Məhkəmə qərarları › İş №1(107)-142/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-142/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-142/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X6 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli, 1(091)-55/2021 nömrəli hökmü ilə, xx xxxx 1989-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olmamış, evli, işləməyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilmiş, hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddətin təyin edilmiş cəzaya hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan 24 iyul 2020-ci ildən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Ekspertiza xərci 71 ( yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, Maddi sübut olan və Zaqatala rayon polis şöbəsində saxlanılan 27,158 qram çəkidə psixotrop maddə olan metamfetaminin məhv edilməsi hökm edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 27,308 qram psixotrop maddə olan metamfetamini əldə edərək 24 iyul 2020-ci ildə idarə etdiyi VAZ-21061 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilinin arxa yük yerində saxlamaqla daşımış, həmin tarixdə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı stasionar postdan Balakən rayonu istiqamətində keçdiyi zaman avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektorları tərəfindən saxlanılmış və sərxoş halda olması, eləcə də avtomaşının arxa yük yerinə baxış keçirilməsinə narazılığını bildirməsi ilə bağlı həmin avtomaşında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz daşınmasına əsaslı şübhələr yarandığından Zaqatala RPŞ-yə məlumat verilmiş, 24 iyul 2020-ci il tarixdə, saat 11:40 radələrində Zaqatala RPŞnin əməkdaşları tərəfindən VAZ-21061 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin altında, qara rəngli pul kisəsinin içərisində 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verdikləri apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)- 55/2021 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-55/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)- 55/2021 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-55/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs оğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 iyul 2020-ci ildə Balakən rayonunda yaşayan dayısı X8 evinə gəlmək üçün özünə məxsus, etibarnamə əsasında idarə etdiyi VAZ-21061 markalı, 10-RE486 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən yola düşmüş, 24 iyul 2020-ci ildə, saat 11 radələrində Zaqatala rayonunun Balakən rayonu istiqamətində çıxışında yerləşən X17 stasionar postunu keçdiyi vaxt yol patrul xidməti əməkdaşları onu saxlayaraq sənədlərini istəmiş, polis əməkdaşlarına sənədləri təqdim etdikdən sonra avtomobilə baxış keçirtmək istədiklərini demişlər. Bundan sonra posta Zaqatala rayon polis şöbəsinin əməkdaşlarını dəvət etmişlər, posta Zaqatala rayon polis şöbəsinin əməkdaşları gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi avtomobilin yük yerində olan ehtiyat təkərin altından metamfetamin aşkar edilərək götürülmüşdür. Maşınında aşkar edilmiş metamfetamin onun olmamışdır. Həmin psixatrop maddənin həmin yerə necə düşməsini bilmir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs оğlu ifadəsində göstərmişdir ki, həmin psixatrop maddəni avtomobildə daşımaqda satmaq məqsədi olmamış, həmin narkotik vasitədən vaxtaşırı özü istifadə etmişdir. Metamfetamini hadisədən təxminən 10 gün əvvəl Xırdalan şəhərində Dəmir yolu stansiyasının yaxınlığından tapmış, özü narkotik vasitələrdən istifadə etdiyi üçün həmin metamfetamini də lazım olanda istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 iyul 2020-ci ildə saat 11 radələrində 718 saylı stasionar postda xidmət olan vaxt Balakən rayonu istiqamətində gələn VAZ-21061 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobildə konstruksiya dəyişikliyi olduğunu görmüş və maşını saxlatmışlar. Sürücüsü Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açıb baxmağa icazə verməmiş, buna görə də sürücünün narkotik tərkibli maddələr qəbul etməsindən və daşımasından şübhələndikləri üçün Zaqatala rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, həmin müddətdə isə Təqsirləndirilən şəxs avtomobildən çıxardaraq avtomobilin qapılarını və yük yerini açarla bağlayıb açarlarını isə sahibinə verərək, Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları gələnə qədər avtomobilin açarları sürücü Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs isə avtomobilinin yanında dayanıb gözləmiş, bir qədər sonra polis əməkdaşları gələrək avtomobilə baxış keçirtmişdir. Sonradan avtomobilin yük yerindən 30 qram çəkidə narkotik vasitə olan metamfetamin aşkar olunmasını bilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 iyul 2020-ci ildə saat 11:10 radələrində 718 saylı stasionar postunda VAZ-2106 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsini çəkmiş, baxış keçirilən zaman yük yerindən bir ədəd göy rəngli it saxlamaq üçün qab, ağ rəngli sellofan torbada Təqsirləndirilən şəxs məxsus paltarlar, bir cüt ayaqqabı və bir cüt şəpit aşkar olunmuş, avtomobilin ehtiyat təkəri yerindən təkərin altında gizlədilmiş qara rəngli bərk parça materialdan olan içərisində «MediSmart» yazısı olan kisə aşkar olunmuş, həmin kisə açıldıqda içərisindən 3 ədəd şəffaf rəngli sellofan bükülülər aşkar edilmiş, bükülülərdən biri cırılmış vəziyyətdə olduğu üçün içərisində olan psixotrop maddə metamfetamin kisənin içərisinə səpilmiş, həmin maddə əvvəlcə kisə ilə birlikdə elektron tərəzidə çəkilərək 115 qram olması müəyyən edilmiş, daha sonra psixotrop maddələr kisədən çıxarılaraq çəkilmiş və ümumi çəkisi 30 qram çəkidə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 iyul 2020-ci ildə saat 12 radələrində 718 saylı stasionar postda Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı 3 ədəd şəffaf rəngli sellofan bükülülərdə 30 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs Zaqatala rayon polis şöbəsində şəxsi axtarış aparılarkən iştirak etmiş, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi tünd albalı rəngli VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerindən ehtiyat təkərin altından bir ədəd qara rəngli, bərk parça materialından olan kisə aşkar olunmuş, həmin kisənin içərisindən isə üç ədəd 12,269 qr, 4,757 qr və 10,282 qr çəkidə şəffaf rəngli sellofan bükülülərdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi-ekspertizanın 24 iyul 2020-ci il tarixli 17/462 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 12,269 qr, 4,757 qr və 10,282 qr ümumi təmiz çəkisi 27,308 qram olan maddələr, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Məhkəmə kollegiyаsı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərməmiş, Təqsirləndirilən şəxs bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhvlərə yol verilmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara, həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən həmin hissədə barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə verilmiş ittihamla bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 27,308 qram psixotrop maddə olan metamfetamini əldə edərək 24 iyul 2020-ci ildə idarə etdiyi VAZ-21061 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilinin arxa yük yerində saxlamaqla daşımış, həmin tarixdə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı stasionar postdan Balakən rayonu istiqamətində keçdiyi zaman avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX inspektorları tərəfindən saxlanılmış və sərxoş halda olması, eləcə də avtomaşının arxa yük yerinə baxış keçirilməsinə narazılığını bildirməsi ilə bağlı həmin avtomaşında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz daşınmasına əsaslı şübhələr yarandığından Zaqatala RPŞ-yə məlumat verilmiş, 24 iyul 2020-ci il tarixdə, saat 11:40 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən VAZ-21061 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin altında, qara rəngli pul kisəsinin içərisində 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutlara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilinin arxa yük yerində aşkar olunmuş maddənin narkotik vasitə olmasına dair məhkəmə-kimyəvi ekspertizasının rəyi, onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi barədə audio-video çəkiliş əsasında tərtib edilmiş protokol və polis əməkdaşlarının ifadələrindən ibarətdir. Məhkəmə kimyəvi ekspertizasının rəyinə gəldikdə həmin rəy mövcud olan maddi sübutun narkotik vasitə olması faktını təsdiq etməklə həmin narkotik vasitənin aşkar olunmasının üsul və vasitəsi, prosessual qaydasına dair məhkəmənin yekun qənaətə gəlməsinə kifayət etmir. Sübutların bu hissəsinin tədqiqində məhkəmədə ifadələri alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi maşından aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunmasını bildirmələrindən ibarətdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunması faktını qəbul etsə də aşağıdakı səbəblərə görə həmin istintaq hərəkəti keçirilənə qədər narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmasına şübhə ilə yanaşır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etməsi barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə şübhəli şəxs kimi, 26 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs kimi vermiş olduğu ifadələrində göstərmişdir ki, həmin psixatrop maddəni avtomobildə daşımaqda satmaq məqsədi olmamış, həmin narkotik vasitədən vaxtaşırı özü istifadə etmişdir. Metamfetamini hadisədən təxminən 10 gün əvvəl Xırdalan şəhərində Dəmir yolu stansiyasının yaxınlığından tapmış, özü narkotik vasitələrdən istifadə etdiyi üçün həmin metamfetamini də lazım olanda istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialarına görə Təqsirləndirilən şəxs Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 135-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinə məxsus 718 saylı stasionar postunda ilkin olaraq saxlanılmasına səbəb onun idarə etdiyi avtomaşında konstruksiya dəyişikliyinin olması olmuş, o, sənədlərini polis əməkdaşlarına təqdim edərkən onun sərxoş olmasından şübhələnən polis əməkdaşları onun avtomobilinə baxış keçirmək istəmiş, sürücü buna imkan verməmiş, bu səbəbdən də onun qanunsuz narkotik tərkibli maddələr qəbul etməsində və daşımasında şübhəli olan məlumatların yoxlanılması üçün raportla müvafiq müraciət edilmişdir. Ona görə də 24 iyul 2020-ci il tаrixdə saat 11:25-də Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mаyоru Оrucоv Nаmiq Nəsrəddin oğlu tərəfindən fаktа görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi bаşlаnılmışdır. İş materiallarına əlavə edilmiş 24 iyul 2020-ci il tarixli,347A saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 24 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı 24 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsindən şübhəli bilinməsinə baxmayaraq onun avtomobilinə baxış keçirərkən onun hüquqlarını müdafiəsi məqsədi ilə müdafiəçi təyin etmədən, şəxsin avtomobilinə baxış keçirərkən müdafiəçidən imtina barədə formal şəkildə onun ərizəsini almışdır. Halbuki, işin faktiki hallarından mübahisəsiz şəkildə müəyyən olunur ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən iş üzrə cinayət işi başlanmışdır ki, bununla da istintaq orqanı şəxsin real olaraq şübhəli şəxs qismində olmasını özü qəbul etmişdir. Buna baxmayaraq isə avtomobilə baxış keçirilməsində vəkilin iştirak etməsinə ehtiyacın olmamasına və baxışın vəkilin iştirakı olmadan aparılmasına dair Təqsirləndirilən şəxs ərizə alınmışdır. Onun avtomaşınından narkotik vasitə aşkar edildikdən sonra o, Zaqatala rayon polis şöbəsinə dəvət edilmiş, yalnız orada o, şübhəli şəxs qismində cəlb edilərək ona müdafiəçi təyin edilmiş, ondan sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmışdır. 25 iyul 2020-ci il tаrixdə Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsi ilə istintаq edilən cinаyət işi Аzərbаycаn Respublikаsı CM-nin 234.4.3-cü mаddəsinə tövsif edilərək istintаqı dаvаm etdirilmişdir. Hansı ki, Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin “Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi”ndən bəhs edən 19-cu maddəsində qeyd edilir ki, Cinayət prosesini həyata keçirən orqan-şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Eyni zamanda qeyd edilən Məcəllənin 236.3-cü maddəsində də qeyd edilir ki, baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Hansı ki, hazırki işdən aydın şəkildə görünür ki, iş üzrə şübhəli olan şəxs Elkin Alcanavun avtomaşınına baxş keçirilməsində vəkilin iştirakına real şərait yaratmalı olan təhqiqatçı, bunu etməyərək, vəkilin iştirak etməsinə ehtiyacın olmamasına və baxışın vəkilin iştirakı olmadan aparılmasına dair Təqsirləndirilən şəxs ərizə almaqla kifayətlənmişdir. Bundan əlavə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və əsas X1” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı malik ola biləcəyi hüquqlardan biri də “c” yarımbəndin qeyd edilmişdir. -şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; Qeyd olunduğu kimi, müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs avtomaşınına keçirilmiş baxış zamanı tərtib olunmuş 24 iyul 2020-ci il tarixli protokolda qeyd olunmuşdur ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş götürülmüş maddənin hansı şəraitdə avtomobilində olmasından məlumatının olmadığını bildirmişdir. Şübhəli şəxs qismində Аlcаnоv Elkin Cümşüd oğlu 24 iyul 2021-ci il tarixdə Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mаyоru Оrucоv Nаmiq Nəsrəddin oğlu tərəfindən müdafiəçi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə dindirilmiş, onun avtomaşından aşkar edilən narkotik vasitənin metafetamin olmasını, həmin narkotik vasitəni satmaq üçün deyil, istifadə etmək üçün saxladığını bildirmiş, suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin qurudulmuş marixuana olmasını qeyd etmişdir. Lakin iş materiallarında onun üzərindən hər hansı narkotik vasitə-marixuna aşkar edilməməsinə baxmayaraq təhqiqatçı tərəfindən həmin ziddiyyət araşdırılmamışdır. Bundan sonra 26 iyul 2020-ci il tarixdə Аlcаnоv Elkin Cümşüd oğlunа Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihаm elаn edilmiş, həmin tarixdə barəsində Zаqаtаlа rayon məhkəməsinin qərarı ilə 4 аy müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Аlcаnоv Elkin Cümşüd oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə Zaqatala Rayon Məhkəməsində baxılarkən həmin avtomobili 11 gün əvvəl aldığını, baqaj hissəsini yoxlamadığını, narkotik tərkibli ot çəkdiyindən sərxoş olduğunu, Balakən rayonuna gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, avtomobildə aşkar edilmiş maddənin onun avtomobilinə qoyulmasından xəbəri olmadığını, həqiqətən baxış keçirilərkən həmin maddələrin onun avtomobilinin baqaj hissəsindən aşkar edildiyini, hazırda ittiham üzrə özünü təqsirli hesab etməyini bildirmişdir. Göründüyü kimi Аlcаnоv Elkin Cümşüd oğlu şübhəli, daha sonra təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələrində onun avtomobilindən 24 iyul 2020-ci il tarixdə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirsə də, baxış zamanı tərtib olunmuş 24 iyul 2020-ci il tarixli protokolda şifahi sorğu zamanı Erkin Alcanovun avtomobilindən aşkar edilmiş götürülmüş maddənin hansı şəraitdə avtomobilində olmasından məlumatının olmadığını bildirməsini, ibtidai istintaq orqanından kənarda, yəni Zaqatala rayon Məhkəməsində qapalı məhkəmə baxışı zamanı kənar təsirlər olmadan vermiş olduğu ilk ifadəsində özünü təqsirli bilməyərək avtomobildə aşkar edilmiş maddənin onun avtomobilinə qoyulmasından xəbəri olmadığını qeyd etməsini məhkəmə kollegiyası işin faktiki hallarına uyğun ifadə kimi nəzərə alır. Bundan əlavə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsas sübutu işə əlavə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə protokoludur. İbtidia istintaq orqanın qənəatinə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı ** RE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi audio-video çəkiliş vasitəsi ilə keçirildiyindən orada də hal şahidlərinin iştirakına zərurət olmamışdır. Lakin, həmin baxış keçirilməsi barədə audiovideo görüntülərin köçürüldüyü DVD disk iş materiallarına əlavə edilsə də, həmin DVD diskdə qeyd edilən görüntülərə dair məlumatlar öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı da həmin audio-video görüntülərin məhkəmə kollegiyası iclas zalında nümayiş etdirilməsi mümkün olmamış, bundan əlavə Təqsirləndirilən şəxs Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci kilometrliyində yerləşən 718 saylı stasionar postunda quraşdırılmış kameralarındakı görüntülərın məhkəmə kollegiyası iclasında təqdiqi barədə vəsatət vermiş olsa da, birinci instansiya məhkəməsi həmin halın araşdırılmasına zərurət görməyərək məhkəmə istintaqını tamamlayaraq məhkəmə çıxışları mərhələsinə keçmiş, nəticədə iş üzrə ədalətli məhkəmə araşdırması aparılmamış və təqsirləndirilən şəxsin hüquqları kobud şəkildə pozulmuşdur .(iş materialları cild 2, səhifə 47-52). Apellyasiya məhkəməsi araşdırması zamanı yuxarı qeyd edilən vəsatət ilə bağlı Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinə müvafiq sorğu verilmiş,oradan daxil olmuş 21 iyun 2021-ci il tarixli, 73145-1221 saylı sorğuya cavab məktubundan görünür ki, Yevlax- Zaqatala-Gürcüstan avtomobil yolunun 135-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinə məxsus 718 saylı stasionar postunda quraşdırılmış videonəzarət kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin yaddaşda saxlama müddəti 1 ay təşkil etdiyindən həmin görüntülər cihazın yaddaşından silinmişdir. Həmçinin məhkəmə tərkibi birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid2 Zaqatala ifadələrində Təqsirləndirilən şəxs ilə bağlı göstərdikləri xususatın, yəni ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin onun idarə etdiyi avtomobilin baqaj hissəsindən aşkar edilməsi kimi həmin ifadələri həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etmir və həmçinin hesab edir ki, onlar Аzərbаycаn Respublikаsı DİN-nin Zaqatala Rayon Polis Şöbəsinin iş üzrə maraqlı şəxsləridir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-ciü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarına görə 24 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə baxış hal şahidlərinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə aparılmış və bununla bağlı baxışın keçirilməsinə dair eyni tarixli protokol tərtib edilmiş və protokolda qeyd edilmişdir ki, aparılmış videoçəkilişin görüntüləri 1 ədəd DVD diskə köçürülərək protokola əlavə olunur. Lakin qeyd olunduğu kimi iş materiallarına əlavə edilmiş baxışı özündə əks etdirən DVD diskədə əks olunmuş görüntüyə, nə birinci instansiya zamanı, nə də apellyasiya məhkəməsində kollegiyanın iclasında baxılması mümkün olmamış, belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə baxışı əks etdirən görüntü olmamışdır. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsində dəfələrlə istintaq və təhqiqat orqanı ilə şifahi və yazılı şəkildə məlumatlandırılsalar da, Alcanovun avtomobilinə keçirilimiş baxış zamanı qeydə alınmış viogörüntü məhkəmə kollegiyasına təqdim edilməmiş, yazılı sorğuya cavab verilməsə də, şifahi şəkildə həmin görüntülərin əks olunduğu faylın kompyuter avadanlıqlarından silindiyi qeyd edilmişdir. Bununla da, Alcanovun avtomobilinə keçirilimiş baxış zamanı aşkar olunmuş narkotik vasitənin müdafiə tərəfinin mövqeyinə görə Alcanova məxsus olmadığı, ittiham tərəfinin mövqeyinə görə isə Təqsirləndirilən şəxs məxsus olması ilə bağlı fikirlər arasında ziddiyyət olmaqla şübhəli hal olduğundan məhkəmə kollegiyası həmin şübhənin yalnız baxış zamanı çəkilmiş videogörüntü ilə aradan qaldırılmasının mümkün olmasını qeyd edərək, həmin görüntünün isə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 263.4-cü maddəsində qeyd edilir ki, müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Göründüyü kimi, baxış zamanı 2 hal şahidi iştirak etmədiyi halda videoçəkilişdən istifadə olunması məcburi hal olmasına baxmayaraq həmin videoçəkilişin məhkəmə kollegiyasına təqdim edilməsi qeyri mümkün olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 24 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı tərtib edilmiş protokolda şifahi sorğu zamanı Erkin Alcanovun avtomobilindən aşkar edilmiş götürülmüş maddənin hansı şəraitdə avtomobilində olmasından məlumatının olmadığını bildirməsinə baxmayaraq elə həmin gün müdafiəçisinin iştirakı ilə ondan alınmış izahatda onun avtomaşından aşkar edilən narkotik vasitənin metafetamin olmasını, həmin narkotik vasitəni satmaq üçün deyil, istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra 26 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə də ifadə verərkən yenə də, avtomaşından aşkar edilən narkotik vasitənin metafetamin olmasını, həmin narkotik vasitəni satmaq üçün deyil, istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində ifadəsi alındıqdan sonra isə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş təqdimata baxılarkən isə məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək demək olar ki, 24 iyul 2020-ci il tarixdə protokolda qeyd olunduğu izahatına uyğun şəkildə göstərmiş və qeyd etmişdir ki, avtomobildə aşkar edilmiş maddənin onun avtomobilinə qoyulmasından xəbəri yoxdur. Lakin buna baxmayaraq istintaq orqanı təqsirləndirilən şəxsin baxış protokolunda və məhkəmə iclasında nəyə görə istintaq və təhqiqat orqanına vermiş olduğu ifadədən fərqli ifadə verdiyini araşdırmamış, bu xususat üzrə onu yenidən dindirməməklə yanaşı, həm subutların qiymətləndirilməsi qərarında, həm də ittiham aktında təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olması barədə izahat və ifadəsində olan ifadələrini əks etdirmişdir. Qeyd edilən xususata həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Zaqatala rayon vəkil bürosunun vəkili X11 tərəfindən heç bir münasibət bildirilməmiş, bununla bağlı hər hansı bir vəsatət verilməmişdir. Buna görə də məhkəmə kollegiyası istintaq zamanı təqsirləndirilən şəxsin ifadələri arasında qeyd edilən kəskin ziddiyyətli şübhələri, başqa subutlarla aradan qaldırılmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, həmin şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilələ, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə, saat 11:40 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən VAZ-21061 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan ehtiyat təkərin altında, qara rəngli pul kisəsinin içərisində 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr, 4,757 qr, 10,282 qram psixotrop maddə olan metamfetamin aşkar olunması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr,4,757 qr, 10,282 qram olmaqla ümumi çəkisi 27,158 qram psixotrop maddə olan metamfetamin Zaqatala rayon polis şöbəsində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpiyin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməli, o cümlədən 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr,4,757 qr, 10,282 qram olmaqla ümumi çəkisi 27,158 qram psixotrop maddə olan metamfetamin mövcudluğu ilə bağlı Cinayət Prosessual Məcəllənin 350.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi ilə üçün cinayət işi materiallarının surəti Zaqatala rayon prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 12,269 qr,4,757 qr, 10,282 qram olmaqla ümumi çəkisi 27,158 qram psixotrop maddə olan metamfetamin Zaqatala rayon polis şöbəsində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpiyin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 350.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi ilə üçün ********* saylı cinayət işi üzrə materialın surəti Zaqatala rayon prokurorluğuna göndərilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar