Məhkəmə qərarları › İş №1(107)-132/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-132/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-132/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)-36/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim B.Məmmədov) xx xxxxxx 2021ci il tarixli, 1(091)-36/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1960-cı ildə Qax rayonu, Qaxmuğal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı xx xxxxxx 2021-ci il tarixdən hesablanması, iş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) məhkəmə xərci olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 48 ədəd çətənə şitilləri və bir cüt əlcəyin məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən 2020-ci ilin mart ayının əvvələrində Şəki şəhəri, 104-cü kvartalda Şəki Bələdiyyəsinə məxsus qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaq sahəsinin 40 kv metr olan hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kol-kosdan təmizləyib, ətrafını ağac parçaları ilə hasara alıb şumlayaraq içərisində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisinin toxumlarını əldə edib, 2020-ci ilin mart ayının əvvələrində Şəki şəhəri, 104cü kvartalda «Ağaəli qəbristanlığı» adlanan ərazidə yerləşən Şəki bələdiyyəsinə məxsus 40 kv metr torpaq sahəsində qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib aqrotexniki qaydada qulluq edib becərib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında saat 17 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin CABnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində «Ağaəli qəbristanlığı» adlanan ərazidə yerləşən Şəki bələdiyəsinə məxsus torpaq sahəsinə baxış keçirilən zaman həmin sahədən külli miqdarda, yəni 48 ədəd hündürlükləri 35 sm-dən 180 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkisi 7 kiloqram 285 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)-36/2021 nömrəlii hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı2 apellyasiya protestini onunla əsaslandırmışdır ki, qeyd olunan məhkəmə hökmü Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verildiyi hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.2.3-ci maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. İş materiallarında olan sənədə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli külli miqdarda yəni 48 ədəd çətənə bitkilərini Şəki şəhəri, 104-cü kvartalda əkib xüsusi qaydada qulluq göstərib kultivasiya etdiyi topraq sahəsinin mülkiyyət mənsubluğunun və ərazinin koordinatları müəyyən edilməsi məqsədi ilə həmin ərazidə Şəki Lahiyə-Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən ölçü işləri aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X9 Xidmətindən verilən xx xxxxxxxx 2020-ci il tarixli **********38 nömrəli məktubdan görünür ki, sözügedən torpaq sahəsi 40 kv metr olmaqla Şəki şəhər bələdiyyəsinə məxsus qəbiristanlıq üçün ayrılmış ərazidə yerləşir.(cild2, i/v: 09-10) Şəki Bələdiyyəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba cavab olaraq göstərilmişdir ki, Şəki şəhəri, 104-cü kvartalda, kol-kos yerdə aqrotexniki qaydada xüsusi qulluq göstərilərək əkib-becərilmiş çətənə bitkilərinin aşkar edildiyi torpaq sahəsi köhnə "Ağaəli qəbirstanlığı" adlanan ərazi olmaqla Şəki Bələdiyyəsinə məxsus torpaqlara aiddir.(cild 1, i/v: 192) Cinayət işində olan xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şəki şəhəri, 104 kvartalda Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən kolluq sahədə onun əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etdiyi 48 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər və Təqsirləndirilən şəxs çətənə bitkisi əkib becərən zaman istifadə etdiyi bir cüt əlcək aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, çətənə kollarının əkildiyi yer taxta oduncaqlala hasara alınmışdır. Cild 1 i/v: 38-42) Bundan başqa ərazinin taxta oduncaqlala hasara alınması şahid ifadələri ilə də təsdiq edilir. Lakin çətənə kollarının əkildiyi torpaq sahəsinin oduncaqlarla hasarlanmması hökmdə ümumiyyətlə göstərilməmişdir. Yəqin ki, məlikəmə hökmdə “şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır” kimi mövqeyini sanki iş materialları ilə təsdiq edilir görüntüsünü yaratmağa çalışmışdır. Məhkəmə nəzərə almamışdır ki, vidoçəkilişlə aparılmış baxış zamanı da müəyyən edilən “kollarının əkildiyi torpaq sahəsinin oduncaqlarla hasarlanmasının” istisna etmək qeyri mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ digər qanunvericilik aktları ilə yanaşı həmçinin cinayət qanunvericiliyi ilə də qorunur və təsadüfi deyil ki, mülkiyyətin cinayətkar qəsdlərdən qorunması məqsədilə CM-nin XXİİİ Fəslinin maddələrində mülkiyyət əleyhinə törədilən cinayətlərə görə cinayət məsuliyyəti müəyyən edilmiş, torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət isə həmin Fəslə aid edilmiş CM-nin 188-ci maddəsində nəzərdə tutulmuşdur. CMnin 188.1 -ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan toıpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması cinayətinin obyektiv cəhəti təsbit edilmiş CM-in 188.1-ci maddəsinin dispozisiyasının təhlili göstərir ki, bu cinayət aşağıdakı bir neçə müxtəlif üsullarla törədilə bilər: a) torpaq sahəsini özbaşına hasarlama; b) torpaq sahəsində özbaşına becərmə işləri aparma; c) torpaq sahəsinin təyinatını qanunsuz olaraq dəyişdirmə; torpaq sahəsini başqa üsullarla özbaşına tutma (məsələn, torpaq sahəsinə aid olan sənədlərin saxtalaşdırılması yolu həmin sahəni özbaşına tutma və s.). Göründüyü kimi, qanunverici göstərilən cinayətin obyekti kimi torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətləri müəyyən etməklə və eyni zamanda əməlin törədilməsinin müxtəlif üsullarını göstərməklə torpaq sahəsinin özbaşına tutulması zamanı həmin üsullardan həm birindən, həm də bir neçəsindən istifadə edilməsini ehtiva edir. Məsələn, torpaq sahəsini özbaşına hasarlama artıq təhlil edilən cinayətin tərkibini yaradır və bundan sonra şəxsin özbaşına hasarlanmış torpaq sahəsində becərmə işlərini aparması əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir və bu halda təqsirkarın toıpaq üzərində mülkiyyət hüqunun pozması zamanı bir deyil, iki və ya daha çox üsuldan istifadə etməsinin mümkün olmasını istisna etmir. Bununla belə, şəxsin artıq həmin üsullardan birindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozması kifayət edir ki, həmin cinayət bitmiş hesab edilsin. Burada əməlin cinayət hesab edilməsi üçün əsas tələb ondan ibarərtdir ki, təqsirkar tərəfindən torpağın yuxarıda sadalanan üsulların birindən və ya bir neçəsindən istifadə edilməklə zəbt olunması nəticəsində digərinin (dövlətin, fiziki və ya hüquqi şəxsin) torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ pozulmuş olsun. Yuxarıda qeyd edildiyi kimi, CM-in 188.1-ci maddəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüqununun pozulması üsullarından biri kimi özgənin mülkiyyətində, istifadəsində və ya icarəsində olatı torpaq sahəsində özbaşına becərmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında təsbit edilmişdir ki, özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Qanunun mənasına və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən torpağın özbaşına becərilməsi dedikdə başqasının mülkiyyətində olan torpaq sahəsində müxtəlif növ bitkilərin, o cümlədən tərkibində narkotik vasitələr olan bitkilərin əkilməsi, onlara qulluq göstərilməsi və onların yetişdirilməsi başa düşülür və belə fəaliyyətlə bağlı əməllər bitkinin növündən, miqdarından və sair əlamətlərindən asılı olmayaraq artıq CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti yaratmalıdır. CM-in 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda artıq yaranmış olur. CM-in 188-ci maddəsi formal tərkibli olmaqla torpaq sahəsinin becərildiyi andan artıq başa çatmış olur. CM-nin 17-ci maddəsinə əsasən, CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxanda göstərildiyi kimi, araşdırılmış sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əwələrində Şəki şəhəri, 104-cü kvartalda Şəki Bələdiyyəsinə məxsus qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaq sahəsinin 40 kv metr olan hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kol-kosdan təmizləyib, ətrafını ağac parçaları ilə hasara alıb şumlayaraq içərisində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Baxmayaraq ki, məhkəmə hökmdə “şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır” kimi müddəasını qeyd etmiş, lakin gəldiyi nəticəyə təsir edən hazırki iş materiallarında olan sübutları nəzərə almadan, hüquqi qiymət vermədən, ümumiyyətlə işin hallarını düzgün şərh etməyərək səhv qənaətə gəlib CM-nin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verildiyi hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 bildirdi ki, təqsirləndirilən şəxs külli miqdarda kətənə bitçilərini əkib, yetişdirməkdən əlavə həmin narkotik tərkibli bitkiləri bələdiyyənin mülkiyyətində olan qəbirstanlıq ərazisində yetişdirmişdir. Həmin bitkilərin ətrafını çəpərləyərək hasara almışdır. Təqsirləndirilən şəxsin əməlində CM-in 237.2.3-cü maddəsindən əlavə, CM-in 188.1-ci maddəsinin tərkib əlamətləri vardır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verildiyi hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 188.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə təklifləri nəzərə alınmaqla ədalətli cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X8 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs çətənə bitkisinin əkdiyi sahəni hasarlamamışdır. Həmin sahə kolluq sahəsi olmuşdur. Bələdiyyənin mülkiyyətinə aid olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Odur ki,apellyasiya protesti təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)-36/2021 nömrəli hökmü qüvvədə qalmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)-36/2021 nömrəlii hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, yolun aşağı hissəsində kolluq sahəsinə 30 ədəd çətənə toxumu əkmişdir. Həmin toxumları şəhərdən tanımadığı şəxsdən almışdır. Çətənə toxumu əkdiyi sahəni hasarlamamışdır. Çətənə kollarının diblərinə isə çubuqları ona görə basdırmışdır ki, həmin kollar yıxılmasın. Həmçinin həmin ərazinin Şəki Bələdiyyəsinin qəbirstanlıq üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğunu bilməmişdir. Odur ki, Apellyasiya protestinin təmin edilməməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Nümayəndə bildirdi ki, Şəki Bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində işləyir. Hadisə vaxtı o hadisə yerinə dəvət edilməmişdir. Həmin hadisə ilə bağlı Şəki şəhər rayon Polis Şöbəsinə dəvət edildikdən sonra təqsirləndirilən şəxsin həmin torpaq sahəsini zəbt edilməsi ilə əlaqədar xəbərləri omuşdur. Həmin ərazi Şəki Şəhər Bələdiyyəsinin qəbirstanlıq üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin çıxarışı yoxdur, torpaq sahəsi bələdiyyəyə 2017-ci ildə xəritə əsasında verilmişdir. Ərazi kolkosdan ibarət olduğundan yararsiz vəziyyətdədir. Vətəndaş özü həmin torpaq sahəsinə girərək yabanı çətənə toxumlarını əkmişdir. Ümumiyyətlə narkotik vasitələrin əkildiyi yer kolluq ərazisində yerləşdiyindən ora girmək qeyri mümkündür. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə olan marixunadan istifadə etidiyinə görə təxminən 2018-ci ildə Bakı şəhərində yaşayan qızını görməyə gedərkən orada tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan marixuananın bir hissəsini çəkdikdən sonra içərisində olan çoxlu sayda çətənə toxumlarını şüşə bankaya qoyub yaşadığı evin həyətində olan köhnə soyuducunun içərisinə qoyub gizlətmişdir. 2020-ci ilin təxminən fevral ayında yaşadığı evdən təxminən ***-**** metr kənarda yerləşən kolluq sahəyə xiyar-pamidor şitillərinin dibinə basdırmaq üçün ağac qırmağa gedərkən kolluq sahənin ortasında boş torpaq sahəsini və həmin boş sahənin ətrafını kol-kos örtdüyünü görərək həmin yerin gələcəkdə çətənə bitkisi əkmək üçün əlverişli yer olmasını fikirləşmişdir. 2020-ci ilin mart ayının əvvələrində köhnə soyuducunun içərisində gizlətdiyi çətənə toxumlarını götürüb həmin sahəyə getmiş, toxumları əkmək üçün kolluq sahədə yerləşən torpaq sahəsini şumlamış və toxumları sıra ilə əkmişdir. Toxumları əkdikdən sonra aprel ayının əvvələrində həmin sahəyə ikinci dəfə gedib toxumlara nəzarət etmiş, bitkilərin yaxşı inkişaf etməsi ümün çətənə kollarının yanında olan alaqları təmizləyib diblərini yumşaltmışdır. xx xxxx 2020-ci il tarixdə üçüncü dəfə çətənə kollarına baxmaq üçün gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb kolluq sahədə narkotik vasitə əkməsi barədə məlumat daxil olduğunu bildirib ondan narkotik vasitə əkibəkmədiyini soruşmuşlar. Həmin vaxt kolluq sahədə çətənə əkməsini səmimi olaraq etiraf edib sonra könüllü olaraq əkdiyi çətənə kollarının yerini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları çətənə bitkilərini əkdiyi kolluq sahəyə vidoçəkilişdən istifadə etməklə baxış keçirən zaman hündürlükləri 35 sm-dən 180 sm-dək və çəkisi 8.025 kq olan 48 ədəd çətənə kolları aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə X10 Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsindən Təqsirləndirilən şəxs Şəki şəhəri, 104-cü kvartalda tərkibində narkotik tərkibli bitkilər əkibbecərməsi və həmin narkotik tərkibli bitkilərin əkildiyi topraq sahəsinin bələdiyyənin balansında olub-olmaması ilə bağlı rəsmi məlum verilməsi ilə əlaqədar məktub daxil olmuşdur. Daxil olmuş həmin məktubun icrası ilə əlaqədar olaraq qeyd olunan yerə baxış keçirlən zaman həmin ərzainin Şəki Bələdiyyəsinə məxsus "Ağaəli Qəbirstanlığı" adlanan yerdə təxminən 40 kv metr torpaq sahəsi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs Şəki Bələdiyyəsinə məxsus 104cü kvartal ərazisində yerləşən kolluq sahədə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə həmin əraziyə gedib Təqsirləndirilən şəxs həmin yerdə əkilmiş sahəyə gedərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini etiraf etdikdən sonra şübhəli şəxs kimi tutularaq dəvət edilmiş müdfiəçisinin və aqronom-mütəxəssisin iştirakı ilə keçirilmiş baxış zamanı Şəki Bələdiyyəsinə məxsus "Ağaəli Qəbirstanlığı" adlanan yerdə təxminən 40 kv metr torpaq sahəsində hündürlükləri 35 sm-dən 180 sm-dək olan 48 ədəd narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edildikdən sonra kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid3 bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyən Şahid2 oğlu və aqronom-mütəxəssis Şahid3 birinci instansiya məhkəməsinin iclasında eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/340 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş hər birinin üzərinə yapışdırılmış vərəqədə "Təqsirləndirilən şəxs qulluq göstərdiyi əraziyə baxış keçirilən zaman aşkar olunmuş" sözləri yazılmış 03 (üç) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 48 (qırx səkkiz) ədəd, hündürlükləri 35 sm-dən 180 sm-dək, ümumi təmiz çəkisi- 7 kiloqram 285 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/437 nömrəli ekspetiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərində "Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkdiyi yerdən götürülmüş torpaq nümunəsi" sözləri yazılmış 03 (üç) ədəd sellofan torbalardakı torpaq nümunələrindən əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəscikləri aşkar edilmişdir. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisi müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrinin münbitliyi həmin torpaqdan narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 619 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzəb çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il il tarixli baxış protokolundan və ona əlavə olunmuş video çəklişin olduğu CD diskdən görünür ki, Şəki Bələdiyyəsinə məxsus 104-cü kvartal ərazisinə baxış keçirlən zaman aşkar olunmuş 48 ədəd narkotik tərkibli çətənə bitki kolları iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçılarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx xxxxxxxx 2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qax şəhəri, M.Məmmədov küçəsi, döngə 1 ev 19-da pasport qeydiyyatında və Şəki şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti «Olimpiya» məhəllə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki şəhəri, 104-cü kvartalda, kol-kos yerdə aqrotexniki qaydada xüsusi qulluq göstərilərək əkib-becərilmiş çətənə bitkilərinin aşkar edildiyi torpaq sahəsi köhnə "Ağaəli qəbirstanlığı" adlanan ərazi olmaqla Şəki Bələdiyyəsinə məxsus torpaqlara aiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki Mərkəzi Rayon X6 Şəxsi Psixatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 347 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəki Mərkəzi Rayon Xəstəxanasının Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 1590 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbəyə müraciət etməmiş və qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Qax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 1316 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabnetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsinin tərkib əlaməti mövcud olsa da onun əməlində CM-in 188.1-ci maddəsinin tərkib əlaməti yoxdur və ona həmin hissədə bəraət verilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin çətənə kollarının əkdiyi yeri taxta oduncaqlala hasara alması ilə bağlı apellyasiya protestinin dəlilləri ilə razılaşmır. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (Mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar şəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Eyni zamanda iş materiallarında olan hadisə yerinə baxış keçirilərkən çəkilmiş videogörüntüdən görünür ki, həmin ərazi çətin keçilən kolluq ərazidən ibarət olmaqla, çətənə kollarının əkdiyi yerin ətrafı da faktiki olaraq kolluqla əhatə olunmuşdur. Həmin əraziyə daxil olmadan, burada hər-hansı bir bitkinin əkildiyini görmək tamamilə qeyri-mümkündür. Ona görə də təbii olaraq ərazinin hasarlanması zərurəti də yaranmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxs özü də etiraf edir ki, protesdə çətənə kollarının əkdiyi yerdə aşkar edilən və çətənə kollarının dibinə basdırılmış kiçik ölçülü çubuqlar (protestdə qeyd edilən taxta oduncaqlar) ərazinin hasarlanması deyil, əkilmiş narkotik bitkilərin düzgün inkişafının təmin edilməsi üçün dayaq məqsədi daşımışdır. Bundan əlavə məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şəki Bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində işləyən Nümayəndə bildirmişdir ki, həmin sahə kolluqdan ibarətdir və onların hadisəyə qədər təqsirləndirilən şəxsin həmin torpaq sahəsini zəbt etməsi barədə xəbərləri olmayıb. Ümumiyyətlə narkotik vasitələrin əkildiyi yer kolluq ərazidə yerləşdiyindən ora girmək qeyri-mümkündür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.2.3-cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin CM-in 237.2.3-cü maddəsi ilə məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 237.2.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.2.3cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, dövlət ittihamçısı həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya protestini bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, eyni əməli təkrar törətməsini, məhkumluğunun ödənilməməsini və götürülməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(075)-2/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(075)-2/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)-36/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar