Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-150/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) X5 iştirakları ilə, X3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmü ilə xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmalqa yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir; xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Kür mehmanxanasında məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Ramiz oğlu Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X3 CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 iyul 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi, 22 saylı binanın blokunda təsadüfən rastlaşdığı qonşusu Zərərçəkmiş şəxs ailələri arasında yaranmış mübahisə ilə bağlı söhbət etmək istədiyini dedikdə, sonuncu onunla söhbət etməyin mənasız olduğunu, ailə üzvlərinin heç bir səbəb olmadan anasını döydüklərini bildirib yoluna davam edərkən, qapılarının onun tərəfindən yandırılmasını deyib, Zərərçəkmiş şəxs izah etməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan ictimai yer sayılan Mingəçevir şəhəri S.Vurğun küçəsi, 22 saylı binanın blokunda ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs köynəyini başına keçirmiş, yaranmış səs-küyə onun yanına gəlmiş dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ictimai qaydanı kobud sürətdə pozmağa davam edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək onu çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyələrinin sıyrığı xəsarəti ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs2 оğlu məhkum edilmişdir ona görə ki, o, 06 iyul 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi 22 saylı binanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 gözləyərkən sonuncunun həmin binanın blokunda Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan danışdıqlarını eşidərək bloka girib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edərək kəllə ilə sifətindən vurub ona burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, sonuncunun köynəyini başına keçirməsini görərək tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib özlərinin şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq ona sağ dizin sıyrığı ilə nəticələnən sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs çiynindən tutub yerə yıxmış, yerdə sürüyərək binanın qarşısına gətirib binada yaşayan sakinlərin səs-küyə balkona çıxmasına və ətrafa toplaşmasına məhəl qoymayaraq orada sonuncunun boğazından tutub sıxaraq boynunda qançır, sağ kürək və böyrək nahiyələrinin sıyrığı xəsarəti ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın kobud surətdə pozub, hamı tərəfındən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib binanın qarşısında xeyli sayda insanların toplaşmasına məhəl qoymadan nalayiq ifadələr işlətməklə özünü onların və hadisə yerinə gələn bina sakinlərinin fövqündə qoyub, onlara laqeydlik və etinasızlıq nümayiş etdirməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmünün onlara təqsirli bilindikləri maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayətləri, eləcə də zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etirazlar verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) X10 apellyasiya şikayətinin, həmçinin apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya protestinin və buna uyğun olaraq həm də zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi X6 Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X11 Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, zərərçəkmiş şəxs və onun nümayəndəsinin (vəkilinin), habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, X3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmü ləğv edilməli və yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X8 оğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifаdəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qonşu kimi uzun müddətdir ki, tanıyır. Onun Elvinlə aralarında mübahisə olmamışdan təxminən bir həftə əvvəl onların mənzilinin qapısı yandırılmışdır. O, mənzilin qapısını yandıranın Elvin olmasından şübhələnib Elvin barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun ailəsi ilə Elvinin ailəsi arasında bir neçə dəfə mübahisə olduğu üçün o, mənzilin qapısının Elvin tərəfindən yandırıldığından şübhələnmişdir. Növbəti gün onun anası və bacısı mənzilin qapısının qarşısında olarkən Elvinin anası ilə sonradan Elvinin dostu olduğunu bildiyi bir nəfər şəxsin blokda dayandığını, Elvinin dostunun anası və bacısını videoya çəkdiyini görmüşlər. Həmin vaxt onun anası və bacısı ilə Elvinin anası və Elvinin dostu arasında mübahisə yaranmışdır. 06.07.2020-ci il tarixdə saat 19 radələrində dostları Arif və İlqarla görüşmək üçün aşağı düşərkən blokda birinci mərtəbədə Elvinlə rastlaşmışdır. O, Elvindən ailələri arasında mübahisənin nədən baş verdiyini, anasının yanında olan şəxsin kim olduğunu soruşmuşdur. Elvin ona heç nədən xəbəri olmadığını, anasının yanında olan şəxsi tanımadığını demişdir. O, Elvinə anasının yanında olan şəxsin nömrəsini ona verməyini demişdir. Lakin Elvin ona ailəsinin düzgün etmədiyini demiş və başını bulamışdır. O, Elvinin bu hərəkətindən əsəbiləşmiş, Elvin əlini sallayaraq onun yanından keçib getmək istəyərkən Elvinin qolundan tutub özünə tərəf çəkmişdir. O, Elvinin əsəbiləşdiyini görmüş və Elvinin onu vuracağından ehtiyat edərək Elvini kəllə ilə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Elvinin burnundan qan axmağa başlamışdır. Bundan sonra Elvin ona təpik atmış və onun üzərinə gəlmişdir. O, Elvinin yaxasından tutmuş və Elvinin köynəyini başına keçirtmişdir. Həmin vaxt Elvin onun bədəninə yumruq zərbələri vurmuş, bundan sonra o da Elvini vurmağa başlamışdır. Bu vaxt onun dostları İlqar və Arif səs-küyə bloka girmişlər. Arif onu, İlqar isə Elvini tutmuş və onları aralaşdırmışlar. Arif bundan sonra onu blokdan çölə çıxartmışdır. O, blokdan çıxanda səs-küyə qonşuların çoxunun balkona çıxdığını, blokun qarşısında çoxlu adamlar olduğunu görmüşdür. Arif onu yaxınlıqda yerləşən xeyir-şər mağarının yaxınlığına aparmışdır. Elvin həmin vaxt qışqıraraq onu təklədiklərini demiş, o isə Elvinə yanına gəlməyini, heç kimin onu təkləmədiyini demişdir. Bundan sonra Elvin İlqarla birlikdə onların yanına gəlmişdir. Onlar Elvinə siqaret vermiş və Elvin siqareti çəkmişdir. Həmin vaxt onun ailəsi ilə Elvinin ailəsi arasında dava olduğunu eşitmişlər. O və Elvin bundan sonra yuxarıya qalxmışlar. O, Elvinə özünün ailə üzvlərini sakitləşdirəcəyini demiş, Elvin aşağı düşmüş, o isə ailəsini sakitləşdirib evə salmışdır. Bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Hadisə 5-6 dəqiqə davam etmişdir. Elvinlə aralarındakı mübahisənin davadalaşla nəticələnməsindən və Elvinin sağlamlığına xəsarət yetirməsindən peşmandır, əməlindən peşman olub zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, lakin sonuncu onu tutduracağı ilə hədələyərək barışmaqdan imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 оğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifаdəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Elvinlə heç bir ədavət və düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs1 isə uşaq yaşlarından tanıyır və Məhəmmədlə dostluq münasibətləri var. 06.07.2020-ci il tarixdə saat 19 radələrində o, dostu Ariflə birlikdə Məhəmmədin yaşadığı binanın qarşısında oturacaqda əyləşib Məhəmmədi gözləmişlər. Həmin vaxt onlar binanın blokundan səs-küy gəldiyini eşitmişlər. O, Ariflə bloka yaxınlaşmış və Məhəmmədlə Elvinin dalaşdığını, Elvinin paltarının başına keçirili olduğunu, cırıldığını, Məhəmmədin də koftasının cırıq olduğunu, hər ikisinin bir-birinə zərbələr vurduğunu görmüşdür. Həmin vaxt o, Elvini arxadan tutmuş, Arif isə Məhəmmədi tutub aralaşdırmışdır. O, Elvinin qollarından tutmuş və Elvin qışqıraraq onu buraxmağını demişdir. O bundan sonra əsəbiləşib aralaşdırmaq məqsədilə Elvinin çiyinlərindən çəkib Elvini yerə yıxmış və Elvini sürüyərək blokdan çölə çıxartmışdır. Daha sonra Elvin yerdə uzanıqlı vəziyyətdə olan zaman o, Elvinin boğazından tutub sakit olmasını demiş, daha sonra Elvini buraxmışdır. O daha sonra Elvini vurmamışdır. Elvin ayağa qalxıb ondan alışqan istəmiş, o, Elvinə alışqanı olmadığını demişdir. O, həmin vaxt Elvinin üzündən qan axdığını görmüşdür. Arif də həmin vaxt Məhəmmədi tutub kənara aparmışdır. Daha sonra Arif onlara yaxınlaşmış və Elvinə alışqan vermişdir. Həmin vaxt səs-küy olduğu üçün qonşular da balkona çıxmışlar. Daha sonra yuxarıdan səs-küy gəlmişdir. Elvin və Məhəmməd valideynlərinin dalaşacağından ehtiyatlanıb yuxarı qalxmışlar. O isə Ariflə birlikdə oradan uzaqlaşıb getmişdir. Əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində olan cinayət işi üzrə ona bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. Onun yaşadığı mənzil Məhəmmədin yaşadığı mənzillə üzbəüz yerləşir. Məhəmmədin ailəsinin əvvəllər bir neçə qonşu ailələrlə mübahisələri olmuşdur. Onların əvvəllər Məhəmmədin ailəsi ilə ciddi mübahisələri və ədavətləri olmamışdır. Bəzi hallarda xırda mübahisələri olsa da, heç vaxt ciddi mübahisə olmamışdır. 30.06.2020-ci il tarixdən 01.07.2020-ci il tarixə keçən gecə Məhəmmədin yaşadığı mənzilin qapısı naməlum şəxslər tərəfindən yandırılmışdır, Onların bu barədə polis şöbəsinə müraciətləri də olmuşdur. 01.07.2020-ci il tarixdə gecə saat 01 radələrində o, yaşadığı mənzildə olan zaman mənzilin qapısının bərk döyüldüyünü eşitmişdir. O, qapını açmayıb bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları mənzilin qarşısına gəlmiş və o bundan sonra anası ilə birlikdə qapını açmışlar. Məhəmmədin anası bundan sonra onun anasına, atası isə polis əməkdaşlarının yanında ona hücum etmiş və onu onlara məxsus mənzilin qapısını yandırmaqda günahlandırmışlar. Polis əməkdaşları onları aralaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Məhəmmədin ailəsi onun onların qapısını yandırması barədə şikayət etmişlər. O həmin gün polis şöbəsində Məhəmmədlə söhbət etmiş və Məhəmmədə mənzillərinin qapısını yandırmadığını demişdir. Məhəmməd də onunla razılaşmışdır. O həmin gün başqa yerdə qalmışdır. Növbəti gün Məhəmmədin anası və bacısı onun anasının üzərinə hücum çəkərək anasına xəsarət yetirmişlər. Onlar bu barədə polis şöbəsinə məlumat vermişlər. Bundan sonra Məhəmmədin ailəsi ilə onların ailəsi arasında ədavət yaranmışdır. 06.07.2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evin blokuna girən zaman qonşusu Məhəmmədlə blokun girişində rastlaşmışdır. Məhəmməd ona aqressiv şəkildə səslənərək onunla söhbət etmək istədiyini demişdir. O da cavab olaraq bir dəfə normal söhbət etdiklərini, nəticə çıxartmadıqlarını, anasının və bacısının onun anasına hücum edərək anasını döydüklərini, söhbət etmək istəmədiyini demişdir. Məhəmməd ona daha sonra qapılarını yandırmağını demişdir. O da Məhəmmədə qapını onun yandırmadığını bildirmişdir. Məhəmməd ona əsəbi ilə oynamamağını demiş, o isə Məhəmmədə əhəmiyyət verməyərək danışmaq istəmədiyini bildirib yoluna davam edərkən qəfildən Məhəmməd kəllə ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Daha sonra onun üzərinə hücum edərək əynində olan koftanı başına keçirtmişdir. Məhəmməd bundan sonra onu yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. O, Məhəmmədin əlindən tutmağa çalışmış, həmin vaxt kimlərinsə müdaxilə etdiyini hiss etmişdir. Bir nəfər əl-qolunu tutmuş, Məhəmməd isə ona zərbələr endirməyə davam etmişdir. Məhəmməd onun qarın nahiyəsinə, diz qapağına zərbələr vurmuşdur. O, sonradan onun əl-qolunu tutanın İlqar olduğunu bilmişdir. Daha sonra sonradan adının Şahid3 olduğunu bildyi şəxs Məhəmmədi tutub oradan uzaqlaşdırmış, Təqsirləndirilən şəxs2 isə onu arxadan vuraraq çiynindən çəkib yerə yıxmış və onu sürüyərək blokdan çölə çıxartmışdır. Daha sonra İlqar boğazından tutaraq onu boğaraq öldürəcəyini bildirmişdir. O, ayağa qalxdıqdan sonra İlqar yenidən onun boğazına yapışaraq onu öldürəcəyini bildirmişdir. Həmin vaxt Məhəmməd də ona təpik və yumruq zərbələri vururdu. Bundan sonra oraya tanımadığı, lakin yaxın binalarda yaşayan şəxslər olduğunu bildiyi çoxlu sayda insanlar toplaşmış və Məhəmmədlə İlqar aralaşmışlar. Həmçinin onlar blokdan dalaşa-dalaşa çıxdıqları üçün səs-küy yaranmış və səs-küyə qonşular balkona çıxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmiş, o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və bu barədə arizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır və onlardan şikayətçidir. Buna görə də barələrində ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X10 da zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. 06.07.2020-ci il tarixdə saat 19 radələrində o, qardaşı İbrahimə məxsus evdə olan zaman həyat yoldaşı ona zəng edərək Məhəmməd və Məhəmmədin yanında olan iki nəfər şəxsin Elvini döydüklərini, tez binanın qarşısına gəlməyini demişdir. O bundan sonra dərhal taksi ilə yaşadığı binanın qarşısına gəlmişdir. O, binanın qarşısına çatanda binanın qarşısında xeyli sayda şəxslər olduğunu, oğlu Elvinin burnundan qan axdığını, Elvinin paltarının və üzərinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları da çatmışlar. O və Elvin daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Yolda Elvin ona Məhəmməd və İlqar adlı şəxslərin Elvini döydüklərini, Məhəmmədin Elvinə kəllə ilə burnundan xəsarət yetirdiyini, İlqarın isə Elvini yerə yıxdığını, boğazından tutaraq boğmağa çalışdığını demişdir. Elvin polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 isə onların qonşusudur. 06.07.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən çöldən səs-küy gəldiyini eşitmişdir. O dərhal balkona çıxmış və Məhəmmədin oğlu Elvini təpik və yumruq zərbələri ilə vurduğunu, həmçinin tanımadığı, üzünü dəqiq görmədiyi bir nəfər şəxsin Elvini boğazından tutduğunu görmüşdür. Bundan sonra o dərhal evə qayıdıb əri Xəqaniyə zəng vurmuş və olanlar barədə Xəqaniyə demişdir. Bir qədər sonra əri Xəqani yaşadığı binanın qarşısına gəlmişdir. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmiş və Elvinlə əri Xəqanini polis şöbəsinə aparmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Elvinlə heç bir ədavət və düşmənçiliyi olmayıb. Təqsirləndirilən şəxs1 isə o, uşaq yaşlarından tanıyır və onunla dostluq münasibətləri vardır. 06.07.2020-ci il tarixdə saat 19 radələrində o, dostu İlqarla birlikdə Məhəmmədin yaşadığı binanın qarşısında oturacaqda əyləşib Məhəmmədi gözləyirmişlər. Həmin vaxt onlar binanın blokundan səs-küy gəldiyini eşitmişlər. O, İlqarla bloka yaxınlaşmış və Məhəmmədlə Elvinin dalaşdığını, Elvinin paltarının başına keçirili olduğunu, cırıldığını, Məhəmmədin də koftasının cırıq olduğunu, hər ikisinin bir-birinə zərbələr vurduğunu görmüşdür. Həmin vaxt o, Məhəmmədi tutub aralaşdırmışdır. O, Məhəmmədi yaxınlıqda yerləşən bisetkaya aparmış, Məhəmmədə siqaret vermiş və daha sonra İlqarla Elvinin yanına qayıtmışdır. O, Elvinin üzündən qan axdığını görmüş və Elvinə qanı yumasını təklif etmişdir. Elvin ondan alışqan istəmiş və o, Elvinə alışqan vermişdir. Mübahisə zamanı səs-küy yarandığı üçün qonşular da səs-küyə balkona çıxmışlar. Bu zaman yuxarıdan səs-küy gəlmişdir. Elvin və Məhəmməd ailələrinin də mübahisə edəcəyindən ehtiyatlanıb yuxarıya qalxmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. O da İlqarla birlikdə oradan uzaqlaşıb getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. 06.07.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə təmir işləri ilə məşğul olmuşdur. Bu vaxt o, binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O arada balkona çıxıb çölə baxmışdır. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 onun qonşularıdır. Onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. 06.07.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzildə olarkən binanın qarşısında səs-küy gəldiyini eşitmişdir. O bundan sonra balkona çıxmış və Məhəmmədin Elvinlə dalaşdığını, Məhəmmədin Elvinin üzərinə gələrək Elvinə yumruq zərbələri atdığını, Elvinin sifətinin qan içində olduğunu görmüşdür. Həmin vaxt onların ətrafında xeyli sayda insanlar toplaşmışlar. Bundan başqa o, Məhəmmədin yanında olan tanımadığı və üzünü dəqiq görmədiyi şəxsin Elvinin boğazından tutduğunu görmüşdür. Elvin Məhəmməd və Məhəmmədin yanındakı şəxslə təxminən 5-6 dəqiqə əlbəyaxa dalaşdıqdan sonra ətrafa toplaşmış şəxslər onları aralaşdırmışlar. Həmin vaxt qonşuların əksəriyyəti səs-küyə balkona çıxmışlar. O, daha sonra təmir işlərini davam etdirmək üçün mənzilə girmişdir. Lakin binanın qarşısında yenə səs-küy olduğunu eşitmişdir. O arada balkona çıxıb çölə baxmışdır. Bir qədər sonra binanın qarşısına polis əməkdaşları gəlmişlər. Bundan sonra binanın qarşısına toplaşmış şəxslər aralaşıb getmişlər. İş materiallarında olan 13.08.2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd qısaqol köynək ondan götürülərək köynəyə baxış keçirilmiş, baxış zamanı köynəyin ön və arxa tərəflərində qan izlərinin, həmçinin köynəyin arxa tərəfində iki ədəd 4 sm uzunluğunda cırıqların olduğu müəyyən edilmişdir İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.07.2020-ci il tarixli 447 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər – burun sümüyünün qapalı sınığı, sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır, – küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri 06.07.2020-ci il tarixə uyğundurlar; ağırlıq dərəcələrinə görə burun sümüyünün sınığı sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; sağ kürək nahiyəsində, sağ dizində sıyrıqlar və boynunda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan tələbnamələrdən görünür ki, X3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxslərdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onların əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından onlara ittiham edildikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Lakin məhkəmə kollegiyası ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməlinin CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı CM-in 221.1-ci mаddəsinə görə xuliqаnlıq - ictimаi qаydаnı kobud surətdə pozаn, cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə edən, şəxslər üzərində zor tətbiq olunmаsı ilə və yа belə zorun tətbiq edilməsi hədəsi ilə, hаbelə özgənin əmlаkının məhv edilməsi, yаxud zədələnməsi ilə müşаyiət edilən hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 mаy 2011-ci il tаrixli Qərаrındа xuliqanlıq cinayət əməlinin əlamətlərini аçıqlаyаrаq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə ...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs Məhəmməd Əbdulrəhmanovla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin motivi onların ailələri arasında əvvəlcədən mövcud olan ədavət və narazılıq olmuşdur. Hadisə baş verən gün M.Əbdulrəhmanov yaşadıqları binanın girişində Zərərçəkmiş şəxsla qarşılaşanda sonuncuya ailələri arasındakı münaqişələrlə bağlı onunla söhbət etmək istədiyini bildirmiş, bu zəmində onlar arasında mübahisə və dava-dalaş baş vermiş, nəticədə M.Əbdulrəhmanov tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs M.Əbdulrəhmanovla Zərərçəkmiş şəxs arasında münaqişə şəxsi münasibətlər (şəxsi ədavət) zəminində baş vermiş və təqsirləndirilən şəxsin hərəkətləri müstəsna olaraq zərərçəkmiş şəxsə qarşı yönəlmiş, həmin hərəkətləri ilə təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmişdir. Belə olduğu halda təqsirləndirilən şəxs M.Əbdulrəhmanov tərəfindən xuliqanlıq cinayətinin törədilməsinin iddia edilməsi əsassızdır. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə də, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şərh edilənlər kontekstində məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs X1 əməlində CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Onun şəxsi münasibətlər zəminində baş vermiş mübahisə və sonrakı əlbəyaxa dalaşma zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsi CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Eləcə də, şərh edilən hüquqi mövqe kontekstində məhkəmə kollegiyası hesab edir ki, digər təqsirləndirilən şəxs Hüseynov İlqar Ramiz oğlunun da əməlində CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 M.Əbdulrəhmanovla Zərərçəkmiş şəxs arasında baş verən münaqişəyə dostu olan M.Əbdulrəhmanova görə müdaxilə etmiş, onları aralaşdırarkən Zərərçəkmiş şəxs qolundan tutub kənara dartmış, Zərərçəkmiş şəxs qolunu buraxmasını tələb edəndə onun çiynindən dartıb yerə yıxmış və sonra sürüyərək binadan çölə çıxartmışdır. Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs2 onun boğazından tutub sakit olmasını demiş, daha sonra Zərərçəkmiş şəxs buraxmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmadığını bildirsə də, sonuncu Zərərçəkmiş şəxs da onu yumruq və təpiklə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs fiziki zor tətbiq etmiş və təpik-yumruqla vurmuş olsa da, yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər olmuşdur. Xuliqanlıqla bağlı olmayan belə xəsarətlərin yetirilməsi cinayət məsuliyyətinə səbəb olmur. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 istinad edilən əməldə cinayət tərkibi yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol verilmiş, buna səbəb maddi hüquq normasının (CM-in 221-ci maddəsinin) düzgün təfsir edilməməsi olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, hazırkı iş üzrə təqsirləndirilən şəxs Məhəmməd Əbdulrəhmanovun əməli CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, təqsirləndirilən şəxs İiqar Hüseynova isə ona qarşı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. CPM-in 25.2-ci və 25.3-cü maddələrinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 42.1 və 42.1.2-ci maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 399.1 və 399.1.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 403-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi dedikdə: tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; cinayət qanunu normasının düzgün şərh edilməməsi – nəzərdə tutulur. İstinad edilən prosessual hüquq normaları baxımından hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından həmin hökm ləğv edilməli və yeni hökm çıxarılmalıdır. Qeyd edildiyi kimi, təqsirləndirilən şəxs Məhəmməd Əbdulrəhmanovun əməli CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və o, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. CM-in 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin hazırkı iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmaqdan imtina etmişdir. Belə olduğu halda təqsirləndirilən şəxs M.Əbdulrəhmanov CM-in 128-ci maddəsinin sanksiyası üzrə cəzaya məhkum edilməlidir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası iş üzrə təqsirləndirilən şəxs Məhəmməd Əbdulrəhmanovun törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, məhkəmə iclasında zərərçəkmiş şəxsdən üzr istəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, gəncliyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirməyə imkan verən hallar kimi nəzərə alır. Onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirkarın şəxsiyyətini, onun cəzasını yüngülləşdirməyə imkan verən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Məhəmməd Əbdulrəhmanova təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədəuyğun və yetərlidir. Digər Təqsirləndirilən şəxs2 isə ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə həmin ittiham üzrə təqsirsiz bilinməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Şərh edilənlərə müvafiq olaraq Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 350, 397,399, 403, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. X3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə məhkum olunmalarına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 fevral 2021ci il tarixli, 1(051)-37/2021 nömrəli hökmü ləğv edilsin. X1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldilənədək üzərində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-150/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-150/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver