Məhkəmə qərarları › İş №1(107)-151/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-151/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-151/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X3, zərərçəkən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 12 fevral 2021-ci il tarixli, 1(039)- 9/2021 nömrəli hökmü ilə xx xxxxxx 1965-ci ildə Laçın rayonu Budaqdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Laçın rayonunun Budaqdərə kəndində qeydiyyatda olmaqla Yevlax rayonunun Hürüuşağı kəndində məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 08 iyul 2020-ci il tarixdə saat 12 radələrində Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində özünə məxsus əkin sahəsinin yuxarı hissəsində, əkin sahəsinin suvarılması üçün su növbəsinin onda olmasına baxmayaraq Zərərçəkmiş şəxs həmin suyu əkin sahəsinə açmasına imkan vermədiyindən sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq istintaqa məlum olmayan məhdud təsir səthinə malik küt alətlə Zərərçəkmiş şəxs baş, sağ qol, sağ ayaq və bel nahiyələrindən bir neçə dəfə qəsdən vurub ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığina az ağır zərər vurmuşdur. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Zərərçəkmiş şəxs apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və ya Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətləri mövcud olduğuna görə cinayət işinə baxılmasına xitam verilərək təqsirləndirilən şəxsə və onunla birlikdə onu döyən Fəzail Abışov, Zaur Abışov və Təqsirləndirilən şəxs bacısı oğlu Elgün adlı şəxsə qarşı yeni ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etimişdir. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməsinə, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Laçın rayonundan məcburi köçkün kimi Yevlax rayonu Hürüuşağı kəndi ərazisində məskunlaşmışdır. Kənd təsərrüfatı ilə məşğuldur, xırda və iribuynuzlu heyvan saxlayır. Bu məqsədlə ayrı-ayrı şəxslərdən təxminən 10 hektar torpaq sahəsini icarəyə götürmüş, torpaq sahəsinin iki hektarına yonca bitkisi əkmişdir. Həmin torpaq sahəsini o, X12 arx vasitəsi ilə ayrılmış su ilə suvarır. Torpaq sahələrinin suvarılması Yevlax rayon Suvarma Sistemləri İdarəsində su nizamlayıcısı işləmiş Şahid1 tərəfindən tərtib edilmiş şifahi qrafikə uyğun növbəlilik əsasında həyata keçirilmişdir. 06 iyul 2020-ci il tarixdə su növbəsi onun olmuşdur. Həmin gün saat təxminən 09:00-da suyu açmaq üçün torpaq sahəsinə getmişdir. Bu zaman Zərərçəkmiş şəxs torpaq sahəsini suvardığını görmüşdür. Talehə bildirmişdir ki, su növbəsi ona çatmışdır və o, öz sahəsini suvarmalıdır. Taleh torpaq sahəsini tam suvarmadığını və yalnız növbəti gün suyu ona verəcəyini bildirmişdir. Növbəti gün, 07 iyul 2020-ci il tarixdə saat təxminən 09:00-da istifadə etdiyi telefonla Talehə zəng etmiş və bildirmişdir ki, suyu kəsmək üçün gəlmək istəyir. Taleh yenə bildirmişdir ki, hələ də torpaq sahəsini suvarıb qurtarmamışdır və saat 21:00-dək su torpaq sahəsinə axmalıdır. Buna etiraz etməmiş və Talehə həmin vaxta qədər gözləyəcəyini söyləmişdir. Bundan sonra o, telefonu ilə nizamlayıcı Ramizə zəng edərək ona bildirmişdir ki, su hələ Talehin torpaq sahəsinə axır, suyu 08 iyul 2020-ci il tarixdə saat 09:00-da öz sahəsinə açacaqdır. Ramiz də özündə qeydiyyat aparmışdır. 08 iyul 2020-ci il tarixdə yenə də saat təxminən 09:00-da atla torpaq sahəsinə getmiş və suyu yonca sahəsinə açmışdır. Bundan sonra o, örüş sahəsində otlamış heyvanlarının yanına getmişdir. Saat təxminən 10:30-da yenidən yonca sahəsinə qayıtmışdır. Həmin vaxt o, suyun Talehin sahəsi istiqamətində açıldığını, suyun onun yonca sahəsinə getmədiyini görüb suyu yenidən özünə məxsus yonca sahəsinə açmışdır. Ramizə zəng edərək suyunun kəsildiyini, suyun yəqin ki, Taleh və ya ailə üzvlərinin kəsdiyini demişdir. Ramiz Talehə zəng edəcəyini və suyu kəsməməsini tapşıracağını demişdir. Bundan təxminən 30 dəqiqə sonra Talehin qardaşı Şahid2 sürdüyü velosipedlə onun yanına gəlmişdir. Saleh ona söyləmişdir ki, “səni qoymayacam su sulamağa, növbəli-növbəsiz, bizim başqa sahələrimiz də var” demişdir. Buna etiraz edib suyu kəsməməyi ondan tələb etmişdir. Bundan sonra Taleh ona zəng edərək “bizi ora gətirmə, gəlsək sənin üçün pis olacaq, suyun qarşısından çıx, qoy Saleh suyu aparsın” demişdir. Talehə etiraz edərək su növbəsinin onda olduğunu demişdir. Taleh bildirmişdir ki, sahəyə gələcəkdir. Bu zaman qardaşı Fəzail ona zəng edib niyə evə gəlmədiyini soruşmuş və o, Fəzailə bildirmişdir ki, Saleh və qohumları suyu kəsmək istəyirlər, bu səbəbdən də suyun yanında dayandığını demişdir. Təxminən 15-20 dəqiqə sonra Fəzail avtomobillə onun yanına gəlmişdir. Fəzaillə birlikdə oğlu Zaur və bacısı oğlu Elgün də gəlmişdir. Fəzail Salehə “xahiş edirəm gəl gedək, imkan ver Hacı yoncanı sulasın” demişdir. Saleh getməyəcəyini, qardaşının da gələcəyini, suyu kəsəcəklərini demişdir. Saleh bir neçə dəqiqə gözləmiş, lakin, Taleh gəlməmişdir. Öz atını qardaşı Fəzailə vermiş, özü isə avtomobili idarə edərək Zaur və Elgünlə birlikdə yaşadığı ferma istiqamətində yola düşmüşdür. Yolla gedərkən Taleh və Nurlanın sürdükləri velosipedlə su ayrıcı istiqamətində getdiklərini görmüşdür. Avtomobili saxlamışdır, bu zaman Taleh ona söyüş söymüş və “gedirəm suyu açmağa, gəl görüm necə qoymursan” demişdir. Bu səbbədən o da geri qayıtmışdır. Taleh velosipedini tez sürüb ona məxsus torpaq sahəsinin yuxarı tərəfində yerləşən su ayrıcı borusuna çatmışdır. Bir neçə saniyə sonra o da avtomobillə həmin yerə çatmış, avtomobilini dayandırıb aşağı enmişdir. Talehin suyu öz sahəsi istiqamətində açdığını gördükdə Talehə etiraz edib yonca suvardığını, suyunu kəsməməsini tələb etmişdir. Həmin vaxt Taleh yumruqla onun burnundan bir dəfə vurmuşdur. Onun burnu əzilmiş və qan axmışdır. Taleh yenidən üstünə gələrək onu geriyə itələmiş, o, əlləri ilə Talehi tutmuş və əlbəyaxa olub süpürləşmişlər. Həmin vaxt o və Taleh müvazinətlərini itirib su borusunun üstünə yıxılmışlar. Talehin başı dəmir su borusuna dəymiş və xəsarət almışdır. Bundan sonra hər ikisi ayağa qalxmışlar. Taleh təpiklə onun qolundan və sinəsindən iki dəfə vurmuşdur. Nurlan və X9 avtomobilinə mindirmiş, Güloğlan avtomobilini idarə edib Talehi aparmışdır. Nurlan və Saleh isə velosipedlərinə minib oradan getmişlər. O, avtomobilinə əyləşib Zaur və Elgünlə birlikdə yaşadığı evə getmişdir. Talehi qəsdən vurmadığını, özünü müdafiə edən zaman birlikdə yıxıldıqlarını və bu zaman Talehin xəsarət aldığını bildirmişdir. Onlar mübahisə edən zaman qardaşı Fəzail Abışov, Zaur Abışov və bacısı oğlu Elgün Talehə hər hansı xəsarət yetirməmişlər. Əməlindən peşman olduğunu, dəfələrlə Talehə müraciət edərək barışmaq istədiyini, lakin Talehin qəti olaraq onunla barışmaqdan imtina etdiyini bildirmişdir. Himayəsində yetkinlik yaşına çatmayan övladlarının olduğunu qeyd edərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ifаdəsində göstərmişdir ki, yaşadığı kəndin ərazisində onun valideyinlərinə məxsus torpaq sahəsinin bir hissəsinə yonca bitkisi əkmişlər. Həmin torpaq sahəsini X12 çəkilmiş axar su vasitəsi ilə suvarılır. Torpaq sahəsinin suvarılması üçün müddət müəyyən edilməmişdir. Su növbəsi ilə suyu torpaq sahəsinə açmış şəxs torpaq sahəsini tam suvarıb qurtardıqdan sonra suyu digər növbədə olan şəxs öz sahəsinə açır. 07 iyul 2020-ci il tarixdə onun növbəsi olan zaman səhər saatlarında X14 suyun səviyyəsi düşdüyü üçün arx vasitəsi ilə gəlmiş su azalmışdır. Bu səbəbdən də həmin gün torpaq sahəsini suvarıb qurtara bilməmişdir. Həmçinin, əmisi oğlu Samir telefonla zəng edərək Təqsirləndirilən şəxs onun torpaq sahəsinə axmış suyu kəsdiyini demişdir. Telefonla Hacıya zəng edərək torpaq sahəsini suvarıb qurtarmadığını, suyu kəsməməyi, torpaq sahəsini suvarıb qurtardıqdan sonra məlumat verəcəyini demişdir. Hacı onunla razılaşmışdır. Bundan sonra o, Hacıya məxsus torpaq sahəsinin yuxarı tərəfinə gedərək suyu yenidən açmışdır. Bir neçə saat sonra otlaq sahəsinə axmış suyun yenidən quruduğunu görmüşdür. Suyu Hacının bacısı oğlu Elgünün kəsdiyini öyrənmişdir. Elgünlə görüşüb su növbəsinin onda olduğunu, sonra növbənin Hacıda olduğunu, onu gözləməyi tələb etmişdir. Bu barədə telefonla Hacıya da məlumat vermişdir. 07 iyul 2020-ci il tarixdə axşam saatlarında torpaq sahəsinə axmış su yenidən kəsilmişdir. Su paylayıcısı olan Ramizə zəng edərək bu barədə məlumat vermiş, Ramiz suyun kanaldan azaldığını, suyu artıracağını bildirmişdir. Gecə saatlarında su artsa da, torpaq sahəsini tam suvarıb qurtara bilməmişdir. 08 iyul 2020-ci il tarixdə saat təxminən 08:00-da qardaşı Salehi torpaq sahəsinin suvarılma vəziyyətini yoxlamaq üçün oraya göndərmişdir. Saat təxminən 11:15də Saleh ona zəng edərək Hacının suyu kəsdiyini və Hacının suyu onlara vermədiyini demişdir. Bundan sonra o, istifadə etdiyi telefonla Hacıya zəng edərək su azaldığı üçün torpaq sahəsinin tam suvarılmadığını, axşam saatlarınadək onu gözləməsini xahiş etmişdir. Hacı etiraz edərək suyu verməyəcəyini söyləmişdir. Bu səbəbdən gedib Hacı ilə söhbət edib məsələni həll etmək məqsədi ilə Hacıya məxsus torpaq sahəsinin yuxarı hissəsinə getmişdir. Orada suyun Hacıya məxsus torpaq sahəsi istiqamətində axdığını görmüş, borunun qarşısına qoyulmuş dəmiri suyun qabağından götürmüşdür. Həmin vaxt Hacı idarə etdiyi avtomobillə onun yanına gəlmişdir. Hacı avtomobildən düşərkən əlinə lapatka götürmüşdür. Hacı ilə birlikdə onun qardaşı Fəzail və bacısı oğlu Elgün də gəlmişdir. Bu zaman Fəzailin oğlu Zaur da oraya gəlmişdir. Hacı ona çatarkən heç bir söz demədən lapatka ilə onun başından bir dəfə vurmuşdur. Onun baş nahiyəsi kəsilmiş və qan axmağa başlamışdır, eyni zamanda o, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra da Hacı əlindəki bellə, Fəzail, Zaur və Elgün isə əllərində olan ağac parçaları ilə onu vurmağa başlamışlar. Onlar onu döyə-döyə sahənin ortasına aparmışlar. Həmin zaman huşunu itirmiş və bir neçə dəqiqədən sonra özünə gəlmişdir. Bu zaman həmin şəxslərin artıq kənarda dayandıqlarını görmüşdür. İlk olaraq əmisi oğlu Nurlan, bir neçə dəqiqədən sonra isə qardaşı Saleh Güloğlanın avtomobili ilə onun yanına gəlmişdir. Saleh və Nurlan Güloğlanın idarə etdiyi avtomobillə onu yaşadığı evə aparmış, oradan isə X18 avtomobili ilə xəstəxanaya çatdırılmışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs və digərlərinin əməllərinə düzgün hüquqi qiymət verməmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs ciddi cəzanın təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 08 iyul 2020-ci il tarixdə səhər saatlarında Taleh bildirmişdir ki, Mingəçevir şəhərinə gedəcək və ondan xahiş etmişdir ki, sahəyə gedib yonca əkdikləri torpaq sahəsinə suyun axıb-axmadığını yoxlasın. Saat təxminən 11:00-da velosipedlə həmin torpaq sahəsinə getmiş və yonca sahəsinin az bir hissəsinin suvarılmadığını, sahəyə axan suyun kəsildiyini görmüşdür. Arxın üstü ilə su ayrıcı yerə getdikdə Hacının orada olduğunu, suyu Hacının kəsdiyini, su ilə öz yonca sahəsini suvardığını görmüşdür. Hacıya bildirmişdir ki, sahələri tam suvarılmayıb, saat 17:00 qədər imkan yaratsın suvarmanı bitirsin. Hacı buna etiraz etdikdə ona suyu açıb aparacağını bildirmişdir. Hacı qardaşı Fəzailə zəng etmiş, təxminən 5-10 dəqiqə sonra Fəzail Hacıya məxsus avtomobillə oğlu Zaur və bacısı oğlu Elgünlə birlikdə onun yanına gəlmişlər. Talehə zəng edərək Hacının suyu kəsdiyini, yonca sahəsinin bir hissəsinin susuz qaldığını, Hacının suyu ona vermədiyini, qardaşı və digər qohumlarının gəldiklərini söyləmişdir. Taleh Mingəçevir şəhərində olduğunu və gələcəyini bildirmişdir. Velosipedinə minərək oradan çıxıb getmişdir. Yaşadığı kənd istiqamətində hərəkətdə olarkən qardaşı Taleh və əmisi oğlu Nurlanla qarşılaşmışdır. Taleh velosipedini sürərək Hacının yanına getmişdir. Talehin arxasınca isə Nurlan velosipedini sürərək getmişdir. Bu zaman Güloğlanın avtomobillə keçdiyini görüb onun avtomobilinə əyləşmiş, yenidən torpaq sahəsinə qayıtmışlar. Bir neçə dəqiqə sonra o, Talehin yanına çatmışdır. O, Talehin başından xəsarət aldığını və həmin nahiyəsindən qan axdığını görmüşdür. Bu zaman Talehin yanında Nurlan dayamış, Hacı, Fəzail, Zaur və Elgün isə kənarda dayanmışlar. Nurlanla birlikdə Talehi evə aparmışlar. Oradan isə Talehi xəstəxanaya aparmışlar. Taleh sonradan ona bildirmişdir ki, hadisə zamanı Hacı onu əlindəki bellə başından, Fəzail, Zaur və Elgün isə əllərində olan ağac parçaları ilə ayaqlarından və qollarından vurub xəsarət yetirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xəstə olduğundan özünə məxsus torpaq sahəsində əkin işlərinə nəzarəti oğlu Talehə tapşırmışdır. 07 iyul 2020-ci il tarixdə Taleh ona bildirmişdir ki, 08 iyul 2020-ci il tarixdə saat 17:00-da yonca sahəsini tam suvarıb qurtaracaq. 08 iyul 2020-ci il tarixdə səhər saatlarında Taleh Mingəçevir şəhərinə getmişdir. Həmin vaxt oğlu Saleh yonca sahəsinə gedərək suvarmağı davam etmişdir. Saat təxminən 13:00-da Mingəçevir şəhərində olan zaman ailə üzvlərindən biri ona zəng edərək torpaq sahəsində Hacının bellə Talehin başından vurub xəsarət yetirdiyini söyləmişdir. Həmkəndlisinin idarə etdiyi avtomobillə Mingəçevir şəhərindən yaşadığı evə qayıtmış və Talehin başından xəsarət aldığını görmüşdür. Taleh bildirmişdir ki, Hacı bellə onun başından vurmuş, Fəzail, Zaur və Elgün isə ağac parçaları ilə onu müxtəlif nahiyələrindən vurmuşlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 08 iyul 2020-ci il tarixdə, təxminən saat 12:00-da əmisinə məxsus torpaq sahəsinin suvarılmasında əmisi oğlu Talehə kömək etmək məqsədi ilə yaşadığı evdən özünə məxsus velosipedlə çıxaraq həmin torpaq sahəsinə yollanmışdır. Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin yanına çatdıqda Talehi orada görmüşdür, Talehin başından və üzündən qan axırdı. Həmin zaman Hacı, onun qardaşı Fəzail, qardaşı oğlu Zaur və bacısı oğlu Elgün də orada idi. Onları gördükdə onlar aralaşıb hadisə yerindən uzaqlaşmışdılar. Belə anlamışdır ki, onlar dördü də Talehi döymüşlər. Taleh ondan xahiş etmişdir ki, onu tez evə aparsınlar. Güloğlana məxsus avtomobillə onu evlərinə aparmışlar. Sonradan Taleh ona bildirmişdir ki, Hacı, Fəzail, Zaur və Elgün onu döymüşlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailələri ilə kənddə qonşudurlar. 08 iyul 2020ci il tarixdə özünə məxsus torpaq sahəsində saxladığı iri buynuzlu heyvanlara baş çəkmək üçün Hacının qardaşı oğlu Zaur və bacısı oğlu Elgünlə VAZ-21015 markalı avtomobili ilə sahəyə yollanmışdır. Oraya çatdıqda Hacı ilə Şahid2 mübahisə etdiyini görmüş, avtomobili saxlayaraq onlara yaxınlaşmışdır. Onların su ilə bağlı mübahisə etdiyini görmüş və sakitləşdirməyə çalışmışdır. Bundan sonra Saleh Talehə və əmisi oğlu Nurlana zəng edərək torpaq sahəsinə çağırmışdır. Bir müddət sonra Saleh oradan çıxıb getmişdir. Evə qayıtmaq məqsədi ilə avtomobilə əyləşib oradan çıxıb getmişdir. Yolla gedərkən Taleh və Nurlanın velosipedlə torpaq sahəsi istiqamətində getdiklərini görmüşdür. Mübahisənin olacağını düşünüb torpaq sahəsinə qayıtmaq qərarına gəlmişdir. Geri dönmüş Salehə çatdıqda avtomobili saxlamış, Saleh onun avtomobilinə əyləşmiş və onlar birlikdə torpaq sahəsinə getmişlər. Nurlan isə velosipedlə oraya getmişdir. Torpaq sahəsinə çatanda Talehin və Hacının yerdə yıxılmış vəziyyətdə olduqlarını görmüşdür. Orada ikisindən başqa heç kim olmamışdır. Hacının əlində bel görməmişdir. Talehin başından, Hacının isə burnundan qan axdığını görmüşdür. Onlar aralaşandan sonra Talehə tibbi yardım göstərilməsi üçün onu avtomobilinə əyləşdirib evlərinə aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 08 iyul 2020-ci il tarixdə təxmini saat 12:00-da Hacı öz torpaq sahəsini suvarmağa getmişdir. Kənardan Hacının qonşuları Salehlə mübahisə etdiyini görmüş və onlara yaxınlaşmışdır. Sonradan həmkəndliləri Güloğlan da oraya gəlmişdir. Onlar Salehi sakitləşdirdikdən sonra Saleh oradan çıxıb getmişdir. Sonradan Hacı ilə Talehin torpaq sahəsində dalaşdığını eşidib və dərhal oraya getmişdir. Hadisə yerinə çatanda Talehin qan içində olduğunu görmüşdür, Hacının üstü palçıqlı idi. Hacı ilə Taleh mübahisə edən zaman orada olmamış, Talehə hər hansı xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, 08 iyul 2020-ci il tarixdə, saat təxminən 12:00-da iri buynuzlu heyvalara su vermək üçün Güloğlanın avtomobili ilə torpaq sahəsinə getmişlər. Orada dayısı Hacının qonşuları Salehlə mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar. Saleh oradan çıxıb getdikdən sonra həmin avtomobilə əyləşib evlərinə qayıdarkən yolda Talehin, daha sonra Nurlanın torpaq istiqamətində velosipedlə getdiklərini görmüşlər. Bunu gördükdə Güloğlan avtomobili döndərib yenidən sahəyə qayıtmışdır. Hadisə yerinə çatdıqda Hacının və Talehin yerə yıxılmış vəziyyətdə olduqlarını, Hacının üst-başının palçıq olduğunu, Talehin başından isə qan axdığını görmüşlər. Talehlə Hacının dalaşdığını görməmiş, Talehə hər hansı bir xəsarət yetirməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08 iyul 2020-ci il tarixli 397 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sağ təpə qabarının iri ölçülü əzilmiş yarası, alın sümüyünün xarici səhvəsinin sınığı (çatı), sağ bazunun, bel tərəf nahiyəsinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ said nahiyəsinin sıyrıqları, sağ baldırın aşağı 1/3-nin yan səthinin şişkinliyi, - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 08.07.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alın sümüyünün xarici səhvəsinin sınığı (çatı) ilə müşayiət olunan sağ təpə qabarının iri ölçülü əzilmiş yarası səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (səh. 64-65). İş materiallarında olan müstəntiq X1 vəsatətə baxılması haqqında 10 oktyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, zərərçəkmiş şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1, 221.2.1 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edib həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edərək istintaqın aparılması, eyni zamanda Fəzail Abışov, Zaur Abışov və Təqsirləndirilən şəxs bacısı oğlu Elgün adlı şəxs barələrində də Cinayət Məcəlləsinin 221.1, 221.2.1 və 221.3cü maddələri ilə ittiham elan edilərək cinayət məsuliyyətinə cəlb edilmələri barədə vəsatətinə hüquqi qiymət verilərək rədd edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, barışıq əldə etməyə cəhd etməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və ya Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətləri mövcud olduğuna görə cinayət işinə baxılmasına xitam verilərək təqsirləndirilən şəxsə və onunla birlikdə onu döyən Fəzail Abışov, Zaur Abışov və Təqsirləndirilən şəxs bacısı oğlu Elgün adlı şəxsə qarşı yeni ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etimişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirməyə imkan verən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, apellyasiya mərhələsində cinayət işinin CM-in 318.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması mümkün deyil. Təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vəsatət zərərçəkmiş şəxs tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı verilə bilərdi. Bundan başqa, CPM-in 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı ağırlaşdıra bilməz. Eləcə də, məhkəmə konkret təqsirləndirilən şəxslə bağlı olan cinayət işi üzrə digər şəxsləri cinayət məsuliyyətinə cəlb edə bilməz. Başqa şəxslərin cinayətdə iştirakını ehtimal etməyə əsas verən sübutlar olduqda məhkəmə bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verə bilər. Digər tərəfdən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətindədir. Həmçinin işdən görünür ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, lakin Zərərçəkmiş şəxs barışığı qəbul etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxsin barışığı qəbul etməməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırmağa əsas vermir. Məhkəmə kollegiyası şərh olunanları və Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ailə başçısı olmaqla himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə zərurət görmür və bu baxımdan apellyasiya şikayətinin dəlillərini qəbulolunmaz hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsdə təqsirləndirilən şəxsə qarşı yaranmış qərəzli münasibətin, ədavət və qisas hissinin təzahürü kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. İstinad edilən hüquqi mövqelərin mahiyyəti kontekstində məhkəmə kollegiyası qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi vurulmuş zərərin ödənilməsi mümkünlüyünü və məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası onun şəxsiyyətinə, əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə işin hallarına və cəzanın məqsədlərinə tamamilə uyğundur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesаb edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(039)-9/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar