Məhkəmə qərarları › İş №1(107)-128/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-128/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-128/2022 17.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 23 dekabr 2021-ci il tarixli 1(063)- 65/2021 nömrəli hökmü ilə xx xxxxxx 1972-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar şəhəri Məhəmməd ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 16 sentyabr 2021-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan üç ədəd narkotik tərkibli çətənə bitkiləri və bir ədəd baltanın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması və 1 ədəd “Kgtel” markalı mobil telefonun qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, hökmün maddi sübutların məhv edilməsi və məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrasının Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, ibtidai istintaqda və məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir neçə ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib özündə saxlamış, 2021-ci ilin iyul ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində isə saxladığı həmin toxumları yaşadığı Ucar şəhəri M.ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində qanunsuz olaraq əkib sulamaqla, diblərinə peyin, üzvi maddələr verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib əkdiyi həmin toxumlardan 03 ədədini yetişdirərək kultivasiya etmiş, 16 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib kultivasiya etdiyi ümumi təmiz çəkisi-08 kiloqram 250,00 qram eyni tərkibə malik, 242 sm, 350 sm və 425 santimetr hündürlüklərdə, eləcə də gövdə, budaq və yarpaqlarının inkişaf müddətinə uyğun olaraq kifayət qədər inkişaf etmiş, köklü halda, yaş vəziyyətdə olan ümumilikdə 03 (üç) ədəd-xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cinayətin sadə residivinə görə cəza təyin etməklə səhvə yol vermişdir. Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə məhkum edilməsi barədə Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü cinayətlərin təhlükəli residivinə əsasən cəza təyin olunmaqla dəyişdirilməlidir. Ona görə də Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Abdulla Abdullayev apellyasiya protestinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)- 65/2021 nömrəli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya protestinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamaışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir neçə ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2021-ci ilin iyul ayında yaşadığı həyətdə qanunsuz olaraq əkib sulamaqla, diblərinə peyin, üzvi maddələr verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq etməklə həmin toxumlardan 03 ədədini yetişdirərək kultivasiya etmişdir. Lakin Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib kultivasiya etdiyi 242 sm, 350 sm və 425 santimetr hündürlükdə olan, gövdə, budaq və yarpaqları kifayət qədər inkişaf etmiş 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri 16 sentyabr 2021-ci il tarixdə aşkar olunmuşdur. O cümlədən, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2021-ci ilin iyul ayında əkib-becərdiyini bildirmişdir. Qeyd edilən 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hündürlükləri, budaq və yarpaqlarının kifayət qədər inkişaf etməsi onların təqsirləndirilən şəxsin dediyi vaxt, yəni 2021-ci ilin iyul ayında əkilib-becərilməsini təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 3 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkib-becərməklə kultivasiya etməsi 2021-ci ilin iyul ayında baş verdiyi üçün cinayət həmin vaxt başa çatmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə ona CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmçinin 27 sentyabr 2006cı il tarixli hökm ilə CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs 27 sentyabr 2006-cı il tarixli hökmü ilə CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmin məhkumluğa görə məhkumluğunun ödənilməməsini hazırkı hökm üzrə cəza təyin edərkən nəzərə almaqla ona cinayətin sadə residivinə görə cəza təyin etmiş, lakin 11 iyul 2017-ci il tarixdə onun CM-in 234.1- ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində yaranmış məhkumluğunun ödənilməməsini cinayətin təhlükəli residivi kimi nəzərə almayaraq qanunun normasını düzgün tətbiq etməmiş və Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin etmişdir. Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib CM-in 62-ci maddəsi tətbiq edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ilə həmin hökmlə təyin olunmuş çəkilməmiş qalan 4 (dörd) ay 8 (səkkiz) gününün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəza müddəti 22 mart 2015-ci il tarixdə başa çatmışdır. Ucar Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmü ilə X6 CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1 -ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyine dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1 -ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə, yəni Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 sentyabr 2006-cı il tarixli və Ucar Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli hökmləri ilə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşdur, hazırda ittiham olunduğu cinayət əməlini törədən vaxt onun həmin əvvəlki məhkumluqları ödənilməmiş və ya götürülməmişdir. Belə olan halda, o, CM-nin 18.2 və 18.2.1-ci maddələrinin tələbinə uyğun olaraq qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab olunur. Onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətin təhlükəli residivinin olmasını nəzərə almayaraq ona sadə residivə görə cəza təyin etməklə qanunun normasını düzgün tətbiq etməmiş, bunun nəticəsində də ona aşağı həddə cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 2 (iki) il müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-65/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)- 65/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 2 (iki) il müəyyən edilsin. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar