Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-144/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 180.1, 234.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30/1 saylı evin, 56 saylı mənzilində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi xx xxxxxx 2020-ci ildən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunması, narkoloji dispanserdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi X4 Şöbəsində saxlanan 0,251 qram narkotik vasitə heroinin məhv edilməsi, iş üzrə 71,94 manat ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə keçirilməsi, vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 174 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində, təmiz çəkisi 0,301 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün, saat 13 radələrində Mingəçevir ŞPŞ-nın Cinayət axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30/1 №-li evin qarşısında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-ya aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə - heroin onun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Hökmdən Dövlət ittihamçısı2 apelyasiya şikayətinə qarşı etiraz verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını apelyasiya instansiya məhkəməsindən xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti beə əsaslandırılmışdır ki, mənə cəza təyin edilərkən heç bir yüngülləşdirici hal nəzərə alınmamışdır. Odur ki, işimə yenidən baxılaraq daha yüngül cəza təyin edilməsini xahiş edirəm. ETİRAZİN DƏLİLLƏRİ Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərədə tutulan cinayəti törətməsi iş üzrə məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiq edilmiş, məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən hal kimi 2 azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq, ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsdirləndirilən şəxsin apelyasiya şikayətində göstərdiyi xüsusatlar əsassızdır PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, apelyasiya şikayətimi müdafiə edirəm, azyaşlı uşaqlarımın olmasını nəzərə alaraq mənə təyin edilmiş cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Emil Əliyev bildirmişdir ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Təhlükəli residivi nəzərə almadan təqsirləndirilən şəxsə cəza təyin edilməsi də qanunvericiklidə nəzərdə tutulmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək təhlükəli residivi nəzərə almadan, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində daha aşağı həddə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını və CM-in tələblərini nəzərə alaraq onun təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində minimal cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 180.1, 234.1, 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətin təhlükəli residivini yaradır (CM-in 18.2.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından Təqsirləndirilən şəxs təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, ittiham olunduğu maddənin aşağı həddində cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə qаnunsuz оlаrаq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni – 0,301 qram miqdarında heroini özündə saxlamaqla cinayət əməli törətmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 0,301 qram) hesab olunan narkotik vasitə heroindən istifadə etməklə törətməsi, bundan əvvəl də qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi və əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-144/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-144/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver