Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-130/2021 30.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.2.3-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), hakimlər N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) 05 fevral 2021-ci il tarixli qərarı ilə xx xxx 1993-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Qax şəhəri, İ.Abdullayev küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1984-cü ildə Qax rayonunun Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində CM-in 144.2.3-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə nikaha girməsinə məcbur etmək məqsədi ilə oğurlamğı qabaqcadan əlbir olan bir qrup kimi təşkil etmişlər. Zərərçəkmiş şəxs tez-etz eyni vaxtda evdən iş yerinə getmək üçün təksi sifariş etməsini əvvəlcədən bildikləri üçün razılaşdıqları kimi “Alo taksi” sifarişi mərkəzində xidmət göstərən Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 taksi sifariş vermiş Zərərçəkmiş şəxs sifarişini icra etmək üçün göndərmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21015 markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 25 dekabr 2019-cu ildə iş yerinə getmək üçün taksi sifariş edən Zərərçəkmiş şəxs saat 08:45 radələrində yaşadığı ünvan 1 ünvandan götürdükdən sonra, bir qədər irəlidə «Rahat» mağazanın qarşısında Təqsirləndirilən şəxs1 götürmüş, razılaşdıqları kimi Qax rayonu “Pavilyon” adlanan ərazi istiqamətində sürmüşlər. Zərərçəkmiş şəxs maşından düşmək istədikdə zor tətbiq edərək iradəsinə zidd, yəni əlqolunu tutub müqavimətini qıraraq zorla həmin avtomobildə saxlamaqla onu Qax rayonu, Almalı kəndi istiqamətində aparmışlar. Avtomobil hərəkətdə olarkən Zərərçəkmiş şəxs azad olmaq üçün təpiklə avtomobilin sol arxa qapısına vuraraq qapını açsa da Təqsirləndirilən şəxs2 düşərək həmin qapını bağlamaqla avtomobili Qax rayonunun Almalı kəndinə sürmüş, Zərərçəkmiş şəxs qaçırmaqla Qax rayonunun Almalı kəndində Təqsirləndirilən şəxs2 qohumlarının fərdi yaşayış evinin həyətinə gətirərək həmin həyətdə onu qanunsuz saxlamaqla oğurlamışlar. Qərardan Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Müdafiəçi2 apellyasiya protestinə qarşı etiraz vermişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsalandırılmışdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama CM-in 144-cü maddəsinin qeydinə (könüllü azad etmə) əsasən, xitam verildiyi hissədə qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinməklə cinayət qanunu normalarına müvafiq olaraq yeni ittiham hökmü çıxarılmalıdır. ETİRAZİN DƏLİLLƏRİ Müdafiəçi2 etirazını onunla əsaslandırmışdır ki, protest əsassızdır. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilməməli və qərar qüvvədə saxlanılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək demişdir ki, təxminən 1 aydan çox müddətdir ki, Günellə arabir telefonla sosial şəbəkələr vasitəsilə danışmış və münasibət saxlamağa çalışmışdır. Ondan xoşu gəldiyini və ciddi fikirdə olduğunu ona demişdir. Dekabr ayının 23-24-də Günel onunla vhatsappda yazışarkən soyuq danışmış və o da Günelin yazışmalarından ona meyli olduğunu düşünüb qaçırmaq qərarına gəlmişdir. Bu barədə Fəridlə razılaşmışdır. Razılaşdıqları kimi, 25.12.2019-cu ildə, saat 08:40 radələrində Günel “Alo Taksi” xidmətinə zəng edib taksi göndərməsini demiş, Fəridə zəng edib taksi ilə gedib oradan Güneli götürməsini bildirmişdir. Fəridə demişdir ki, Güneli götürəndən sonra onu da götürsün. “Xaldan kruqu” adlanan ərazinin yaxınlığında «Rahat» mağazasanın qarşısında Anarın avtomobilindən düşmüş və Fəridi gözləmişdir. Fərid özünə məxsus Vaz-21015 minik markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəlcə Güneli həmin ünvandan götürmüş, daha sonra “Nihat” mağazasının qabağında onu da götürmüşdür. Fərid maşını saxlayanda avtomobilin arxa oturacağında, Günelin yanında əyləşmiş və ona avtomobili “Pavilyon” istiqamətində sürməsini bildirmişdir. Fərid də avtomobili Qax rayonu, Pavilyon istiqamətində sürmüşdür. Maşına mindikdən sonra Günel ona maşını saxlayıb söhbət etmələrini bildirmişdir. Qax şəhərinin çıxışına qədər Günel sakit dayanmış və onunla asta söhbət etmişdir. Qax şəhərinin çıxışında Günel uca səslə, dərmanlarının iş yerində qaldığını, onları gedib götürməyin lazım olduğunu bildirib, maşından düşmək istəsə də, ona razı olmamışdır. Bu vaxt Günel bərk səslə maşını saxlamalarını və onu düşürmələrini istəmişdir. O isə öz növbəsində Fəridə maşını saxlamamağı və sürməyi demişdir. Günel maşında qışqırmış və onu buraxmağı bildirmişdir. Pavilyon adlanan əraziyə çatmamış dəmiryol reyslərinin yaxınlığında Günel qapının kilidini əli ilə dartmış, qapı açılmadığından kilidi dartıb qırmışdır. Günelin qollarından tutub sakitləşdirməyə çalışmış, Günellə danışıb ona bildirmişdir ki, sadəcə onunla söhbət etmək istəyir və başqa hər hansı məqsədi yoxdur. Fəridə də demişdir ki, onları Pavilyonda düşürüb getsin. Fərid orada əvvəlcə maşını yolun kənarında saxlamış, Günel razı olmadığına görə onları heç hara aparmayacağını bildirmişdir. Sonra onlar Qax rayonunun Almalı kəndinə gedərək, analığı Ayşəyə zəng etmiş, o da qısa vaxta onların olduğu yerə gəlmişdir. Günel qaçırılmasından narazı olduğuna və onunla evlənməyə razı olmadığına görə onu evlərinə qaytaracağını demişdir. Ayşə gəlib Günellə söhbət etdikdən sonra narazı olduğuna görə, Güneli Qax şəhərinə, evlərinə göndərmişdir. Ondan bir iki saat sonra kənddə dayanmışlar. Qaxa gəldikdən sonra dostu ona zəng etmiş və onun polis şöbəsinə çağırıldığını demişdir. O da polis şöbəsinə getmişdir. Ona qədər polisin onu axtarmasından xəbəri olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən hadisədən bir ay əvvəl Güneli tanımışdım və ciddi şəkildə mən ona qaçırılmaq barədə heç nə deməmişdim. Yol gedərkən Günel maşının qapısını açmaq istəyib, Fərid isə maşının qapısını bağlayıb. Xəsarət almasın deyə onun əlini qolunu tutmuşdum. Mən hiss elədim ki, o narazıdır. Özüm Güneli ona görə qaytarmadım ki, qarşıma atası ya da ailəsi çıxar. Analığım Ayşə gələnə kimi təxminən bir saat gözləmişik, həmin vaxt Günel maşında oturub gözləyib. Analığımı ona görə gözləyirdim ki, o özü də Güneldən soruşsun ki, o razıdır yoxsa yox. Analığım Günellə danışım dedi ki, razılığı yoxdur. Ona görə də dedim ki, qaytarın aparın. Həmin vaxt həyətdə mənə heç kim heç nə deməyib, Günelin valideynlərinin isə polisə məlumat verməsini bilməmişəm. Güneli könüllü şəkildə təhvil vermişəm. Polis məni axtarmayıb, mənə polis şöbəsindən məlumat gələndə artıq qız öz evlərində idi. Mən onu zorla aparmaq istəsəydim onu başqa yerə də apara bilərdim, lakin bunu etməmişəm. Ona görə də protestin təmin edilməməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək demişdir ki, Vaz-21015 markalı **-NB-*** dövlət qeydiyyat nişanlı maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. 25.12.2019-cu ildə, saat 08:45 radələrində Kamran zəng edib ona demişdir ki, “Qafarın çörək sexinin yanında müştəri var, onu götür, daha sonra məni də götür, birlikdə Qax avilyonuna gedəcəyik”. Qafarın çörək sexi deyəndə təxmin etmişdir ki, “El” Tədris Mərkəzində işləyən xanım müştəri olacaqdır. Kamranı da “Nihat” mağazasının qarşısından götürməli olduğundan avtomobili “Xaldan kruqu” istiqamətində saxlamışdır. Həmin xanım avtomobildə arxada əyləşdikdən sonra maşını işə salıb “Nihat” mağazasının qarşısına gəlmiş və orada Kamran əl etdiyindən, onu da maşına mindirmişdir. Kamran avtomobilin arxa oturacağında sağda oturmuş və ona maşını Qax pavilyonuna sürməyi demişdir. Onlar arxada öz aralarında nəsə söhbət etmişlər. Qax şəhərindən çıxanda Günel dərmanlarının işdə qaldığını və gedib onları götürməyi bildirmişdir. Kamran isə “zəng edərəm dərmanları göndərərlər, ya da aptekdən alarıq” demişdir. Qax pavilyonuna çatmamış dəmiryol reyslərində onlar arxada mübahisə etmişlər. Kamrandan nə olduğunu soruşmuş və o da bildirmişdir ki, onlar Bakıya gedirlər. Qız isə getmək istəmədiyini bildirmiş, mübahisə etmiş və birdən qapını açmışdır. Avtomobili saxlamış və qız onu işə düşürməsini bildirmişdir. Qızın Kamranla getmək istəmədiyini görüb ona demişdi ki, “qız səninlə getmək istəmir, qayıdaq qızı işə düşürək”. Kamran isə ona demişdir ki, Şəki rayonu istiqamətində hərəkət etsin. Bir neçə dəfə Kamrana qayıtmaqlarını desə də, o, maşını sürməyini bildirmişdir. Kamranla olan münasibətlərinə görə Almalı kəndinin girişinə qədər gəlib Günelin etiraz etməsinə görə onları daha apara bilməyəcəyini, qızı da qaytarmalı olduğunu Kamrana izah etmişdir. Qız narazı olduğundan və həm də Kamrana görə, həmçinin onları Qaxa da qaytara bilməyəcəyindən qərara almışdır ki, onları əmisi oğlu Sahibin evinə aparsın və qızın valideyinlərinə bu barədə məlumat versin. Kamran da ona etiraz etməmiş və razılaşmışdır. Onları Sahibgilin evinə aparmış və orada qız maşından düşməmişdir. Anasına xəbər göndərmişdir ki, gəlib qızla danışsın və Kamranı da başa salsınlar ki, qızı evlərinə qaytarmaq lazımdır. Anası gəlib Günellə danışıb onun razı olmadığını, qızı da evlərinə qaytarmalı olduqlarını təkrar Kamrana demişdir. Kamran da demişdir ki, analığı Ayşə həkimə zəng edib və onun da fikri qızı qaytarmaqdr, lakin o gələnə qədər gözləsinlər. Günel də həmin vaxt maşında oturmuşdur. Ayşə həkim 30-35 dəqiqə sonra onların olduqları yerə gəlmiş, həm Kamran, həm də Günellə söhbət etmiş, Kamran qızın etiraz etməsinə görə onu qaytarmaq istədiyini demiş, Ayşə həkim də gəldiyi maşınla qızı atası evinə aparmışdır. Ona görə də qızı könüllü olaraq qaytardıqları üçün protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir: Mən “El” Tədris Mərkəzində menecer vəzifəsində işləyirəm. Hər gün işə gedərkən “Alo taksi” xidmətindən istifadə edirəm. Həmin gündə həmişə olduğu kimi səhər saat 08:30 radələrində “Alo taksi” xidmətinə zəng edib yaşadığım ünvana taksi göndərmələrini xahiş etdim. Avtomobili də taksi sürücüsü kimi tanıdığım sonradan adını bildiyim Fərid idarə etmişdir. Maşına əyləşdikdən sonra avtomobili “El” Tədris Mərkəzinə sürməsini bildirdim. Avtomobil hərəkətə başlayıb yolun sağ tərəfində yerləşən mağazanın qarşısına çatanda sürücü avtomobilin hərəkətini yavaşıtdı və həmin vaxt əvvəlcədən ona bir neçə dəfə mesaj yazaraq tanış olmaq istəyən Kamran da avtomobilə arxa sağ tərəfdən əyləşdi. Mən avtomobildə əvvəlcə sakit davranıb maşını saxlamalarını və məni düşürmələrini Kamran və Fəridə bildirsəm də, onlar maşını saxlamadı. Bundan sonra onlara qışqırıb avtomobili saxlamalarını bildirdim, onlara polisə zəng edəcəyəmi dedim. Kamran həmin vaxt qolumu sıxıb mobil telefonumu əlimdən aldı. Mən əlimi onun əlindən dartıb qapını açmaq istədim, lakin qapı açılmadı. Yolda ağlayaraq və qışqıraraq məni buraxmalarını bildirsəm də, məni buraxmadılar və məni Fəridin Qax rayonunun Almalı kəndində yaşayan qohumlarının evinə apardılar. Kamran həmin vaxt öz qohumu (sonradan bildim ki, analığıdır) Ayşəyə zəng etdiyi üçün təxminən 1 saat sonra Ayşə onların yanına gəlmişdir. Ayşə Kamranla nə isə danışdıqdan sonra mənə dedi ki, səni evinizə aparacam. Sonra Ayşə məni yaşadığım Qax şəhərindəki evimizə gətirdi. Ayşə həmin vaxt mənim telefonumu Kamrandan götürüb mənə qaytardı. Hazırda nə Kamrandan, nə də Fəriddən heç bir şikayət və tələbim yoxdur. Ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Daha sonra, o verilən suallara cavab olaraq bildirmişdir ki, maşında Bakı şəhərinə getmək barədə söhbət olmayıb. Həyətə çatdıqdan sonra bir saata yaxın müddətdə də maşında oturmuşam. Valideynlərimin məlumatı olduqdan sonra polisə məlumat vermişlər. Məni evimizə nahardan əvvəl qaytardılar. Evə çatanda evdə ancaq anam var idi. Maşında görünməyim deyə Kamran məni boynumdan sıxaraq aşağı əyirdi. Maşında mənə qarşı heç bir şiddət olmayıb, məni könüllü azad etdilər. Hər iki şəxsi taksi isfariş etdiyim şirkətdən tanıyıram. Kamran mənə öz fikri barədə bildirmişdi, lakin mən imtina etmişdim. Sonradan Kamran məni narahat etməyib. Məhkəmə kollegiyasının iclasında apelyasiya protestinin dəlillərinə uyğun çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Zaur Bayramov çıxış edərək, protestin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarının isə qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Musa Sarıyev çıxış edərək, apellyasiya protestinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya protesti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, 25.12.2019-cu ildə, saat 08:30 radələrində qızı Günel əri İmranın mobil telefonu ilə “Alo Taksi”yə zəng edərək ev ünvanına taksi sifariş edərək işə getməsini xahiş etmiş, qızı evdən çıxmış və əri İmran qızı Güneli işə yola salmışdır. Həmin vaxt taksidə heç kim olmamışdır. Saat 09:05 radələrində qızı Günelin mobil nömrəsinə zəng edib onun işə çatıb-çatmamasını soruşmaq istədiyindən, Günelə zəng çatmamış, bundan narahat olmuş və yenidən “Alo Taksi”yə zəng etmişdir. Oradan cavab verən oğlan demişdir ki, həmin vaxt işdə olmayıb və növbə dəyişibdir. Bir neçə dəqiqə sonra atası Cəlil onlara gəlib və onun qışqırmağını görüb nə olduğunu soruşmuşdur. Atasına Günelin işə getmədiyini bildirmişdir. Atası Cəlillə «Alo Taksiyə» getmiş, orada bildirmişlər ki, Günel səhər taksi sifariş etdikdən sonra orada işləyən Kamran iş yerində telefonları qoyub getmiş, Fərid adlı şəxsin idarə etdiyi avtomobilə əvvəlcə Günel minmiş, daha sonra Fərid Kamranı da götürərək Qax şəhərindən ara yollarla çıxmışdır. Sonradan bilmişdir ki, X14 rayonu, Almalı kəndində aparmışdır. Həmçinin, İsanın əmisi arvadı Ayşənin də həmin kəndə getdiyini öyrənmiş, əvvəlcə Ayşəyə zəng edib ona qohumunun qızını qaçırdığını, qızını qaytarmalarını bildirmiş və o da demişdir ki, qızını qaytaracaqlar. Təxminən 40-45 dəqiqə sonra Ayşə Güneli yaşadığı ünvana gətirmişdir. Günel gəldikdn sonra atası Cəlilə və əri İmrana zəng edib Günelin gəldiyini bildirmişdir. Şahidlər Şahid1, X1 birinci instansiya məhkəməsində Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, 25.12.2019-cu ildə, saat 10:40 radələrində Qax rayon sakinləri Cəlil və İmran polis şöbəsinə gəlib qızı Zərərçəkmiş şəxs Kamran adlı şəxsin qaçırdığını və onu Almalı kəndində apardığını bildirmişdir. Özü və baş əməliyyat müvəkkili Orxan Hüseynov ilə Almalı kəndinə getmişlər. Almalı kəndinə çatdıqda Cəlilə Günelin anası Şahid2 zəng etmişdir ki, qızını Ayşə adlı həkim evlərinə gətiribdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, 25.12.2019-cu ildə Qax rayonundan Bakı şəhərinə gedən marşurut VİTA avtomobillərdən biri ilə danışmış və saat 10-da Bakı şəhərinə yola düşüb 5-10 dəqiqə yol getmidir ki, Kamran zəng edib bildirmişdir ki, “El” Tədris Mərkəzində işləyən Günel adlı qızı qaçırıb, lakin qız onunla evlənmək istəmədiyindən onu evlərinə qaytarmaq lazımdır. Onların Qax rayonunun Almalı kəndində tanışının qohumlarının evində olmasını öyrənmiş və ora getmişdir. Güneli gəldiyi maşınla evlərinə gətirmidir. Almalı kəndindən Güneli götürüb çıxarkən onun anası Könül də ona zəng edərək qızını qaytarmağı bildirəndə, ona demişdir ki, qızını gətirir. Daha sonra Güneli sağ-salamat ailəsinə təhvil vermiş və Bakı şəhərinə yenidən başqa marşurutla yola düşmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, 25.12.2019-cu ildə, saat 10 radələrində oğlu Fərid ona zəng edib qayınının oğlu Sahibgilə gəlməsini bildirmişdir. Orada Kamranın onun maşınında qız qaçırmasını bilmiş və qızla söhbət edən zaman qızın razı olmadığını bilmişdir. Kamran və Fəridin onu zorla qaçırmalarını deyəndə oğluna və Kamrana demişdir ki, qızın razılığı yoxdur, aparın evlərinə qaytarın. Kamran da demişdir ki, analığına zəng edib və o, aparıb evlərinə təhvil verəcək. 20-25 dəqiqə sonra Kamranın analığı Ayşə gəlmiş və Güneli aparmışdır. Birinci instansiya məhkəməsində Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində bildirmişdir ki, 25.12.2019-cu ildə, saat 10 radələrində Ayşə ona zəng edib bildirmişdir ki, Kamran qız qaçırıb və hazırda Qax rayonunun Almalı kəndindədir, gedir qızı evlərinə gətirsin. Bir az sonra da Qax şəhər sakini İmran ona zəng edib bildirmişdir ki, Kamran onun qızını qaçırıb. İmrana bildirmişdir ki, Kamran qızı qaçırıb Almalı kəndinə aparıb, narahat olmasınlar qızı qaytaracaqlar. Saat 11 radələrində ona məlum olmuşdur ki, Ayşə həmin qızı evlərinə gətirib, Kamran və onunla birlikdə olan taksi sürücüsü isə Qax rayon polis şöbəsinə getmişlər. Bunlardan əlavə, cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, ümumiyyətlə məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs2 isə məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizanın 15.01.2020-ci il tarixli 658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: alnın sol hissəsinin qançırı, sağ əl arxasının qançırı, boyun arxasının travmatik şişkinliyi, sağ əlin İİ, İİİ barmaqlarının və sol əlin İİ barmağının əzilmişsıyrılmış yaraları bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 25.12.2019-cu il tarixinə uyğundur, xəsarətin qərarda göstərilən şəraitdəəmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsartlər olduqlarıüçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarında olan məhkəmə psixatriki ekspertizanın 05 mart 2020-ci tarixli 149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizlik dərəcəsini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Apellyasiya protestinin əsas dəlili ondan ibarətdir ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişin oğurlanması cinayət əməli bitdikdən sonra, Təqsirləndirilən şəxs2 evində əvvəlcə sonuncunun anası zərərçəkmişi maşından düşməyə dəvət etmiş, lakin zərərçəkmişin maşından düşmədiyini gördükdən sonra Təqsirləndirilən şəxs1 analığına zəng etmiş, bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs1 analığı gəlib zərərçəkmişin etiraz etdiyini bilib onu evlərinə qaytarmağı qərara alıb başqa maşınla onu evlərinə qaytarmışdır. Beləliklə, zərərçəkmişin qaytarılması Təqsirləndirilən şəxs1ııin iradəsi ilə deyil, analığı Ayşə Hacıyevanm təklifi və istəyi ilə baş vermişdir. Həmin vaxt Ayşə Hacıyeva zərərçəkmişin anasının polisə şikayət edəcəyini bilmişdir. Zərərçəkmişin atası və babası artıq polis orqanına gedib şikayət etmiş, polis əməkdaşları zərərçəkmişin tapılması üçün hərəkətə keçmiş, hətta polis əməkdaşları Təqsirləndirilən şəxs1 evinə gedib zərərçəkmişin və Təqsirləndirilən şəxs1 evdə olmadığını, Qax rayonunun Almalı kəndində olduğunu müəyyən edib həmin kəndə getmişlər. Təqsirləndirilən şəxs1 zərərçəkmişi başqa yerə aparmaq imkanı olmamışdır. Şərh edilənlər zərərçəkmişin könüllü deyil, mövcud faktların təsiri altında zərərçəkmişin qaytarılmasını ehtiva edir. Məhkəmə kolegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmayaq qeyd edir ki, CMin 144-cü maddəsinin qeyd hissəsində göstərilir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Apellyasiya protestinin təqsirləndirilən şəxslərin zərərçəkmişi könüllü deyil, təsir altında qaytarılmasına dair məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, “...Sonra Ayşə məni yaşadığım Qax şəhərindəki evimizə gətirdi. Ayşə həmin vaxt mənim telefonumu Kamrandan götürüb mənə qaytardı. Hazırda nə Kamrandan, nə də Fəriddən heç bir şikayət və tələbim yoxdur. Maşında Bakı şəhərinə getmək barədə söhbət olmayıb. Maşında mənə qarşı heç bir şiddət olmayıb, məni könüllü azad etdilər”... Bundan başqa təqsirləndirilən şəxs Kaman Hacızadə məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, “Günel qaçırılmasından narazı olduğuna və onunla evlənməyə razı olmadığına görə onu evlərinə qaytaracağını dedim. Ayşə gəlib Günellə söhbət etdikdən sonra narazı olduğuna görə, Güneli Qax şəhərinə, evlərinə göndərdim. Qaxa gəldikdən sonra dostum mənə zəng edib onun polis şöbəsinə çağırıldığını dedi. Mən də polis şöbəsinə getdim. Ona qədər polisin məni axtarmasından xəbərim olmayıb. Özüm Güneli ona görə qaytarmadım ki, qarşıma atası ya da ailəsi çıxar. Analığım Ayşə gələnə kimi təxminən bir saat gözləmişik, həmin vaxt Günel maşında oturub gözləyib. Analığımı ona görə gözləyirdim ki, o özü də Güneldən soruşsun ki, o, razıdır yoxsa yox. Analığım Günellə danışıb dedi ki, razılığı yoxdur. Ona görə də dedim ki, qaytarın aparın. Həmin vaxt həyətdə mənə heç kim heç nə deməyib, Günelin valideynlərinin isə polisə məlumat verməsini bilməmişəm. Güneli könüllü şəkildə təhvil vermişəm...” Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 demişdir ki, “...Kamran zəng edib bildirmişdir ki, “El” Tədris Mərkəzində işləyən bir Günel adlı qızı qaçırıb, lakin qız onunla evlənmək istəmədiyindən onu evlərinə qaytarmaq lazımdır. Onların Qax rayonunun Almalı kəndində tanışının qohumlarının evində olmasını öyrənmiş və ora getmişdir. Güneli gəldiyi maşınla evlərinə gətirmidir. Almalı kəndindən Güneli götürüb çıxarkən onun anası Könül də ona zəng edərək qızını qaytarmağı bildirəndə, ona demişdir ki, qızını gətirir. Daha sonra Güneli sağ-salamat ailəsinə təhvil vermişdir...” Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin iclasında ifadə verən Şahid3 ifadəsində bildirmişdir ki, “...Özü və baş əməliyyat müvəkkili Orxan Hüseynov ilə Almalı kəndinə getmişlər. Almalı kəndinə çatdıqda Cəlilə Günelin anası Şahid2 zəng etmişdir ki, qızını Ayşə adlı həkim evlərinə gətiribdir...” Beləliklə, məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlardan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğurladıqdan sonra qaytarmaya bilərdilər, lakin onlar zərərçəkmiş şəxsi könüllü olaraq azad edərək valideynlərinin yanına qaytarmışlar. Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs qaytaran zaman Zərərçəkmiş şəxs valideynlərinin polisə müraciət etmələrindən xəbərləri olmamışdır. O da qeyd edilməlidir ki, CM-in 144-cü maddəsinin qeydinin mənasına görə, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs valideyinlərinin polis orqanlarına müraciət etməsini bilmələri, habelə zərərçəkmiş şəxsin cinayətin bitməsindən sonra azad edilməsi təqsirləndirilən şəxslər barədə CM-in 144-cü maddəsinin qeydinin tətbiq edilməsinə mane ola bilməz. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, CM-in 144-cü maddəsinin qeyd hissəsi adam oğurluğu törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasını onun əməlində başqa cinayətin tərkibi olmaması və oğurlanmış adamı könüllü azad edilməsi ilə şərtləndirmişdir. Göründüyü kimi, maddənin qeyd hissəsində hüquq mühafizə orqanının oğurlanmış şəxsin tələb edilməsi ilə bağlı fəaliyyətə başlayıb başlamaması şərt kimi nəzərdə tutulmamışdır. CPM-in 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müdəalarının qüvvəsinə görə, cinayət məsuliyyətindən azad olunması üçün əaslar olduqda şəxs cinayət məsuliyyətindən azad olunur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya protesti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-130/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-130/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver