Məhkəmə qərarları › İş №1(107)-17/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-17/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-17/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, xüsusi ittihamçı X9, onun nümayəndəsi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkli Müdafiəçi2, təqsirləndirilən şəxs X11 və onun müdafiəçisi - Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkli Müdafiəçi1 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 148-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(016)-36/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs X11, onun müdafiəçisi Müdafiəçi1 və xüsusi ittihamçı X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 14 sentyabr 2021-ci il tarixli 1(016)-36/2021 nömrəli hökmü ilə 22.01.1968-ci ildə Ağsu rayonu Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müəllim işləyən, Ağsu rayonu Cəlayır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinməsi və CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından ona bəraət verilməsi, CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin əvvəlinin onun qazancından tutulmalara başlandığı gündən hesablanması, hökmün icrasına nəzarətin Ağsu Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X11 tərəfindən müxtəlif KİV-də və internet resurslarında onun barəsində müxtəlif xarakterli, o cümlədən xüsusilə ağır və ağır cinayət törətməkdə ittiham edərək böhtanları yaymaqla cinayət törətmişdir. Bu gün də o və qohumları böhtan xarakterli məlumatları yayırlar. Həmin məlumatlarda şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla yanaşı, onu ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edən məlumatlar da yer almışdır. Hesab edir buna görə o, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər yaydığı məlumatlar, atdığı böhtanlar yalan deyilsə bunu məhkəmədə sübut etməlidir. Əks təqdirdə onun CM-in 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində şikayət etdiyi şəxs KİV-də böhtanları ilə birlikdə təhqiredici ifadələrdə yaymışdır. 05.09.2020-ci il tarixdə Youtube.com-da yayınlanan «Bumeranq» internet televiziyasında verdiyi video müsahibədə X11 “narkotik plantasiyası əkməkdə və satışı ilə məşğul olmaqda onu və ailə üzvlərini günahlandıraraq böhtan atmışdır. Bundan başqa o, mərhum anasının Səlahəddin Əhmədov və ailə üzvləri tərəfindən “zəhərlənərək” öldürüldüyünü demişdir. Hətta etik sərhədləri kifayət qədər pozaraq nalayiq ifadələr işlətmişdir. Qeyd edir ki, yayılmış bu video yazılarda X11 tərəfindən atılmış böhtanlarda o və ailə üzvləri CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifat bölgüsünə görə ağır və xüsusilə ağır cinayət hesab edilən əməlləri törətməkdə ittiham olunmuşlar. Onun barəsində yayılan böhtanlarla bağlı öz mövqeyini bildirmiş və barəsində şikayət etdiyi şəxsin yaydığı məlumatların böhtan olduğunu ifadə etmişdir. Dəfələrlə bu işlərdən uzaq durmağı, belə qanunsuz hərəkətlərə yol verməməyi ona xəbərdar etmişdir. Lakin o, daha da irəli gedərək, eyni böhtanları müxtəlif ictimai yerlərdə yaymaqla ona və ailə üzvlərinə böhtan atmaq yarışına çıxaraq cinayət törətməkdə davam etmişdir. Hesab edir ki, bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. X11 onunla bərabər ailə üzvləri barəsində də həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yayır. Barəsində yayılan böhtan xarakterli məlumatların X11 tərəfindən yayılması video materialda aşkar və mübahisəsiz şəkildə görünür. Göründüyü kimi, barəsində şikayət etdiyi şəxsin əməlində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkibi vardır. Təqsirləndirilən şəxs X4 CM-in 147.2, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən təqsirləndirilən şəxs X11, onun müdafiəçisi Müdafiəçi1 və xüsusi ittihamçı X10 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs X11 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, özünü təqsirsiz hesab edir, xüsusi ittihamçının şikayətində yazdıqlarının çoxu videomüsahibəsində belə yoxdur. Səsləndirdiyi fikirlərə isə inanaraq etmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, M.Zeynalovun "Bumerang" internet informasiya ehtiyatında 05 sentyabr 2020-ci il tarixdə verdiyi video müsahibəni özündə əks etdirən 1 ədəd video disk xüsusi ittihamçı tərəfindən şikayət ərizəsinə əlavə edilsə də, həmin diskə məhkəmə baxışı zamanı baxış keçirilməsi təmin olunmamış, bununla da xüsusi ittihamçının və məhkəmənin sübut kimi istinad etdiyi həmin disk məhkəmə baxışında tədqiq olunmamışdır. Bununla belə, müdafiə tərəfi olaraq M.Zeynalovun həmin video müsahibəsinə məhkəmə tədqiqindən kənarda baxarkən xüsusi ittihamçı S.Əhmədovun şikayətində göstərdiklərinin M.Zeynalovun müsahibəsi ilə ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, M.Zeynalovun "Bumerang" internet iformasiya ehtiyatında 05 sentyabr 2020-ci il tarixdə verdiyi video müsahibədə aşağadakıları bildirir: “Cəlayir kəndinin qiblə tərəfində, təqribən Sığırlı istiqamətində, Cəlayirdən 3-4 km məsafədə, burada Sabirabad meşə təsərrüfatı da yerləşir. Düzdür mən oralara gedib gəlmirəm. Orada balıq tutan uşaqların dedikləri ilə bağlı mülahizələr edəcəyəm. Yəni ki, özüm gözümlə görməmişəm, nə də ki, deyə bilmərəm ki, bu Əhmədovların işidir. Yəni ki, onu təsdiq etmək üçün görüntülər lazımdır. Ancaq, məntiqi fikirdə mən həmişə fikirləşirdim ki, bunları oynadan nəsə var. Deməli, bunları oynadan həmin ərazidə əkilən narkotik bitkilər imiş, orada da var imiş, o narkotik bitkilər, yeri də durur-qablar, qaçaqlar durur. O, balıqçıların dediyinə görə kollardan da qalıb, yolub təmizləyiblər, aparıblar ki, izi itirmək üçün. Hansı istiqamətdə o kolları yolub aparıblar bilmirəm, kimlər tərəfindən aparıblar görməmişəm, nə də ki, hələlik məlumat yoxdur, yaxın günlərdə olacaq məlumat. Yəni ki, belə - belə qanuna yol verməyən işlərlə məşğul olublar.” Bundan əlavə, M.Zeynalovun ittiham olunduğu ikinci epizodla əlaqədar 05 sentyabr 2020-ci il tarixdə " Bumerang" internet informasiya ehtiyatında verdiyi müsahibəsində bidlirir: “Bundan sonra bu insanlar deyim ki, bunların özünün ailədaxili münasibətləri olub. Səlaməddin Əhmədovun. Ailədaxili bunların anaları, Səlaməddin Əhmədovun anası nətər ölüb, necə ölüb bunu Cəlayir kənd camaatı hamısı bilir. Zəhərlənib, bunların ailə üzvləri tərəfindən, zəhərləyiblər bunu. Çünki biabırçı bir hadisənin şahidi olmuşdur bu qadın. Bunu yığıldılar, ailəlikcə zəhərlədilər, apardılar basdırdılar. Orada heç bir polis idarəsinin, polisə heç bir qorxudan heç kimin şikayəti də olmadı. Çünki bunların hər yerdə adamları var. Lazım olarsa dinimizə uyğun hadisə deyil, lakin qanunumuza uyğun hadisədir. Mənim dediklərim təsdiqini tapar, yəqin sümüklərindən analiz götürülərsə.” Sonuncu iki ciımlə M.Zeynalovun barəsində olan hökmdə yazılmamışdır. Əksinə, əlavə olaraq, "adamları var" sözləri ilə bitən cümlədən sonra, yeni cümlə belə ifadə olunur: - Bu kimi məlumatların həqiqətə uyğun olduğunu təqsirləndirilən şəxs məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bununla da məhkəmə sübutetmə vəzifəsinə müdafiə tərəfinin üzərinə qoymuşdur. Ona görə də Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edib təqsirliliyi sübuta yetirilmədiyindən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, videoçıxışda bilavasitə onun mərhum anası haqqında işlədiyi ifadələr nalayiq xarakterlidir. Onun şərəf və ləyaqətinin alçaldılmasına yönəlmişdir. Hesab edir ki, Mikayıl Zeynalovun əməlində təhqir cinayətinin tərkibi var və CM-in 148-ci maddəsinə əsasən cəzalandırmalıdır. Bundan başqa məhkəmə Mikayıl Zeynalova cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini və tutduğu vəzifəni nəzərə almamışdır. Ona görə də Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmünün Mikayıl Zeynalovun CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinməsi və ona bəraət verilməsi hissəsində dəyişdirilməsini, həmin əmələ görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsi, həmin hökm ilə Mikayıl Zeynalova CM-in 147.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanın dəyişdirilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X11 ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərdi ki, qarşı tərəfin ailəsi onun qardaşına qarşı cinayət hadisəsi törətmişdir. Bu barədə anası hüquq-mühafizə orqanlarına şikayət edərək cinayət işi açdırmışdır. O isə həmin ərəfədə Rusiya Federasiyasında olmuşdur. Anası şikayət edəndən sonra Səlaməddin Əhmədov onun və dayısı oğlunun barələrində mütəmadi şikayətlər etməyə başlamışdır. Bundan sonra təqsirləndirilən şəxs X11 ona ünvanlanmış sualları cavablandıraraq bildirdi ki, qohumluqları yoxdur, sadəcə bir kənddə yaşayırlar. O, ədavət aparmır. “Bumeranq” internet kanalında müsahibə vermişdir. Ona hədə qorxu gəldiklərindən müraciət etmişdir. Qardaşının ölümü ilə bağlı istintaq aparılır. Qardaşının ölümündən 20 il keçmişdir. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X13 oğlu verdiyi apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığndan onun barəsində bəraət hökmünün çıxarılmasını və xüsusi ittihamçı X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən xüsusi ittihamçı X9 və onun nümayəndəsi X14 oğlu təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsini və təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında ən ağır cəza təyin edilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(016)- 36/2021nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən X11 CM-in 147.2 və 148-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə yay günlərinin birində o, kənddə olmuş, kənd arası sözsöhbətlər gəzmişdir ki, Səlaməddinin anası zəhərlənib. Həmin qadın ölməmişdən 3-4 gün əvvəl o, kənd arası yol ilə gedərkən bir qadının onu çağırmasını eşitmiş, amma səsə tərəf baxmamış, sonradan yenə onu çağırmış və dönüb baxanda görmüşdür ki, Səlaməddinin anasıdır. O, qadına yaxınlaşmış və qadın ondan halallıq istəmiş və demişdir ki, “başına hər iş gələ bilər. Ona görə də səndən halallıq istəyirəm, mən çox səhv etmişəm.”. Əhmədovların anası 2001-ci ilin yay aylarında onun qardaşı itkin düşməmişdən əvvəl gəlib anasını çağırmış və demişdir ki, “oğlunuzun qızım ilə münasibəti olub, o, qızı almalıdır.”. Bundan 4-5 gün sonra isə qardaşı yoxa çıxmışdır. Bundan sonra, hər yerdə qardaşını axtarmışdır. Hətta televiziyaya da çıxmışdır. Bu işlə bağlı polisə müraciət etsə də, polisdən onlara araşdırmaların nəticəsi barəsində heç bir məlumat verilməmişdir. O, video müsahibədə Səlaməddinin adını çəkməmiş, ailəsi tərəfindən zəhərələnərək öldürüldüyünü demişdir. Bundan əlavə, o, qeyd etmişdir ki, malları səhər-səhər otlaq sahəsinə apararkən oradakı kolluqlardan 15 nəfərə yaxın qadınlı-uşaqlı adamların çıxıbgirməsini görmüşdür. Oradakı balıqçılardan soruşanda ki, bunlar orada nə iş görürlər və kimlərdir? Balıqçılar ona demişdir ki, bunlar çoban və ailəsidir. Guya orada narkotik vasitələrin əkin-biçini ilə məşğuldurlar. O, açıq-aydın çobanın dediklərinə əsasən belə qənaətə gəlmiş və videoda plantasiya sözünü də işlətməmişdir. Narkotik bitkinin sayı barədə də məlumat yoxdur. Sadəcə balıqçıların fərziyyəsidir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək təqsirləndirilən şəxs X4 CM-in 147.2, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-in MAPS şöbəsinin 23 iyun 2021-ci il tarixli arayışından görünür ki, X1 rayonu Cəlayır kəndində qeydiyyatda olmaqla orada yaşayır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mikayıl Zeynalov CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Mikayıl Zeynalovun məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxs Mikayıl Zeynalovun əməli CM-in 147.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Mikayıl Zeynalova CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsi, yaxud da CM-in 148-ci maddəsi ilə təqsirli bilinməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası tərəfindən X4 05 sentyabr 2020-ci il tarixdə "Bumerang" internet kanalında verdiyi müsahibənin əks edildiyi audio disk dinlənilmiş, həmin audio yazıda X4 xüsusi ittihamçı X2 və onu ailə üzvlərinin barələrində səsləndirdiyi fikirlər tədqiq edilmişdir. Təqsirləndirilən şəxsin və onun müdafiəçisi Mikayıl Zeynalovun ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi işdə olan sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Mikayıl Zeynalovun əməlində CM-in 147.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs Mikayıl Zeynalov ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 147.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bununla yanaşı məhkəmə kolleyası xüsusi ittihamçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Belə ki, məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda o cümlədən nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, 05.09.2020-ci il tarixdə Youtube.com-da yayınlanan «Bumeranq» internet televiziyasında verdiyi video müsahibədə CM-in 148-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin video müsahibədə təhqir cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Qeyd edilməlidir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən, məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmənin qiymətləndirməsinə görə, video müsahibədə nalayiq ifadə mövcud olmamış, xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmamışdır. CPM-in: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Kollegiya hesab edir ki, X4 əməlində təhqir cinayətinin tərkibi olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrəki CM-in 148-ci maddəsi ilə təqsirləndirilən şəxs X7 istinad edilən ittiham üzrə bəraət vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Mikayıl Zeynalova qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası xüsusi ittihamçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Mikayıl Zeynalova həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir. Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur. Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Mikayıl Zeynalovun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.8, 9.1, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, onun təyin edilmiş cəzadan azad edilməsini mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən məhkəmələr: Həmin qərarın 2.8-cü bəndinə əsasən, islah işləri növündə cəza təyin edilmiş şəxslər cəzalardan azad edilsinlər. 9.1-ci bəndinə əsasən, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3-cü bəndinə görə, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. 30-cu bəndinə görə, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, lakin təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.8, 9.1, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, X1 Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 147.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətə islah işləri cəzasından azad azad edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397-398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs X11, onun müdafiəçisi Müdafiəçi1 və xüsusi ittihamçı X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(016)-36/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 2.8, 9.1, 9.2.2, 9.3 və 30-cu maddələri tətbiq edilməklə, X1 Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(016)-36/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasından azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar