Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-155/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işəаçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim E.Z.Hümbətov) xx xxxx 2020-ci il tarixli, 1(016)- 30/2020 nömrəli hökmü ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməyən, Ağsu şəhəri D.Qorqud küçəsi, ev 13-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmuş və çəkilməmiş qalan 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü 1 gün azaqlıqdan məhrum etmə cəzasına hesablanmaqla CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 8 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin tutulduğu xx xxxxx 2020ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsində əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməsi, həmçinin ərazi narkoloji-dispanser qeydiyyatına götürülməsi, Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – 37,823 qram tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İşin halları: Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, üzərində narkotik vasitə saxlamasında şübhələnildiyi üçün xx xxxxx 2020-ci il tarixdə saat 16:30-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilərək, orada saat 17:00-da üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdanndan artıq miqdarda əldə edib daşımaqla saxladığı 4,733 qram, həmin gün saat 17:50-də onun idarə etdiyi VAZ-2106 markalı, Az **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman isə həmin avtomobilin qabaq sol oturacağının altından üzərində müxtəlif rəngli dairəvi formada şəkillər olan sellofan bağlamanın içərisində daşımaqla saxladığı 33,190 qram, ümumilikdə təmiz çəkisi isə 37,923 qram narkotik vasitə olan maddə - xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, eləcə də verilmiş apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, o, 4-5 ay olar ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. Tutulmamışdan bir ay qabaq Bakı şəhərinə getmiş, NZS qəsəbəsində “UPD” adlanan ərazidə gəzərkən yerdə bir ədəd sellofan büküm olduğunu görüb onu götürmüş, həmin sellofan bükümə baxanda içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. Həmin narkotik vasitə olan tiryəki ağrıları olanda istifadə etməsi üçün cibinə qoymuşdur. Həmin vaxtdan narkotik vasitəni özündə saxlayır və üzərində gəzdirirmiş. xx.xx.2020-ci il tarixdə narkotik vasitə cibində olarkən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində öz idarə etdiyi VAZ-2106 markalı, Az **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedən zaman bir nəfər mülki geyimli və iki nəfər polis geyimində olan şəxslər avtomobili saxlamasını işarə etdikdən sonra ona yaxınlaşaraq və özlərini təqdim edərək Ağsu RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında şübhəli olduğu üçün onlarla birlikdə Ağsu RPŞ-nə getməyini təklif etdikdə o, polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə RPŞ-nə gəlmişdir. Daha sonra polis əməkdaşları oraya vəkil dəvət etmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları dəvət olunmuş vəkilin iştirakı ilə və video çəkilişlə üzərində qanunsuz əşya olub-olmamasını soruşmuş və o da üzərində narkotik vasitə tiryək olmasını etiraf etmişdir. Sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitə olan tiryəki çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib olunaraq, bütün iştirakçılara oxunmuş və o da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ondan üzərində başqa narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya, maddə və ya kütlənin olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına idarə etdiyi özünə məxsus avtomobilində də narkotik vasitə olan tiryəkin olmasını bildirmişdir. Bundan sonra o, vəkilin iştirakı ilə və video çəkilişlə avtomobilində olan narkotik vasitənin qalan hissəsini də avtomobilinin qabaq sol oturacağının altından götürərək polis əməkdaşlarına təqdim etmişdir. O həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, arabir özünün istifadə etdiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini və yaxud satmadığını bildirmişdir. Məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifаdəsində göstərmişdir ki, o, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirir ki, ona məlumat daxil olmuşdur ki, Ağsu şəhəri D.Qorqud küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması ilə məşğul olur. Onun tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 16:30-da o, RPŞ-nin PPX tağımının manqa komandirləri Anar Həmidov və Kamal Babayevlə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində olan zaman Təqsirləndirilən şəxs həmin küçədə köhnə bazarın yaxınlığında idarə etdiyi VAZ-2106 markalı, Az **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olması tərəflərindən müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs avtomobili saxlamasını işarə etmişlər. Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra ona yaxınlaşıb üzərində narkotik vasitə olan tiryək saxlamasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı barədə qərar qəbul olunduğunu və onlarla birlikdə Ağsu RPŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağına və onlarla birlikdə Ağsu RPŞ-nə getməyinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və oraya vəkil dəvət edilmişdir. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə varsa, özü könüllü təqdim etsin. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, hazırda onun üzərində 1 (bir) ədəd sellofana bükülmüş halda narkotik vasitə olan tiryək vardır və özü həmin tiryəki təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan tiryəkə oxşar maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə olan tiryəkdir, tutulmamışdan bir ay qabaq Bakı şəhərinə gedən zaman NZS qəsəbəsində “UPD” adlanan ərazidə gəzərkən yerdə bir ədəd sellofan büküm olduğunu görüb onu götürmüş, açıb baxdıqda içərisində narkotik vasitə olan tiryək olmasını görmüş, özü narkotik vasitə istifadə etdiyi üçün ağrıları olan zaman qəbul etmək məqsədilə üzərində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofana bükülmüş narkotik vasitə olan tiryəkə oxşar maddə tərəflərindən götürülərək vəkilin iştirakı ilə açılıb içərisinə baxılmış və orada narkotik vasitə olan tiryəkə oxşar maddənin olması müəyyən edilmişdir. Həmin tiryəkə oxşar maddə tərəzidə çəkilmiş və bükülünün çəkisi 4,9 qram olmuşdur. Bundan sonra həmin bükülü yenidən bükülərək qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq, iştirakçılara ucadan oxunmuş və baxışda iştirak edən şəxslər heç bir etirazları olmadığı üçün tərtib olunmuş protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi VAZ-2106 markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının altında narkotik vasitə olan tiryək vardır. Bu səbəbdən müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə qabaq sol oturacağın altından üzərində müxtəlif rəngli dairəvi formada şəkillər olan sellofan torbanı çıxartmışdır. Həmin torba açıldıqda müəyyən olunmuşdur ki, torbanın içərisində narkotik vasitə olan tiryəkə bənzər maddə vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan tiryəkdir və üzərindən aşkar edilərək götürülmüş tiryəkin bir hissəsidir. Sellofan torbanın içərisində olan kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 36,7 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkə bənzər maddə qablaşdırılaraq RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılara ucadan oxunmuşdur. Heç bir vəsatət və etiraz daxil olmadığı üçün tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 və X8 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan vəkilin və təqsirləndirilən şəxsin iştirakı ilə Azərbaycan Respublikası CPM-in 86-cı maddəsinin tələblərinə müvafiq olaraq xx xxxxx 2020-ci ildə tərtib olunmuş protokoldan görünür ki, vəkilin iştirakı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə baxış keçirilmiş və əyninə geydiyi göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü, deməsinə görə narkotik vasitə olan tiryəki cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni təxminən 1 ay qabaq Bakı şəhəri NZS qəsəbəsində UPD adlanan ərazidə yerdən tapdığını, arabir ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Sonra təqsirləndirilən şəxsin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə protokol tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan vəkilin və təqsirləndirilən şəxsin iştirakı ilə Azərbaycan Respublikası CPM-in 86-cı maddəsinin tələblərinə müvafiq olaraq xx xxxxx 2020-ci ildə tərtib olunmuş protokoldan görünür ki, vəkilin iştirakı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, Az **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş və həmin avtomobilin qabaq sol oturacağının altından üzərində müxtəlif rəngli dairəvi formada şəkillər olan sellofan torbadakı, deməsinə görə, narkotik vasitə olan tiryəki çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sonra təqsirləndirilən şəxsin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə protokol tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin Şəki Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbada ümumi təmiz çəkisi 33,190 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,733 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfdə olan tiryəklər tərkiblərinə görə eynidir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, tiryəkin ümumi təmiz çəkisi 37,923 qr, tədqiqata sərf edildi - 0,100 qr, qalıq - 37,823 qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin (məhkəmə-narkoloji ekspertizasının) xx xxx 2020-ci il tarixli, 33 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Dadaşov X6 Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 153807/2019-49-6 nömrəli arayışından görünür ki, məhkum Dadaşov X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(041)-82/2019 nömrəli hökmü ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm Ağsu rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və məhkum barəsində 153807/2019 saylı şəxsi iş açılmışdır. Məhkum Təqsirləndirilən şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” məlumat vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq bu müddət ərzində cəzasını icra etməmiş və barəsində olan hökmün icrasından yayınmışdır. Ona görə də, ona elektron nəzarət vasitələrinin tətbiq edilməsi mümkün olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Yuxarıda şərh edilənlərlə sübut olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 16:30-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada saat 17:00-da üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxladığı 4,733 qram, həmin gün saat 17:50-də onun idarə etdiyi VAZ-2106 markalı, Az **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman isə həmin avtomobilin qabaq sol oturacağının altından üzərində müxtəlif rəngli dairəvi formada şəkillər olan sellofan torbanın içərisində daşımaqla saxladığı 33,190 qram, ümumilikdə təmiz çəkisi isə 37,923 qram narkotik vasitə olan maddə - xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-in 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apelyаsiyа şikаyətindən göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilərək təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını оnun məsuliyyətini yüngülləşdirən hаllar kimi qiymətləndirmişdir. İşdə Təqsirləndirilən şəxs оğlunun cəzаsını аğırlаşdırаn hаl müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxsnisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs üzərində məhkumluğu və çəkilməmiş cəzası olduğu halda bundan lazımi nəticə çıxarmayaraq müəyyən müddət keçəndən sonra yeni cinayət törətmişdir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Apelyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən hər hansı yeni hal müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-30/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-155/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-155/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver