Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-127/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-31/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə)xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1971-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-ci maddəsi ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün ona təyin olunmuş cəzadan çıxılması vəüzərində qəti olaraq beş il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi və yaşadığı yer üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi əkib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, xx.xx.2019-cu il tarixdə, saat 16 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının Göyçay Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən göstərilən evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, ifadələrə səthi yanaşmış, nəticədə bir növ ittiham aktını dolayısı ilə müdafiə etdiyini nümayiş etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, lakin həmin maddələrdə nəzərdə tutulmuş ittihamın sübut olunmadığına əhəmiyyət verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə saxlaması ittihamının heç bir əsası yoxdur. Onun əleyhinə bu barədə heç bir sübut yoxdur, istintaq orqanı satış məqsədilə narkotik vasitə saxlanmasına dair sübut toplaya bilməmiş, heç bir sübut olmadığı halda həmin ittihamı qanunsuz olaraq vermiş, işə baxan məhkəmə də müdafiə tərəfinin sübutlarına əhəmiyyət vermədən istintaqın qanunsuzluqlarına göz yummuşdur. Həmçinin, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi də təsdiq olunmur. Təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, o çətənə bitkilərini əkməmiş, onlara aqrotexniki qaydada qulluq etməmiş, çətənə kollarının bitdiyi ərazi daş və beton olmuş, suvarılmamış və dibləri yumşaldılmamışdır. Aqronomun bu barədə rəyi səbatsız və uydurma olmuşdur. Təqsirləndirilən şəxs özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, göstərilənlər nəzərə alınaraq X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, özümü CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilmirəm. Aqronomun rəyi ilə razı deyiləm. Mənim həyətimdə torpaq yoxdur, daş-betondur. Orada nəyə aqrotexniki qaydada qulluq göstərmək olar? Ümumiyyətlə, həmin adamın aqronom olmasına şübhəm var. O qeyd edilən idarədə işləmir. Bu vaxta qədər heç kimə ziyan gətirməmişəm, heç kimdən narkotik almamışam və onu heç kimə satmamışam. Narkotik əkməmişəm və qurutmamışam. Fəhləlik edirəm. Psixoloji xəstəliyimlə əlaqədar narkotikdən istifadə edirəm. Yalandan zibili yiğıb narkotik kimi qələmə verdilər. Evimin həyətində aşkar edilmiş bitkilər dəyməyib, bundan başqa hamısı çör-çöp idi, onları qurutmaq fikrim olmayıb. Xeyr, narkotiki satmaq fikrim olmayıb. Torpağın üzərində çıxardıb tulladığım çör-çöp, zir-zibil idi. Orada heç yarpaq yox idi. Evimin həyətyanı sahəsi hamısı daşlıq və betondur. Bitkilərə aqrotexniki qaydada qulluq göstərmək mümkün deyil. Bağa gedəndə toxumları özüm yığıb gətirdim. Həmin toxumlar həyətimə səpələnib yabanı şəkildə böyüdülər. Onlar heç ayaq üstündə dayanmırdılar, qol-qanad atmamışdılar. Onları ağac hesab etmək olmaz. Mən həmin bitkilərin narkotik olduğunu bilirdim, xəstəliyimlə bağlı onlardan özüm istifadə etmək istəyirdim. Bunları polislər əkməyib, özü düşüb bitmədir. Onu bel ilə ilə çıxarda bilmirdilər. Həmin bitkiləri çıxardıb tullamamaqla səhv etdim. Ona görə də işimə düzgün baxılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin edilərək, X8 Məhkəməsi xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, hadisə yerində aşkar edilmiş külli miqdar təşkil edən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilməsi ekspert rəyi ilə müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilsə də, hadisə yerində aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisinin külli miqdarda olması və digər hallar Ali Məhkəmənin Plenumun qərarında göstərildiyi kimi satış məqsədi ilə əldə etmə kimi qiymətləndirilə bilər. Apelyasiya şikayətinin dəllillərini əsassız hesab edirəm. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlilləriniqismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilməli və iş üzrə X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Göyçay Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik xassəli bitkilərin əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğundan sonuncunun evində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixdə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin həmin tarixli “baxış keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə, saat 16 radələrində əməliyyataxtarış qrupuna daxil olan digər polis əməkdaşları və dəvət olunmuş mütəxəssis-aqronom birlikdə Təqsirləndirilən şəxs yaşadığı H.Əliyev prospekti, 15 ünvanına getmişlər. Həmin ünvanda olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və həyətində narkotik təbiətli bitkilər əlibbecərməsində şübhəli olduğunu, üzərinə və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi kənardan dəvət etdikləri iki nəfər hal şahidinin işitirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli baxış keçirilməsi haqqında qərarı ilə tanış edərək sonuncuya yaşadığı evinə və evin həyətyanı sahəsinə də baxış keçirəcəklərini bildirmişlər. Dəvət olunmuş hal şahidlərinin, aqranomun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə keçirilən baxış zamanı evin sağ tərəfində yerləşən evə bitişik olan torpaq sahəsində əkilmiş vəziyyətdə, ümumi çəkisi 80,12 kq olan 24 ədəd narkotik təbiətli bitkilərə oxşar bitkilər aşkar olunmuşdur. Həmçinin, həyətyanı sahəyə baxış keçirilən zaman evin sağ tərəfində çəkisi 2,78 kq olan qurudulması üçün sərilmiş narkotik təbiətli bitki hissələri aşkar olunmuşdur. Çətənə bitkilərindən bir ədədi dibçəkdə olmuş, aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu, həmin çətənə bitkilərini öz istifadəsi üçün əkibbecərdiyini, torpaq üzərində qurudulması üçün sərilmiş bitkilərin isə yararsız olduğunu bildirmişdir. Həmin 24 ədəd çətənə bitkiləri beş ədəd sintetik torbaya, aşkar edilmiş kütlə isə bir ədəd sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı heç bir cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmüş, o, və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Göyçay RPŞ-nın Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3, Şahid4, ifadəsi elan olunaraq tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində, həmçinin arqonom mütəxəssis qismində iştirak etmiş Şahid5, hal şahidləri qismində iştirak etmiş Şahid6 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdikləri xüsusatı bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının qayınatası olmaqla, münasibətləri yaxşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Sahil onun mobil telefonuna zəng edərək təcili sonuncunun yaşadığı ünvana gəlməsini dedikdən sonra Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına gedərkən Sahilin yaşadığı evin qarşısında polis əməkdaşlarının yığışmasını görmüşdür. Həmin vaxt onu içəri buraxmasalar da, sonradan birlikdə həyətə girərkən həyətin bir tərəfində çətənə kolları olduğunu görmüş, həmin kollardan təxminən 7-8 ədədinin hündürlüyü təxminən 2 metrə yaxın olmuş, qalanları isə təxminən 15 sm olmuşdur. Digər çətənə bitkisinin hissələri isə kənara tullantı kimi yığılmışdır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 494 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, birinin üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 24 ədəd narkotik çətənə bitkiləri...” sözləri yazılmış beş ədəd ağ rəngli sintetik kisələrin içərisində ümumilikdə iyirmi dörd ədəd, yaş vəziyyətdə mumi təmiz çəkisi – 80 kiloqram 115 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom Şahid5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 2 ədəd sellafonda qurudulmuş çətənə...” sözləri yazılmış digər bir ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 1050 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iyirmi dörd ədəd yaş vəziyyətdə olan çətənə bitkiləri və bir ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkilmiş narkotik tərkibli çətənənin bitdiyi yerdən götürülmüş torpaq...” yazısı olan bir sellofan torbanın içərisindəki torpaq nümunəsində əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Cinayət işi materiallarında olan təkrar məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019cu il tarixli, 627nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan torbanın içərisindəki altı çətənə bitkilərindən, iki ədəd çətənə bitkilərinin hissələrində və qurudulmuş marixuanada çürümə əlamətləri müşahidə edilmədi və onlar çürümüş vəziyyətdə deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2019-cu il tarixli 494 nömrəli rəyinə əsasən, həmin vaxtda ekspertizaya təqdim edilmiş altı çətənə bitkiləri və iki ədəd çətənə bitkisinin hissələri və qurudulmuş marixuana çürümüş vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 667 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 475 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, həm də hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Göyçay MRX-dan verilmiş xx.xx.2019-cu il tarixli 2632 saylı arayış, xx.xx.1989-cu il tarixli 310 saylı səhətin müayinə edilməsi aktı) anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, hövsələsiz və əsəbi, tez qıcıqlanması, xırda qıcığa affektiv reaksiya ilə cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 ( psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) vəziyyətində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 164 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız tip şəxsiyyət pozuntusu, narkotik qəbulu ilə fəsadlaşmış” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xəstəxanaya stasionar müalicəyə qəbul olunub və “Şəxsiyyətin emosional davamsız tip pozuntusu” diaqnozu təsdiqlənib. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş stasionar məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 20 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız pozuntusu kompensasiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına baxış keçirilən zaman orada 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda təmiz çəkisi 1050 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Bu barədə foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, H.Əliyev prospekti 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə kollegiyası tərəfindən Göyçay RPŞ-ya əməliyyat işinin göndərilməsi ilə bağlı sorğu ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli 196-349-1220 nömrəli məktubla bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə əməliyyat-qeydiyyat işi olmamış, onun həyətində çətənə kollarının və narktik vasitə marixuana olması ilə bağlı daxil olmuş əmliyyat məlumatı tam məxfi sənədlərin qeydiyyatı jurnalında qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona görə CMin 234.4.3-cü maddəsi ilə təqsirləndirilib məhkum edilmişdir ki, o, Göyçay şəhəri, H.Əliyev prospekti 15 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, xx.xx.2019-cu il tarixdə, saat 16 radələrində Göyçay RPŞ-nın əməkdaşlarının Göyçay Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən göstərilən evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində isə qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Belə vəziyyətdə Təqsirləndirilən şəxs 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı torpaq üzərində sərilmiş halda saxlamış, bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməsinə zərurət yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitklərini əkib becərməməsini, onun hissələrini satış məqsədi ilə toplamadığını, həmin bitkilərin narkotik olduğunu bildiyini və xəstəliyi ilə bağlı onlardan özünün istifadə etmək istədiyini və ona görə də özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirsə də, onun əməli CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CMin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, bu səbəbdən CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. CM-in 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, aşkar olunmuş çətənə kolları ümumilikdə 24 ədəd olsa da, onların əksər hissəsi 10-12 sm olmuş, istifadə və bitki kimi tam yararsız olmuş, onlara öz şəxsi istifadəsi üçün qulluq etmiş, ona görə də özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirsə də, unutmuşdur ki, xx xxxxxx 2019-cu ildə onun yaşadığı Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına baxış keçirilərkən (İ cild, i. v. 30- 44) müdafiəçisinin yanında bildirmişdir ki, həyətindən aşkar edilmiş narkotik tərkibli bitkiləri özü əkib aqrotexniki qaydada qulluq göstərmişdir. Bundan başqa, ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs İlkin Məhərrəmovla üzləşdirilərkən (üzləşdirmə protokolu, cild 2, i. v. 20-22) X7 Abdullayevin üzünə qarşı ... həyətindən 24 ədəd narkotik təbiətli çətənə kolları ilə yanaşı, torpaq üzərinə sərilmiş quru halda çətənə bitkiləri və onların hissələri də aşkar olundu. Sən özün də baxışda iştirak elədin və mən səndən soruşan zaman sən həmin 24 ədəd çətənə bitkilərini əkib becərdiyini, torpaq üzərində sərilmiş çətənə bitkilərini isə özün göstərərək, onları istifadə etmək məqsədi ilə qurutmaq üçün sərdiyini bildirdin, mən də sən göstərdiyin üçün fotoşəklini çəkdim və sənin dediklərini protokola qeyd etdim, sonra protokolu iştirakçılara ucadan oxudum və sən də imzanla təsdiq etdin... Buna cavab olaraq Təqsirləndirilən şəxs həmin vaxtı fikirli, həyacanlı və bir qədər əsəbi olduğunu, orada nə dediyini bilmədiyini, protokolda nə qeyd ediliyini bilmədiyini desə də, İlkin Məhərrəmov onun üzünə qarşı “sən yalan deyirsən, mən baxış zamanı dəfələrlə soruşdum və sən həyətində torpaq üzərinə sərdiyin çətənə bitkilərini qururtmaq üçün sərdiyini deyərək quruduqdan sonra istifadə etmək məqsədinin olduğunu bildirdin” demişdir. Bunlardan əlavə, ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs ilə Şahid3 üzləşdirmə protokolundan (cild 2 i.v. 24-25) görünür ki, Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı sən özün də baxışda iştirak edərkən mən səndən soruşan zaman sən həmin 24 ədəd çətənə bitkilərini əkib-becərdiyini, torpaq üzərində sərilmiş çətənə bitki və hissələrini isə göstətərək onları istifadə etmək məqsədi ilə qurutmaq üçün sərdiyini bildirdiyini, bu barədə protokol tərtib olunduğunu, iştirakçılara ucadan oxunduğunu üzünə qarşı demişdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 627 nömrəlirəyində göstərilmişdir ki, ...tədqiqata təqdim edilmiş iki ədəd sellofan torbanın içərisindəki altı çətənə bitkilərindən, iki ədəd çətənə bitkilərinin hissələrində və qurudulmuş marixuanada çürümə əlamətləri müşahidə edilmədi və onlar çürümüş vəziyyətdə deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regianol Bölməsinin xx xxxxxx 2019-cu il tarixli 494 nömrəli rəyinə əsasən həmin vaxtda ekspertizaya təqdim edilmiş altı çətənə bitkiləri və iki ədəd çətənə bitkisinin hissələri və qurudulmuş marixuana çürümüş vəziyyətdə olmamışdır... Təqsirləndirilən şəxsin özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 237.2.3-cü mаddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzaya məruz qalmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, “Şəxsiyyətin emosional davamsız tip pozuntusu” xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bunlarla razılaşan məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın islah təsiri baxımından da qanuni və əsaslı olması qənaətinə gəlir. Belə ki, cəzа təyin edilərkən törədilmiş cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəxsiyyəti, o cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbelə təyin olunmuş cəzаnın şəxsin islаh olunmаsınа və onun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır (CM-in 58.3-cü maddəsi). CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. CM-in 237.2.3-cü maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən bütün halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alnaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasına uyğun olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın islah təsiri baxımından qаnuni, əsaslı və ədalətli nəticəyə gəlmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir (CPM-in 399.1.5-ci maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərlə yanaşı, o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilmiş və CM-in 234.4.3-cü maddəsi ilə beş il müddətə, CM-in 237.2.3-ci maddəsi ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş və CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günü ona təyin olunmuş cəzadan çıxaraq üzərində qəti olaraq beş il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlamışdır. Məhkəmə kollegiyası isə Təqsirləndirilən şəxs verilmiş ittihamlardan CM-in 234.4.3-cü maddəsinin çıxarılması qənaətinə gəlmişdir. Ona görə də CM-in 66.3-cü maddəsinə dair müddəlar hökmdən xaric edilməli və Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona CM-in 237.2.3-ci maddəsi ilə təyin edilmiş dörd il müddətə azadlıqdan məhrum etmə cəzasında çıxılmalı üzərində üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə verilmiş ittihamlardan 234.4.3-cü maddə çıxarılmalı, onun üzərində üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397-399, 403 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə verilmiş ittihamlardan CM-in 234.4.3-cü maddəsi çıxarılsın. CM-in 66.3-cü maddəsinə dair müddəlar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs CM-in 237.2.3-ci maddəsi ilə təyin edilmiş üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə dəyişdirilməsin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-127/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-127/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver