Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-142/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Məhkəməsinin (sədrlik edən, B.Məmmədov, hakimlər N.Mirzəyev və R.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 2001-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 130 AZN ekspertiza xərcinin ondan tutularaq Azərbaycan Respublikasının dövlət düdcəsinə ödənilməsi, cinayət işi üzrə maddi sübut olan Ağsu Rayon Polis Şöbəsində saxlanılan bir ədəd qısaqol köynək və bir ədəd göy rəngli cins şalvarın zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə, saat 17 radələrində Ağsu şəhəri, Natəvan küçəsində yerləşən çay evinə gələrək, həmin vaxt tanışları ilə birlikdə qeyd olunan yerdə istirahət edən Ağsu şəhər sakini Şahid1 ilə görüşmüş, sonuncunu yaxınlıqdakı “Qardaşlar” kafesinin qarşısına çağırıb, orada, tanışı Şahid7 ilə “İnstagram» sosial şəbəkəsində aralarında baş vermiş mübahisənin səbəblərini soruşmuş, Şahid1 buraya onları barışdırmaq niyyəti ilə gəldiyini bildirib, Şahid7 zəng edəcəyini deyərək sonuncu ilə danışıb barışmasını xahiş etmiş, onun bu hərəkətləri həmin vaxt Şahid1la birlikdə olmuş dostu Zərərçəkmiş şəxs xoşuna gəlməmiş, sonuncu ondan çıxıb getməsini tələb etməklə üzərinə gələrək sinəsindən itələyib nalayiq ifadələrlə söyüb təhqir etdiyindən aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, həmin mübahisə zamanı o, üzərində olan bıçağı çıxarıb qisas niyyəti ilə Zərərçəkmiş şəxs qarın və döş boşluğundan iki dəfə vuraraq döş qəfəsinin sağ və sol yarısının ön səthinin daxilə keçən sağdan döş boşluğuna keçərək öz proyeksiyası boyu diafraqmanı zədələyərək qarın boşuluğuna keçən, daxili qanaxma və hemopnevmotoraks törədən, soldan döş boşluğuna keçən və daxili qanaxma verən deşilmiş-kəsilmiş yaralarla müşayiət olunan, dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olub qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs apelyasiya şikayətində ona təyin olunan cəzanın ağır olduğunu və X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək, şikayətinin təmin edilməsini apelyasiya instansiya məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, cəzadan narazı deyiləm, sadəcə xəstəliyimlə bağlı mənə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş edirəm. Bu, mümkün olmadıqda mənə cəza təyin edərkən CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş edirəm. Özümü tam təqsirli bilirəm, əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CMin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən halları nəzərə almışdır. Təqsirləndirilən şəxsə münasibətdə CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Tural Əfəndizadə bildirmişdir ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Müdafiə etdiyim şəxs hadisədən sonra könüllü olaraq təslim olmuş, özünün təqsirli və əməlindən peşman olduğunu bildirir. Birinci instansiya məhkəməsi isə ona kifayət qədər ağır cəza təyin etmişdir. Ona görə də Təqsirləndirilən şəxs şərti məhkum etmənin tətbiq edilməsini, bu, mümkün olmadıqda ona münasibətdə CM-in 62-ci maddəsini tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Lakin təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməldən səmimi peşmançılığı, ilk dəfə cinayət törətməsi) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınаvə аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərəkən, onun müdafiəçisi isə çıxış edərkən təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsinin tətbiq edilərək qanunla müəyyən edilmiş digər alternativ cəza təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti sayılmasını xahiş etmişlər. Lakin məhkəmə kollegiyası bu tələblərlə razılaşa bilmir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. X5 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-142/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-142/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver