Məhkəmə qərarları › İş №1(107)-164/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-164/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-164/2021 23.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X13 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmü ilə xx xxxxxx 1989-cu ildə Qəbələ rayonunun Böyük Əmili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Qəbələ rayonunun Böyük Əmili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 09 iyul 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixədək olan 02 (iki) gün müddət onun cəzasına hesablanmaqla çıxılmış və Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02 fevral 2021-ci il tarixdən hesablanması, əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbs edilməsi və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 09 iyul 2020-ci il tarixdə saat 17:20 radələrində Zarağan-Ağdaş magistral yolunun Hacallı kəndinin mərkəzindən keçən hissəsində maksimum sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus etibarnamə ilə idarə etdiyi VAZ 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu istiqamətindən Qəbələ şəhəri istiqamətinə yolun sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinə əsasən ötmə və qarşılıqlı keçmə əməliyyatı aparılması üçün piyada keçidlərində piyadaların olduqlarını nəzərə almalı, həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, eləcə də həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları ilə yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyulmasına (3.24 – “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) nəzarət etməli olduğu halda, sürücünün hərəkət və hərəkətsizliyi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmaqla texniki imkanları olmasına baxmayaraq, göstərilən qanun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yüksək sürətlə idarə etdiyi avtomobilin sağ ön yan hissəsi ilə Hacallı dairəsinin yaxınlığında piyada keçidinin üstündə yolun sağından soluna tərəf keçən Qəbələ rayonunun Bayramkoxa kənd sakini, 1973-cü il təvəllüdlü X9 vurmaqla yolnəqliyyat hadisəsi törədərək Eyyub Rəsulovun hadisə yerində ölməsinə, daha sonra idarəetməni itirərək avtomobilinin arxa hissəsi ilə yolun sağ ehtiyat hissəsində dayanmış və hərəkətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ tərəfindən dəyərək Zərərçəkmiş şəxs1 məxsus avtomobilə 215 (iki yüz on beş) manat, idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus VAZ 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 800 (səkkiz yüz) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətində ailəsinin başsız və maddi təminatsız qalmasını, həyat yoldaşının 3 azyaşlı uşağa baxması və ən kiçik uşaqlarında ürək xəstəliyinin olması səbəbindən işləməsinin mümkün olmamasını nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünün qismən ləğv edilməsini, onun azadlıqdan məhrum edilməsinə dair cəzasının 5 il müddətinə endirilməsi və həmin cəzanı CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya prostesti verilməmiş, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 həmin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)- 45/2021 nömrəli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək çıxışında göstərdi ki, 09.07.2020-ci il tarixdə sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi VAZ 21093 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zarağan-Ağdaş magistral yolu ilə Hacallı kəndinin mərkəzinə doğru üzü Qəbələ şəhəri istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olarkən həmin vaxt qarşısında dövlət qeydiyyat nişanı yadında qalmayan yük avtomobili hərəkətdə olmuş, ötmə əməliyyatı etmək üçün sol xəbərdaredici işığı yandırıb, sol tərəfdən önündə gedən yük avtomobilini ötüb keçməklə avtomobilini 90 km/saat sürəti ilə idarə etməyə başlamış, Hacallı dairəsinə yaxınlaşarkən qarşısında hərəkətdə olan tanışı Nadir Abışovun idarə etdiyi VAZ 2109 markalı avtomobili ötmək üçün yolun soluna tərəf çıxıb avtomobili 3-cü sürət qutusundan 4-cü sürət qutusuna keçirdərək həmin yüksək sürətlə hərəkətinə davam edərək ötmə əməliyyatı etmiş, Nadirin idarə etdiyi avtomobili ötüb keçərkən yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olan Eyyub Rəsulovu idarə etdiyi avtomobilin ön sağ yan tərəfi ilə vurmuş, piyada Eyyub Rəsulov zərbənin təsirindən başıüstə avtomobilin ön şüşəsinə dəyib avtomobilin qarşısına düşmüş, sonra idarəetməni itirdiyindən idarə etdiyi avtomobil sol yanı üstə sürüşərək təxminən 100 (yüz) metr irəliyə hərəkət edərək yolun sağ ehtiyat hissəsində hərəkətsiz vəziyyətdə dayanmış Mahir adlı şəxsə məxsus VAZ 21074 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilə dəyməklə hərəkətsiz vəziyyətdə dayanmışdır. Avtomobilindən düşərək asfalt örtüyün üzərində qalmış piyadanın yanına getdikdə vurmuş olduğu piyada Eyyub Rəsulovun aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü görmüş, hadisədən sonra orada olan Böyük Əmilli kənd sakini Vüqar adlı şəxsin VAZ 2115 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilinə minərək onu Qəbələ Rayon Polis Şöbəsinə aparmasını xahiş etmiş, Polis şöbəsinə gedərək Növbətçi hissəyə yaxınlaşıb az öncə yol-nəqliyyat hadisəsi törətməsi və idarə etdiyi avtomobil ilə bir nəfər şəxsi vuraraq öldürdüyü barədə məlumat vermişdir. Avtomobili yüksək sürətlə idarə etməsinin səbəbi evdən həyat yoldaşının ona telefonla zəng edib ürək xəstəliyi olan uşaqlarının özünü pis hiss etməsi barədə məlumat verməsi və uşağı təcili xəstəxanaya aparmaq üçün tez evə çatmasını bildirməsi olmuşdur. Onu da qeyd etmək istəyir ki, mərhum Eyyub Rəsulovu piyada keçidinin üzərində deyil, keçiddən təxminən 50-60 metr irəlidə vurmuşdur. Piyada keçidinə yaxınlaşanda oradan heç kəs keçmədiyinə görə avtomobilin sürətini azaltmamışdır. Piyada keçidindən bir qədər irəlidə isə qəflətən yola sağ tərəfdən piyada (mərhum Eyyub Rəsulov) çıxmış və o, avtomobili dayandıra bilməmişdir. Törətdiyi hadisəyə görə peşmandır, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncuların ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən qeyd edilənlərin və himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ 2107 markalı **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobili var, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 09.07.2020-ci il tarixdə təxminən saat 16:30 radələrində özünə məxsus VAZ 21074 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonunun Hacallı kəndinin mərkəzinə gələrək avtomobilini Hacallı kəndinin yolayrıcı dairəsindən təxminən 100-150 metr aralıda Qəbələ Beynalxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətinə doğru asfalt yoldan təxminən 10-15 metr aralıda yolun sağ ehtiyat hissəsində saxlayaraq çay içmək məqsədi ilə yolun əks istiqamətində olan Kənan adlı şəxsin çayxanasına getmiş, çayxanada olarkən bayırdan asfalt yol tərəfdən yüksək səs eşidərək səsə çayxanadan bayıra çıxmış, bayıra çıxarkən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2109 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona məxsus VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyməklə hərəkətsiz vəziyyətdə dayandığını, təxminən 60-70 metr aralı məsafədə isə Hacallı dairəsi istiqamətinə doğru piyada keçidinin yaxınlığında kiminsə yerə uzandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Qəbələ Beynəlxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində hərəkətdə olaraq Hacallı kənd dairəsi yaxınlığında piyada yolu keçmək istəyən Eyyub Rəsulovu vurmuş, sonuncu hadisə yerində ölmüş, sonra isə idarə etdiyi avtomobil ilə gələrək hərəkətsiz vəziyyətdə dayanmış ona məxsus avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 215 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsinin iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21093 markalı **-BX- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında ondan almışdır. Həmin avtomobil onun mülkiyyətində olsa da, qeyd edilən avtomobili 13.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 3 000 manata satmış, lakin avtomobil sonuncunun mülkiyyətinə keçirilməmiş, öz adından avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Hazırda həmin avtomobil faktiki olaraq Təqsirləndirilən şəxs sahibliyindədir. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 göstərmişdir ki, 09.07.2020-ci il tarixdə işdən çıxıb evə gedən zaman anası ona zəng vuraraq harada olduğunu soruşmuş, anasına Qəbələ rayonu Soltannuxa kəndi ərazində evlərinə gəldiyini demiş, anasından nə baş verdiyini soruşduqda anası ona atası X20 rayonu Hacallı kəndi ərazisində avtomobil vurduğunu demişdir. Bundan sonra o, dayısı Bəxtiyara zəng vuraraq hadisə barədə ondan maraqlanarkən dayısı ona, həqiqətən də, atası Eyyubu Hacallı kəndi ərazisində avtomobil vurduğunu, onu Qəbələ rayon X1 apardıqlarını, həmin ünvana gəlməsini bildirmişdir. Daha sonra o, xəstəxanaya getdikdə atası Eyyub Rəsulovun öldüyünü öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, atası X21 kəndi ərazisində piyada keçidi ilə piyada yolun sağından soluna keçmək istəyərkən Qəbələ rayonu Böyük Əmili kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21093 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zarağan-Ağdaş magistral yolu ilə Ağdaş şəhəri istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində yüksək sürətlə hərəkət edərək atasını vurmuş, nəticədə atası Eyyub Rəsulov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09.07.2020-ci il tarixdə saat təxminən 17 radələrində idarə etdiyi VAZ 21093 markalı **-OV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ şəhərindən Qəbələ rayonu Böyük Əmili kəndinin Tatlar deyilən yoluna 3 nəfər sərnişin olmaqla bir kişi, bir qadın və bir uşaq düşürdükdən sonra üzü Çarxana kəndi istiqamətinə gəlib Qəbələ Beynəlxalq hava limanının qarşısındakı dairəni dönərək avtomobilinə yanacaq vurmaq üçün dairə yaxınlığındakı “Star petrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobilinə yanacaq doldurmuş, Təqsirləndirilən şəxs ondan əvvəl avtomobilinə yanacaq vurduraraq yanacaqdoldurma məntəqəsindən çıxıb təxminən 10-15 metr irəliyə gedib üzü Qəbələ şəhəri istiqamətində idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. İdarə etdiyi avtomobil ilə yanacaq doldurma məntəqəsindən çıxıb düz yola düzələrək üzü Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobili işə salaraq üzü Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili soldan manevr edib ötüb keçmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini artırmağa başlamış, müəyyən məsafə gedib Ramin idarə etdiyi avtomobilin sürətini azaltmış, yolun boş olduğunu görüb Raminin ona yol verməsi və onu ötüb keçmək üçün avtomobilinin işıqları ilə işarə etmiş, lakin Ramin idarə etdiyi avtomobilin sürətini artıraraq yol nişanlarının tələblərini pozaraq avtomobilini yolun gah soluna, gah da sağına verməklə onun ötüb keçməsinə imkan verməmiş, həmin vaxt arxadan yolun solu ilə qara rəngli, markası və nömrə nişanını bilmədiyi avtomobilin gəldiyini görüb həmin avtomobili buraxmış, həmin avtomobil Raminin avtomobilini keçdikdən sonra idarə etdiyi avtomobilin sürətini artırmaqla Raminin idarə etdiyi avtomobili soldan ötüb keçməklə bir qədər gedib, sonra yolun sağ tərəfinə keçib sürətini azaldaraq hərəkət etməyə başlamış, Hacallı kəndi ərazisindəki dairə yaxınlığındakı piyada keçidini keçib “Ulduz” marketin qarşısına çatanda arxadan səs gəldiyini eşidib avtomobilin güzgüsündən baxdıqda Raminin idarə etdiyi avtomobilin çəpəki vəziyyətdə yolun sağına ehtiyat hissəyə tərəf gəldiyini görmüşdür. Sonra idarə etdiyi avtomobil ilə hərəkət edib Böyük Əmili kəndi ərazisindəki yolayrıcı dairəyə daxil olub oradan yaşadığı Qəbələ rayonunun Dızaxlı kəndinə gələrkən Hacallı kəndi ərazisindəki yolayrıcı dairəyə çatdıqda ətrafa çoxlu sayda adamların toplaşdığını və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə piyada Rəsul Eyyubovu vurduğunu, sonuncunun isə hadisə yerində öldüyünü görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09.07.2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Qəbələ rayonunun Hacallı kəndinin mərkəzində olan zaman Təqsirləndirilən şəxs ilə Şahid1 hər ikisi idarə etdikləri VAZ 2109 markalı avtomobilləri ilə Hacallı kəndinin mərkəzindən keçən asfalt yol ilə üzü Çarxana kəndi istiqamətinə tərəf sürətlə hərəkətdə olmuşlar. Adı çəkilən yer yaşayış məntəqəsindən və iaşə obyektlərindən ibarət olduğu üçün orada sürət həddi 50 km/saat nəzərdə tutulmuşdur. Təxminən 15-20 dəqiqə sonra avtomobillərin uğultu səsindən Təqsirləndirilən şəxs və Şahid1 Qəbələ Beynəlxalq hava limanı istiqamətindən üzü Qəbələ şəhəri istiqamətində yüksək sürətlə yol nişanlarının tələblərini gözləməyərək hərəkət etdiklərini görmüşdür. Hacallı kəndi dairəsinə çatanda Şahid1 Təqsirləndirilən şəxs öndə və Nadir avtomobilini sol hərəkət zolağı ilə, Ramin isə sağ hərəkət zolağı ilə hərəkət etdirmiş, Hacallı kəndi ərazisindəki yolayrıcı dairənin yaxınlığında olan piyada Eyyub Rəsulov həmin vaxt Mamayıllı-Bayramkovxa kəndləri istiqamətinə gedən yoldan yolun sağ istiqamətindən sol istiqamətinə piyada keçidi ilə keçərkən Nadirin idarə etdiyi avtomobil Raminin idarə etdiyi avtomobildən öndə olduğu üçün Nadir soldan keçib getmiş, lakin Təqsirləndirilən şəxs piyada keçidini gördüyü halda heç bir tormozlama vermədən gəldiyi kimi yüksək sürətlə piyada keçidində idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə Eyyub Rəsulovu vurmuş və o, önə atılaraq üzü üstə asfalt örtüyə yerə düşmüş, sonra Raminin idarə etdiyi avtomobil sol istiqamətdə çəpəki vəziyyətdə müəyyən məsafə gedib yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan Mahir adlı şəxsin idarə etdiyi avtomobilə dəyməklə hərəkətsiz vəziyyətdə dayanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Qəbələ Rayon Polis Şöbəsində işləyir. 09.07.2020-ci il tarixdə Polis şöbəsində Növbətçi hissədə növbədə olduğu zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlara yaxınlaşaraq bir az əvvəl yolnəqliyyat hadisəsi törətdiyini və həmin hadisə nəticəsində bir nəfər şəxsin öldüyünü bildirərək özünü polisə təqdim etmək üçün gəldiyini qeyd etmişdir. Bundan sonra müvafiq rəsmiləşdirmələr həyata keçirilmiş və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 09.07.2020-ci il tarixdə saat 18 radələrində Zarağan-Ağdaş magistral yolunun Hacallı kəndinin mərkəzindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüş və hadisə yerinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs ölən şəxsin yanında görmüşdür. Bu zaman Ramin ona müraciət edərək hadisəni özünün törətdiyini və avtomobili ilə onu Polis şöbəsinə aparmasını xahiş etmişdir. Beləliklə, onu öz avtomobili ilə Qəbələ Rayon Polis Şöbəsinə gətirmiş, sonra isə öz işlərinin ardınca getmişdir. İş materiallarında olan “Raport”dan görünür ki, X2 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək 09.07.2020-ci il tarixdə yeznəsi X6 avtomobil vurması nəticəsində vəfat etdiyini bildirmişdir (cild 1, iş vər. 4). İş materiallarında olan “Raport”dan görünür ki, Qəbələ rayon Mərkəzi xəstəxanasının 09.07.2020-ci il tarixli məlumatında Qəbələ rayonunun Bayramkovxa kənd sakini, 1973-cü il təvvəllüdlü X6 həmin tarixdə Qəbələ rayonu Hacallı kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü bildirilmişdir (cild 1, iş vər. 5). İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09.07.2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Qəbələ rayonu Zarağan-Ağdaş magistral yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin başvermə sxemi və fotoşəkillər əlavə olunmuşdur (cild 1, iş vər. 6-17) İş materiallarında olan 20.07.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində bir daha əyani şəkildə göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, sxem tərtib olunmuş, çəkilmiş fotoşəkillərin əksi çıxarılmaqla işə əlavə edilmişdir (cild 1, iş vər. 124-128). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.08.2020-ci il tarixli 04 saylı rəyində mərhum X6 meyitində açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli zədələnməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, qabırğaların sol tərəfdə çoxsaylı sınığı, burun sümüklərinin qəlpəli sınığı, alt çənənin sol şaxəsinin açıq sınığı, başın yumşaq toxumasına qansızma, hər iki göz ətrafına qansızma, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, başın sol təpə nahiyəsinin, alt çənənin sol tərəfinin, sol gözün bayır bucağı nahiyəsinin, sol baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının orta hissəsinin, burunun, üzün sol tərəfinin, döş qəfəsinin ön sol hissəsinin, sağ saidin arxa orta 1/3-nin və sağ əlin üst səthinin sıyrıqları kimi xəsarətləri vardır ki, mərhum X6 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcədə əzilməsi, onun ölümü ilə hadisə vaxtı aldığı ağır bədən xəsarətlərinin birbaşa səbəbli əlaqəsi olduğu, mərhum X6 meyidində aşkar edilən xəsarətlərin 09 iyul 2020-ci il tarixdə piyadanın minik avtomaşını ilə vurulması nəticəsində törənməklə dərəcəsinə görə həmin xəsarətlərin canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olduğu və mərhum X6 meyidindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə-kimyəvi tədqiqatlar nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsiredici maddələrin aşkar edilmədiyi göstərilmişdir (cild 1, iş vər. 211-215). İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 24.08.2020-ci il tarixli 8/1273 N-li rəyində VAZ 21093 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 - “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdutlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 - “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olduğu göstərilmişdir (cild 1, iş vər. 197-201). İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 22 iyul 2020-ci il tarixli 389 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmaqla anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (cild 1, iş vər. 205- 206). İş materiallarında olan “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətmiş olduğu yer yaşayış zonası hesab edilməklə, həmin istiqamətdə maksimum sürət 50 km/saatdır (cild 1, iş vər. 55). İş materiallarında olan “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs adına BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır (cild 1, iş vər. 115). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 21.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21093 markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə və Zərərçəkmiş şəxs1 məxsus VAZ 21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 21.07.2020-ci il tarixdə baxış keçirilmiş, hər iki avtomobilin Təqsirləndirilən şəxs 09.07.2020-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı zədələndiyi müəyyən edilmişdir. Baxış zamanı protokol tərtib olunmuş, fotoşəkilləri çəkilməklə sürətləri çıxarılıb protokola əlavə edilmişdir (cild 1, iş vər. 129-135). İş materiallarında olan 14.07.2020-ci il tarixli “Ziyan aktı”ndan görünür ki, VAZ 2107 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə 215 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur (cild 1, iş vər. 111). İş materiallarında olan 09.10.2020-ci il tarixli “Ziyan aktı”ndan görünür ki, VAZ 2109 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə 800 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur (cild 1, iş vər. 111). İş materiallarında olan 05.07.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda VAZ 21093 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir (cild 1, iş vər. 221). Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən CM-in 263-1.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ailəsinin başsız və maddi təminatsız qalmasını, həyat yoldaşının 3 azyaşlı uşağa baxması və ən kiçik uşaqlarında ürək xəstəliyinin olması səbəbindən işləməsinin mümkün olmamasını nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünün qismən ləğv edilməsini (dəyişdirilməsini), onun azadlıqdan məhrum edilməsinə dair cəzasının 5 il müddətinə endirilməsi və həmin cəzanı CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Böyük Əmili kənd sakinidir, arvadı və üç azyaşlı - 16.08.2012, 15.06.2013 və 19.05.2014-cü il təvəllüdlü uşaqları ilə həmin kənddə yaşayır. Onun barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsin hüquqi varisi və maddi ziyan dəymiş digər zərərçəkmiş şəxslə barışmasını, ona qarşı həmin şəxslərin şikayət və tələbinin olmamasını, polis orqanlarına könüllü gəlib təqsirini boynuna almasını, himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcudluğu, eyni zamanda cəzasını ağırlaşdıran halların olmaması onun barəsində CM-in 60-cı maddəsinin tətbiqinə əsas verir. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə nəzərdə tutulmuş cəzanın yuxarı həddi 8 il müddətə azadlıqdan məhrum etmə olduğu halda ona həmin müddətin dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Belə olduğu halda, Təqsirləndirilən şəxs 5 ildən 6 ilədək müddət hüdudlarında azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi mümkündür. CM-in 56.1, 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün isə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İstinad edilən hüquqi mövqelərin mahiyyəti kontekstində məhkəmə kollegiyası qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi vurulmuş zərərin ödənilməsi mümkünlüyünü və məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. Bundan başqa, qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var və həyat yoldaşı evdar qadındır, ailəni dolandıran tək özüdür. Bundan başqa, işdə olan tibbi sənədlərdən görünür ki, ailənin üzvü olan 15.06.2013-cü il təvəllüdlü Aqşin Məhərrəmov xəstə uşaqdır. Bu baxımdan Təqsirləndirilən şəxs ailə üzvləri ilə əlaqəsini itirməməsinə və onlarla mütəmadi görüşməsinə imkan verən çəzaçəkmə rejiminin təyin edilməsi məqsədəuyğundur. İşdə Təqsirləndirilən şəxs cəmiyyətdən və ailəsindən tam təcrid olunması, ciddi məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı olan sərt rejimdə cəza çəkməsini zəruri edən hallar müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətincə, hazırkı iş üzrə Təqsirləndirilən şəxs həm şəxsiyyəti və ailə vəziyyəti, həm də onun cinayət hadisəsini törətdikdən sonra cinayətin nəticələrini mümkün olan dərəcədə aradan qaldırmağa, zərərçəkmiş şəxslərin qanuni mənafelərini təmin etməyə yönəlmiş davranışı ona daha güzəştli münasibət göstərilməsi üçün əsaslar yaratmışdır. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyası üzrə ən aşağı həddə, yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi cəzanın məqsədləri baxımından yetərlidir. Təqsirləndirilən şəxsin bundan ağır cəzaya məhkum edilməsi onun zərurət olmadan və əsassız olaraq daha sərt məhrumiyyətlərə məruz qalmasına səbəb olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il müddətə endirilməsini mümkün, məqsədə müvafiq və işin hallarına uyğun hesab edir. CPM-in 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə endirilməli, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021ci il tarixli, 1(091)-45/2021 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə endirilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar