Məhkəmə qərarları › İş №1(107)-138/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-138/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-138/2020 19.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən), Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə X2 X9 və X3 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxx 2020-ci il tarixli qərarı ilə X9 və X1 CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. işin halları: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndində yaşayan X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 öz şikayətini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Qarabaldır kəndində özünə məxsus evdə yaşayır. Onunla qonşuluqda yaşayan X9 və X3 heç bir əsaslı səbəb olmadan onu mütəmadi olaraq nalayiq söyüşlərlə söyüb təhqir edirlər. Təranə Həmidova xx xxxxx 2020-ci il tarixdə Qarabaldır kəndi ərazisindəki subartezian quyusundan kəndə çəkilməkdə olan su borusunun yaxınlığında çoxlu sayda digər şəxslərin yanında və onlar eşidə-eşidə onu nalayiq söyüşlərlə təhqir etmiş, onu pozğun, əxlaqsız adlandırmışdır. O, dərhal AR DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, sonradan isə Oğuz RPŞ-nə şikayət ərizəsi yazmışdır. Həmin məsələ ilə bağlı Oğuz RPŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılaraq müraciətinin xüsusi ittiham xarakterli olması ona bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Qeyd olunan hadisədən bir neçə gün sonra onun mülkiyyətində olan yonca sahəsində X4 rayonu Kərimli kənd İcra Nümayəndəliyinin və Oğuz rayonu Kərimli Bələdiyyəsinin əməkdaşlarının yanında ona qarşı çox ədəbsiz ifadə işlədərək onu təhqir etmişdir. Elmar Həmidov və Təranə Həmidova ona qarşı nalayiq söyüşlər söyməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. O, Elmar Həmidov və Təranə Həmidovanın ona qarşı təhqir xarakterli əməllərinə görə onlardan şikayətçidir. Ona görə də X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 birinci instansiya məhkəməsi iclasında öz şikayətinin məzmununa uyğun izahat verərək X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və həmin maddəyə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etdi. Hərəkətlərindən şikayət verilmiş şəxs X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X5 onun atasının əmisi qızıdır. O və ya anası Təranə Həmidova heç vaxt Hicran Həmidovanı söyüb təhqir etməmiş, ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş və ya digər qanunsuz hərəkətə yol verməmişlər. Hicran Həmidovanın onun və anası Təranə Həmidovanın və şikayət əsassız olduğundan şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Hərəkətlərindən şikayət verilmiş şəxs X3 məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyini qeyd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 verdiyi apelyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı qərarı qəbul edərkən onun məhkəməyə vermiş olduğu şikayət ərizəsində Azəbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 293.3.1 -293.3.7-ci maddələrinə əsasən qeyd edilməsi zəruri olan bütün məlumatların şikayət ərizəsində öz əksini tapmadığına əsaslanmış olsa da bu hal həqiqətə uyğun deyildir. Belə ki, onun şikayət ərizəsində qeyd edilən maddədə göstərilən bütün məlumatlar mövcuddur. Məhkəmənin hazırkı qərarından narazı və şikayətçidir. proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X9 və X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası ilkin məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X9 və X1 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apelyasiya şikayətinin dəlillərini аrаşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 izahatını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. İş materiallarından isə müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayət CPM-in qeyd olunan tələblərinə uyğun tərtib edilməmiş, əməlin məhz X9 və Həmidova tərəfindən törədilməsini təsdiq edən sübutlar, şаhid ifаdələri, kоnkret оlаrаq hаnsı şəxslərin ifаdələri, hаbelə digər sübutlаr məhkəməyə təqdim olunmamışdır. Həmçinin X2 X9 və X3 barəsində məhkəməyə verdiyi şikayət ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1 - 293.3.7-ci maddələrinə əsasən qeyd edilməsi zəruri olan bütün məlumatlar həmin şikayət ərizəsində öz əksini tapmamışdır. CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1 və 302.1.3-cü maddələrinin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi, şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina üçün əsasdır. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, Oğuz rayon Məhəməsi X2 X9 və X3 barəsində xüsusi ittiham qaydasında şikayətinin, həmin şikayətin məzmununun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması əsası ilə öz icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarmaqda aşağdakı hallara görə haqlı olmuşdur.

1. X5 ərizəsində Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə uyğun olaraq soyadını, adını, atasının adını, doğulduğu ili, yaşayış yerini, məşğuliyyət növünü və vəzifəsini göstərməli olduğu halda, yalnız, soyadını, adını, atasının adını, doğulduğu ili, yaşayış yerini göstərmiş, məşğuliyyət növünü və vəzifəsini isə göstərməmiş

2. X5 ərizəsində Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayət barədə məlumatlar, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, göstərməli olduğu halda şikayət ərizəsində “Oğuz Rayon PŞ-nin əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırma aparılmış, xx xxx 2020-ci il tarixli, 177-4305H-3220 saylı məktubla ona söyüş və təhqirin xüsusi ittiham xarakterli olması bildirilmiş, aidiyyatı üzrə Oğuz rayon Məhkəməsinə müraciət edə biləcəyi göstərilmişdir. Bundan bir neçə gün sonra isə onun mülkiyyətində olan yonca sahəsinində X4 Rayon İHB-nın Kərimli İƏD üzrə nümayəndəliyinin və Oğuz Rayon Kərimli Bələdiyyəsinin adlarını bilmədiyi əməkdaşlarının yanında ona qarşı çox ədəbsiz ifadə işlədərək onu təhqir etmişdir” göstərmişdir ki, bunla da, qeyd ediən maddəyə uyğun olmayaraq həmin hadisənin dəqiq harada və nə vaxt törədilməsi göstərilməmiş

3. X5 ərizəsində Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə uyğun olaraq şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməli olduğu halda şikayətçi ümumi sözlərlə “çoxlu sayda başqa şəxslərin yanında”, “Oğuz rayon İHB-nin Kərimli İƏD üzrə nümayəndəliyinin və Oğuz Rayon Kərimli Bələdiyyəsi adlarını bilmədiyi əməkdaşlarının yanında təhqir olunduğunu” göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, bununla da onun şikayəti Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət təqibi üzrə icraatın birləşdirilməsindən bəhs edən Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, 49.1yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Göründüyü kimi cinayət prosessual qanunvericiliyi yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibinin bir cinayət işində birləşdirilməsini nəzərdə tutsa da, şikayətçi, ayrı-ayrı vaxtlarda ayrı-ayrı şəxslər barəsində bir şikayətlə müraciət etmişdir ki, kollegiya bunu yolverilməz hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq X5 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyаinstаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrınıdəyişdirmədən, apelyasiya şikayəti və ya apelyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаrqəbuledəbilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı:

Apelyаsiyа şikаyəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar