Məhkəmə qərarları › İş №1(107)-167/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-167/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-167/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibаrət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev, Bilal Məmmədov və Rəşid Hüseynov) 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmü ilə, xx xxxxxx 1961-ci ildə İsmayıllı rayonu Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi həbsə alındığı 14 iyul 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 774 kq 998,60 qram olan çətənə bitkiləri, təmiz çəkisi 4 kq 679,90 qram olan qurudulmayan marixuana, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab və 1 ədəd belin məhv edilməsi, iş üzrə 34,55 AZN (otuz dörd manat 55 qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş 2 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları özündə saxlamış, tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədi ilə 2019-cu ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X20 X2 rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində, 15 metr uzunluğunda olan 150 kvadtrat metr hissəsini becərib əkin üçün yararlı vəziyyətə gətirməklə özbaşına tutmuş, tərkibində narkotik maddələr olan ümumilikdə 750 ədəd çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq külli miqdar təşkil edən 750 ədəd çətənə bitkisini əkərək, su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, bundan sonra çətənə bitkilərinin hissələrindən satış məqsədi ilə yığıb toplayaraq qanunsuz olaraq kustar üsulla əldə etdiyi ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamış, 14 iyul 2019cu il tarixdə, saat 08 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 775 kiloqram olan, külli miqdar təşkil edən 750 ədəd çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və saxladığı 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli 1(107)-80/2020 nömrəli hökmü ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs CM-in 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs qarşı CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun izah edilməsi, CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsinin ona verilmiş ümumi ittihamdan çıxarılması, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi həbsə alındığı 14 iyul 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan – İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 774 kq 998,60 qram olan çətənə bitkiləri, təmiz çəkisi 4 kq 679,90 qram olan qurudulmayan marixuana, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd belin məhv edilməsi, iş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli 1(107)-80/2020 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2021-ci il tarixli 1(102)-315/2021 nömrəli qərarı ilə kassasiya protestinin qismən təmin edilməsi, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli hökmünün “CM-in 234.4.3-cü maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində həmin hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 188.1-ci və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, onun əməlinin CM-in 237.2-ci maddəsindən CM-in 237.1-ci maddəsinə tövsif edilməsi, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi xahiş edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə münasibət bildiriən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kolleyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və onun əməlinin CMin 237.2-ci maddəsindən CM-in 237.1-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətnin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, marixuanadan istifadə etməklə 2018-cu ilin oktyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonu Qalınçaq kəndinin meşə sahəsində təsadüfən qarşısına çıxan yabanı halda bitmiş 2 ədəd çətənə bitkisi diqqətini cəlb etdiyi üçün bitkinin toxumlarından bir ovuc yığıb özündə saxlamış, bitkinin hissələrindən isə bir qədər yığıb siqaretə dolduraraq çəkmişdir. 2019-cu ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə Qalınçaq kəndinin meşə ərazisində həmin bitkiləri əkib becərmək üçün üçün yer axtararkən meşə sahəsində bir yerdə ətrafı ağaclıqla və kolluqla əhatələnmiş bir yerdə yabanı şəkildə bitmiş təxminən 700-dən artıq çətənə bitkisi görmüşdür. Həmin bitkilərin yanında olan əlavə kol-kosları təmizləyərək özü ilə götürdüyü çətənə bitkisinin toxumlarını da orada səpmiş, yaxınlıqdan su arxı keçdiyi üçün arxdan su götürüb həmin toxumları sulamışdır. Orada səpələdiyi toxumlardan təxminən 50 ədəd çətənə bitkisi çıxmış, şitillərdən 11 ədədinə qulluq göstərmiş, qalanları isə münbit meşə torpağı olduğu üçün özləri yetişmişdir. 14 iyul 2019-cu il tarixdə saat 07 radələrində həmin bitkilərə qulluq etməyə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu dedikdən sonra o da, həmin yerdə narkotik tərkibli bitkiləri özünün əkib becərdiyini etiraf etmişdir. Səpələdiyi toxumlardan çıxmış 12 ədəd çətənə bitkisinə qulluq göstərmiş, digərləri isə yabanı halda özü yetişmişdir. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 nəfər hal şahidi və aqronom-mütəxəssis də iştirak etmişdir. Baxış zamanı orada əkdiyi çətənə bitkisinin hissələrindən tullamaq üçün toplayıb kənara qoyduğu bitkinin yararsız hissələri də aşkar edilmiş, həmin hissələr xüsusi elektron tərəzidə çəkilərkən çəkisinin 4 kiloqram 750 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş çətənə bitkiləri və hissələri sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Polis əməkdaşları həmin kütlələrin və çətənə bitkisinin kimə məxsus olduğunu ondan soruşduqda həmin vaxt qorxduğundan bitkilərin özünə məxsus olmasını və özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Habelə baxış zamanı polis əməkdaşlarının ona inanmayacağını fikirləşib orada olan özü qulluq etdiyi 12 ədəd bitkilərdən başqa 738 ədəd çətənə bitkisinin, yəni ümumilikdə 750 ədəd çətənə bitkisinin özünə məxsus olmaqla özü istifadə etmək məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Baxış zamanı orada saxladığı ona məxsus 1 ədəd bel, 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab da aşkar edilmiş, beli orada 12 ədəd çətənə bitkilərinə qulluq etmək üçün saxlamışdır. Qabları işlədiyi vaxt su içmək üçün istifadə etmək məqsədi ilə həmin yerə gətirmiş və orada qalmışdır. Qayçı ilə bitkinin yararsız hissələrini kəsmək üçün istifadə etmişdir. Həmin əşyalar da polis əməkdaşları tərəfindən sintetik kisədə qablaşdırılaraq götürüldükdən sonra bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Aşkar olunmuş cəmi 12 ədəd çətənə bitkilərinə qulluq etmiş, marixuana hissələri onun tərəfindən toplanmamışdır. Buna görə özünü yalnız CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X20 X4 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsində işləyən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Hacıbaba oğlu ifadəsində göstərmişdir ki, 14 iyul 2019-cu il tarixdə X20 X2 bölməsində olan Qalınçaq meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvartalında İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qalınçaq kənd sakini, Təqsirləndirilən şəxs əkib-becərdiyi 750 ədəd narkotik tərkibli çətənə bitkiləri və qurudulmayan marixuana aşkar olunaraq götürüldüyünü eşitmiş, həmin ərazidə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib becərməsindən və qurudulmayan marixuana saxlamasından onun və Mərkəzin digər vəzifəli şəxslərinin məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 14 iyul 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin tarixdə saat 07 radələrində qərarın icrası ilə əlaqədar RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X15, RPŞ-nin X1 baş inspektor kriminalisti X12, RPŞ-nin X10 Qrupunun əməliyyat müvəkkili Şahid5, RPŞ-nin Post Patrul Xidmət Tağımının komandiri Şahid2, RPŞ-nin X3 sahə rəisi X16, PPXT-nın polis nəfərləri Şahid6 və X13 rayonun Qalınçaq kəndində meşə sahəsinə gedərək saat 07 radələrində Təqsirləndirilən şəxs meşə ərazisinə gəldiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitəli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu və meşə sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs özü də meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin yeri göstərə biləcəyini etiraf edərək baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Dəvət edilmiş aqronom-mütəxəssisin və iki nəfər hal şahidinin iştirakı ilə meşə sahəsinə baxış zamanı Qalınçaq kəndinin meşə ərazisində ağac və kolların əhatəsində 10 metr enində 15 metr uzunluğunda sahədə yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin kolların gələcəkdə istifadə etmək üçün özünün əkib becərdiyi narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bitkilər spesifik iyi olmaqla bəziləri yerə yıxılıb qırılmaması üçün torpağa basdırılmış taxta ağaclara bağlanaraq bərkidilmiş, kollar çıxarıldıqdan sonra bir-bir sayıldıqda cəmi 750 ədəd olmaqla, hündürlüklərinin 1 metrdən 2 metrə qədər olmaları müəyyən olunmuşdur. Bitkilərin narkotik tərkibli olmasına dair ehtimallar olduğundan 25 ədəd sintetik kisələrə yığılaraq qablaşdırılıb götürülmüşdür. Baxış zamanı iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxdıqdan sonra kəskin iydən, formasından narkotik tərkibli çətənə bitkilərinə oxşadığını, bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Həmin əraziyə baxış zamanı həmin kolların əkildiyi yerin yaxınlığında üzəri qara sellofanla örtülmüş və taxta dirəklərin yerə basdırıldığı, qalmaq üçün yerin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin yeri narkotik tərkibli çətənə bitkilərinə qulluq etmək məqsədilə yağışdan qorunmaq üçün özünün düzəltdiyini bildirmişdir. Həmin yerə baxış keçirilərkən bir ədəd ağzı açıq vəziyyətdə ağ rəngli sintetik kisənin içərisində topa şəklində narkotik tərkibli çətənə bitkisinin yarpaqlarına bənzər hissələr aşkar edilmiş, bitki kütlələri xüsusi elektron tərəzidə çəkilərkən çəkisinin 4 kiloqram 750 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütlələrini əkib-becərdiyi bitkinin hissələrindən yığaraq əldə etdiyini, qurutmaq üçün orada saxladığını bildirmişdir. Həmin bitki kütlələrinin də narkotik tərkibli olmasına dair şübhələr olduğundan bir ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Baxış keçirilərkən həmin yerin yaxınlığında kolluq yerdə 1 ədəd boz rəngli dəmir vedrə, 1 ədəd bel, 2 ədəd 2 litrlik üzərində “coca-cola” yazısı olan plastik qab, 1 ədəd üzərində “Qax” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd üzərində “fusetea” sözləri yazılmış 1 litrlik plastik qab, 1 ədəd sarı rəngli plastik üzlüyə malik qayçı, 1 ədəd bir tərəfi qara rəngli, digər tərəfi ağ rəngli parça materialdan olan əlcək aşkar olunmuş, Təqsirləndirilən şəxs dəmir vedrəni yaxınlıqdakı çaladan su götürüb çətənə bitkilərinə qulluq etmək üçün qoyduğunu, dəmir qayçını da ip və sair kəsmək üçün həmin ərazidə istifadə etdiyini, bellə isə bitkilərin diblərini boşaltmaq üçün həmin yerdə saxladığını, plastik qablarda isə özü üçün içmək məqsədilə həmin yerə su gətirdiyini demişdir. Həmin əşyalar da əhəmiyyət kəsb etdiyi üçün sintetik kisəyə qoyulub qablaşdırılaraq götürülmüşdür. Torpaq üzərində kiçik diametrli su çalası aşkar edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərinə su vermək üçün həmin su quyusunu bellə qazıb düzəltdiyini və içərisinə su doldurduğunu demişdir. Bundan sonra bu barədə tərtib edilmiş protokol digər iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid2, Şahid6, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək X7 yuxarıda göstərdikləri xüsusatı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan: Məhkəmə-bioloji ekspertizasının 14 iyul 2019-cu il tarixli 421 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli vasitəyə bənzər bitki kol və kütlələri” sözləri və imzalar yazılmış 25 (iyirmi beş) ədəd sintetik kisələrin içərisində, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 775 kiloqram olan ümumilikdə 750 (yeddi yüz əlli) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus narkotik tərkibli vasitəyə bənzər bitki kol və kütlələri” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisində, təmiz çəkisi- 4 kiloqram 680 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 750 (yeddi yüz əlli) ədəd çətənə bitkiləri həm öz aralarında, həm də təqdim olunmuş qurudulmamış marixuana ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 750 (yeddi yüz əlli) ədəd çətənə bitkilərinin və qurudulmamış marixuananın ümumilikdə təmiz çəkisi-779 kiloqram 680 qramdır. Aqronom mütəxəssis X8 14.07.2019-cu il tarixli rəyinə əsasən, 750 (yeddi yüz əlli) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2019-cu il tarixli 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Hadisə yerinə baxış protokolundan görünür ki, 14 iyul 2019-cu il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndinin inzibati ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edilmiş 750 ədəd narkotik tərkibli çətənə bitkiləri və 4,75 kq çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Bu barədə foto şəkillər və video çəkiliş aparılaraq CD disk protokola əlavə edilmişdir. İş üzrə sübut kimi tanınmış 14 iyul 2019-cu il tarixli baxış protokoluna əlavə olunmuş CD diskdə olan video görüntülərə baxış keçirilərək 14 iyul 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilməsi, baxış zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirməsi, orada sığınacaq yerinin aşkar olunması, Təqsirləndirilən şəxs həmin yerdən qarovul çəkmək üçün istifadə etdiyini, çətənə bitkisinin hissələrinin aşkar olunduğu, həmin hissələri yararsız olduğun üçün qopartdığını, su çalasının aşkar olunduğu, aşkar olunmuş su çalasından suvarma üçün istifadə etdiyini, aşkar olunmuş vedrə, su qabları, bel və əlcəyin ona məxsus olması və bitkilərin əkilib becərilməsi zamanı istifadə etdiyini bildirməsinə dair görüntülərin qeydiyyata alındığı müəyyənləşdirilmişdir. 14 iyul 2019-cu il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1045də şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 iyul 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi 14 iyul 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Seyidov X9 rayonu Qalınçaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İsmayıllı Rayon Poliklinikasının 17.07.2019-cu il tarixli 375 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon Mərkəzi Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X23 Təsərrüfatı Mərkəzindən alınmış 10 oktyabr 2019-cu il tarixli 934 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi ərazi X23 X4 meşəbəyliyinin 9 saylı dolayının 48-ci kvaralında aiddir. Beləliklə, öyrənilən işdən bəlli olur ki, işə baxan əvvəlki apellyasiya instansiyası məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmünü ləğv edərək yeni hökm çıxarmış, Təqsirləndirilən şəxs qarşı CM-in 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş, CMin 234.4.cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası isə Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2020-ci il tarixli hökmünü “CM-in 234.4.3-cü maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv etmiş və cinayət işini həmin hissədə yeni məhkəmə baxışına təyin etmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının həmin qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlanmalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar- yəni Təqsirləndirilən şəxs məhz satış məqsədilə 750 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi onun ilkin etiraf ifadəsi, hadisə yerinə baxış "keçirilməsi zamanı çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirməsi, 2019-cu ilin may ayından iyul ayına kimi mütəmadi olaraq həmin əraziyə gedib çətənə kollarına qulluq etməsi, həmin kolların təxminən 1-2 m boy atmasına nail olması, yetişdirdiyi çətənə bitkilərinin hissələrindən yığaraq sintetik kisədə saxlaması halları tam təsdiq olunmuşdur. CM-in 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. CM-in 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci, yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Bundan əlavə CM-in 237.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu əkib-yetişdirdiyi andan başa çatmış, sonradan Təqsirləndirilən şəxs satış məqsədilə həmin bitkilərin hissələrindən yığıb toplamaqla qanunsuz olaraq kustar üsulla əldə etdiyi külli miqdar təşkil edən narkotik vasitəni həmin yerdə sintetik kisənin içərisində yığaraq saxlamışdır. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, apellyasiya məhkəmə kollegiyasının “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan çıxarılmasına”, habelə işin faktiki halarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz.” Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddəsi ilə tövsif edilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli (CM-in 237.2.3-cü maddəsi) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkib-yetişdirdiyi andan başa çatmış, bundan sonra çətənə bitkilərinin hissələrindən satış məqsədi ilə yığıb toplayaraq qanunsuz olaraq kustar üsulla əldə etdiyi ümumi təmiz çəkisi 4 kiloqram 680 qram (dörd kiloqram altı yüz səksən qram) təşkil edən narkotik vasitə olan qurudulmayan marixuananı həmin yerdə sintetik kisənin içərisində saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etməyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarında gəldiyi hüquqi mövqe oxşar hallarda təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Ona görə də məhkəmə kollegiyasının fikrinə görə birinci instansiya məhkəməsi CPMin 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, şərh olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyən edilən hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020ci il tarixli 1(091)-17/2020 nömrəli hökmü təqsirləndirilən şəxsə CM-in 66.3-cü maddəsi ilə qəti cəza təyin edilməsi hissəsində dəyişdirilməli, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3 və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellysiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397-399, 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 1(091)-17/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsi ilə qəti cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar