Məhkəmə qərarları › İş №1(107)-150/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-150/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-150/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 nömrəli hökmündən Dövlət ittihamçısı oğlu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Qarayev) 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 saylı hökmü ilə, Təqsirləndirilən şəxs-xx.xx.1992-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında (əvvəlki ünvan 2, orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun üzərinə gün ərzində yaşadığı Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan ünvan 1-də (əvvəlki Qax şəhəri, 20 yanvar küçəsi, ev 98, mənzil 2) yerləşən evini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs Bəxtiyar oğlu cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Hökmün icrasının Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah olunması hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamışdır. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan Qax şəhəri, N.Nərimanov küçəsi, 3b ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsində müxtəlif mərc oyunlarına pul yatırmaq üçün orada olan kompyüterə əvvəlcədən dostu Şahid kompyüterə daxil olmaq üçün istifadə etdiyi C105334 rəqəmli kodu ondan gizli şəkildə oğurlayıb yadında saxlayıb, 11 noyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində gizli yolla əldə etdiyi həmin C105334 rəqəmli kodu kompyüterə yazıb daxil olaraq informasiya texnologiyalarından istifadə etməklə oradan əvvəlcə 850 (səkkiz yüz əlli) manat, daha sonra 2000 (iki min) manat pulu müxtəlif mərc oyunlarına qoyub Zərərçəkmiş şəxs ümumilikdə 2850 (iki min səkkiz yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hərəkətindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə nə kimi təsirinin olacağını, bununla yanaşı təqsirləndirilən şəxsin hansı cəhətlərinə görə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunduğunu, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, bununla da CPM-in 353.2.3-cü maddəsinin tələblərini pozmuşdur. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar olmamış, hətta törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 2850 manat məbləğində maddi ziyandan bir manat belə ödənilməmiş, eləcə də barışıq əldə etməmiş, habelə dəymiş ziyanın qismən də olsa ödənilməsi ilə bağlı cəhd etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs daha ağır cəza verilməklə Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 nömrəli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısının verdiyi apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3 apellyasiya protestinin təmin edilməsini və Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 177.2.3-1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Çünki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, faktiki olaraq cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apellyasiya protestinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə dəlili ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində da məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 48-ci bəndində isə tövsiyə olunmuşdur ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törətmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməlinə görə Bəhruz Mahmudova əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül növ cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış Qax Rayon Məhkəməsi tərəfindən cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Həmçinin, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 2850 manat məbləğində maddi ziyandan bir manat belə ödəniş etməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, habelə dəymiş ziyanın qismən də olsa ödənilməsi ilə bağlı cəhd belə etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)- 09/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(024)-09/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 29 mart 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar