Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-129/2020 31.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən G.Cavadova) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, tutulanadək Yevlax rayonu Dəmiryol binası 23/8 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, iş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 0,318 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, iş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılıb, üzərində həmin gün saat 13:25 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən gümüşü rəngli kağız bükülüdə istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda -0,368 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmü ilə razı deyildir. İşə apelyasiya qaydasında baxılaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 bildirdi ki, müdafiə etdiyi şəxs ona verilmiş itihamla razı deyil, ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(039)-66/2020 nömrəli məlum hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılaraq ona verilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o həmin əməli törətməmişdir. Polis Şöbəsində ona təzyiq və təsir göstərərək əməli etiraf etməyə məcbur etmişlər. Əgər etiraf etməzsə daha ağır maddələrlə ittiham ediləcəyini bildirmişlər. O da məcbur qalaraq etiraf etmişdir. Odur ki, bunların nəzərə alınmasını və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etsə də, xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsində üzərində axtarış aparılarkən əynindəki şalvarın cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin ona aid olmamışdır. Həmin gün günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq “kvartalın əvvəlidir içəri getməlisən” deyərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona narkotik vasitəni üzərində saxlayıb gəzdirməyini etiraf etməsə, gedib atasının evinə küllü miqdarda narkotik vasitə qoyacaqlarını bildirərək, ona hədə-qorxu gəlmişlər. Hədə-qorxu gəldikləri üçün polis əməkdaşları tərəfindən cibinə qoyulan narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Son olaraq verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığını qeyd etməklə barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə olan heroin istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində keçmiş hamamın yaxınlığında yerdən bir ədəd gümüşü siqaret kağızına bükülmüş bükülü tapmış, bükülünü açıb içərisinə baxarkən bükülünün içərisindəkinin heroin olduğunu bilmiş və həmin narkotik vasitəni istifadə etmək üçün götürüb özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Yevlax rayonu H.Əliyev prospektində polis əməkdaşları hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirilmiş, Yevlax şəhəri Pişəvəri küçəsindən tapdığı bükülünü onun üstündən aşkar etmişlər. Sorğu zamanı o, bükülünün içərisindəkinin narkotik vasitə-heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində taparaq özü istifadə etmək üçün cibinə qoyduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X9 ifadəsində göstərmişdir ki, 2020-ci il fevral ayının 03-də Təqsirləndirilən şəxs narkotik vasitə saxlayıb gəzdirməsi barədə alınmış məlumat əsasında qərar qəbul edilmişdir. Həmin gün saat təxminən 13:00 radələrində Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X11 ilə birlikdə Yevlax şəhər H.Əliyev prospektinə getmişlər, Turalı izləmişlər və sonra ona yaxınlaşıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkil dəvət edilmiş, Turala hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Turalın əynindəki şalvarının cibindən siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar etmişlər. Sorğu zamanı Tural bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Pişəvəri küçəsində yerdən taparaq özü istifadə etmək üçün cibinə qoyub saxlayaraq gəzdirdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci il fevralın 03- də ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik saxlayıb gəzdirməsi barədə alınmış məlumat əsasında qəbul edilmiş “Əməliyyat tədbirlərinin" keçirilməsi barədə qərar qəbul edildikdən sonra həmin gün saat təxminən 13:00 radələrində Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X9 ilə birlikdə Yevlax şəhər H.Əliyev prospektinə getmişlər, Turalı izləmişlər və sonra ona yaxınlaşıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçi tərəfindən vəkil dəvət edilmiş, Turala hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Turalın əynindəki göy rəngli şalvarının sol yan cibindən siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər ağ-sarımtıl kütlə aşkar etmişlər. Sorğu zamanı Tural bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Pişəvəri küçəsində yerdən taparaq özü istifadə etmək üçün cibinə qoyub saxlayaraq gəzdirdiyini etiraf etmişdir. İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 17-18); İşdə olan şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindəki narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-31); İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/152a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə, təmiz çəkisi 0,386 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqata istifadə olundu 0,005 qram, qalıq 0,381 qram) (iş vər. 38-39); İşdə olan qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 61-62); İşdə olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,368 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,368 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,318 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 80-81); İşdə olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqatdan sonra qalan təmiz çəkisi 0,318 qram olan heroin və kompakt disk iş üzrə maddi sübut kimi tanınmışdır. Heroin saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmiş, baxış zamanı aparılmış videoçəkilişi əks etdirən disk cinayət işinə əlavə edilmişdir. (iş vər. 82) İşdə olan məhkəmə narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (iş vər. 94); Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs istintаqа məlum оlmаyаn mənbədən, sаtış məqsədi оlmаdаn, qаnunsuz оlаrаq qəsdən şəxsi istehlаk miqdаrındаn аrtıq miqdаrdа nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnа əldə etmə, sаxlаmа və dаşımа cinаyət əməlini törətmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin hazırkı məhkəmə iclasında göstərdiyi bu xüsusatları inandırıcı hesab etmir. Çünki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdyi ifadəsində üzərinə baxış zamanı aşkar edilmiş 0,368 qram narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında dövlət itihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadə ona məxsusdur, həmçinin həmin zaman onun ifadəsi alınarkən ona qarşı heç bir təzyiq olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaqda Sorğu zamanı o, bükülünün içərisindəkinin narkotik vasitə- heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində taparaq özü istifadə etmək üçün cibinə qoyduğunu etiraf etmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, eyni əməli təkrar törətməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinəmühüm vəzifələr götürmüşdür. Digər tərəfdən işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.( iş vər.65); Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(039)-66/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(039)-66/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(039)-66/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-129/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-129/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver