraq ümumi çəkisi 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana toplayıb əldə edərək yaşadığı evin həyətində yerə sərərək saxlamış, həmin gün saat 11:10-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli cəmi -60 (altmış) ədəd çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ümumi çəkisi 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxs əvvəllər məhkum olmamışdır, cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs maddənin sanksiyasının aşağı həddində cəza verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı2 apellyasiya protesti verərək CM-in 234.1-ci mddəsi ilə verilmiş ittihamın CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunmaqla CM-in 234.1-ci maddəsi ilə olan rəqəm ifadəsinin təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X6 verdiyi apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 Təqsirləndirilən şəxs müdafiəçisi X1 verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. CPM-in 398.1.4-cü maddsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.4-cü maddəsinə görəcinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cu maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında «Kür» çayının yaşadığı kəndin ərazisindən keçən hissəsində çətənə bitkisi görmüş, ağacında olan toxumlarından yığaraq gələcəkdə həyətyanı məhləsində əkmək üçün evlərinə gətirmişdir. 2020-ci ilin mart ayında həmin toxumları yaşadığı evin həyətyanı məhləsinin ayaq tərəfində əkmişdir. Toxumlardan 60 ədədi bitmişdir. Bitmiş şitillərin dibini boşaldaraq seyrəlmiş, şitillərin dibinə arx çəkmiş və peyin vermişdir. Şitillər təxminən 1-2 metr hündürlüyə boy atmışdır. Həmin ağacların yarpaqlarından toplayıb qurudaraq gündəlik istifadə etmişdir. 18 iyul 2020-ci ildə saat 08 radələrində məhləyə getmiş, bitkilərdən gələcəkdə istifadə etmək üçün yarpaqlarından yığıb kolların yanına sərmişdir. Həmin gün saat 11 radələrində evdə olarkən onlara Yevlax rayon polis şöbəsinin əməkdaşları gəlib onun evinin həyətyanı sahəsinə baxış keçirmiş və baxış zamanı əkib-becərdiyi 60 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb oraya sərdiyi kütləni aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci ildə saat 11 radələrində Yevlax rayonu Bəydilli kəndidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə məlumat əsasında baxış keçirmişlər . Baxış zamanı həyətyanı məhləsində 60 ədəd çətənə bitkisi və həmin bitkilərdən yığıb qurutmaq üçün sərdiyi kütlə aşkar edilmişdir. Həmin bitkinin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş suvarılmışdır. Aşkar edilmiş həmin bitkilərin kolları kökündən çıxarılmış, həmin bitki kolları torbaya qoyularaq qablaşdırılmış və fotoşəkillər çəkilmiş, bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci ildə saat 11 radələrində evdə olan zaman polis əməkdaşları gəlmiş və Xanoğlanın əkib becərdiyi 60 ədəd narkotik tərkibli çətənə kolları və narkotik vaitə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Şahid4 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X7 məhkəmədə ifadəsində göstərmişdir ki, 18 iyul 2020-ci ildə saat 11 radələrində Yevlax rayonu Bəydilli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmiş və baxış zamanı aşkar edilmiş 60 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. 60 ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri bellənib yumşaldılmış, suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş narkotik xassəli çətənə (kannabis) bikiləri və həmin bitkilərdən yığılaraq sərilmiş vəziyyətdə olması aşkar olunmuşdur. Bitkiləri nəzərdən keçirərkən həmin bitkilərin xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını müəyyən etmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib-becərdiyi 60 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb oraya sərdiyi kütləni aşkar edib qablaşdırıb möhürləyib götürmüşlər. 18 iyul 2020-ci il tarixli 17/449 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 60 ədəd hündürlüyü 150 sm-dən 205 smdək hündürlükdə olan, ümumi çəkisi 424,715 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində istifadə etmək üçün qurutduğu 2 ədəd sintetik kisənin içərisindəki ayrı-ayrılıqda çəkisi 2 kq 445 qram və 2 kq 150 qram olmaqla ümumi çəkisi 4 kq 395 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tərkibinə görə eynidir. Məhkəmə-psixatrik ekspertizasının 20.08.2020-ci il tarixli 471 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 928 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddələri ilə düzgün tövsif etsədə, təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə olan «rəqəm ifadəsi» xaric etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Həmçinin, eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli (CM 237) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkibyetişdirdiyi andan başa çatmış, təsərrüfat məqsədi ilə əkmədiyi və özünün nəzarətində olduğu üçün mühafizə olunmasına ehtiyac olmayan ərazidən həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq ümumi çəkisi 4 kq 395 qram narkotik vasitə olan qurudulmamış marixuana toplayıb əldə edərək yaşadığı evin həyətində yerə sərərək saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etmyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda iqtibas edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarında gəldi hüquqi mövqe təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə olan «rəqəm ifadəsi» xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə araşdırılan işdən həmçinin bəlli olur ki, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)-52/2021 nömrəli hökmü ləğv edilməklə, yeni hökm çıxarılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(091)- 52/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1 və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın və cəza çəkmə müddətinin əvvəli 18 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Ekspertiza xərci 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq, dövlət hesabına keçirilsin. Maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 60 ədəd çətənə bitkisi və 4 kq 394,90 qram qurudulmamış marixuana məhv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar