Məhkəmə qərarları › İş №1(107)-126/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-126/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-126/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) 03 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 19 iyul 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası «CM-nin 234.1-ci maddəsi» ilə olan rəqəm ifadəsinin çıxarılması, CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablanması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 19 iyul 2020-ci ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, ekspertiza xərci 32 (otuz iki) manat 40 ( qırx ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 107 ədəd çətənə bitkisi və 9,044 qram qurudulmamış marexuananın məhv edilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2020-ci ilin aprel ayının əvvəllərində Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq külli miqdarda 107 (bir yüz yeddi ) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2020-ci ilin iyul ayında həmin çətənə bitkilərinin yarpaqlarından ümumi çəkisi 9,144 qram narkotik vasitə olan qurudulmuş marixuana toplayıb əldə edərək yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. 18 iyul 2020-ci ildə saat 20:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinn X10 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs həyətində kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli cəmi -107 (yüz yeddi) ədəd çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən toplayıb saxladığı ümumi çəkisi 9,144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs ittiham verilmiş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə sanksiyada nəzərdə tutulan ən aşağı həddə cəza verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünün CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunmaqla CM-nin 234.1-ci maddəsi ilə olan rəqəm ifadəsinin təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla ədalətli cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətləri və apellyasiya protestində qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, özləri tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuana istifadə edir. 2019-cu ilin əvvəllərində narkotik vasitə olan marixuana istifadə edərkən içərisində olan toxumları yığıb saxlamış və həmin toxumları 2020-ci ilin aprel ayında yaşadıqları evin həyətyanı məhləsinin ayaq tərəfində əkmiş və toxumları suvararaq qulluq etmişdir. 107 ədədi bitmişdir. Bitmiş şitillərin dibini boşaldaraq seyrəltmiş şitillərin dibinə arx çəkmiş və peyin vermişdir. Şitillər böyüyərək boy atmış, həmin ağacların yarpaqlarından toplayıb qurudaraq gündəlik istifadə etmişdir. 18 iyul 2020-ci ildə saat 20 radələrində evdə olarkən onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları gəlmiş, evinə və həyətyanı sahəsinə baxış keçirmişlər. Tövlənin qarşısındakı yeşiklərin içərisindən istifadə etmək üçün torbada saxladığı marixuana həyətyanı sahədə əkib-becərdiyi 107 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, 18 iyul 2020ci ildə Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə məlumat əsasında baxış keçirilmiş, baxış zamanı Şahin özü bir ədəd sellofan torba təqdim edərək içərisindəki narkotik vasitə olan marixuananı təqdim etmişdir. Əlavə olaraq onun yaşadığı evin həyətindən 107 ədəd çətənə bitkisi aşkar edilərək götürmüşdür. Həmin bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş suvarılmış olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid2, Şahid3 Azad oğlu məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X3 məhkəmədə ifadəsində göstərmişdir ki, Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı 107 ədəd çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkilərinin dibləri alaq otlarından təmizlənmiş, dibləri boşaldılmış, suvarılmış, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş olmuşur. Bitkilər 40 sm-dən 205 sm hündürlüyündə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahinin narkotik tərkibli bitkilər əkməsindən xəbəri olmamışdır. Belə ki, gündəlik səhər Mingəçevir şəhərinə fəhlə kimi işə gedir və gecələr evə qayıdır. Evdə uşaqlara əri Şahin baxmışdır. 18 iyul 2020-ci ildə saat 20 radələrində polis əməkdaşları gəlmiş və Şahinin evin məhləsində əkdiyi 107 ədəd narkotik tərkibli kollar aşkar edilmişdir. Şahinin narkotik vasitə olan marixuana qəbul etdiyini eşitsə də, narkotik bitkilər əkdiyini eşitməmişdir. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutu götürülməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib-becərdiyi 107 ədəd çətənə bitkisini və istifadə etmək üçün yığıb həyətindəki tövlənin qarşısında saxladığı kütlə aşkar edib götürülmüşdür. İşə əlavə edilmiş 19 iyul 2020-ci il tarixli 16/493 saylı ekspert rəyindən rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 107 ədəd, ümumi çəkisi 21500 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd polietilen torbada çəkisi 9,144 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tərkibinə görə eynidir. İşə əlavə edilmiş 20.08.2020-ci il tarixli 472 saylı rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə əhatə olunması, bu səbəbdən CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın onlara qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılması barədə nəticəyə gəlmişdir. Belə ki, CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etsədə, təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın çıxarılmasına dair hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10 maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki. ...çətənə kollarını özü əkib becərmişdir. Heç kim narkotik vasitəni becərməkdə ona kömək etməyib. Əkdiyi narkotiki yığardısa özü istyifadə edəcəkdi. Heç kimə narkotik vasitə satmayacaqdı Sonradan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında bildirmişdir ki, ...verilmiş ittihamla özünü təqsirli bilir.... Cinayət Məcəlləsinin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.1-ci maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarına əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan CM-in 234.1-ci maddəsinin xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi hökmünün ona münasibətdə ləğv edilməsi və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 234.1-ci-cü maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilərək yeni hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin edilməli, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza təyin edilməlidir. nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi ona verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin Cəza çəkmə müddətinin əvvəli 19 iyun 2020-ci ildən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar