Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-131/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs Əyyub oğlunun və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Əyyub oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim N.Paşayev) xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 37A№-li evin 60№-li mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Mİngəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020–ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx xxxxxxxx 2020–ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbirinin seçilməsi, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 56,45 qram olan narkotik vasitə-həşişin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik (otuz beş manat doğsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Əyyub oğlu xx.xx.2020-ci il tarixdə Qarabağ kanalının yaxınlığından keçərkən yerdən tapıb qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd yaşıl rəngli sellafon bükümünün içərisində təmiz çəkisi 56,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-həşişi satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli şalvarın sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Z.Həsənova küçəsində Qarabağ kanalının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 21 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə olan həşiş onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs Əyyub oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Əyyub oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü ilə razı deyildir. Belə ki, ona verilmiş cəza həddindən artıq ağırdır. Onun səhhətində problemlər vardır. O hepatit C və QİÇS xəstəliyindən əziyyət çəkir. Odur ki, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs Əyyub oğlunun müdafiəçisi X3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini səmimi etiraf edir, hepatit C və QİÇS xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs Əyyub oğlu bildirdi ki, o, təqsirini səmimi etiraf edir, hepatit C və QİÇS xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara Təqsirləndirilən şəxs Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs Əyyub oğlunun CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs Əyyub oğlunun əməlinin CM-in 234.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Digər tərəfdən işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 1(051)– 96/2020 nömrəli hökmündən bəlli olur ki, Təqsirləndirilən şəxs Əyyub oğlu CM-in 177.2.2 234.1-ci maddələri ilə təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020–ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda psixotrop maddə-metafetaminin daha təhlükəli narkotik vasitələrdən biri olmasını nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Əyyub oğluna CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Əyyub oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(051)-21/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-131/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-131/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver